TƏLİM MƏQALƏSİ 36
Yığıncaqdakı gəncləri dəyərləndirək
«Cavanın şərəfi onun gücüdür» (MƏS. 20:29).
NƏĞMƏ 88 Mənə yollarını öyrət
İCMAL *
1. Yaşa dolduqca qarşımıza hansı məqsədi qoya bilərik?
YAŞA DOLDUQCA bizdə qorxu yarana bilər ki, Yehovanın yolunda daha əvvəlki qədər yararlı olmayacağıq. Düzdür, ola bilər, əvvəlki gücümüz yoxdur, amma qazandığımız hikməti və təcrübəni gənclərlə bölüşərək onlara kömək edə bilərik ki, bacarıqlarını püxtələşdirsinlər və üzərlərinə yeni məsuliyyətlər götürsünlər. Uzun illərdir ağsaqqal kimi xidmət edən bir qardaş demişdi: «Görürdüm ki, qocalmışam, daha əvvəlki qədər çox iş görə bilmirəm, amma ürəyim rahat idi, çünki bu işi görəcək bacarıqlı gənc qardaşlar var idi».
2. Bu məqalədə nəyi müzakirə edəcəyik?
2 Ötən məqalədə öyrəndik ki, yaşlılarla yaxından tanış olmağın gənclərə hansı faydası var. Bu məqalədə isə müzakirə edəcəyik ki, təvazökarlıq, minnətdarlıq və səxavət kimi xüsusiyyətlər yaşlı məsihilərə gənclərlə əməkdaşlıq etməyə və beləliklə də, bütün yığıncağa fayda gətirməyə necə kömək edə bilər.
TƏVAZÖKAR OLUN
3. Filippililərə 2:3, 4 ayələrinə əsasən, təvazökarlıq nədir və bu, məsihilərə necə kömək edə bilər?
3 Yaşlılar gənclərə kömək etmək istəyirsə, təvazökar olmalıdırlar. Təvazökar insan başqalarını özündən üstün tutur. (Filippililərə 2:3, 4 ayələrini oxuyun.) Bu xüsusiyyəti təzahür etdirən yaşlı məsihilər qəbul edir ki, adətən hansısa işi bir yox, Müqəddəs Kitaba zidd getməyən və effektiv olan bir neçə yolla görmək olar. Buna görə də belə məsihilər gözləmir ki, keçmişdə hansısa işi necə görüblərsə, bu gün də hamı eyni cür görməlidir (Vaiz 7:10). Düzdür, onların gənc nəslə öyrədə biləcəkləri çox şey var, amma onlar bilirlər ki, «bu dünyanın səhnəsi dəyişir» və onlara yeni üsullara öyrəşmək lazım gələ bilər (1 Kor. 7:31).
4. Rayon nəzarətçiləri lavililər kimi hansı əhval-ruhiyyəni təzahür etdirirlər?
4 Yaşlı məsihilər təvazökarlıqla qəbul edirlər ki, yaşa dolduqca əvvəlki qədər çox iş görə bilmirlər. Məsələn, rayon nəzarətçiləri. Yetmiş yaşına çatanda onlara başqa xidmət növü təklif olunur. Təyinatlarını dəyişmək onlara çətin gələ bilər. Çünki bacı-qardaşlara xidmət etməkdən böyük məmnunluq duyurdular. Onlar bu təyinatlarını sevirdilər və hələ də ürəkləri bu təyinatı icra etmək istəyi ilə alışıb-yanır. Ancaq başa düşürlər ki, bu iş gənc əllərə həvalə olunsa, daha yaxşı olar. Onlar bu sahədə qədim İsraildə 50 yaşına çatanda müqəddəs çadırda xidmətlərini dayandırmalı olan lavililərə bənzəyirlər. Bu lavililərin sevinci hansısa təyinatdan asılı deyildi. Onlar istənilən işi canla-başla icra edirdi və gənclərə əllərindən gələn köməyi göstərirdilər (Say. 8:25, 26). Bizim dövrümüzdə də rayon nəzarətçisi kimi xidmət etmiş qardaşlar daha əvvəlki kimi bir sıra yığıncağı ziyarət etməsələr də, təyin olunduqları yığıncaq üçün əsl hədiyyədirlər.
