Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 39

Məsihi qadınlara dayaq olun

Məsihi qadınlara dayaq olun

«Müjdəni bəyan edən qadınlar böyük ordudur» (ZƏB. 68:11).

NƏĞMƏ 137 Mömin qadınlar — məsihi bacılar

İCMAL *

Çalışqan, fəal bacılarımız ibadət görüşündə şərh verir, xidmətdə iştirak edir, ibadət evinin təmizlik və təmir işlərində köməklik göstərir və dindaşları ilə maraqlanır (1-ci abzasa baxın)

1. Bacılarımız təşkilatımıza hansı töhfələri verir, bəs onların nə kimi çətinlikləri olur? (Üz qabığındakı şəklə baxın.)

YIĞINCAQLARIMIZDA çoxlu zəhmətkeş bacımızın olduğunu görmək necə də xoşdur! Onlar yığıncaq görüşlərində və müjdəçilik işində fəal iştirak edir, dindaşları ilə yaxından maraqlanır, bəziləri isə ibadət evlərinə qulluq edir. Əlbəttə ki, onların həyatı problemsiz ötüşmür. Kimisi yaşlı valideynlərinə qulluq edir. Kimisi ailə üzvləri tərəfindən təqiblərə məruz qalır. Kimisi də uşaqlarını tək böyüdür.

2. Nəyə görə bacılarımıza dayaq olmağa çalışmalıyıq?

2 Nəyə görə bacılarımıza dayaq olmalıyıq? Çünki çox vaxt bu dünya qadınlara layiqincə hörmət göstərmir. Üstəlik, Müqəddəs Kitab bizi onlara dayaq olmağa təşviq edir. Məsələn, həvari Bulus Romadakı yığıncağa demişdi ki, Fibi bacını «qəbul edin, nə köməyə ehtiyacı olsa, kömək edin» (Rom. 16:1, 2). Bulusun yaşadığı cəmiyyət qadına yuxarıdan aşağı baxırdı, ola bilsin, fərisi olduğu vaxtlarda bu düşüncə ona da təsir etmişdi. Ancaq məsihi olandan sonra o, İsadan nümunə götürərək qadınların ləyaqətinə hörmət edir, onlarla mehriban davranırdı (1 Kor. 11:1).

3. İsa Məsih qadınlarla necə davranırdı? Bəs Atasının iradəsini yerinə yetirən qadınlara necə yanaşırdı?

3 İsa Məsih bütün qadınların ləyaqətinə hörmət edirdi (Yəh. 4:27). Qadınlara o dövrün yəhudi din xadimlərinin yanaşdığı kimi yanaşmırdı. Müqəddəs Kitab üzrə bir elmi mənbədə deyilir: «İsa qadınları təhqir edən, yaxud onları alçaldan bir kəlmə belə deməmişdi». İsa Atasının iradəsini yerinə yetirən qadınlara xüsusi rəğbət bəsləyirdi. Onlara bacısı kimi baxır, kişilərlə yanaşı, onları da ruhani ailəsinə aid edirdi (Mət. 12:50).

4. Məqalədə nə haqda danışacağıq?

4 İsa ruhani bacılarına kömək etməyə həmişə hazır idi. Onlara dəyərli olduqlarını hiss etdirir və onları müdafiə edirdi. Gəlin görək İsa Məsihdən bu sahələrdə necə örnək götürə bilərik.

DƏYƏRLİ BACILARIMIZA DİQQƏT GÖSTƏRƏK

5. Nəyə görə bəzi bacılar üçün yaxşı dost tapmaq çətindir?

5 Hamımızın, bacıların da, qardaşların da yaxşı dostlara ehtiyacı var. Amma bəzən bacılar bu sahədə çətinlik çəkir. Nəyə görə? Gəlin görək onların bəziləri nə deyir. Cordan * adlı bir bacı öz hisslərini bölüşür: «Subay olduğum üçün çox vaxt bilmirəm yığıncaqda mənim rolum nədir, özümü yad kimi hiss edirəm». Xidmətini genişləndirmək üçün başqa əraziyə köçən Kristen adlı bir öncül bacı deyir: «Yeni yığıncaqda insan özünü bəzən tək hiss edir». Bəzi qardaşlar da bu cür hisslər keçirir. Dini cəhətdən bölünmüş ailədə yaşayan məsihi, ola bilər ki, doğma ailəsi ilə yaxın olmağa çətinlik çəksin, o eyni zamanda yığıncaqda da özünü tək hiss edə bilər. Xəstə olduğu üçün evdən çıxa bilməyən, həmçinin xəstəyə qulluq edən bacılar bəzən özlərini tənha hiss edir. Anit bacı deyir: «Anama əsasən mən qulluq etdiyim üçün heç bir qonaqlığa gedə bilmirdim».

