Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 39

Doğmamız Yehovanı tərk edəndə

Doğmamız Yehovanı tərk edəndə

«Neçə dəfə... Onu kədərləndirdilər» (ZƏB. 78:40).

NƏĞMƏ 102 Zəiflərə kömək edək

İCMAL *

1. Doğma insanın yığıncaqdan kənar edilməsi insana necə təsir edə bilər?

 DOĞMALARINIZDAN kimsə yığıncaqdan kənar edilib? Bu, insanın ürəyini dağlayır. Hilda * adlı bacı deyir: «41 illik ömür-gün yoldaşım vəfat edəndə elə bilirdim ki, həyatda bundan böyük dərd yoxdur. Amma sonra oğlum yoldaşını, uşaqlarını atanda və yığıncağı tərk edəndə bu mənə daha böyük zərbə oldu, mən betərin-betərini yaşadım».

Yaxın insanın həqiqətdən getməsinin böyük zərbə olduğunu Yehova çox yaxşı bilir (2 və 3-cü abzaslara baxın) *

2, 3. Zəbur 78:40, 41 ayələrinə əsasən, xidmətçiləri Yehovadan üz döndərəndə O hansı hissləri keçirir?

2 Yehovanın ruhani ailəsindəki bəzi mələklər Ondan üz döndərəndə, bir düşünün, bu Ona necə böyük qəlb ağrısı vermişdi (Yhd. 6). Yaxud da əziz xalqının, israillilərin dəfələrlə Yehovaya asi çıxması Onu çox kədərləndirmişdi. (Zəbur 78:40, 41 ayələrini oxuyun.) Əmin olun ki, doğmanızın Yehovanı tərk etməsi də Onu kədərləndirir. Şəfqətli Allahımız sizin dərdinizi duyur, O sizdən lazımi dəstəyi və təsəllini əsirgəməyəcək.

3 Bu məqalədən öyrənəcəyik ki, Yehovanın köməyini duymaq üçün biz nə edə bilərik. Həmçinin araşdıracağıq ki, yığıncaqda belə bir itki ilə üzləşənlərə necə kömək edə bilərik. Amma əvvəlcə gəlin görək hansı yanlış düşüncəyə qapılmamalıyıq.

ÖZÜNÜZÜ GÜNAHLANDIRMAYIN

4. Bir çox valideyn oğlu və ya qızı həqiqətdən üz döndərəndə hansı hissləri keçirir?

4 İnsanın oğlu və ya qızı Yehovadan uzaqlaşanda çox vaxt valideynlər özlərini qınayır, fikirləşirlər ki, övladlarının həqiqətdə qalması üçün gərək daha çox çalışardılar. Luk adlı qardaşın oğlu yığıncaqdan kənar edilmişdi. O deyir: «Özümü günahlandırırdım. Gecələr yuxumu qarışdırırdım, bəzən ağlayırdım. Ürəyim parçalanırdı». Elizabet adlı bacının da oğlu yığıncaqdan kənar olunmuşdu. O da mənəvi iztirab çəkirdi: «Düşünürdüm, görəsən, bir ana kimi nəyi səhv etmişəm? Yəqin, oğluma həqiqəti aşılaya bilməmişəm».

5. İnsan Yehovanı tərk edəndə buna görə kim məsuliyyət daşıyır?

5 Unutmamalıyıq ki, Yehova hər birimizə iradə azadlığı verib. Bu o deməkdir ki, Ona itaət edib-etməmək hər kəsin öz seçimidir. Elə gənclər var ki, heç də nümunəvi ailədə böyüməyiblər, amma Yehovaya xidməti seçiblər və Ona sadiqdirlər. Elələri də var ki, valideynləri onları Müqəddəs Kitab prinsipləri əsasında böyütmək üçün əllərindən gələni edib. Amma onlar böyüyəndə həqiqətdən gediblər. Nəticə etibarilə, Yehovaya xidmət edib-etməyəcəyimizə hər birimiz özümüz qərar verməliyik (Yuş. 24:15). Pərişan halda olan valideynlər, düşünməyin ki, üzləşdiyiniz bu faciə sizin təqsiriniz ucbatından olub.