5. Danla Keytidən nə öyrəndiniz?
5 Dan adlı bir qardaş 23 il rayon nəzarətçisi kimi xidmət edib. O, yetmiş yaşına çatanda yoldaşı Keyti ilə birgə xüsusi öncül təyin olundu. Onlar yeni təyinatlarına necə uyğunlaşdılar? Dan deyir ki, indi işi əvvəlkindən daha çoxdur! O, yığıncaqdakı məsuliyyətlərini icra edir, qardaşlara yığıncaq xidmətçisi olmağa kömək edir, bir başqalarına isə böyük şəhərlərdə və həbsxanalarda təbliğ etməyin üsullarını öyrədir. Əziz yaşlı dindaşlarımız, fərqi yoxdur, tamvaxtlı xidmətdəsiniz, ya yox, başqalarına kömək etmək üçün çox şey edə bilərsiniz. Yeni vəziyyətə uyğunlaşın, yeni məqsədlər qoyun, diqqətinizi edə biləcəyiniz şeylərə cəmləyin.
6. Nəyə görə təvazökar olmaq hikmətli davranışdır? Nümunə çəkin.
6 Təvazökar insan həmçinin öz məhdudiyyətlərini bilir (Məs. 11:2). Təvazökar olduğu üçün o özündən bacarmadığı şeyi gözləmir. Bu da ona sevincini qorumağa və işini canla-başla görməyə kömək edir. Təvazökar insanı maşınla dağa qalxan sürücüyə bənzətmək olar. Üzü yoxuşa qalxarkən sürücü sürəti azaltmalıdır. Düzdür, o, nisbətən yavaş hərəkət edəcək, amma irəliləyəcək. Eynilə, təvazökar insan da bilir, nə vaxt «sürəti azaltmalıdır» ki, Yehovaya xidmətini davam etdirə bilsin və başqalarına fayda gətirsin (Filip. 4:5).
7. Bərzillayın təvazökar olduğu nədən görünür?
7 Gəlin Bərzillayın nümunəsinə nəzər salaq. Davud padşah Bərzillayı saray əyanı olmağa dəvət edəndə onun 80 yaşı var idi. O başa düşürdü ki, qocadır, əvvəlki gücü yoxdur. Buna görə də təvazökar davranaraq padşahın təklifindən imtina etdi və öz yerinə gənc olan Kimhamı məsləhət gördü (2 İşm. 19:35—37). Bərzillay kimi, yaşlı qardaşlar da xidmət etmələri üçün gənclərə şərait yaradır.
8. Məbədin tikintisi məsələsində Davudun təvazökar olduğu necə göründü?
8 Davud padşah da gözəl təvazökarlıq nümunəsidir. O, Yehovaya ev tikməyi hədsiz dərəcədə çox istəyirdi. Ancaq Yehova deyəndə ki, bu şərəfli işi gənc Süleyman edəcək, Davud bu qərara boyun əydi və layihəni sidqi-ürəklə dəstəklədi (1 Saln. 17:4; 22:5). Davud düşünmədi ki, Süleyman gənc və səriştəsiz olduğu üçün özü bu işin öhdəsindən daha yaxşı gələrdi (1 Saln. 29:1). O anlayırdı ki, bu tikinti layihəsinin başa çatması işə başçılıq edən insanların yaşından və təcrübəsindən yox, Yehovadan asılıdır. Davuddan örnək alaraq yaşlı məsihilər təyinatları dəyişəndə belə, Yehovaya xidmətdə fəal qalırlar. Həmçinin onlar bilirlər ki, Yehova gənclərə əvvəllər onların gördüyü işin öhdəsindən gəlməyə kömək edəcək.
9. Filial komitəsinin üzvü olan bir qardaşın təvazökar olduğu nədən görünür?
9 Bizim dövrdə təvazökarlıq sahəsində gözəl örnək olan qardaşlardan biri Şigeo qardaşdır. 1976-cı ildə otuz yaşı olanda o, filial komitəsinin üzvü təyin olunmuşdu. 2004-cü ildə isə filial komitəsinin koordinatoru təyin olundu. Sonralar o gördü ki, artıq əvvəlki qədər gücü yoxdur və işi ləng görür. O, bu barədə dua etdi və bu məsuliyyəti cavan qardaşın icra etməsinin müsbət cəhətləri haqqında düşündü. Şigeo qardaş artıq koordinator kimi xidmət etməsə də, filial komitəsinin üzvü kimi xidmətini canla-başla yerinə yetirir. Bərzillayın, Davud padşahın və Şigeo qardaşın nümunəsindən gördüyümüz kimi, təvazökar insan diqqəti gənclərin təcrübəsizliyinə yox, gücünə yönəldir. Onlara rəqib gözü ilə yox, əməkdaş kimi baxır (Məs. 20:29).
