Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 40

Çoxları salehliyə çatdırılacaq

Çoxları salehliyə çatdırılacaq

«Çoxlarını salehliyə çatdıranlar ulduzlartək əbədiyyən, sonsuzadək parlayacaq» (DƏN. 12:3).

NƏĞMƏ 151 Yehova çağıracaq

İCMAL *

1. Məsihin minillik hakimiyyəti dövründə hansı sevindirici hadisələr baş verəcək?

 MƏSİHİN minillik hakimiyyəti dövründə ölülərin dirilməyə başlayacağı günü bir təsəvvür edin! Şübhəsiz, bu, möhtəşəm gün olacaq! Əzizlərini itirənlər onları yenidən görəcəkləri günü həsrətlə gözləyirlər. Yehova da o günü həsrətlə gözləyir (Əyy. 14:15). Təsəvvür etmək olar, hər kəs əzizinə qovuşanda yer üzünü necə böyük sevinc sədaları bürüyəcək. Ötən məqalədə öyrəndiyimiz kimi, «salehlər» adları həyat kitabına yazılanlardır və onlar «dirilib həyata qovuşacaq» (Həv. 24:15; Yəh. 5:29). Ola bilsin, əzizlərimizin əksəriyyəti Armageddondan sonra ilk dirilən salehlərin arasında olacaq *. Bundan əlavə, «qeyri-salehlər» də diriləcək. Bu qrupa Yehova haqqında öyrənmək və ya Ona sədaqətlə xidmət etmək üçün yetərincə imkanı olmayan insanlar daxildir. Onlar «dirilib mühakimə olunacaqlar».

2, 3. a) Əşiya 11:9, 10 ayələrinə əsasən, gələcəkdə hansı təlim proqramı həyata keçiriləcək? b) Bu məqalədə nə haqda danışacağıq?

2 Yer üzündə dirilənlərin hamısına təlim vermək lazım gələcək (Əşy. 26:9; 61:11). Buna görə də bəşər tarixində ən böyük təlim proqramı həyata keçiriləcək. (Əşiya 11:9, 10 ayələrini oxuyun.) Buna nə üçün ehtiyac olacaq? Səbəblərdən biri odur ki, qeyri-salehlər İsa Məsih, Padşahlıq, fidyə, Yehovanın adı və ali hakimiyyəti ilə bağlı mühüm məsələ barədə öyrənməlidirlər. Elə salehlərin özünə də müəyyən şeyləri öyrətmək lazım gələcək. Yehova tarix boyu Yer kürəsinə dair niyyətini mərhələli şəkildə açıqlayıb; onlar bununla bağlı bilmədikləri son məlumatları öyrənəcəklər. Hətta onların arasında elələri var ki, Müqəddəs Kitabın yazılması başa çatmazdan xeyli əvvəl vəfat ediblər. Buna görə də həm qeyri-salehlərin, həm də salehlərin öyrənəcəyi çox şey olacaq.   

3 Bu məqalədə növbəti sualları müzakirə edəcəyik: «Genişmiqyaslı təlim proqramı necə həyata keçiriləcək? Bu təlim proqramının insanların adının həyat kitabına yazılıb-yazılmamasında hansı rolu olacaq?» Bu sualların cavabını bilmək bizim üçün vacibdir. Görəcəyimiz kimi, «Dənyal» və «Vəhy» kitabındakı heyrətamiz peyğəmbərliklərin bəziləri bizə dirilmədən sonra olacaq hadisələri başa düşməyə kömək edir. Əvvəla, gəlin görək Dənyal 12:1, 2 ayələrində hansı möhtəşəm hadisələr peyğəmbərlik olunub.

«TORPAQDA YATANLARDAN ÇOXU AYILACAQ»

4, 5. Dənyal 12:1 ayəsində axırzamanla bağlı nə açıqlanır?

4 Dənyal 12:1 ayəsini oxuyun. «Dənyal» kitabında axırzamanda baş verəcək möhtəşəm hadisələrin ardıcıllığı açıqlanır. Məsələn, Dənyal 12:1 ayəsindən öyrənirik ki, Mikayıl, yəni İsa Məsih Allahın «xalqının himayəsində [durur]». Peyğəmbərliyin bu hissəsi 1914-cü ildə İsa Məsih Allahın Padşahlığının Padşahı təyin olunanda yerinə yetməyə başlayıb.   