İsa Məsih kimi, biz də mömin bacılarımıza məhəbbətimizi göstərə bilərik (6—9 abzaslara baxın) *

6. Luka 10:38—42 ayələrinə əsasən, İsa Marta ilə Məryəmə necə kömək etmişdi?

6 İsa Məsih ruhani bacıları ilə vaxt keçirirdi və onlar üçün əsl dost idi. Onun Məryəm və Marta ilə dostluğunu yadımıza sala bilərik. Çox ehtimal ki, bacıların ikisi də subay idi. (Luka 10:38—42 ayələrini oxuyun.) İsa sözü və hərəkəti ilə elə şərait yaradırdı ki, onlar sıxılmasınlar. Məryəm, bir şagird * kimi, çəkinmədən onun ayaqları yanında oturmuşdu. Marta Məryəmin ona kömək etməməsi ilə bağlı narahatlığını İsaya rahat şəkildə demişdi. Həmin vaxt İsa hər iki qadına vacib şeylər öyrətmişdi. İsa başqa vaxtlarda da bu bacılarla və qardaşları İlazərlə görüşərək onlara dəyər verdiyini göstərmişdi (Yəh. 12:1—3). Buna görə də İlazər bərk xəstələnəndə bacılar bilirdilər ki, kömək üçün İsaya üz tuta bilərlər (Yəh. 11:3, 5).

7. Bacıları ruhlandırmağın bir yolu hansıdır?

7 Bəzi bacılar, demək olar ki, ancaq yığıncaqda dindaşları ilə bir arada ola bilir. Buna görə də biz onları xoş qarşılamaq, söhbət etmək, onların bizə əziz olduğunu hiss etdirmək imkanından istifadə etməliyik. Görün Cordan bacı daha deyir: «Şərhimə görə kimsə məni tərifləyəndə, mənimlə təbliğdə əməkdaşlıq etmək istəyəndə, yaxud hansısa başqa yolla mənə diqqət göstərəndə elə bil mənə dünyanı verirlər». Bacılar bizim üçün dəyərli olduqlarını görməlidir. Kia bacı deyir: «Yığıncağa getmədiyim gün bilirəm ki, bacı-qardaşlar yazıb məndən hal-əhval tutacaq. Görürəm ki, onlar məni düşünür».

8. İsadan başqa hansı sahələrdə örnək götürə bilərik?

8 İsa Məsih kimi, biz də bacılara vaxt ayırmalıyıq. Misal üçün, sadə süfrə açıb onları evimizə çağırmaq, yaxud başqa harasa dəvət etmək olar. Bu zaman söhbətimizin ruhlandırıcı olmasına fikir verməliyik (Rom. 1:11, 12). Ağsaqqallar İsa Məsih kimi düşünməyə çalışmalıdır. İsa subaylığın bəziləri üçün çətin olduğunu bilirdi, amma göstərdi ki, insanın əsl xoşbəxtliyi evlənməkdən və ya uşaq sahibi olmaqdan asılı deyil (Luka 11:27, 28). Xoşbəxtliyimizin daimi olması üçün Yehovanı həyatımızda hər şeydən üstün tutmalıyıq (Mət. 19:12).

9. Ağsaqqallar bacılara kömək etmək üçün nə edə bilər?

9 Ağsaqqallara məsihi qadınlarla öz bacıları, anaları kimi davranmaq xüsusilə vacibdir (1 Tim. 5:1, 2). Yaxşı olar ki, ağsaqqallar bacılarla ünsiyyət etmək üçün yığıncaqdan əvvəl və ya sonra vaxt ayırsınlar. Kristen bacı deyir: «Bir ağsaqqal fikir verdi ki, mən çox məşğulam və bunun səbəbini bilmək istəyirdi. Mənimlə maraqlandığına görə ona minnətdar idim». Ağsaqqallar müntəzəm olaraq vaxt ayırıb bacılarla söhbət edəndə onlara qarşı biganə olmadıqlarını göstərirlər *. Yuxarıda adı çəkilən Anit bacı ağsaqqallarla müntəzəm söhbət etməyin bir faydası haqqında deyir: «Həm onlar məni yaxşı tanıyır, həm də mən onları. Beləcə, çətinliyim olanda onlardan çəkinmədən kömək istəyə bilirəm».

