Kontentə keç

Mündəricatı göstər

BİOQRAFİYA

Yehova haqda öyrənməyi və öyrətməyi sevirəm

Yehova haqda öyrənməyi və öyrətməyi sevirəm

MƏN Pensilvaniyanın (ABŞ) İston şəhərində böyüyüb boya-başa çatmışam. Məqsədim universitetə daxil olmaq idi. İstəyirdim, sayılıb-seçilən adam olum. Oxumaqla aram yaxşı idi, riyaziyyatı və təbiət elmlərini çox sevirdim. 1956-cı ildə vətəndaş hüquqları təşkilatı qaradərili uşaqlar arasında ən yüksək qiymətlərim olduğuna görə mənə 25 dollar vermişdi. Amma sonra məqsədlərim dəyişdi. Bilirsiniz, niyə?

YEHOVA HAQDA ÖYRƏNMƏYƏ BAŞLAYIRAM

1940-cı illərin əvvəlində Yehovanın Şahidləri valideynlərimə Müqəddəs Kitab dərsi keçirdi. Bir müddət sonra valideynlərim dərsləri dayandırdı. Amma anam «Gözətçi qülləsi» və «Oyanın!» jurnallarını almağa davam etdi. 1950-ci ildə ailəmiz Nyu-York şəhərində keçirilən beynəlxalq toplantıya dəvət olundu və biz bu toplantıda iştirak etdik.

Bundan qısa müddət sonra Lorens Cefriz qardaş bizi ziyarət etməyə başladı. O mənim həqiqəti öyrənməyim üçün can yandırırdı. Mən əvvəl-əvvəl Yehovanın Şahidlərinin siyasi və hərbi məsələlərə qarışmaması ilə razılaşa bilmirdim. Onunla mübahisə edib deyirdim ki, əgər Amerikada heç kim müharibəyə getməsə, düşmən gəlib bütün ölkəni işğal edər. O isə təmkinlə izah edirdi: «Əgər Amerikada yaşayan bütün insanlar Yehova Allaha ibadət etsə və düşmənlər onlara hücum etsə, səncə, Yehova nə edər?» Onun həm bu, həm də digər mövzularda ağlabatan izahatları mənə yanlış düşündüyümü başa düşməyə kömək etdi. Beləcə, mənim Müqəddəs Kitabı öyrənməyə marağım artdı.

Vəftiz günüm

Anamın zirzəmiyə qoyduğu «Gözətçi qülləsi» və «Oyanın!» jurnallarının köhnə saylarını saatlarla oxuyurdum. Zamanla başa düşdüm ki, öyrəndiklərim həqiqətdir, buna görə də Lorens qardaşın dərs keçmək təklifini qəbul etdim. Mən həmçinin müntəzəm olaraq ibadət görüşlərində də iştirak etməyə başladım. Ürəyimdə həqiqətə sevgi aşıb-daşırdı və mən xoş xəbərin təbliğçisi oldum. «Yehovanın möhtəşəm günü»nün yaxın olduğunu dərk edəndə məqsədlərim dəyişdi (Səf. 1:14). Artıq istəyim universitetdə təhsil almaq yox, insanlara Müqəddəs Kitab həqiqətini öyrətmək idi.

1956-cı il iyunun 13-ü orta məktəbi bitirdim və üç gün sonra rayon toplantısında vəftiz olundum. O vaxt heç ağlıma da gəlməzdi ki, həyatımı Yehova haqda öyrənməyə və öyrətməyə həsr etməklə bu qədər çox nemətlər alaram.

BİR ÖNCÜL KİMİ HƏM ÖYRƏNİRƏM, HƏM DƏ ÖYRƏDİRƏM

Vəftizdən altı ay sonra mən öncül oldum. «Müqəddəs ibadətimiz» vərəqəsinin 1956-cı il dekabr sayında «Təbliğçilərə tələbat olan ərazidə xidmət edə bilərsiniz?» adlı məqalə var idi. Bu dəvət mənə də aid idi. Mən də istəyirdim ki, təbliğçiyə ehtiyac olan ərazidə xidmət edim (Mət. 24:14).

Mən Ecfildə, Cənubi Karolinaya köçdüm. Oradakı yığıncaqda cəmi dörd təbliğçi var idi, mənimlə birlikdə beş oldu. Biz görüşləri bir qardaşın evinin qonaq otağında keçirirdik. Hər ay 100 saat təbliğ edirdim. Mən çox məşğul idim: təbliğ işini təşkil edirdim, yığıncağın bəndlərini aparırdım. Maraqlısı o idi ki, yığıncaqda nə qədər çox iş görürdümsə, Yehova haqda bir o qədər çox öyrənirdim.

