Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 37

Dindaşlarınıza etibar edin

Dindaşlarınıza etibar edin

«Məhəbbət... hər şeyə inanır, hər şeyə ümid edir» (1 KOR. 13:4, 7).

NƏĞMƏ 124 Sədaqətli olaq

İCMAL *

1. İnsanların bir-birinə etibar etməməsi nəyə görə bizim üçün təəccüblü deyil?

 BU ŞEYTAN dünyasında insanların bir-birinə etibarı qalmayıb. Biznesmenlər, siyasətçilər və din xadimləri dəfələrlə onların ümidlərini puç ediblər. Bəziləri heç dostlarına, qonşularına, ailə üzvlərinə belə etibar etmir. Əslində, bu bizim üçün təəccüblü deyil. Müqəddəs Kitabda deyilmişdi ki, axırzamanda insanlar vəfasız, böhtançı, xain olacaqlar. Bu dövrün allahı Şeytan etibarsızdır, elə insanlar da onun xüsusiyyətini əks etdirirlər (2 Tim. 3:1—4; 2 Kor. 4:4).

2. a) Kimlərə və nəyə şəkk-şübhəsiz etibar edirik? b) Bizi hansı sual narahat edə bilər?

2 Amma biz məsihilər bilirik ki, Yehovaya tamamilə bel bağlaya bilərik (Ərm. 17:7, 8). Onun bizi sevdiyinə, bizdən üz döndərməyəcəyinə əminik (Zəb. 9:10). Biz Məsih İsaya da etibar edirik. O bizim uğrumuzda canını qurban verib (1 But. 3:18). Həmçinin Müqəddəs Kitaba da etibar edirik, çünki oradakı məsləhətlərin xeyrini həyatımızda görmüşük (2 Tim. 3:16, 17). Bəli, biz şəkk-şübhəsiz Yehovaya, İsaya və Müqəddəs Kitaba etibar edirik. Bəs bacı-qardaşlarımıza necə, onlara etibar edə bilərik? Bəli, edə bilərik. Gəlin görək niyə.

BACI-QARDAŞLARIMIZA EHTİYACIMIZ VAR

Bütün dünyada bizim kimi Yehovanı sevən etibarlı bacı-qardaşlarımız var (3-cü abzasa baxın)

3. Bizə hansı şərəf nəsib olub? (Mark 10:29, 30).

3 Yehova bizi xidmətçilərindən ibarət ümumdünya ailəsinə daxil edib. Bir düşünün, bu, necə böyük şərəfdir və bunun sayəsində nələrə sahib olmuşuq! (Mark 10:29, 30 ayələrini oxuyun.) Dünyanın dörd bir tərəfində bizim kimi Yehovanı sevən, var gücü ilə Onun qanunlarına uyğun yaşamağa çalışan bacı-qardaşlarımız var. Dilimiz, mədəniyyətimiz, geyimimiz fərqli olsa da, hətta ilk dəfə tanış olduğumuz dindaşımızı özümüzə doğma bilirik. Ən əsası isə onlarla birgə səmavi Atamıza ibadət etmək, Ona həmd ucaltmaq bizə xoşdur (Zəb. 133:1).

4. Nəyə görə bacı-qardaşlara ehtiyacımız var?

4 İndiki dövrdə bacı-qardaşlarla aramızdakı birliyi qorumaq həmişəkindən daha vacibdir. Bacı-qardaşlarımız bizə çətinliklərə dözməyə kömək edirlər (Rom. 15:1; Qal. 6:2). Bizi Yehovaya xidmətdə fəal olmağa, ruhani cəhətdən möhkəm qalmağa təşviq edirlər (1 Salon. 5:11; İbr. 10:23—25). Gəlin düşünək, əgər yığıncağımızın dəstəyi olmasaydı, biz ortaq düşmənimizə — Şeytan İblisə və onun şər dünyasına necə qarşı dura bilərdik? Üstəlik, bilirik ki, Şeytan və onun tərəfdarları tezliklə Allahın xalqına hücum edəcək. Həmin vaxt ətrafımızda bizə dəstək olan bacı-qardaşların olduğuna görə çox sevinəcəyik.