5 Dənyal həmçinin İsanın «xalqlar yaranandan bəri görünməmiş ağır bir zəmanə» gələndə «ayağa qalxacağını» deyir. «Ağır zəmanə» Mətta 24:21 ayəsində qeyd olunan «böyük müsibət»dir. Bu zəmanənin sonunda, yəni Armageddonda İsa ayağa qalxacaq, başqa sözlə, Allahın xalqının müdafiəsinə keçəcək. «Vəhy» kitabında həmin insanlar böyük müsibətdən çıxan böyük izdiham kimi təsvir olunur (Vəhy 7:9, 14).

6. Böyük izdiham böyük müsibətdən xilas olunandan sonra nələr baş verəcək? İzah edin. (Həmçinin bu sayda yerüzü həyatına dirilmənin müzakirə olunduğu «Oxucuların sualları» məqaləsinə baxın.)

6 Dənyal 12:2 ayəsini oxuyun. Böyük izdiham ağır zəmanədən xilas olunandan sonra nələr baş verəcək? Əvvəl belə başa düşürdük ki, Dənyal 12:2 ayəsində Allahın xalqının məcazi dirilməsindən, yəni ruhani dirçəlişindən danışılır *. Amma indi başa düşürük ki, burada yeni dünyada ölülərin dirilməsi nəzərdə tutulur. Nəyə görə belə qənaətə gəlmək olar? «Torpaq» sözünə Əyyub 17:16 ayəsində də rast gəlinir və orada da «Məzar» mənasında işlənir. Deməli, Dənyal 12:2 ayəsində Armageddondan sonra olacaq dirilmə nəzərdə tutulur.

7. a) «Əbədi həyat üçün» dirilmə deyiləndə nə nəzərdə tutulur? b) Nəyə görə bu, «daha yaxşı dirilmə»dir?

7 Bəs Dənyal 12:2 ayəsində «əbədi həyat üçün» dirilmə deyiləndə nə nəzərdə tutulur? Bu, o deməkdir ki, dirilənlər minillik hakimiyyət dövründə Yehova ilə İsa Məsihi tanımağa, yaxud tanımağa davam etməyə çalışsalar və itaətkar olmağa can atsalar, sonda əbədi həyatı alacaqlar (Yəh. 17:3). Bu, keçmişdə olan dirilmələrdən «daha yaxşı dirilmə» olacaq (İbr. 11:35). Nəyə görə? Çünki həmin qeyri-kamil insanlar yenidən ölmüşdülər.

8. «Rüsvayçılıq və əbədi həqarət üçün» dirilmə nədir?

8 Amma dirilənlər arasında Yehovanın verdiyi təlimi qəbul etməyənlər də olacaq. Dənyalın peyğəmbərliyində deyilir ki, bəziləri «rüsvayçılıq və əbədi həqarət üçün» diriləcəklər. Onlarda üsyankarlıq ruhu olacaq. Buna görə də adları həyat kitabına düşməyəcək və əbədi həyatı almayacaqlar. Onlar əbədi həqarətə, yəni məhvə düçar olacaqlar. Deməli, Dənyal 12:2 ayəsində bütün dirilənlərin son aqibətindən danışılır və bu, onların diriləndən sonra edəcəyi əməllərdən asılıdır * (Vəhy 20:12). Bəziləri əbədi həyat alacaq, bəziləri isə yox.

«ÇOXLARINI SALEHLİYƏ ÇATDIRANLAR»

9, 10. Böyük müsibətdən sonra başqa hansı hadisə baş verəcək və «göy qübbəsitək parlayacaq» kəslər kimlərdir?

9 Dənyal 12:3 ayəsini oxuyun. Qarşıda bizi gözləyən ağır zəmanədən sonra başqa nə baş verəcək? Dənyal 12:2 ayəsi ilə yanaşı, 3-cü ayədə də böyük müsibətdən sonra baş verəcək hadisədən bəhs olunur.

10 «Göy qübbəsitək parlayacaq» kəslər kimlərdir? İsanın Mətta 13:43 ayəsindəki sözləri onların kimliyini müəyyən etməyə bizə kömək edir: «Salehlər isə o vaxt Atalarının Padşahlığında günəş kimi parlayacaqlar». Kontekstdən göründüyü kimi, İsa burada «Padşahlığın oğulları»ndan, yəni səmavi Padşahlıqda onunla birgə xidmət edəcək məsh olunmuş qardaşlarından danışır (Mət. 13:38). Deməli, Dənyal 12:3 ayəsində məsh olunmuşlardan və onların Məsihin minillik hakimiyyəti dövründə görəcəyi işlərdən danışılır.