Müqəddəs Kitab dərsi keçdiyim bir qadının buradan bir neçə kilometr aralıda yerləşən Conston şəhərində dəfn mərasimi üçün zalı var idi. O məni işlə təmin etdi. Həftədə bir neçə gün işləyirdim, bu işə çox ehtiyacım var idi. Həmçinin o, razılıq verdi ki, həmin o balaca zaldan ibadət evi kimi istifadə edək.

Mənə dərs keçən qardaşın oğlu, Colli Cefriz Bruklindən (Nyu-York) mənim yanıma köçdü və mənim öncül əməkdaşım oldu. Bir qardaşın balaca qoşqu evi var idi, o bizə orada yaşamağa icazə verdi.

Burada əməkhaqqı çox aşağı idi. Biz günə iki-üç dollar qazanırdıq. Bir dəfə pulum qurtarmışdı, axırıncı qəpiyimə mağazadan yeməyə bir-iki şey aldım. Mağazadan çıxanda bir kişi mənə yaxınlaşıb soruşdu: «İş istəyirsən? Saatına bir dollar verəcəyəm». Tikinti ərazisində üç günlük təmizlik işləri var idi, mən həmin işləri gördüm. Aydın idi ki, Yehova Ecfilddə qalmağım üçün mənə kömək edir. Maddi sıxıntım olsa da, 1958-ci ildə Nyu-York şəhərində keçirilən beynəlxalq toplantıya gedə bildim.

Toy günümüz

Toplantının ikinci günü mənim üçün xüsusi gün idi. Mən Rubi Vadliqton adlı bacı ilə tanış oldum. O, Qallatin şəhərində (Tennessi ştatı) öncül kimi xidmət edirdi. İkimiz də xüsusi təyinatlı müjdəçi olmaq istəyirdik, buna görə də toplantıda Gilad məktəbində oxumaq istəyənlər üçün keçirilən görüşdə iştirak etdik. Sonralar məktublaşmağa başladıq. Bir dəfə məni Qallatindəki yığıncaqda açıq nitqlə çıxış etməyə dəvət etmişdilər. Mən fürsətdən istifadə edib Rubiyə evlilik təklif etdim. Sonra Rubinin olduğu yığıncağa keçdim və biz 1959-cu ildə ailə qurduq.

YIĞINCAQDA HƏM ÖYRƏNİRƏM, HƏM DƏ ÖYRƏDİRƏM

23 yaşım olanda mən Qallatindəki yığıncaqda ağsaqqallar şurasının koordinatoru təyin olundum (o vaxtkı adı ilə yığıncaq xidmətçisi). Bizim yığıncaq Çarlz Tompson qardaşın rayon nəzarətçisi kimi ziyarət etdiyi ilk yığıncaq idi. O, çox təcrübəli idi; bununla belə, bacı-qardaşlara nədə kömək lazım olduğu ilə bağlı mənim fikrimi soruşurdu və digər rayon nəzarətçilərinin onlara necə kömək etdiyi ilə maraqlanırdı. Ondan öyrəndim ki, hansısa məsələni həll etməzdən öncə suallar verib, vəziyyətə hərtərəfli bələd olmaq yaxşı şeydir.

1964-cü ilin may ayında mən Saut-Lansinqdə (Nyu-York) keçirilən Məsul Qardaşlar üçün Məktəbə dəvət aldım. Təlim müddəti bir ay idi. Təlim verən qardaşların sayəsində ürəyimdə daha çox şey öyrənmək və ruhani cəhətdən yetkinləşmək üçün güclü istək yarandı.

RAYON VƏ VİLAYƏT NƏZARƏTÇİSİ KİMİ HƏM ÖYRƏNİRƏM, HƏM DƏ ÖYRƏDİRƏM

1965-ci ilin yanvar ayında filial Rubi ilə mənə rayon xidmətində iştirak etməyi təklif etdi. Təyin olunduğumuz rayonun ərazisi çox geniş idi. Ta Noksvilldən (Tennessi ştatı), az qala, Riçmonda (Virginiya ştatı) kimi idi. Bura Şimali Karolina, Kentukki və Qərbi Virginiyadakı yığıncaqlar daxil idi. Mən yalnız qaradərili bacı-qardaşların olduğu yığıncaqları ziyarət edirdim, çünki o vaxtlar Birləşmiş Ştatların cənubunda irqi seqreqasiya olduğuna görə ağdərililərlə qaradərililər birgə yığışa bilməzdilər. Bacı-qardaşlar çox kasıb idilər və biz olanımızı başqaları ilə bölüşməyi öyrəndik. Uzun illər rayon nəzarətçisi kimi xidmət edən bir qardaş mənə çox gözəl məsləhət vermişdi: «Qardaş ol. Yığıncağa rəis kimi girmə. Onlar sənə qardaşları kimi yanaşsalar, onda onlara kömək edə biləcəksən».