5. Nəyə görə bəzilərinə bacı-qardaşlara etibar etmək çətindir?

5 Amma bəzilərinə bacı-qardaşlara etibar etmək çətindir. Çünki, ola bilsin, onlar kiməsə məxfi bir şey deyiblər, o isə bunu başqalarına yayıb, yaxud kimsə öz sözünün üstündə durmayıb. Ya da hansısa dindaşı sözü və hərəkəti ilə onların qəlbini bərk yaralayıb. Başlarına belə şeylər gəldiyi üçün onlar kiməsə etibar edə bilmirlər. Bəs belə halda bacı-qardaşlara etibar etməyə bizə nə kömək edəcək?

MƏHƏBBƏT BACI-QARDAŞLARA ETİBAR ETMƏYƏ KÖMƏK EDİR

6. Məhəbbət bacı-qardaşlara etibar etməyə necə kömək edə bilər? (1 Korinflilərə 13:4—8).

6 Məhəbbət bizi təşviq edir ki, bacı-qardaşlara etibar edək. 1 Korinflilərə 13-cü fəsildə məhəbbətin çoxlu yönləri qeyd olunub. Onlar bizə bacı-qardaşlara etibar etməyə və ya sarsılan etibarımızı bərpa etməyə kömək edə bilər. (1 Korinflilərə 13:4—8 ayələrini oxuyun.) Məhəbbətin bir yönü haqqında 4-cü ayədə deyilir ki, «məhəbbət səbirli və xeyirxahdır». Yehova bizimlə hətta Ona qarşı günah işləyəndə belə səbirlə davranır. Deməli, bacı-qardaşlar xətrimizə dəyəndə, bizi hövsələdən çıxaracaq hərəkətə yol verəndə biz də səbirli olmalıyıq. Həmçinin 5-ci ayədə yazılıb ki, məhəbbət «tez özündən çıxmır, ona edilən pisliyin hesabını tutmur». Biz istəmərik ki, bizə edilən pisliyin hesabını tutaq, yəni dindaşımızın xətrimizə dəyən hərəkətini yadda saxlayaq. Vaiz 7:9 ayəsində deyilir ki, «küsəyən olma». Küsəyən olmaqdansa, yaxşı olar ki, Efeslilərə 4:26 ayəsinə əməl edək. Orada yazılıb: «Gün batana qədər hirsli qalmayın».

7. Mətta 7:1—5 ayələrindəki prinsiplər bacı-qardaşlara etibarımızı möhkəmləndirməyə necə kömək edə bilər?

7 Bacı-qardaşlara etibar etməyə bizə daha nə kömək edə bilər? Onlara Yehovanın gözü ilə baxmalıyıq. Yehova onları sevir, onların səhvini bir-bir qeyd etmir. Biz də belə davranmalıyıq (Zəb. 130:3). Diqqətimizi dindaşlarımızın səhvlərinə cəmləməməliyik, onların gözəl xüsusiyyətlərini görməyə çalışmalıyıq. Həmçinin onların düzgün davranmağı bacaracağına ümidimizi itirməməliyik. (Mətta 7:1—5 ayələrini oxuyun.) Məhəbbət «hər şeyə inanır», buna görə də biz onların niyyətinin yaxşı olduğuna inanmalıyıq (1 Kor. 13:7). Düzdür, bu, o demək deyil ki, Yehova bizim kiməsə kor-koranə inanmağımızı istəyir; dindaşlarımız etibara layiqdir, Yehova buna görə onlara inanmağımızı istəyir *.

8. Dindaşlarınıza etibarınızı necə artıra bilərsiniz?

8 Etibar hörmət kimidir, onu qazanmaq üçün vaxt lazımdır. Dindaşlarınıza etibarınızı necə artıra bilərsiniz? Onları yaxından tanımağa çalışın, yığıncaqda onlarla ünsiyyət edin, birgə xidmətə çıxın. Onlarla səbirlə davranın, imkan yaradın ki, etibara layiq olduqlarını göstərsinlər. Ola bilsin, təzə-təzə tanımağa başladığınız dindaşınıza bütün şəxsi məsələlərinizi danışmayacaqsınız. Amma münasibətləriniz möhkəmləndikcə ürəyinizdəkiləri arxayınlıqla onunla bölüşə biləcəksiniz (Luka 16:10). Bəs əgər dindaşınız sizin etibarınızı sarsıdıbsa, onda necə? Onunla münasibətlərinizi kəsməyə tələsməyin. Səbirli olun. Həmçinin bir-iki nəfərin hərəkətinə görə bütün bacı-qardaşlara etibarınızı itirməyin. Bu sahədə bizə örnək olan Yehovanın sadiq xidmətçiləri var. Bəziləri onları məyus etsə də, onların hamıya etibarı itmədi.