6. Valideynin həqiqəti tərk etməsi övladına necə təsir edə bilər?

6 Bəzi valideynlər həm həqiqətdən dönür, həm də ailəsini tərk edir (Zəb. 27:10). Uşaq valideyninə örnək kimi baxdığına görə belə bir hadisə baş verəndə çox sarsılır. Esterin atası yığıncaqdan kənar olunub. O deyir: «Tez-tez məni ağlamaq tuturdu, çünki başa düşürdüm ki, atam sadəcə olaraq həqiqətdən uzaqlaşmayıb, o, artıq Yehovaya ibadət etməməyə qərar verib. Atamı çox sevirəm. O, yığıncaqdan kənar ediləndə ona görə həmişə narahat idim ki, görəsən, canı-başı necədir, nə iş görür. Hətta panik ataklar keçirirdim».

7. Valideyni yığıncaqdan kənar edilən uşaqlara qarşı Yehova hansı hissləri keçirir?

7 Əziz balalar, əgər valideyniniz yığıncaqdan kənar edilibsə, bilin ki, sizə görə ürəyimiz parçalanır. Əmin olun ki, Yehova sizin necə əzab çəkdiyinizi yaxşı başa düşür. O sizi sevir, sədaqətinizi çox qiymətləndirir, eləcə də biz, yığıncaqdakı bacı-qardaşlarınız. Həmçinin unutmayın ki, valideyninizin qərarına görə siz məsuliyyət daşımırsınız. Bayaq da qeyd olunduğu kimi, Yehova hər kəsə seçim azadlığı verib. Ona həsr olunub vəftiz olunmuş hər bir kəs «öz məsuliyyət yükünü» daşımalıdır (Qal. 6:5).

8. Ailənin digər üzvləri yığıncaqdan kənar edilmiş insanın geri qayıtmasını gözlədikləri müddətdə nə edə bilər? (« Yehovaya geri dön» adlı çərçivəyə baxın.)

8 Yaxınımız yığıncaqdan kənar ediləndə, təbii olaraq, ümid edirik ki, o, bir gün Yehovaya geri dönəcək. Bəs bu müddət ərzində siz nə edə bilərsiniz? Öz ruhani sağlamlığınızın qayğısına qalın. Belə etməklə, ailənizin digər üzvlərinə, hətta, ola bilsin, yığıncaqdan kənar edilmiş insana da yaxşı nümunə olacaqsınız. Həmçinin bu əzaba dözmək üçün güc əldə edəcəksiniz. Növbəti məsləhətlər sizə ruhani cəhətdən möhkəm qalmağa kömək edə bilər.

RUHƏN MÖHKƏM QALIN

9. Yehovadan güc almaq üçün nə edə bilərsiniz? (Həmçinin « Təskinlik verən ayələr» adlı çərçivəyə baxın.)

9 Müntəzəm ruhani işlərlə məşğul olun. Bundan sonra da həm özünüzün, həm də ailənizin digər üzvlərinin imanını möhkəmləndirin. Bu, çox vacibdir. Bunu necə edə bilərsiniz? Allahın Kəlamını müntəzəm mütaliə etməklə, oxuduqlarınız haqqında dərindən düşünməklə, həmçinin yığıncaq görüşlərində iştirak etməklə Yehovadan güc alın. Coannanın atası və bacısı həqiqəti tərk edib. O deyir: «Müqəddəs Kitabdan Abiqayil, Əstər, Əyyub, Yusif və İsa haqqında oxuyanda toxtaqlıq tapıram. Onların nümunəsi məndə nikbin əhval-ruhiyyə yaradır. Bu da qəlbimin ağrısını yüngülləşdirir. Həmçinin fikir vermişəm ki, təşkilatımızın mahnıları da məni ruhlandırır».