Biz balaca bir yığıncağı ziyarət edən vaxt Rubi bir gənc qadınla dərs keçməyə başladı. Onun bir yaşında qızı var idi. Yığıncaqda kiminsə onunla dərs keçməsi alınmadığı üçün Rubi ona məktub vasitəsilə dərs keçirdi. Növbəti ziyarətimiz zamanı qadın bütün görüşlərdə iştirak etdi. Sonra bu yığıncağa iki xüsusi öncül təyin olundu və həmin qadınla dərsləri onlar davam etdirdilər. Çox keçməmiş bu qadın vəftiz olundu. Təxminən 30 il sonra, 1995-ci ildə Patersondakı Beyteldə bir cavan bacı Rubiyə yaxınlaşıb tanışlıq verdi. O, Rubinin dərs keçdiyi qadının qızı idi. O, yoldaşı ilə birgə Gilad məktəbinin 100-cü sinfində oxuyurdu.

Təyin olunduğumuz ikinci rayon Floridada idi. Təxminən o vaxtlarda bizim avtomobilə ehtiyacımız var idi və çox ucuz qiymətə birini tapdıq. Amma elə birinci həftə onun su nasosu xarab oldu, təmirə isə pulumuz yox idi. Ağlıma bir qardaş gəldi, ondan kömək istədim. O da işçilərindən birinə tapşırdı ki, avtomobili təmir etsin və bizdən pul götürməsin. Qardaş sadəcə bizə dedi: «Sizin heç bir borcunuz yoxdur». Hələ üstəlik, bizə pul köməkliyi etdi! Bu, Yehovanın Öz xidmətçilərinin qeydinə qaldığına bariz nümunə idi. Bu hadisə bizə bir daha xatırlatdı ki, başqalarına qarşı səxavətli olaq.

Yığıncaqlara ziyarət edəndə bacı-qardaşların evində qalırdıq. Bunun sayəsində çoxlu dostlarımız oldu. Bir dəfə yığıncaqla bağlı hesabat hazırlayırdım və onu çap maşınında yarımçıq qoyub getmişdim. Axşam evə qayıdanda gördüm ki, evində qaldığımız ailənin üçyaşlı oğlu hesabatı tamamlamaqda mənə «kömək edib». Bu hərəkətinə görə onunla neçə il zarafatlaşdım.

1971-ci ildə bir məktub aldım. Mən Nyu-York şəhərinə vilayət nəzarətçisi kimi təyin olunmuşdum. Belə bir təyinatı heç gözləmirdik! Həmin şəhərə köçəndə cəmi 34 yaşım var idi. Bacı-qardaşlar məni, ilk qaradərili vilayət nəzarətçilərini çox mehriban qarşıladılar.

Bir vilayət nəzarətçisi kimi, mən hər həftəsonu rayon toplantısında Yehova haqda öyrədirdim. Rayon nəzarətçilərinin çoxu məndən təcrübəli idi. Onlardan biri mənim vəftiz nitqimi söyləmişdi. O biri qardaş, Teodor Yaraç sonralar Rəhbərlik Şurasının üzvü oldu. Həmçinin Bruklindəki Beyteldə xidmət edən çoxlu təcrübəli qardaşlarla əməkdaşlıq edirdim. Rayon nəzarətçiləri və beytellilər mənimlə elə münasibət qururdular ki, özümü rahat hiss edirdim. Onlara çox minnətdar idim. Onların necə qayğıkeş ağsaqqal olduqlarını, Allahın Kəlamına etibar etdiklərini və təşkilatı sədaqətlə dəstəklədiklərini öz gözümlə görürdüm. Bu qardaşların təvazökarlığı sayəsində vilayət nəzarətçisi kimi xidmət etmək mənim üçün xeyli asan oldu.