BAŞQALARINA ETİBARINI İTİRMƏYƏNLƏRDƏN ÖRNƏK ALIN

Hənnə Əlinin dediyi ilk sözlərə rəğmən, Yehovanın təyin etdiyi şəxslərə etibarını itirmədi (9-cu abzasa baxın)

9. a) Yehovanın təyin etdiyi şəxslərin səhvlərinə baxmayaraq, Hənnə Yehovaya etibar etdiyini necə göstərdi? b) Hənnədən Yehovanın təyin etdiyi şəxslərə etibar etməklə bağlı nə öyrənirik? (Şəklə baxın.)

9 Nə vaxtsa məsul qardaş sizi məyus edib? Əgər belə bir şey olubsa, Hənnənin hadisəsinin sizə böyük köməyi dəyə bilər. Onun yaşadığı dövrdə İsraildə Yehovaya ibadətə baş kahin Əli rəhbərlik edirdi. Ancaq onun ailəsi xalq üçün yaxşı nümunə deyildi. Onun oğullarına məbəddə məsuliyyətlər həvalə olunmuşdu, onlar isə biabırçı, əxlaqsız hərəkətlər edirdilər. Ataları bunu bilə-bilə onlarla bağlı ölçü götürmürdü. Yehova Əlini vəzifəsindən dərhal uzaqlaşdırmadı. Buna baxmayaraq, Hənnə Yehovaya ibadət etmək üçün yenə də məbədə gəlirdi. O demirdi: «Nə qədər ki Əli baş kahindir, bura ayaq basmayacağam». Bir dəfə Hənnə məbəddə pərişan halda dua edəndə Əli səhvən fikirləşmişdi ki, o, sərxoşdur. Əli nə baş verdiyini soruşmadan bu dərdli qadını danlamışdı (1 İşm. 1:12—16). Amma Hənnə and içmişdi ki, oğlu olsa, onu məbəddə xidmət etmək üçün verəcək. O, oğlunun Əlinin himayəsi altında olacağını bilsə də, fikrindən dönmədi (1 İşm. 1:11). Bəs Əlinin oğulları pis əməllərindən əl çəkmişdi? Xeyr. Buna görə də Yehova məsləhət bildiyi vaxtda onları cəzalandırdı (1 İşm. 4:17). Hənnəyə isə övlad payı verdi. Onun oğlu oldu və adını İşmuil qoydu (1 İşm. 1:17—20).

10. Xəyanətlə üzləşdiyinə görə Davud padşahın başqalarına etibarı sarsıldı? İzah edin.

10 Heç olub ki, yaxın dostunuz sizə xəyanət etsin? Belə bir şey Davud padşahın başına gəlmişdi. Oğlu Absalam padşahlığı onun əlindən almağa cəhd etmişdi. Davudun ən yaxın dostlarından biri Əxtufil isə bu üsyanda Absalama qoşulmuşdu. Təsəvvür etmək olar, həm oğlunun, həm də dostunun ona arxa çevirməsi Davuda necə böyük zərbə olmuşdu! Onlar xain çıxsalar da, Davud başqalarına etibarını itirmədi. Davud bu üsyanda onlara qoşulmayan sadiq dostu Xuşaya etibar edirdi. Onun etibarı əsassız deyildi. Sonrakı hadisələr Xuşayın yaxşı dost olduğunu göstərdi. O hətta Davuda kömək etmək üçün öz həyatını təhlükəyə atmışdı (2 İşm. 17:1—16).

11. Nabalın bir nökərinin Abiqayilə etibar etdiyi nədən görünürdü?

11 Etibar məsələsində Nabalın bir nökəri də bizim üçün gözəl nümunədir. Davudla adamları Nabal adlı bir israillinin nökərlərini dəfələrlə qorumuşdu. Bir müddət sonra Davud Nabaldan özü və adamları üçün imkan daxilində ərzaq verməsini istədi. Bu varlı-hallı insan Davudun adi xahişini yerinə yetirmədi. Davud bundan o qədər qəzəbləndi ki, Nabalın bütün ev əhlini qırmaq qərarına gəldi. Baş verən bu hadisələri Nabalın bir nökəri Abiqayilə çatdırdı. Bu nökər ev əhli idi və bilirdi ki, Abiqayil onun həyatını xilas edə bilər. Buna görə də o, canını götürüb qaçmadı, əksinə, Abiqayilin vəziyyəti yoluna qoya biləcəyinə etibar etdi. Onun Abiqayilə etibarı əsassız deyildi. Çünki Abiqayili hamı bəsirətli bir qadın kimi tanıyırdı və doğrudan da, bu nökərin etibarı boşa çıxmadı. Abiqayil Davudu fikrindən daşındırmağa çalışmaqla cəsarətlə davranmışdı (1 İşm. 25:2—35). O, Davudun dərrakəli davranacağına güvənirdi.

