TƏLİM MƏQALƏSİ 39
Adınız «həyat kitabına» yazılıb?
«Yehovadan qorxanlar haqqında Onun önündə xatirə kitabı yazıldı» (MƏL. 3:16).
NƏĞMƏ 61 Haydı, irəli, ey Şahidlər!
İCMAL *
1. Məlaki 3:16 ayəsinə əsasən, Yehovada hansı kitab var və Yehova ora nə yazır?
YEHOVANIN xüsusi bir kitabı var. Bu kitab adlardan ibarətdir. Yehova ən birinci ora ilk sadiq şahidi olan Habilin adını yazıb * (Luka 11:50, 51). O vaxtdan başlayaraq əsrlər ərzində çoxlu insanların adını ora əlavə edib. Artıq orada milyonlarla insanın adı var. Müqəddəs Kitabda o, həm «xatirə kitabı», həm də «həyat kitabı» adlanır. Bu məqalədə biz «həyat kitabı» ifadəsini işlədəcəyik. (Məlaki 3:16 ayəsini oxuyun; Vəhy 3:5; 17:8.)
2. Həyat kitabına kimlərin adı yazılıb və bizim adımızın bu kitaba yazılması üçün nə etməliyik?
2 Bu xüsusi kitaba Yehovadan qorxan, Ona dərin ehtiramla ibadət edən və Onun adını əziz tutan bütün insanların adı yazılıb. Onların əbədi yaşamaq imkanı var. Adımızın bu kitaba yazılması üçün Məsihin fidyə qurbanlığı əsasında Yehova ilə sıx münasibət qurmalıyıq (Yəh. 3:16, 36). İstər göydə, istərsə də yerüzü Cənnətdə yaşamağa ümid edək, bu kitabda adımızın olmasını hər birimiz istəyirik.
3, 4. a) Hal-hazırda adımızın həyat kitabında olması o deməkdir ki, əbədi yaşayacağıq? İzah edin. b) Bu və növbəti məqalədə nə haqda danışacağıq?
3 Bəs bu kitaba adı yazılanların hamısı avtomatik əbədi həyatı alacaq? Bu sualın cavabı Yehovanın Musa peyğəmbərə dediyi sözlərdən aydın olur: «Kim Mənə qarşı günah edibsə, onun adını kitabımdan siləcəyəm» (Çıx. 32:33). Deməli, bu kitabda olan adları oradan silmək, yəni pozmaq mümkündür, sanki Yehova əvvəlcə bu adları karandaşla yazır (Vəhy 3:5). Biz çalışmalıyıq ki, adımız bu kitaba «mürəkkəblə», əbədilik yazılsın.
4 Bununla bağlı bizdə müəyyən suallar yarana bilər: «Müqəddəs Kitaba əsasən, kimlərin adı həyat kitabında var, kimlərin adı isə yoxdur? Bu kitabda adı yazılanlar əbədi həyatı nə vaxt alacaqlar? Bəs Yehovanı tanımaq imkanı olmayıb ölənlər haqda nə demək olar? Onların da adının bu kitaba düşməsi mümkündür?» Bu və növbəti məqalədə bütün bu sualların cavabını tapacağıq.
BU KİTABDA KİMLƏRİN ADI VAR?
5, 6. a) Filippililərə 4:3 ayəsində qeyd olunduğu kimi, həyat kitabına adı yazılanların arasında kimlər var? b) Onların adı nə vaxt həyat kitabına həmişəlik həkk olunacaq?
5 Bu məcazi kitabda kimlərin adı yazılıb? Bu sualın cavabını bilmək üçün beş qrup insandan danışacağıq. Onların bəzilərinin adı bu kitabda var, bəzilərininki isə yoxdur.
6 Birinci qrupa İsa ilə göydə hakimiyyət sürmək üçün seçilən kəslər daxildir. Onların adı həyat kitabına yazılıb? Bəli, yazılıb. Həvari Bulusun Filippidəki əməkdaşlarına dediyi sözlərə əsasən, İsa ilə hakimiyyət sürmək üçün dəvət olunan məsh olunmuş məsihilərin adı hal-hazırda həyat kitabına yazılıb. (Filippililərə 4:3 ayəsini oxuyun.) Amma onlar adlarının bu kitabdan silinməməsi üçün sadiq qalmalıdırlar. Onlar sonuncu dəfə möhürlənəndən sonra isə adları bu kitaba əbədilik həkk olunacaq. Bəziləri ölməmişdən öncə, digərləri isə böyük müsibətdən qabaq sonuncu dəfə möhürlənəcək (Vəhy 7:3).
