TƏLİM MƏQALƏSİ 38
Etibarlı insan olun
«Etibarlı adam... sirri saxlar» (MƏS. 11:13).
NƏĞMƏ 101 Birlik içində yaşayaq
İCMAL *
1. Kimi etibarlı insan adlandırmaq olar?
ETİBARLI insan verdiyi sözün üstündə durmaq üçün əlindən gələni edir, yalan danışmır (Zəb. 15:4). İnsanlar bilir ki, ona güvənmək olar. Biz bacı-qardaşların bizim haqda məhz belə fikirdə olmasını istəyirik. Bəs onların etibarını necə qazana bilərik?
2. Etibarlı insan necə ola bilərik?
2 İnsanları bizə etibar etməyə məcbur edə bilmərik. Etibarı qazanmaq lazımdır. Necə deyərlər, etibar pul kimidir, qazanmaq çətin, itirmək asandır. Yehova bizim etibarımızı qazanıb. O, heç vaxt bizim etibarımızı sarsıtmayacaq, çünki «sözü doğrudur, bütün işləri etibarlıdır» (Zəb. 33:4). Yehova bizim Ona bənzəməyimizi istəyir (Efes. 5:1). Gəlin Yehovanın bəzi xidmətçilərinin nümunəsinə baxaq. Onlar Yehovadan örnək götürüb, etibarlı insan olmuşdular. Həmçinin görək etibara layiq olmaq üçün biz hansı beş xüsusiyyətə sahib olmalıyıq.
YEHOVANIN ETİBARLI XİDMƏTÇİLƏRİ BİZƏ ÖRNƏKDİR
3, 4. Dənyal peyğəmbər etibarlı olduğunu necə göstərmişdi və bu bizi nə haqda düşünməyə təşviq etməlidir?
3 Dənyal peyğəmbər çox etibarlı insan idi. Babillilər onu əsir aparmışdı, amma o, qısa zamanda onların da etibarını qazandı. O, Yehovanın köməyi ilə Navuxodonosor padşahın yuxularını yozandan sonra isə insanların ona etibarı birə-beş artdı. Bir dəfə Dənyal peyğəmbər padşaha deməli idi ki, Yehova ondan narazıdır. Sözsüz ki, padşaha belə bir söz deməyə ürək lazım idi, üstəlik, Navuxodonosor çox zalım bir insan idi (Dən. 2:12; 4:20—22, 25). Uzun illər sonra Dənyal etibara layiq olduğunu bir daha sübut etdi. O, Babildə saray divarının üstündə peyda olan sirli yazının yozumunu dəqiq verdi (Dən. 5:5, 25—29). Sonralar madalı Dara və onun vəzirləri də Dənyalın «müstəsna qabiliyyətə» malik olduğunu görmüşdülər. Onlar boyunlarına almışdılar ki, «Dənyal etibarlı adam»dır, «zərrəcə səhlənkarlığa, nadürüstlüyə yol vermir» (Dən. 6:3, 4). Bəli, hətta bütpərəst rəhbərlər belə, Yehovanın xidmətçisinin etibarlı olduğunu danmırdılar!
4 Yaxşı olar ki, biz Dənyalın nümunəsi barədə düşünərək özümüzə növbəti sualları verək: «Yehovanın Şahidi olmayan insanların arasında necə ad qazanmışam? Məni məsuliyyətli, etibarlı bir insan kimi tanıyırlar?» Nəyə görə bu sualların üzərində düşünməliyik? Çünki etibarlı insan olmaqla Yehovanın adına şərəf gətiririk.