MİNNƏTDAR OLUN
10. Yaşlı məsihilər yığıncaqdakı gənclərə necə yanaşır?
10 Yaşlı məsihilər gənclərə Yehovanın hədiyyəsi kimi baxırlar və onlara görə minnətdardırlar. Yaşlıların gücləri zəifləyəndə bir şeyə sevinirlər ki, yığıncaqdakı məsuliyyətləri icra etməyə hazır olan və bunu bacaran gənclər var.
11. Rut 4:13—16 ayələrindən göründüyü kimi, gənclərin köməyini minnətdarlıqla qəbul etmək hansı nemətlərə yol açır?
11 Müqəddəs Kitabda adı çəkilən Naimə minnətdarlıqla özündən kiçiyin köməyini qəbul etmişdi. O, bu sahədə yaşlı məsihilər üçün gözəl örnəkdir. Əvvəl-əvvəl Naimə dul qalmış gəlini Rutu dilə tutdu ki, öz xalqının yanına qayıtsın. Amma Rut Naimə ilə birgə Beytləhmə getmək istədiyini, qərarında qəti olduğunu deyəndə, Naimə onun köməyini geri çevirmədi (Rut 1:7, 8, 18). Bunun sayəsində hər ikisinə böyük nemətlər nəsib oldu! (Rut 4:13—16 ayələrini oxuyun.) Təvazökar olmaq yaşlı məsihiləri Naimədən örnək götürməyə təşviq edəcək.
12. Həvari Bulusun minnətdar insan olduğu nədən görünür?
12 Həvari Bulus ona göstərilən köməyə görə minnətdar idi. Məsələn, o, göndərdikləri maddi yardıma görə Filippi yığıncağına minnətdarlığını bildirmişdi (Filip. 4:16). Həmçinin Timutinin dəstəyini qiymətləndirdiyini ifadə etmişdi (Filip. 2:19—22). Bundan əlavə, Romaya məhbus kimi aparılarkən onu ruhlandırmağa gələn dindaşlarına görə Allaha şükür etmişdi (Həv. 28:15). Həvari Bulus qıvraq insan idi, təbliğ etmək və yığıncaqları möhkəmləndirmək üçün minlərlə kilometr yol qət edirdi. Bununla belə, o, qürurlu deyildi, bacı-qardaşların köməyini qəbul edirdi.
13. Yaşlı məsihilər gənclərə minnətdar olduqlarını necə göstərə bilər?
13 Əziz yaşlı dindaşlarımız, yığıncağınızdakı gənclərə minnətdarlığınızı müxtəlif yollarla göstərə bilərsiniz. Əgər onlar sizə nəqliyyat, alış-veriş və digər sahələrdə kömək göstərmək istəyirlərsə, bunu minnətdarlıqla qəbul edin. Buna Yehovanın məhəbbətinin ifadəsi kimi baxın. Sizə kömək əli uzadan insanla aranızda heç ağlınıza gəlməyən dostluq bağı yarana bilər. Həmişə gənc dindaşlarınızın ruhani inkişafı ilə maraqlanın, onlara deyin ki, yığıncağın işlərinə can yandıran gəncləri görəndə ürəyiniz fərəhlə dolur. Vaxt ayırıb, onlara həyatınızda baş vermiş hadisələr barədə danışın. Belə etməklə, yığıncağa cəlb etdiyi gənclərə görə Yehovaya şükür etdiyinizi göstərəcəksiniz (Kol. 3:15; Yəh. 6:44; 1 Salon. 5:18).
SƏXAVƏTLİ OLUN
14. Davud padşahın səxavətli olduğu nədən görünür?
14 Yaşlı məsihilər Davud padşahdan başqa vacib xüsusiyyəti də öyrənə bilər. Bu, səxavət xüsusiyyətidir. Məbədin tikintisini dəstəkləmək üçün Davud şəxsi sərvətindən külli miqdarda ianə etmişdi (1 Saln. 22:11—16; 29:3, 4). Halbuki məbədin tikintisi onun yox, oğlu Süleymanın adına yazılacaqdı. Eynilə bizim də tikinti layihələrində iştirak etməyə artıq gücümüz yol vermirsə, imkanımız daxilində bu layihələri ianələrimizlə dəstəkləyə bilərik. Həmçinin illər ərzində qazandığımız təcrübəni gənclərlə bölüşə bilərik.