YENİDƏN RAYON XİDMƏTİNDƏ

1974-cü ildə Rəhbərlik Şurası başqa rayon nəzarətçilərini vilayət nəzarətçiləri kimi təyin etdi. Mən isə yenidən rayon nəzarətçisi kimi təyin olundum. Bu dəfə bizi Cənubi Karolinaya göndərdilər. Artıq orada ağdərili və qaradərili bacı-qardaşlar bir yerdə yığışırdılar və hamı buna görə çox xoşbəxt idi.

1976-cı ilin sonunda mən Corciya ştatına təyin olundum. Təyin olunduğum rayon Atlanta ilə Kolumbus şəhərləri arasındakı ərazini əhatə edirdi. Orada baş verən bir ağır hadisə hələ də yadımdadır. Bir neçə nəfər bir ailənin qaldığı evi yandırmışdı. Ailənin beş uşağı yanğın nəticəsində həlak olmuşdu. Uşaqların dəfn nitqini mən söyləmişdim. Anaları yanğından xəsarət almışdı və xəstəxanaya yerləşdirilmişdi. Həm ağdərili, həm də qaradərili Yehovanın Şahidləri valideynlərə təsəlli vermək üçün xəstəxanaya axın edirdilər. Bacı-qardaşların göstərdikləri məhəbbət əvəzsiz idi. Allahın xalqı bir-birinin dərdinə bu cür şərik olanda onlar həyatın ən ağır çətinliklərinə belə, sinə gərə bilirlər.

BEYTELDƏ HƏM ÖYRƏNİRƏM, HƏM DƏ ÖYRƏDİRƏM

1977-ci ildə biz bir layihədə kömək etmək üçün bir neçə aylıq Bruklindəki Beytelə dəvət olunduq. Layihə bitmək üzrə olanda Rəhbərlik Şurasının iki üzvü mənimlə görüşdü. Onlar bizə Beyteldə daimi xidmət etməyi təklif etdilər. Biz razılaşdıq.

Mən 24 il Xidmət şöbəsində çalışmışam. Bu şöbədəki qardaşlar tez-tez qəliz və həssas məsələlərin həllində kömək edirlər. İllər ərzində Rəhbərlik Şurası Müqəddəs Kitab prinsiplərinə əsaslanan göstərişlər verib. Xidmət şöbəsi bunların əsasında suallara cavab verir. Həmçinin bu göstərişlər rayon nəzarətçilərinə, ağsaqqallara və öncüllərə təlim vermək üçün istifadə olunur. Bu təlim çoxlarına ruhani cəhətdən inkişaf etməyə kömək edib. Bunun da nəticəsində Yehovanın təşkilatı möhkəmlənib.

1995—2018-ci illər ərzində mən baş idarənin nümayəndəsi kimi (əvvəlki adı filiallar üzrə nəzarətçi) müxtəlif filialları ziyarət etmişəm. Mən filial komitələrinin üzvləri ilə, beytellilərlə və xüsusi təyinatlı müjdəçilərlə görüşüb, onları ruhlandırmışam və onları narahat edən bir çox məsələlərin həllində kömək etmişəm. Onların özləri barədə danışdıqları hadisələr isə Rubi ilə məni ruhlandırıb. Misal üçün, 2000-ci ildə biz Ruandanı ziyarət etmişdik. 1994-cü ildə orada soyqırım olmuşdu. Bacı-qardaşların və Beytel ailəsinin həmin dövrdən necə sağ çıxdıqları haqda eşidəndə riqqətə gəlmişdik. Çoxlarının doğmaları həlak olmuşdu. Amma onlar çətinliklərə baxmayaraq, imanlarını, ümidlərini və sevinclərini itirməmişdilər.

Evliliyimizin 50-ci ildönümü

Yaşımız artıq 80-i haqlayıb. Son 20 ildir ki, mən Birləşmiş Ştatların filial komitəsində xidmət edirəm. Heç vaxt universitetdə təhsil almamışam. Amma Yehova və Onun təşkilatı mənə ən ali təhsili verib. Bu təlim məni insanlara əbədiyyən xeyir gətirəcək Müqəddəs Kitab həqiqətlərini öyrətməyə yararlı edib (2 Kor. 3:5; 2 Tim. 2:2). Allahın Kəlamının insanların həyatını yaxşılığa doğru dəyişdirdiyinə və onların Yaradana yaxınlaşdığına şahid olmuşam (Yaq. 4:8). Rubi ilə mən bacardığımız qədər insanları təşviq edirik ki, Yehova haqda öyrənmək və Müqəddəs Kitab həqiqətlərini başqalarına öyrətmək imkanını qiymətləndirsinlər. Axı bu, Yehovanın xidmətçisi üçün ən böyük şərəfdir!