5. Nəyin sayəsində Hənaniyyə etibarlı insan kimi tanınırdı?
5 B. e. ə. 455-ci ildə Yerusəlim divarlarının bərpası bitəndən sonra vali Nəhəmya şəhərin yaxşı vəziyyətdə olmasına nəzarət edəcək adamlar axtarırdı. Seçdiyi insanlar arasında Qala rəisi Hənaniyyə də var idi. Müqəddəs Kitabda Hənaniyyə haqda deyilir ki, o, «çox etibarlı adam idi, onun kimi Allahdan qorxan adam az tapılardı» (Nəh. 7:2). Ürəyində Allah xofu və Allah sevgisi olduğu üçün Hənaniyyə ona tapşırılan hər işə məsuliyyətlə yanaşırdı. Bizdə bu xüsusiyyətlər olsa, bizə də Yehovaya xidmətdə məsuliyyətlər etibar olunacaq.
6. Tixik etibarlı dost olduğunu necə göstərmişdi?
6 Gəlin indi Tixikdən danışaq. O, həvari Bulusun güvəndiyi insan idi. Bulus ev dustağı olanda Tixikin köməyinə arxalanmışdı, onun «Ağaya sədaqətlə xidmət» etdiyini demişdi (Efes. 6:21, 22). Ona həm Efesdəki və Kolosdakı məsihilərə məktublar aparmağı, həm də onları ruhlandırıb, təsəlli verməyi həvalə etmişdi. Tixik bu gün ruhani cəhətdən bizim qeydimizə qalan sadiq və etibarlı qardaşları xatırladır (Kol. 4:7—9).
7. Etibarlı olmaqla bağlı ağsaqqallardan və yığıncaq xidmətçilərində nə öyrənirsiniz?
7 Ağsaqqallarımız və yığıncaq xidmətçilərimiz etibara layiqdir və buna görə onları çox qiymətləndiririk. Dənyal, Hənaniyyə və Tixik kimi, onlar da öz məsuliyyətlərinə ciddi yanaşırlar. Misal üçün, biz həftəiçi görüşə qatılanda proqramın bəndlərinin təyin olunub-olunmadığına görə narahat olmuruq. Tapşırığı olanlar isə qabaqcadan hazırlaşanda və bəndlərini təqdim edəndə ağsaqqallar minnətdar olurlar. Məsələn, biz şagirdimizi həftəsonu görüşə dəvət edəndə məgər qorxuruq ki, birdən kimsə açıq nitqi təşkil etməyi unudar? Bundan əlavə, təbliğ üçün nəşrlərimizin olacağından da arxayınıq. Bu sadiq qardaşlar bizim qeydimizə yaxşı qalırlar. Onlara görə Yehovaya minnətdarıq! Bəs biz etibarlı insan olduğumuzu necə göstərə bilərik?
ETİBARLI İNSAN SÖZ SAXLAMAĞI BACARIR
8. Başqaları ilə maraqlanarkən nədə ehtiyatlı olmalıyıq? (Məsəllər 11:13).
8 Biz bacı-qardaşlarımızı sevirik, onlardan hal-əhval tuturuq. Amma bu zaman ehtiyatlı olmalıyıq ki, onların şəxsi işinə qarışmayaq. Birinci əsrdə yığıncaqda bəziləri dedi-qodu ilə məşğul olurdular, artıq-əskik danışaraq camaatın işinə qarışırdılar (1 Tim. 5:13). Biz onlar kimi olmaq istəmirik. Tutaq ki, kimsə özü barədə bizimlə nəsə bölüşür və arxayındır ki, bu, ikimizin arasında qalacaq. Məsələn, ola bilsin ki, hansısa bacı səhhətindəki problem barədə, ya da başqa sınağı haqda bizə danışır və xahiş edir ki, bunu heç kimə deməyək. Biz onun xahişinə hörmətlə yanaşmalıyıq *. (Məsəllər 11:13 ayəsini oxuyun.) İndi isə gəlin görək başqa hansı sahələrdə ağzıbütöv olmağımız vacibdir.