144 000 məsh olunmuş min il ərzində İsa Məsihlə sıx əməkdaşlıq edərək təlim proqramının icra olunmasında iştirak edəcək (11-ci abzasa baxın)

11, 12. Min il ərzində 144 000 məsh olunmuş hansı işi icra edəcək?

11 Məsh olunmuşlar «çoxlarını salehliyə» necə çatdıracaq? Onlar min il ərzində İsa ilə sıx əməkdaşlıq edərək təlim proqramının icra olunmasında iştirak edəcəklər. 144 000 məsh olunmuş təkcə padşah kimi yox, kahin kimi də xidmət edəcək (Vəhy 1:6; 5:10; 20:6). Beləcə, onlar «xalqların şəfa tapması»na və bəşəriyyətin tədricən əvvəlki kamilliyə qayıtmasına kömək edəcəklər (Vəhy 22:1, 2; Hizq. 47:12). Əlbəttə ki, bu, məsh olunmuşlara hədsiz sevinc gətirəcək.

12 Bəs salehliyə çatdırılacaq «çoxları» kimlərdir? Bura həm dirilənlər, həm də Armageddondan sağ çıxanlar və yeni dünyada doğulacaq uşaqlar daxildir. Artıq min ilin sonunda yer üzündə yaşayan bütün insanlar kamil olacaq. Bəs onların adı nə vaxt həyat kitabına karandaşla yox, mürəkkəblə yazılacaq?

SON SINAQ

13, 14. Yer üzündə bütün kamil insanlar əbədi həyatı almamışdan əvvəl nə etməlidirlər?

13 Unutmayın, kamil olmaq o demək deyil ki, biz avtomatik olaraq əbədi həyatı alacağıq. Götürək Adəmlə Həvvanı. Onlar da kamil idilər, amma əbədi həyatı almaları üçün əvvəlcə Yehovaya itaətkar olduqlarını göstərməli idilər. Təəssüf ki, onlar itaətsizlik etdilər (Rom. 5:12).

14 Min ilin sonunda yer üzündə vəziyyət necə olacaq? Artıq hamı kamil olacaq. Bəs bu kamil insanlar əbədiyyən Yehovanın hakimiyyətinə tabe olacaq? Yoxsa bəziləri Adəmlə Həvva kimi olacaq, kamil olsalar da, Yehovaya sadiq qalmayacaqlar? Bu suallar öz cavabını tapmalıdır. Amma necə?

15, 16. a) Nə vaxt bütün bəşəriyyətin Yehovaya sədaqətini göstərmək fürsəti olacaq? b) Bu sınağın yekun nəticəsi nə olacaq?

15 Şeytan 1000 illik buxovlanacaq. Bu vaxt ərzində o, heç kimi aldada bilməyəcək. Lakin 1000 ilin sonunda o, azadlığa buraxılacaq və kamil insanları yoldan çıxarmağa çalışacaq. Bu sınaq vaxtı yer üzündə yaşayan bütün kamil insanların Allahın adı və hakimiyyəti ilə bağlı mühüm məsələdə mövqelərini göstərmək imkanı olacaq (Vəhy 20:7—10). Bu zaman onların necə davranacağından adlarının həyat kitabına əbədilik həkk olunub-olunmayacağı asılı olacaq.   

16 Müəyyən sayda insan Adəmlə Həvva kimi, Yehovanın hakimiyyətinə tabe olmayacaq. Bəs onların aqibəti necə olacaq? Vəhy 20:15 ayəsində deyilir: «Adı həyat kitabında tapılmayan hər kəs odlu gölə atıldı». Bəli, bu üsyankarlar əbədilik məhv olunacaq. Amma kamil insanların böyük əksəriyyəti son sınaqdan başıuca çıxacaq. Onların adı həyat kitabına əbədilik həkk olunacaq.

AXIRZAMANDA BAŞ VERƏN HADİSƏLƏR

17. Mələk bizim dövrümüzlə bağlı Dənyal peyğəmbərə nə demişdi? (Dənyal 12:4, 8—10).

17 Gələcəkdə baş verəcək hadisələri fikirləşəndə insanı xoş bir həyəcan bürüyür! Mələk Dənyal peyğəmbərə həmçinin «axırzamanda», yəni bizim dövrümüzdə baş verəcək hadisələrlə bağlı da xəbər vermişdi. (Dənyal 12:4, 8—10 ayələrini oxuyun; 2 Tim. 3:1—5.) Mələk Dənyal peyğəmbərə demişdi: «Həqiqi elm çoxalacaq». Bu, o demək idi ki, Allahın xalqı Dənyalın peyğəmbərlik sözlərini daha aydın başa düşəcək. O həmçinin demişdi: «Pis adamlar pislik edəcək. Pislərin heç biri bu sözləri anlamayacaq».