12. Şagirdlərinin səhvlərinə baxmayaraq, İsanın onlara etibar etdiyi nədən görünürdü?

12 İsa şagirdlərinin səhvlərini görsə də, onlara etibar edirdi (Yəh. 15:15, 16). Yaqubla Yəhya ondan Padşahlıqda ən yaxşı yerləri istəmişdilər. İsa onların Allaha yanlış niyyətlə ibadət etdiklərini düşünmədi. Nə də ki, onları həvarilikdən çıxarmadı (Mark 10:35—40). İsa həbs olunan gecə isə bütün şagirdləri onu qoyub qaçmışdı (Mət. 26:56). Amma o, yenə də şagirdlərinə etibarını itirmədi. İsa onların nöqsanlarını çox yaxşı görürdü. Amma bununla belə, onları «axıradək sevdi» (Yəh. 13:1). Hətta diriləndən sonra on bir həvarisinə böyük məsuliyyətlər həvalə etdi. Onlara təbliğ işini təşkil etməyi və dəyərli quzularının qayğısına qalmağı tapşırdı (Mət. 28:19, 20; Yəh. 21:15—17). İsa bu qeyri-kamil şagirdlərinə əbəs yerə etibar etməmişdi. Onların hamısı yerüzü həyatlarının sonuna qədər Allaha sədaqətlə xidmət etdilər. Bəli, Hənnə, Davud, Nabalın nökəri, Abiqayil və İsa qeyri-kamil insanlara etibar məsələsində gözəl nümunədir.

ETİBARINIZI BƏRPA EDİN

13. Dindaşımıza etibar etməyimizə nə mane ola bilər?

13 Olub ki, dindaşınıza məxfi məlumat demisiniz, o isə bunu kiminləsə bölüşüb? Belə bir şey adamı çox sarsıdır. Bir bacı bu cür vəziyyətlə üzləşmişdi. O, bir ağsaqqala şəxsi məsələsini açıb danışmışdı. Səhəri gün ağsaqqalın arvadı bu bacını ruhlandırmaq üçün ona zəng etmişdi. Görünür, ağsaqqal bacının ona təklikdə dediklərini arvadına danışmışdı. Aydındır ki, bacının həmin ağsaqqala etibarı sarsılmışdı. Bəs o nə etdi? Yaxşı ki, bacı ağsaqqallara etibarını bərpa etmək üçün başqa ağsaqqaldan kömək istədi.

14. Bir qardaşa iki ağsaqqala yenidən etibar etməyə nə kömək etdi?

14 Bir qardaş uzun müddət idi ki, iki ağsaqqaldan incimişdi və onlara etibar edə bilmirdi. Amma hörmət etdiyi bir qardaşın dediyi fikir onu düşündürdü. Bu, sadə, amma eyni zamanda güclü bir fikir idi. O demişdi: «Bizim düşmənimiz qardaşlarımız yox, Şeytandır». Qardaş bu fikir üzərində dərindən düşündü. Dua edib Yehovadan kömək istədi və nəhayət, həmin ağsaqqallarla münasibətini düzəltdi.

15. Nəyə görə dindaşlarımıza yenidən etibar etmək üçün vaxt lazımdır? Nümunə çəkin.

15 Bəlkə də, nə vaxtsa məsuliyyətlərinizi itirmisiniz. Bu, insana çox pis təsir edir. Belə bir şey Qret adlı bacının da başına gəlmişdi. O, anası ilə birgə 1930-cu illərdə Yehovaya sədaqətlə xidmət edirdi. Həmin vaxt Almaniyada nasist rejimi idi və fəaliyyətimiz qadağa altında idi. Qret yazı makinasında dindaşlarımız üçün «Gözətçi qülləsi»nin nüsxələrini çap edirdi. Amma qardaşlar biləndə ki, Qretin atası həqiqətə qarşı çıxır, onlar Qretin sevdiyi bu məsuliyyəti onun əlindən aldılar. Qorxurdular ki, Qretin atası onları satar və yığıncaqla bağlı məlumatlar əleyhdarların əlinə keçər. Qretin sınaqları bununla bitmədi. İkinci Dünya müharibəsi dövründə qardaşlar Qretlə anasına heç jurnal da vermirdilər, yolda-izdə qarşılaşanda isə onlarla danışmırdılar. Bu vəziyyət Qretin qəlbini o qədər yaralamışdı ki, həmin qardaşları bağışlamaq, onlara yenidən etibar etmək üçün ona xeyli vaxt lazım gəldi. Amma zaman keçdikcə o başa düşdü ki, Yehova onları bağışlayıb və o da bağışlamalıdır *.