9. Ailə üzvlərinin etibarlı olduğu nədən görünəcək?
9 Ailə. Ailənin hər bir üzvü məsuliyyət daşıyır ki, ailəyə aid məsələləri ailədən çölə çıxarmasın. Məsələn, ola bilər, qadının hansısa vərdişi ərinə gülməli gəlir. Ərin bu haqda başqalarına danışıb, arvadını pərt etməsi düzgün olar? Əlbəttə, yox. O, arvadını sevir və heç vaxt istəməz ki, onun qəlbini yaralasın (Efes. 5:33). Ailədə yeniyetmələr də özlərinə qarşı müəyyən dərəcədə hörmət görmək istəyirlər. Valideynlər bunu unutmamalıdır. Uşaqlarının səhvlərini başqalarına danışıb, onları alçaltmamalıdırlar (Kol. 3:21). Uşaqlar da harada, nə danışacaqlarını bilməlidirlər. Ailə üzvlərini pis vəziyyətə qoyacaq şeyləri başqalarına deməməlidirlər (Qan. 5:16). Ailənin heç bir üzvü ailəyə aid məsələləri evdən çölə çıxarmayanda ailə telləri möhkəmlənir.
10. Əsl dost kimdir? (Məsəllər 17:17).
10 Dostluq. İnsanın həyatında elə anlar olur ki, yaxın bir dostuna ürəyini açıb boşaltmaq istəyir. Amma bu, bəzilərimiz üçün asan olmur. Çünki, ola bilsin, ən dərin duyğularımızı kiminləsə bölüşməyə alışmamışıq. Digər tərəfdən, qorxuruq ki, əgər ürəyimizdəkiləri dostumuza danışsaq, o gedib kiməsə deyər, bu da bizim üçün böyük zərbə olar. Amma söz saxlamağı bacaran dostlarımızın olması bizim üçün çox qiymətlidir! Bax bu, əsl dostdur. (Məsəllər 17:17 ayəsini oxuyun.)
11. a) Ağsaqqallar və yoldaşları etibara layiq olduqlarını necə göstərirlər? b) Məxfi məsələnin həllindən sonra ailəsi ilə vaxt keçirən ağsaqqal hansı nümunəni qoyub? (Şəklə baxın.)
11 Yığıncaq. Söz saxlamağı bacaran ağsaqqallar bacı-qardaşlar üçün «küləkdən daldalanacaq, leysandan sığınacaq»dır (Əşy. 32:2). Biz bilirik ki, ağsaqqallarla arxayınlıqla danışa bilərik, onlar dediklərimizi heç kimə yaymayacaq. Eyni zamanda özümüz də onları məxfi şeyləri bizə danışmağa məcbur etməyəcəyik. Biz həmçinin ağsaqqalların arvadlarına da minnətdarıq. Onlar ərlərindən söz almağa çalışmırlar. Doğrudan da, ağsaqqalların öz həyat yoldaşlarına bacı-qardaşlar haqda şəxsi məlumatı bölüşməməsi çox qiymətlidir. Bir ağsaqqalın həyat yoldaşı belə deyir: «Yoldaşım ağsaqqal ziyarəti etdiyi, ruhani kömək göstərdiyi bacı-qardaşlarla bağlı bütün məlumatı məxfi saxlayır. Heç onların adını belə mənə demir. Buna görə ona çox minnətdaram. O məni həll edə bilməyəcəyim problemlərlə yükləmir. Bunun sayəsində yığıncaqda hər kəslə səmimi ünsiyyət qura bilirəm. Digər tərəfdən, özüm də yoldaşıma öz hisslərimi, problemlərimi rahat danışıram, çünki dediklərimin aramızda qalacağından tam arxayınam». Əlbəttə ki, hər birimiz istəyərik ki, bizi etibarlı bir insan kimi tanısınlar. Bunun üçün bizdə hansı xüsusiyyətlər olmalıdır? Gəlin bu xüsusiyyətlərin beşini araşdıraq.