BACILARA DƏYƏRLİ OLDUQLARINI HİSS ETDİRİN

10. Bacıların sevinc duyması üçün nə edə bilərik?

10 İnsanlar bacarıqlarımızın fərqində olanda, gördüyümüz işə görə minnətdarlıq bildirəndə hər birimizə xoş olur. Amma qabiliyyətimizi və ya işimizi heç kim qiymətləndirməyəndə ruhdan düşürük. Abiqayil adlı subay öncül bacı etiraf edir ki, bəzən özünün diqqətdən kənar qaldığını hiss edir. O deyir: «Məni filankəsin bacısı və ya filankəsin qızı kimi tanıyırlar. Bəzən də mənə elə gəlir ki, heç kim məni görmür». Gəlin görək Pam adlı başqa subay bacı nə deyir. O, uzun illər xüsusi təyinatlı müjdəçi kimi xidmət edib. Lakin sonra valideynlərinin qayğısına qalmaq üçün öz evinə qayıdıb. İndi onun 70-dən çox yaşı olsa da, hələ də öncüllük edir. O deyir: «İnsanların gördüyüm iş qiymətləndirdiyini deməsinin mənə əvəzsiz köməyi olub».

11. İsa xidmətdə ona əməkdaş olan qadınları qiymətləndirdiyini necə göstərmişdi?

11 İsa Məsih mömin qadınların ona qulluq etməsini, «nələri vardısa» onunla bölüşməsini çox qiymətləndirirdi (Luka 8:1—3). O, bu qadınlara nəinki belə bir şərəfli imkan yaratmışdı, həmçinin dərin ruhani həqiqətləri də onlara açmışdı. Məsələn, İsa öləcəyini və diriləcəyini onlara bildirmişdi (Luka 24:5—8). Həvariləri ilə yanaşı, bu qadınları da qarşıda olacaq ağır hadisələrə hazırlamışdı (Mark 9:30—32; 10:32—34). Qeyd edək ki, İsanı tutanda həvariləri onu qoyub qaçsa da, o, işgəncə dirəyində can verəndə bu qadınların bəziləri onun yaxınlığında idi (Mət. 26:56; Mark 15:40, 41).

12. İsa Məsih qadınlara hansı işi həvalə etmişdi?

12 İsa Məsih qadınlara vacib iş həvalə etmişdi. Məsələn, onun dirildiyinə ilk dəfə mömin qadınlar şahid olmuşdu. O, bu qadınlara tapşırmışdı ki, dirildiyini gedib həvarilərinə desinlər (Mət. 28:5, 9, 10). Həmçinin eramızın 33-cü ilinin Əllinci gün bayramında şagirdlərinin üzərinə müqəddəs ruh töküləndə, görünür, qadınlar da onların arasında idi. Əgər belədirsə, yəqin bu yeni məsh olunmuş bacılara da əcnəbi dillərdə danışmaq qabiliyyəti verilmişdi, onlar da «Allahın əzəmətli işləri» haqqında başqalarına danışırdı (Həv. 1:14; 2:2—4, 11).

13. Bu gün məsihi qadınlar hansı işləri görür və biz onlara minnətdar olduğumuzu necə göstərə bilərik?

13 Bacılarımız Yehovaya xidmətdə etdikləri hər bir şeyə görə tərifə layiqdir. Onlar təşkilatın apardığı tikinti və təmir işlərinə kömək edir, əcnəbidilli qruplarla xidmətdə əməkdaşlıq edir və Beyteldə könüllü kimi xidmət edirlər. Həmçinin onlar təbii fəlakətlərdən zərərçəkənlərə yardım edir, nəşrlərimizin tərcüməsində iştirak edir, öncül və xüsusi təyinatlı müjdəçi kimi xidmət edirlər. Qardaşlarla yanaşı, bacılar da öncül məktəbində, Padşahlıq Müjdəçiləri Məktəbində və Gilad məktəbində oxuyur. Üstəlik, qadınlar ərlərinə yığıncaqda və təşkilatda üzərinə düşən çoxlu məsuliyyəti yerinə yetirməkdə dəstək olur. Arvadlarının dəstəyi olmasa idi, bu məsul qardaşlar «insan timsalında hədiyyələr» kimi yığıncağa tam töhfə verə bilməzdi (Efes. 4:8). Bu sədaqətli bacılarımıza bu sahədə necə dayaq ola bilərsiniz?