«Bizim düşmənimiz qardaşlarımız yox, Şeytandır»

16. Nəyə görə bacı-qardaşlara yenidən etibar etmək üçün əlimizdən gələni etməliyik?

16 Əgər siz də qəlbinizi qıran bu cür vəziyyətlə üzləşmisinizsə, var gücünüzlə çalışın ki, dindaşlarınıza yenidən etibar edə biləsiniz. Ola bilsin, sizə vaxt lazım gələcək. Amma zəhmət çəkməyinizə dəyər. Gəlin bir nümunəyə baxaq. Əgər nə vaxtsa qidadan zəhərlənmisinizsə, bundan sonra daha ehtiyatlı olacaqsınız, nə yediyinizə fikir verəcəksiniz. Amma bir dəfə zəhərləndiyinizə görə ümumiyyətlə yemək yeməkdən imtina etməzsiniz. Eynilə əgər kimsə bizim etibarımızı sarsıdıbsa, bu, o demək deyil ki, biz heç bir bacı-qardaşa etibar etməyəcəyik. Axı bilirik ki, hamımız günahlı doğulmuşuq. Dindaşlarımıza yenidən etibar etsək, həm daha xoşbəxt olacağıq, həm də çalışacağıq ki, yığıncaqda etibarın olması üçün öz tərəfimizdən nəsə edək.

17. Bacı-qardaşlara etibar etmək nəyə görə vacibdir və növbəti məqalədə nə haqda danışacağıq?

17 Şeytan dünyasında insanlar arasında etibara nadir hallarda rast gəlmək olar. Amma biz bacı-qardaşlarımıza etibar edə bilərik. Çünki aramızda məhəbbət var. Bu cür etibar bizə sevinc gətirir, aramızda birlik yaradır. Üstəlik, gələcək sınaqlar zamanı da etibar bizim müdafiəmiz olacaq. Əgər siz yaşadığınız acı təcrübəyə görə kiməsə etibar edə bilmirsinizsə, nə edə bilərsiniz? Çalışın vəziyyətə Yehova kimi baxın, Müqəddəs Kitab prinsiplərinə əməl edin, ürəyinizdə bacı-qardaşlara dərin məhəbbət yetişdirin və Müqəddəs Kitabdakı nümunələrdən nəticə çıxarın. Qəlb yarasının sağalması və bacı-qardaşlara yenidən etibar etməyiniz mümkündür. Belə etsəniz, ətrafınızda saysız-hesabsız dostlarınız olacaq, o dostlar ki, «qardaşdan yaxındır» (Məs. 18:24). Amma bildiyimiz kimi, etibar ikitərəfli olur. Növbəti məqalədən öyrənəcəyik ki, biz etibarlı insan olduğumuzu necə sübut edə bilərik.

NƏĞMƏ 99 Milyonlarla qardaşlar

^ Bacı-qardaşlarımıza etibar etmək lazımdır. Amma bu, həmişə asan olmur. Çünki bəzən onlar bizi məyus edirlər. Bu məqalədə biz Müqəddəs Kitab prinsiplərinə və qədimdə yaşamış insanların nümunələrinə nəzər salacağıq. Bu bizə kömək edəcək ki, dindaşlarımıza etibarımızı artıraq və ya etibarımız sarsılıbsa, onu bərpa edək.

^ Müqəddəs Kitabda qeyd olunur ki, yığıncaqda bəzilərinə etibar etmək olmaz (Yhd. 4). Nadir hallarda baş versə də, ola bilər ki, yalançı qardaşlar həqiqəti təhrif edib, bacı-qardaşları aldatmağa çalışsınlar (Həv. 20:30). Biz onlara nə etibar etməliyik, nə də qulaq asmalıyıq.

^ Qret bacının hadisəsi ilə bağlı ətraflı məlumat almaq üçün «Yehovanın Şahidlərinin illik fəaliyyəti» kitabının 1974-cü il buraxılışının 129—131 səhifələrinə (ing.) baxın.