15. Həvari Bulus Timutiyə qarşı necə səxavətli olmuşdu?
15 Səxavətli olmaq sahəsində həvari Bulus da bizim üçün gözəl örnəkdir. O, təbliğ səyahətinə çıxanda Timutini ona qoşulmağa dəvət edirdi və bu gənc oğlana səxavətlə təbliğ və təlim üsullarını öyrədirdi (Həv. 16:1—3). Bulusdan aldığı təlim sayəsində Timuti xoş xəbəri məharətlə təbliğ edirdi (1 Kor. 4:17). Timuti də öz növbəsində Bulusdan öyrəndiyi təlim üsullarını başqalarına öyrədirdi.
16. Şigeo qardaş nəyə görə başqalarına təlim keçirdi?
16 Bizim dövrümüzdə də yaşlı məsihilər qorxmur ki, gördükləri işi gənclərə öyrətsələr, birdən özləri daha lazım olmazlar. Məsələn, yuxarıda adı çəkilən Şigeo qardaş uzun illər filial komitəsinin gənc üzvlərinə çox şey öyrətmişdi. O, bunu yaşadığı ölkədə Padşahlıq işinin rifahı üçün edirdi. Beləcə, ehtiyac yarananda təlim keçmiş bir qardaş koordinator kimi onu əvəz etdi. Şigeo qardaş 45 ildən çox vaxt ərzində filial komitəsinin üzvü kimi qazandığı təcrübəni gənc qardaşlarla bölüşməyə davam edir. Onun kimi qardaşlar Allahın xalqı üçün əsl nemətdir!
17. Luka 6:38 ayəsinə əsasən, yaşlılar başqalarına nə verə bilər?
17 Əziz yaşlı bacı-qardaşlar, sürdüyünüz ömür göstərir ki, Yehovaya sədaqətlə və imanla xidmət etmək ən yaxşı həyat yoludur. Siz öz nümunənizlə sübut edirsiniz ki, Müqəddəs Kitab prinsiplərini öyrənmək və onlara uyğun yaşamaq üçün əzm göstərməyə dəyər. Əvvəllər müəyyən işlərin necə görüldüyü ilə bağlı müəyyən təcrübəniz var. Amma indi görürsünüz ki, yeni üsullara uyğunlaşmaq lazımdır. Təzəlikcə vəftiz olunan yaşlı bacı-qardaşlar, siz də yığıncağa böyük töhfə verə bilərsiniz. Məsələn, siz qoca yaşında Yehovanı tanımağın necə böyük sevinc gətirdiyini bölüşə bilərsiniz. Gənclərə təcrübəniz və öyrəndiyiniz şeylər haqda danışsanız, onlar bunu çox qiymətləndirəcək. Həyat təcrübənizlə dolu anbarınızdan həmişə versəniz, Yehova da sizə bol-bol bərəkət verəcək. (Luka 6:38 ayəsini oxuyun.)
18. Yaşlılar və gənclər bir-birinə necə dayaq ola bilər?
18 Əziz yaşlı məsihilər, cavanlarla sıx münasibət qurmaqla bir-birinizə dəstək olacaqsınız (Rom. 1:12). Hər bir insan başqalarının sahib olmadığı dəyərli nəyəsə sahibdir. Yaşlıların illər ərzində qazandığı hikməti və təcrübəsi var, gənclərin isə enerjisi və gücü var. Gənclər və yaşlılar əl-ələ verib birlikdə çalışanda səmavi Atamız Yehovaya şərəf gətirirlər və bütün yığıncaq da bunun xeyrini görür.
NƏĞMƏ 90 Bir-birimizi ruhlandıraq
^ Yığıncaqlarımızda Yehovanın təşkilatını dəstəkləyən gənc oğlan və qızları görmək necə də xoşdur! Yaşlı məsihilər milliyyətindən asılı olmayaraq, gənclərə kömək edə bilər ki, bütün güclərini Yehovaya xidmətə sərf etsinlər.
^ ŞƏKLİN İZAHI. Yetmiş yaşına çatmış rayon nəzarətçisi və həyat yoldaşı yeni təyinat alır. İllər ərzində qazandıqları təcrübə sayəsində onlar xidmət etdikləri yeni yığıncaqda başqalarını öyrədirlər.