10. Zəbur 32:6—8 ayələrinə əsasən, qəlb ağrısını necə dindirə bilərik?

10 Dərdinizi Yehova ilə bölüşün. Hətta kədərli vaxtlarınızda belə, dua etməyi dayandırmayın. Yehovaya yalvarın ki, vəziyyətə Onun gözü ilə baxmağınıza kömək etsin. Həmçinin sizi öyrətsin, doğru yola yönəltsin. (Zəbur 32:6—8 ayələrini oxuyun.) Ola bilər ki, dua edib ürəyinizin dərdini Yehovaya danışmaq istəyəndə qəhər sizi boğur. Bilin ki, Yehova sizin bu hisslərinizi çox yaxşı anlayır. O sizi sevir və istəyir ki, ürəyinizi Ona boşaldasınız (Çıx. 34:6; Zəb. 62:7, 8).

11. İbranilərə 12:11 ayəsinə əsasən, Yehovanın məhəbbətdən irəli gələn cəza tədbirinə nəyə görə etibar etməliyik? (« Yığıncaqdan kənaredilmə Yehovanın məhəbbətindən qaynaqlanır» adlı çərçivəyə baxın.)

11 Ağsaqqalların verdiyi qərarı dəstəkləyin. Bu, Yehovanın günah işləyən insanı islah etmək üçün gördüyü tədbirlərdən biridir. Məhəbbətdən qaynaqlanan bu tədbir günah işləyən insan da daxil olmaqla, hər kəsin xeyrinədir. (İbranilərə 12:11 ayəsini oxuyun.) Bəzən yığıncaqda kimlərsə ağsaqqalların verdiyi qərarın əleyhinə fikirlər söyləyirlər, amma çox vaxt onlar birtərəfli danışırlar. Nəzərə alın ki, biz bütün faktları bilmirik. Buna görə hikmətli olar ki, intizam komitəsindəki ağsaqqallara etibar edək, onların Müqəddəs Kitab prinsiplərinə əməl etmək və «Yehova üçün» qərar çıxarmaqdan ötrü əllərindən gələni etdiklərinə güvənək (2 Saln. 19:6).

12. Bəziləri yığıncaqdan kənar olunan insanla ünsiyyət etməmək göstərişinə əməl etməyin hansı xeyrini görüb?

12 Ağsaqqalların yaxınınızla bağlı çıxardığı qərarı dəstəkləməyiniz ona Yehovaya geri dönməyə kömək edə bilər. Əvvəldə adı çəkilən Elizabet deyir: «Yetkin yaşda olan oğlumuzla bütün münasibətimizi kəsmək hədsiz dərəcədə çətin idi. Amma oğlumuz bərpa olunandan sonra etiraf etmişdi ki, onu haqlı olaraq yığıncaqdan kənar etmişdilər. Sonralar o dedi ki, bunun sayəsində çox şey öyrəndi. Mən Yehovanın cəza tədbirinin düzgün olduğunu dərk etdim». Bacının yoldaşı Mark deyir: «Xeyli sonra oğlum mənə dedi ki, onu geri qayıtmağa təşviq edən şeylərdən biri bizim tələb olunduğu kimi davranmağımız olub. Yehovaya minnətdaram ki, bizə itaətkar olmağa kömək etdi».

13. Dərdinizi yüngülləşdirməyə sizə nə kömək edə bilər?

13 Sizi anlayacaq dostunuzla dərdləşin. Nikbin əhval-ruhiyyənizi qorumağa kömək edəcək yetkin məsihilərlə ünsiyyət edin (Məs. 12:25; 17:17). Bayaq adı çəkilən Coanna bacı deyir: «Daxilən özümü çox tənha hiss edirdim. Amma etibarlı dostlarla söhbət etməyin mənə xeyli köməyi oldu». Bəs əgər yığıncaqda kimlərinsə sözünə görə özünüzü pis hiss edirsinizsə, nə edə bilərsiniz?