7. Vəhy 7:16, 17 ayələrinə əsasən, böyük izdihamın adı həyat kitabına nə zaman əbədilik həkk olunacaq?
7 İkinci qrupa başqa qoyunlardan ibarət böyük izdiham daxildir. Hal-hazırda onların adı həyat kitabında var? Bəli, var. Bəs onlar Armageddondan sağ çıxandan sonra da adları həyat kitabında olacaq? Bəli, olacaq (Vəhy 7:14). İsa Məsih onların əbədi həyata qovuşacağını demişdi (Mət. 25:46). Amma onlar əbədi həyatı Armageddondan xilas olandan dərhal sonra almayacaqlar. Onların adı həyat kitabına hələlik sanki karandaşla yazılmış qalacaq. İsa Məsih minillik hakimiyyəti dövründə «onları otaracaq və həyat suyu bulaqlarına aparacaq». Məsihin rəhbərliyinə itaət edənlərin və sonuncu sınaq zamanı Yehovaya sadiq qalan kəslərin adı həyat kitabına əbədilik həkk olunacaq. (Vəhy 7:16, 17 ayələrini oxuyun.)
8. Kimlərin adı həyat kitabına yazılmayıb və onlarla nə baş verəcək?
8 Üçüncü qrupa Armageddonda məhv ediləcək keçilər daxildir. Onların adı həyat kitabına yazılmayıb. İsa Məsih demişdi ki, bu insanlar «əbədilik məhv ediləcəklər» (Mət. 25:46). Həvari Bulus da Allahdan ilham alaraq yazmışdı ki, «onlar əbədi məhv cəzasına» məhkum ediləcəklər (2 Salon. 1:9; 2 But. 2:9, 10). Bu, bilərəkdən müqəddəs ruha qarşı günah işləyənlərə də aiddir. Onlar da əbədi məhvə məhkumdur. Aydındır ki, onlar dirilməyəcəklər (Mət. 12:32; Mark 3:28, 29; İbr. 6:4—6). İndi isə gəlin yer üzündə yaşamaq üçün diriləcək iki qrup insandan danışaq.
KİMLƏR DİRİLƏCƏK?
9. Həvarilərin işləri 24:15 ayəsində qeyd olunduğu kimi, yer üzündə yaşamaq üçün hansı iki qrup insan diriləcək və onların arasında hansı fərq var?
9 Müqəddəs Kitabda deyilir ki, iki qrup insan, «salehlər» və «qeyri-salehlər» diriləcək və onların qarşısında yer üzündə əbədi yaşamaq imkanı açılacaq. (Həvarilərin işləri 24:15 ayəsini oxuyun.) «Salehlər» sağlıqlarında Yehovaya sədaqətlə qulluq edən kəslərdir. «Qeyri-salehlər» isə sağlıqlarında Yehovaya ibadət etməyən kəslərdir. Onlar Yehovanın normalarına uyğun yaşamadıqları üçün Onun gözündə qeyri-salehdirlər. Hər iki qrupdakı insanın dirilməsi o deməkdirmi ki, onların ikisinin də adı həyat kitabına yazılıb? Bu suala cavab tapmaq üçün gəlin hər iki qrupu ayrı-ayrılıqda araşdıraq.
10. Nəyə görə salehlər diriləcək və onların bəzilərinə hansı məsuliyyət həvalə olunacaq? (Həmçinin bu sayda yerüzü həyatına dirilmənin müzakirə olunduğu «Oxucuların sualları» məqaləsinə baxın.)
10 «Salehlər» dördüncü qrupdur. Ölməmişdən öncə onların adı artıq həyat kitabına yazılmışdı. Bəs öləndən sonra onların adı həyat kitabından silindi? Xeyr. Çünki onlar Yehovanın yaddaşında hələ də sağdırlar. Yehova «ölülərin yox, dirilərin Allahıdır, çünki Onun üçün onların hamısı sağdır» (Luka 20:38). Salehlər yer üzündə yaşamaq üçün diriləndə onların adı həyat kitabında yazılmış olacaq, amma hələ ki, «karandaşla» (Luka 14:14). Saleh insanların bəziləri diriləndən sonra «bütün yer üzündə əmir» kimi xidmət edəcəklər (Zəb. 45:16).
11. Qeyri-salehlər adları həyat kitabına yazılmazdan öncə nəyi öyrənməli olacaqlar?
11 Nəhayət, gəlin beşinci qrup insanlardan, «qeyri-salehlərdən» danışaq. Ola bilsin, onların Yehovanın buyruqlarından xəbərləri olmadığı üçün saleh ömür sürməyiblər. Buna görə də adları həyat kitabına yazılmayıb. Amma Yehova onları diriltməklə onlara adlarını həyat kitabına yazdırmaları üçün şans verəcək. Onların köməyə böyük ehtiyacı olacaq. Onların bəziləri ölməmişdən əvvəl mənfur, şər işlər törədiblər. Buna görə də qeyri-salehlərə Yehovanın qanunlarına uyğun yaşamağı öyrətmək lazım gələcək. Bu məqsədlə Allahın Padşahlığı tarixin ən böyük təlim proqramını həyata keçirəcək.