ETİBARLI OLMAQ ÜÇÜN LAZIM OLAN XÜSUSİYYƏTLƏR
12. Nəyə görə deyə bilərik ki, etibarın təməlində məhəbbət durur? Nümunə çəkin.
12 Məhəbbət. Etibarın təməlində məhz bu xüsusiyyət durur. İsa Məsih demişdi ki, Yehovanı və insanları sevmək iki ən böyük əmrdir (Mət. 22:37—39). Yehovaya sevgi bizi Onun mükəmməl nümunəsini izləyərək etibarlı insan olmağa təşviq edir. Məsələn, bacı-qardaşları Yehovanın sevdiyi kimi sevsək, onlara aid məxfi məsələləri açıb danışmayacağıq. Biz istəmərik ki, bu haqda kiməsə danışaraq onlara zərər gətirək, onları pərt edək, ya da qəlblərini yaralayaq (Yəh. 15:12).
13. Təvazökar olmaq etibarlı olmağımıza necə kömək edir?
13 Təvazökarlıq. Bu xüsusiyyəti yetişdirmək etibarlı olmağımıza kömək edəcək. Təvazökar məsihidə «qoy birinci məndən eşitsinlər» əhval-ruhiyyəsi olmur; o, bu yolla başqalarında təəssürat oyatmağa çalışmır (Filip. 2:3). Nə də ki o, başqalarının bilmədiyi bir şeyi bildiyinə, amma bunu deyə bilməyəcəyinə eyham vurmur; təvazökar insan özünü bu yolla ucaltmağa çalışmır. Bundan əlavə, əgər Müqəddəs Kitabla birbaşa və ya dolayı yolla əlaqəsi olan mövzu haqda Müqəddəs Kitabın özündə və ya nəşrlərimizdə heç nə deyilməyibsə, biz öz fərziyyələrimizi yaymayacağıq. Bunun üçün təvazökarlıq lazımdır.
14. Bəsirət etibarlı insan olmağımıza necə kömək edir?
14 Bəsirət. Bu xüsusiyyət məsihiyə kömək edir ki, «susmağın öz vaxtı, danışmağın öz vaxtı» olduğunu ayırd etsin (Vaiz 3:7). Belə bir məsəl var: «Danışmaq gümüşdürsə, susmaq qızıldır». Başqa sözlə, bəzən elə məqamlar ola bilər ki, danışmaqdansa, susmaq məsləhətdir. Məsəllər 11:12 ayəsindəki sözlər lap yerinə düşür: «Əsl bəsirət sahibi dilini saxlayar». Bir təcrübəli ağsaqqal bu sahədə gözəl nümunədir. Başqa yığıncaqdakı ağsaqqallar qəliz məsələlərin həllində tez-tez ondan kömək istəyirlər. Onun haqqında bir ağsaqqal belə deyir: «O, başqa yığıncağa aid məxfi məsəlləri heç vaxt danışmır». Bu ağsaqqal bəsirəti sayəsində öz yığıncağındakı ağsaqqalların hörmətini qazanıb. Onlar əmindirlər ki, o öz yığıncağına aid məxfi məsələləri başqa yığıncaqda danışmayacaq.
15. Dürüst olmağın sayəsində başqalarının etibarını qazandığımızı göstərən nümunə çəkin.
15 Dürüstlük. Bu, etibarlı insan olmaq üçün lazım olan növbəti xüsusiyyətdir. Adətən biz dürüst insana etibar edirik, çünki bilirik ki, o, həqiqəti danışacaq (Efes. 4:25; İbr. 13:18). Tutaq ki, bir qardaş təlim vermək qabiliyyətini yaxşılaşdırmaq istəyir. Buna görə də bir nəfərdən xahiş edir ki, çıxışına qulaq assın və ona lazımi məsləhətləri versin. Sizcə, qardaş bu zaman kimin fikrini soruşar? Eşitmək istədiyini deyəcək insanın, yoxsa mülayimliklə sözün düzünü deyən insanın? Cavab aydındır. Müqəddəs Kitabda yazılıb: «Açıq məzəmmət gizli məhəbbətdən yaxşıdır. Dostun vurduğu yara sədaqətindəndir» (Məs. 27:5, 6). Bəlkə də, həmin vaxt dostunun dedikləri ona xoş gəlməyəcək, amma o, dostunun dürüstcəsinə verdiyi məsləhətin böyük xeyrini görəcək.