14. Nəyə görə biz bir-birimizə qarşı həmişə səbirli olub, ürəkdən bağışlamalıyıq?

14 Bacı-qardaşlarınıza qarşı səbirli olun. Biz gözləməməliyik ki, hamı həmişə düzgün sözlər seçib danışacaq (Yaq. 3:2). Biz hamımız qeyri-kamilik. Buna görə də ola bilər ki, kimsə nə deyəcəyini bilmir, yaxud da istəmədən xətrimizə dəyən sözlər deyir. Həvari Bulusun növbəti məsləhətini unutmayın: «Bir-birinizə qarşı həmişə səbirli olun, birinizin digərindən şikayəti olsa da, bir-birinizi ürəkdən bağışlayın» (Kol. 3:13). Bir bacının ailə üzvü yığıncaqdan kənar edilmişdi. O deyir: «Yehova mənə kömək edib ki, məni ruhlandırmağa çalışan, amma bunu qeyri-kamil şəkildə edən bacı-qardaşlarımı bağışlayım». Bəs yığıncaq ailənin sadiq üzvlərinə necə kömək edə bilər?

YIĞINCAĞIN KÖMƏYİ

15. Ailə üzvü yığıncaqdan kənar edilən dindaşımıza necə dəstək ola bilərik?

15 Ailədəki sadiq məsihilərə xeyirxah və dostyana münasibət göstərin. Miriam adlı bacının qardaşı yığıncaqdan kənar ediləndən sonra bacı yığıncağa getməyə çəkinirdi. O deyir: «Məni fikir götürmüşdü ki, görəsən, camaat nə deyəcək. Amma yığıncaqdakı gözəl dostlarım dərdimə şərik oldu. Mənə qardaşımla bağlı pis heç nə demədilər. Onların sayəsində bu çətin anlarımda özümü tək hiss etmədim». Başqa bir bacı isə deyir: «Oğlumuz yığıncaqdan kənar ediləndən sonra dəyərli dostlarımız bizə təskinlik verməyə gəldilər. Bəziləri deyirdi ki, heç bilmirlər nə desinlər. Amma mənimlə ağlayırdılar, mənə ruhlandırıcı məktublar göndərirdilər. Onların mənə çox böyük köməyi dəydi!»

16. Yığıncaq ailədəki sadiq məsihilərə davamlı olaraq necə dəstək ola bilər?

16 Ailənin sadiq üzvlərinə dayaq olmağa davam edin. Onların sizin məhəbbətinizə, ruhlandırıcı sözlərinizə indi daha çox ehtiyacları var (İbr. 10:24, 25). Bəzən yığıncaqdan kənar edilmiş insanın ailə üzvləri özlərinə qarşı elə münasibət görür ki, sanki onlar da yığıncaqdan kənar ediliblər. Qoymayın onlar özlərini belə hiss etsin! Valideynləri həqiqətdən getmiş gənclərin tərifə və ruhlandırıcı sözlərə xüsusilə ehtiyacı var. Mariya bacının yoldaşı yığıncaqdan kənar edilmişdi və ailəsini atıb getmişdi. Bacı deyir: «Bəzi dostlarımız bizə gəlib, yemək bişirməyə, ailəvi ibadət keçirməyə kömək edirdilər. Onlar mənim dərdimi öz dərdləri bildilər, mənimlə ağladılar. Mənim haqda şayiələr danışılanda məni müdafiə edirdilər. Onlar məni sözün əsl mənasında dirçəltdilər!» (Rom. 12:13, 15).