12. a) Qeyri-salehlərə kimlər təlim verəcək? b) Öyrəndiklərinə əməl etmək istəməyənlərin aqibəti necə olacaq?
12 Qeyri-salehlərə kimlər təlim verəcək? Böyük izdiham və diriləcək saleh insanlar. Qeyri-salehlər adlarının həyat kitabına yazılması üçün Yehova ilə sıx münasibət qurmalı və özlərini Ona həsr etməlidirlər. İsa Məsih və onun həmvarisləri qeyri-salehlərin aldıqları təlimə necə yanaşacaqlarını böyük maraqla izləyəcəklər (Vəhy 20:4). Bu köməyi rədd edənlər hətta yüz yaşında olsalar belə, yer üzündən silinəcəklər (Əşy. 65:20). Yehova və İsa Məsih insanların ürəyini görür və onlar izin verməyəcəklər ki, yeni dünyada kimdənsə hansısa xətər gəlsin (Əşy. 11:9; 60:18; 65:25; Yəh. 2:25).
ÖLÜLƏR «DİRİLİB HƏYATA QOVUŞACAQ» VƏ «DİRİLİB MÜHAKİMƏ OLUNACAQLAR»
13, 14. a) İsa Məsihin Yəhya 5:29 ayəsindəki sözlərini əvvəllər necə başa düşürdük? b) Bu sözlərdə nəyə diqqət yetirmək lazımdır?
13 İsa Məsih də yer üzündə diriləcək kəslər barədə danışmışdı. O demişdi: «Elə bir vaxt gələcək ki, qəbirlərdə olanların hamısı onun səsini eşidib qəbirlərindən çıxacaq. Yaxşı əməl sahibləri dirilib həyata qovuşacaq, pis əməl sahibləri isə dirilib mühakimə olunacaqlar» (Yəh. 5:28, 29). İsa Məsihin bu sözlərinin mənası nədir?
14 Əvvəllər belə başa düşürdük ki, İsa Məsih bu ayədə ölülərin diriləndən sonra edəcəyi əməlləri nəzərdə tutur. Yəni bəziləri diriləndən sonra yaxşı əməl sahibi olacaq, bəziləri isə pis. Amma fikir verin, İsa Məsih burada demir ki, qəbirlərindən çıxanlar yaxşı əməl sahibi olacaqlar, yaxud pis əməl sahibi olacaqlar. İsa insanların ölməzdən əvvəl hansı əməl sahibi olduqlarından danışır. O deyir: «Yaxşı əməl sahibləri dirilib həyata qovuşacaq, pis əməl sahibləri isə dirilib mühakimə olunacaqlar». Bu sözlər göstərir ki, insanlar dirilməzdən əvvəl artıq yaxşı əməl və ya pis əməl sahibi olublar. Bu, məntiqlidir. Axı yeni dünyada heç kimə pis əməllər törətməyə izin verilməyəcək. Deməli, qeyri-salehlər ölməzdən öncə pis əməl sahibi olublar. Bəs ölülərin dirilib həyata qovuşacağı, yaxud dirilib mühakimə olunacağı deyiləndə nə nəzərdə tutulur?
15. Kimlər «dirilib həyata qovuşacaq» və nəyə görə?
15 Salehlər, yəni ölməzdən əvvəl yaxşı əməl sahibi olanlar «dirilib həyata qovuşacaq», çünki onların adı artıq həyat kitabında olacaq. Beləliklə, Yəhya 5:29 ayəsində yazılan «yaxşı əməl sahibləri» və Həvarilərin işləri 24:15 ayəsində yazılan «salehlər» eyni qrup insanlardır. Bu izahat Romalılara 6:7 ayəsi ilə uzlaşır. Orada deyilir ki, «ölmüş adam günahdan azaddır». Deməli, salehlərin günahları öləndə silinib, amma Yehova onların yaxşı əməllərini unutmayıb (İbr. 6:10). Buna görə də adları həyat kitabında yazılmış olacaq. Əlbəttə, salehlər diriləndən sonra da sədaqətlərini qorumalıdırlar ki, adları həyat kitabında qalsın.
16. Ölülərin dirilib mühakimə olunacağı deyiləndə nə nəzərdə tutulur?