14. Zəbur 68:11 ayəsinə əsasən, hikmətli ağsaqqallar nəyi anlayırlar?

14 Hikmətli ağsaqqallar başa düşür ki, bacılar zəhmətkeş işçilərdən ibarət «böyük ordudur» və demək olar ki, müjdənin ən səriştəli təbliğçiləri onlardır. (Zəbur 68:11 ayəsini oxuyun.) Buna görə də ağsaqqallar onların təcrübəsindən öyrənməyə çalışırlar. Yuxarıda adı çəkilən Abiqayil bacı qeyd edir ki, ağsaqqalların ondan ərazidəki insanların ürəyinə hansı üsullarla yol tapdığını soruşması onu çox ruhlandırır. O deyir: «Bunun sayəsində görürəm ki, Yehova təşkilatında mənə də yer ayırıb». Həmçinin ağsaqqallar bilir ki, sədaqətli, yaşca yetkin bacılar çətinlikləri olan gənc bacılara kömək etməyi yaxşı bacarırlar (Tit. 2:3—5). Bəli, bacılarımız məhəbbətimizə və diqqətimizə layiqdir!

BACILARIN MÜDAFİƏSİNDƏ DURUN

15. Hansı hallarda bacılar müdafiəyə ehtiyac duya bilər?

15 Bəzən bacılar müəyyən çətinliklərlə üzləşən zaman kiminsə onların müdafiəsində durmasına ehtiyac duyurlar (Əşy. 1:17). Məsələn, dul, yaxud boşanmış bacı kiminsə onun adından danışmasına və əvvəllər ərinin gördüyü işlərdə kömək etməsinə ehtiyac duya bilər. Yaşlı bacıya həkimlərlə danışmaqda kömək lazım gələ bilər. Yaxud elə ola bilər ki, teokratik layihələrdə iştirak edən öncül bacı digər öncüllər kimi xidmətdə çox iştirak etmədiyinə görə qınansın. Bu zaman onun müdafiəyə ehtiyacı ola bilər. Bacılara başqa necə kömək edə bilərik? Gəlin yenə İsanın nümunəsinə nəzər salaq.

16. Mark 14:3—9 ayələrinə əsasən, İsa Məryəmin tərəfini necə tutdu?

16 İsanın ruhani bacılarını kimsə yanlış başa düşəndə dərhal onların tərəfini tuturdu. Məsələn, Marta Məryəmi ittiham edəndə İsa Məryəmi müdafiə etmişdi (Luka 10:38—42). Həmçinin başqaları Məryəmin hərəkətinin yanlış olduğunu düşünüb onu mühakimə edəndə İsa ikinci dəfə onun tərəfini tutmuşdu. (Mark 14:3—9 ayələrini oxuyun.) İsa Məryəmin bunu hansı niyyətdən irəli gələrək etdiyini bilirdi və onu tərifləyərək demişdi: «O, mənim üçün savab iş gördü... O, gücü çatanı etdi». İsa hətta peyğəmbərlik etdi ki, «müjdə dünyanın harasında təbliğ olunsa», onun bu xeyirxahlığı haqda danışılacaq. Necə ki bu məqalədə onun barəsində danışırıq. Maraqlı məqamdır ki, İsa təbliğ işinin dünya miqyasında olacağını bu qadının fədakar əməlini tərifləyərkən demişdi. Təsəvvür etmək olar, İsanın bu sözləri başqalarının tənqidi baxışlarına tuş gələn Məryəmi necə ruhlandırmışdı!

17. Bacını müdafiə etməli olduğumuz vəziyyətlərə dair nümunə gətirin.

17 Bəs siz lazım gələndə ruhani bacılarınızı müdafiə edirsiniz? Belə bir vəziyyəti təsəvvür edin. Əri Yehovanın Şahidi olmayan bir bacı çox vaxt yığıncağa gecikir və yığıncaq qurtaran kimi dərhal gedir. Həmçinin uşaqlarını nadir hallarda yığıncağa gətirir. Bunlara fikir verən təbliğçilər bacını qınayır və deyirlər ki, gərək əri ilə qəti danışsın. Amma onlar bilmir ki, bacı əlindən gələni edir. Heç də hər şey bacının ixtiyarında deyil, nə də uşaqları ilə bağlı son qərarı o vermir. Belə vəziyyətdə siz nə edə bilərsiniz? Bacını həm başqalarının yanında, həm də o olmayanda tərifləyib, göstərdiyi əzmi vurğulasanız, söz-söhbətə son qoya bilərsiniz.