Yığıncaqdakı bacı-qardaşlar ailədəki sadiq məsihilərə dayaq olaraq məhəbbətlərini göstərə bilərlər (17-ci abzasa baxın) *

17. Ağsaqqallar qəmginlərə necə təskinlik verə bilər?

17 Əziz ağsaqqallar, sadiq ailə üzvlərinə dəstək olmaq üçün hər fürsəti dəyərləndirin. Yaxını Yehovanı tərk etmiş dindaşınıza təskinlik vermək xüsusilə sizin məsuliyyətinizdir (1 Salon. 5:14). Yığıncaqdan əvvəl və sonra onları ruhlandırmaq üçün təşəbbüs göstərin. Onları ziyarət edin, onlarla birgə dua edin. Xidmətdə onlarla əməkdaşlıq edin, ailəvi ibadətinizə dəvət edin. Qayğıkeş çobanlar Yehovanın qəmgin quzularına şəfqət, məhəbbət və diqqət göstərməlidir (1 Salon. 2:7, 8).

ÜMİDİNİZİ İTİRMƏYİN, YEHOVAYA GÜVƏNMƏYƏ DAVAM EDİN

18. 2 Butrus 3:9 ayəsinə əsasən, Yehova ciddi günah işləyənlərin nə etməsini istəyir?

18 Yehova «heç kəsin məhv olmasını istəmir, əksinə, istəyir ki, hamı tövbəyə gəlsin». (2 Butrus 3:9 ayəsini oxuyun.) Hətta insan ciddi günah işləsə də, onun həyatı Yehovanın gözündə dəyərlidir. Bir düşünün, Yehova günahkarların həyatı üçün necə böyük bir dəyər verib — sevimli Oğlunu qurban verib. Şəfqətli Allahımız Yehova günah işləyənlərin Ona geri dönməsinə kömək etməyə çalışır. Onların bu seçimi edəcəyinə ümidini itirmir. Bunu İsa Məsihin itmiş oğul haqda çəkdiyi məsəldən görmək olar (Luka 15:11—32). Doğrudan da, Yehovadan uzaqlaşmış bir çoxları sonralar Ona geri dönüblər. Yığıncaq da onları böyük sevinclə qəbul edib. Bayaq adı çəkilən Elizabet də oğlu bərpa olunanda bu xoşbəxtliyi yaşadı. Elizabet deyir: «Məni ümidimi itirməməyə təşviq edənlərə çox minnətdaram».

19. Nəyə görə həmişə Yehovaya etibar edə bilərik?

19 Biz Yehovaya həmişə etibar edə bilərik. O, heç zaman bizim zərərimizə olan göstərişlər vermir. O, rəhmli Atadır, kömək əli uzatmağa həmişə hazırdır. Onu sevən və Ona ibadət edən hər kəsi dərin məhəbbətlə sevir. Əmin olun ki, Yehova sizi iztirablı anlarınızda tərk etməyəcək (İbr. 13:5, 6). Yuxarıda adı çəkilən Mark deyir: «Yehova heç vaxt bizi atmadı. Biz çətinliklər yaşayanda O, hər zaman bizim yanımızda olur». Yehova sizə «insan gücündən üstün olan gücü» verməyə davam edəcək (2 Kor. 4:7). Bəli, yaxınınız Yehovanı tərk etsə də, siz ümidinizi itirmədən Yehovaya sadiq qala bilərsiniz.

NƏĞMƏ 44 Məzlumun duası

^ Doğma insanın Yehovadan uzaqlaşması çox ağırdır. Bu məqalədən öyrənəcəyik ki, bu zaman Yehova hansı hissləri keçirir. Həmçinin ailənin digər sadiq üzvlərinin bu ağrıya dözmələrinə və ruhani cəhətdən möhkəm qalmalarına kömək edəcək faydalı məsləhətləri müzakirə edəcəyik. Eyni zamanda öyrənəcəyik ki, yığıncaqdakı bacı-qardaşlar bu ailəyə necə dayaq ola bilər.

^ Bəzi adlar şərtidir.

^ ŞƏKLİN İZAHI. Qardaş Yehovanı tərk edir və ailəsini atıb gedir. Yoldaşı və uşaqları kədər içindədir.

^ ŞƏKLİN İZAHI. İki ağsaqqal yığıncaqdakı ailəni ruhlandırmaq üçün onları ziyarət edir.