16 Bəs ölməzdən əvvəl pis əməl sahibi olanlar haqda nə demək olar? Düzdür, öləndə onların günahları silinib. Amma sağlıqlarında Yehovanın sadiq xidmətçisi kimi ömür sürmədikləri üçün onların adı həyat kitabına yazılmayıb. Deməli, «pis əməl sahibləri» və Həvarilərin işləri 24:15 ayəsindəki «qeyri-salehlər» eyni qrup insanlardır. Onlar «dirilib mühakimə olunacaqlar» *. Bu, o deməkdir ki, İsa Məsih onları müşahidə edəcək, əməllərinə qiymət verəcək (Luka 22:30). Bunun sayəsində İsa Məsih onların adlarının həyat kitabına yazılmağa layiq olub-olmadığını biləcək. Təbii ki, bunun üçün müəyyən vaxt lazım gələcək. Əgər onlar keçmişdəki şər əməllərini təkrarlamasalar və özlərini Yehovaya həsr etsələr, adları həyat kitabına yazılacaq.
17, 18. Dirilənlərin hamısından nə tələb olunacaq və Vəhy 20:12, 13 ayələrində söhbət hansı əməllərdən gedir?
17 Min il ərzində yeni tumarlar açılacaq və dirilənlərin hamısından, həm salehlərdən, həm də qeyri-salehlərdən orada yazılan qanunlara tabe olmaq tələb olunacaq. Həvari Yəhya gördüyü vəhyi belə təsvir edir: «Mən... taxtın önündə durmuş ölüləri — böyükləri və kiçikləri gördüm. Tumarlar açılmışdı. Başqa bir tumar da açıldı, bu tumar həyat kitabıdır. Ölülər tumarlarda yazılanlara uyğun olaraq, əməllərinə görə mühakimə edildi» (Vəhy 20:12, 13).
18 Dirilənlər hansı əməllərinə əsasən mühakimə olunacaq? Ölməmişdən əvvəl etdikləri əməllərə görə? Xeyr. Bildiyimiz kimi, insan öləndə günahlarından azad olur, deməli, burada onların keçmişdə etdiyi əməllər nəzərdə tutula bilməz. Söhbət onların yeni dünyada təlim alandan sonra edəcəyi əməllərdən gedir. Hətta Nuh, İşmuil, Davud və Dənyal kimi sadiq insanlar da İsa Məsihin qurbanlığı haqqında öyrənməli və ona iman etməli olacaq. Görün indi qeyri-salehlər nə qədər şey öyrənməlidirlər!
19. Yehovanın verdiyi heyrətamiz imkandan imtina edənləri hansı aqibət gözləyir?
19 Bəs belə bir heyrətamiz imkandan imtina edənlərin aqibəti necə olacaq? Bu sualın cavabı Vəhy 20:15 ayəsində yazılıb: «Adı həyat kitabında tapılmayan hər kəs odlu gölə atıldı». Yəni onlar əbədilik məhv olunacaqlar. Bəli, adımızın həyat kitabına yazılması və oradan silinməməsi ölüm-dirim məsələsidir!
20. Minillik ərzində hansı möhtəşəm iş həyata keçiriləcək? (Üz qabığındakı şəklə baxın.)
20 İsa Məsihin minillik hakimiyyəti dövrü çox möhtəşəm bir dövr olacaq. Həmin vaxt yer üzündə bəşər tarixinin ən genişmiqyaslı təlim proqramı həyata keçiriləcək. Həmçinin bu müddət ərzində həm salehlərin, həm də qeyri-salehlərin əməllərinə qiymət veriləcək (Əşy. 26:9; Həv. 17:31). Bəs bu təlim proqramı necə həyata keçiriləcək? Növbəti məqalədə bu haqda ətraflı danışacağıq.
NƏĞMƏ 147 Əbədi həyat vədi
^ Bu məqalədə biz Yəhya 5:28, 29 ayələrinin izahına edilən düzəlişi araşdıracağıq. Öyrənəcəyik ki, ölənlər «dirilib həyata qovuşacaq» və «dirilib mühakimə olunacaq» deyiləndə nə nəzərdə tutulur və hər qrupa kimlər daxildir.
^ Bu kitab «bəşərin təməli qoyulandan bəri» yazılmağa başlayıb. «Bəşər» deyiləndə isə Yehovanın fidyə sayəsində günahdan azad olmağa layiq bildiyi insanlar nəzərdə tutulur (Mət. 25:34; Vəhy 17:8). Beləliklə, görünür, bu kitaba birinci Habilin adı yazılıb.
^ Əvvəllər belə başa düşürdük ki, ayədəki «mühakimə» sözü mənfi məna daşıyır, yəni burada insanın məhkum olunması nəzərdə tutulur. Amma kontekstdən görmək olar ki, İsa burada bu sözü mənfi mənada işlətməyib, görünür, «mühakimə» deyiləndə insanın «məhkəmədə işinə baxılması», əməllərinin qiymətləndirilməsi nəzərdə tutulur; bir yunan lüğətinə əsasən, bu ifadə «kiminsə davranışını diqqətlə müşahidə etmək» mənasını verə bilər.