16. Məsəllər 10:19 ayəsində özünə hakim olmağın vacibliyi necə vurğulanır?
16 Özünə hakim olmaq. Bu xüsusiyyət olmadan başqalarının etibarını qazanmaq mümkün deyil. Özümüzə hakim olsaq, bizə deyilən hansısa məxfi məsələni danışmaq istəyəndə dilimizi saxlayacağıq. (Məsəllər 10:19 ayəsini oxuyun.) Sosial şəbəkələrdən istifadə edən vaxt özümüzə hakim olmaq çətin ola bilər. Əgər ehtiyatlı olmasaq, özümüz də bilmədən məxfi məlumatı böyük kütləyə yaymış olarıq. Elektron formatda yaydığımız məlumatın necə istifadə olunacağına nəzarət etmək, yaxud onun yaradacağı problemlərin qarşısını almaq mümkün deyil. Həmçinin dilimizi saxlamağı bacarsaq, əleyhdarlarımız bizdən söz almağa çalışanda bacı-qardaşları təhlükəyə atacaq məlumat verməyəcəyik. Belə bir vəziyyət fəaliyyətimizə məhdudiyyət və ya qadağa qoyulduğu ərazidə polis bizi sorğu-suala tutan zaman yarana bilər. Biz həm bu, həm də buna bənzər digər vəziyyətlərdə «ağzıma cilov vuraram» prinsipinə əməl etməliyik (Zəb. 39:1). Bəli, ailə üzvlərimizlə, dostlarımızla, dindaşlarımızla və ya başqaları ilə münasibətdə etibarlı olduğumuzu göstərməliyik. Etibarlı olmaq üçün isə özümüzə hakim olmalıyıq.
17. Yığıncaqda hamının arasında etibarın olması üçün öz tərəfimizdən nə edə bilərik?
17 Yehovaya minnətdarıq ki, bizi mehriban və etibarlı insanlardan ibarət ailəsinə dəvət edib! Bacı-qardaşlarımızın etibarını qazanmaq hər birimizin məsuliyyətidir. Hər birimiz özümüzdə məhəbbət, təvazökarlıq, bəsirət, dürüstlük və özünə hakim olmaq kimi xüsusiyyətlər yetişdirsək, bacı-qardaşlarımızla aramızda etibar olacaq. Etibarı qazanmaq fasiləsiz bir prosesidir. Gəlin Yehovadan örnək götürək və daima etibarlı insan olduğumuzu sübut edək.
NƏĞMƏ 123 Allahın qoyduğu nizama tabe olaq
^ İnsanların bizə etibar etməsini istəyiriksə, əvvəlcə etibarlı insan olduğumuzu sübut etməliyik. Bu məqalədə biz etibarın vacibliyindən və bu cür insan olmağımıza kömək edəcək xüsusiyyətlərdən danışacağıq.
^ Əgər biz yığıncaqda kiminsə ciddi günah işlədiyini biliriksə, onu ağsaqqallardan kömək istəməyə təşviq etməliyik. Əgər o, bunu etməsə, Yehovaya sədaqətli olduğumuz üçün və yığıncağın təmizliyini qorumaq üçün bu barədə özümüz ağsaqqallarla danışacağıq.
^ ŞƏKLİN İZAHI. Ağsaqqal məxfi məsələnin həllində iştirak edir, amma sonra bu haqda ailəsinə heç nə danışmır.