18. Şər insanları tezliklə hansı aqibət gözləyir?

18 Bu gün bizə elə gələ bilər ki, şər iş görənlər cəzasız qalırlar (Məl. 3:14, 15). Tezliklə bir Hakim kimi, İsa Məsih keçiyəbənzər insanları salehlərdən ayıracaq (Mət. 25:31—33). Bu şər insanlar nə böyük müsibətdən keçəcəklər, nə də yeni dünyada diriləcəklər. Onların adı Məlaki 3:16 ayəsində qeyd olunan «xatirə kitabı»nda olmayacaq.

19. İndi nə etməyin vaxtıdır və nəyə görə? (Məlaki 3:16—18).

19 İndi şər insanların arasında olmadığımızı sübut etməyin vaxtıdır. (Məlaki 3:16—18 ayələrini oxuyun.) Bu gün Yehova «məxsusi mülkü» kimi yanaşdığı, yəni dəyərli hesab etdiyi insanları toplayır. Əlbəttə ki, biz də onların arasında olmaq istəyirik.

Dənyal peyğəmbər, doğmalarımız və çoxlu sayda insan yeni dünyada onlara düşən payı almaq üçün «qalxacaqlar». Onları görmək möhtəşəm olacaq! (20-ci abzasa baxın)

20. Yehova Dənyala sonda hansı vədi vermişdi? Bu vədin yerinə yetməsini nəyə görə həsrətlə gözləyirsiniz?

20 Həqiqətən də, biz çox maraqlı bir dövrdə yaşayırıq. Amma bizi qarşıda daha möhtəşəm hadisələr gözləyir. Tezliklə biz bütün pisliklərin məhvinin şahidi olacağıq. Bundan sonra isə Yehovanın Dənyala verdiyi sözün yerinə yetdiyini görəcəyik: «Dövrün tamamında isə sənə düşən payı almaq üçün qalxacaqsan» (Dən. 12:13). Bəs siz həm Dənyal peyğəmbərin, həm də əzizlərinizin «qalxacağı» günü həsrətlə gözləyirsiniz? Onda Yehovaya sadiq qalmaq üçün var gücünüzlə çalışın və əmin olun ki, belə etsəniz, adınız Yehovanın həyat kitabından silinməyəcək.

NƏĞMƏ 80 «Dadın, görün necə gözəldir Yehova»

^ Bu məqalədə Dənyal 12:2, 3 ayələrinin yeni izahatını araşdıracağıq. Öyrənəcəyik ki, orada təsvir olunan böyük təlim proqramı nə vaxt həyata keçiriləcək və bu işdə kimlər iştirak edəcək. Həmçinin araşdıracağıq ki, bu təlim proqramı yer üzündə yaşayanları Məsihin minillik hakimiyyətinin axırında olacaq son sınağa necə hazırlayacaq.

^ Yəqin, dirilmə mərhələli şəkildə, nəsilbənəsil olacaq. Ola bilsin, birinci Yehovanın axırzamanda ölən xidmətçiləri diriləcək, sonra onlardan əvvəlki nəsil diriləcək və bu ardıcıllıq Allahın yaddaşında olan bütün ölənlər dirilənə kimi davam edəcək. Əgər belə olarsa, hər nəslin şəxsən tanıdığı kəsləri qarşılamaq imkanı olacaq. Hər necə olsa da, göylər həyatına hər kəs öz növbəsində dirildiyi kimi, belə nəticəyə gəlmək olar ki, yer üzündə ölülərin dirilməsi də mərhələli şəkildə olacaq (1 Kor. 14:33; 15:23).

^ Əvvəlki izahat «Dənyalın peyğəmbərliyinə diqqət yetirin!» kitabının 17-ci fəslində (rus.) və «Gözətçi qülləsi» jurnalının 1987-ci il 1 iyul sayının 21—25 səhifələrində (ing.) yazılıb.

^ Bundan fərqli olaraq, Həvarilərin işləri 24:15 ayəsindəki «salehlər» və «qeyri-salehlər» ifadəsi və Yəhya 5:29 ayəsindəki «yaxşı əməl sahibləri» və «pis əməl sahibləri» ifadələri dirilənlərin ölməmişdən əvvəl etdiyi əməllərə aiddir.