18. Bacılarımıza necə kömək edə bilərik?

18 Bacılarımızı sevdiyimizi göstərməyin bir yolu da onlara əməli kömək təklif etməkdir (1 Yəh. 3:18). Anit bacı deyir: «Bəzi bacı-qardaşlar gəlib anama baxırdılar ki, mən başqa işlərimi görə bilim. Bəzən də yemək gətirirdilər. Bu mənə sevildiyimi, yığıncağın bir hissəsi olduğumu görməyə kömək edirdi». Dindaşları Cordan bacıya da kömək əli uzadıb. Bir qardaş maşının təmiri ilə bağlı ona bəzi şeylər öyrətmişdi. O deyir: «Bacı-qardaşların mənim təhlükəsizliyimi düşündüyünü görmək çox xoşdur».

19. Ağsaqqallar bacılara başqa hansı yollarla kömək edə bilər?

19 Eynilə, ağsaqqallar da bacıların nəyə ehtiyac duyduğuna diqqət yetirir. Onlar bilir ki, bacılarla rəftarımız Yehova üçün önəmlidir (Yaq. 1:27). Buna görə də ağsaqqallar İsa Məsihdən örnək götürərək dərrakəli davranırlar, şəfqət və anlayış lazım olan yerdə qaydalar qoymurlar (Mət. 15:22—28). Ağsaqqallar kömək üçün təşəbbüs göstərəndə bacılar Yehovanın və Onun təşkilatının qayğısını hiss edirlər. Kia bacının qrup nəzarətçisi xəbər tutanda ki, bacı başqa yerə köçür, dərhal tədbir gördü. Bacı deyir: «Bir bilsəniz, nə qədər yüngüllük hiss etdim. Ruhlandırıcı sözləri və köməyi ilə yanaşı, ağsaqqallar aydın şəkildə göstərdilər ki, mən yığıncaq üçün dəyərliyəm və dar günümdə tək deyiləm».

BÜTÜN BACILARIMIZIN DAYAĞA EHTİYACI VAR

20, 21. Bütün məsihi bacıların bizə əziz olduğunu necə göstərə bilərik?

20 Bu gün yığıncaqlarımızda çoxlu zəhmətkeş bacımız var, onlar dəstəyimizə layiqdir. İsa Məsihin nümunəsindən öyrəndik ki, vaxt ayırıb onları yaxından tanımağa çalışmalıyıq. Bundan əlavə, bacılarımızın Yehovanın yolunda çəkdikləri zəhməti dəyərləndirdiyimizi vurğulaya bilərik. Həmçinin lazım gələndə onları müdafiə edə bilərik.

21 Romalılara yazdığı məktubun sonunda həvari Bulus doqquz məsihi qadının adını çəkmişdi (Rom. 16:1, 3, 6, 12, 13, 15). Sözsüz ki, bu qadınlar Bulusun onları salamladığını və təriflədiyini eşidəndə çox ruhlanmışdılar. Gəlin biz də yığıncağımızdakı bacılara dayaq olaq. Bununla da göstərəcəyik ki, ruhani ailəmizin bir üzvü kimi onları əziz tuturuq.

NƏĞMƏ 136 Yehovadan bol mükafat

^ abz. 5 Məsihi qadınlar çoxlu çətinliklərlə üzləşir. Bu məqalədə İsadan örnək alaraq onlara necə dayaq ola biləcəyimizi araşdıracağıq. İsanın qadınlara vaxt ayırması, dəyərli olduqlarını hiss etdirməsi və onları müdafiə etməsi haqqında danışacağıq.

^ abz. 5 Bəzi adlar şərtidir.

^ abz. 6 Bir elmi işdə deyilir: «Şagirdlər müəllimlərinin ayaqları yanında otururdu. Bunu müəllim olmağa ciddi hazırlaşan şagirdlər edirdi, qadınlara isə müəllim olmağa icazə verilmirdi... Buna görə də Məryəmin İsanın ayaqları yanında oturduğunu və onun ağzından çıxan hər bir kəlməyə diqqətlə qulaq asdığını görən əksər yəhudi kişilər məəttəl qalmışdı».

^ abz. 9 Ağsaqqallar bacılara kömək edərkən ehtiyatlı olmalıdır. Məsələn, bacını tək ziyarət etməməlidir.

^ abz. 65 ŞƏKLİN İZAHI: İsa Məsih imanlı qadınlara diqqət göstərdiyi kimi, qardaşlar da ondan örnək alır. Bir qardaş bacılara maşının təkərini dəyişməyə kömək edir, başqa qardaş səhhəti zəif olan bacını ziyarət edir, üçüncü qardaş isə həyat yoldaşı ilə birlikdə bir bacı və onun qızı ilə ailəvi ibadət keçirməyə gəlib.