TƏLİM MƏQALƏSİ 40
Butrusa bənzəyin, təslim olmayın
«Ağa, mən günahlı adamam, sənə layiq deyiləm» (LUKA 5:8).
NƏĞMƏ 38 Allah səni güclü edəcək
İCMAL a
1. Butrus möcüzəvi şəkildə çoxlu balıq tutanda buna necə yanaşmışdı?
BUTRUS bütün gecəni əlləşir-vuruşur, amma bir dənə də olsun balıq tuta bilmir. Sonra İsa deyir: «Qayığı dərin bir yerə sürüb torları suya atın» (Luka 5:4). Butrus balıq tutacağına inanmır. Amma yenə də İsanın dediyi kimi edir. Tora o qədər balıq yığılır ki, o, yırtılmağa başlayır. Butrusla yoldaşlarını heyrət bürüyür, onlar başa düşürlər ki, möcüzəyə şahid olublar. Butrus deyir: «Ağa, mən günahlı adamam, sənə layiq deyiləm» (Luka 5:6—9). Görünür, o özünü hətta İsanın yanında olmağa belə layiq görmürdü.
2. Butrusun nümunəsini araşdırmağın bizə hansı faydası var?
2 Butrus düz deyirdi, o, «günahlı adam» idi. Müqəddəs Kitabdan görürük ki, Butrus bəzən sözlərinin və hərəkətlərinin peşmançılığını çəkirdi. Sizdə də belə hisslər olur? Bəlkə də hansısa mənfi cəhətinizlə və ya günahlı meyilinizlə uzun müddətdir mübarizə aparırsınız. Butrusla baş verənləri araşdırmaq sizə ümidinizi itirməməyə kömək edə bilər. Necə? Məsələn, Yehova istəsəydi, Butrusun səhvlərini Müqəddəs Kitaba yazdırmazdı. Amma O bizdən ötrü bunları Kəlamına daxil edib ki, özümüz üçün dərs götürək (2 Tim. 3:16, 17). Butrusun səhvləri, zəiflikləri barədə öyrənəndə başa düşürük ki, Yehova bizdən də kamillik gözləmir. O istəyir ki, biz zəif cəhətlərimizə baxmayaraq, təslim olmayaq, mübarizəyə davam edək.
3. Nəyə görə biz təslim olmamalıyıq?
3 Nəyə görə təslim olmamalıyıq? Çünki adətən insan nəyisə davamlı edirsə, getdikcə onu təkmilləşdirir. Misal üçün, insana hansısa musiqi alətində ifa etməyi öyrənmək üçün uzun illər lazım gələ bilər. Bu illər ərzində o, ola bilsin, neçə min dəfə notları səhv ifa edəcək. Amma məşq etməyə davam etsə, getdikcə püxtələşəcək. O, bir gün mahir çalğıçı olsa belə ara-sıra yenə də səhvlərə yol verəcək. Lakin o dayanmayacaq, sənətində daha da yaxşılaşmaq üçün davamlı məşq edəcək. Eynilə biz də, ola bilsin, hansısa zəifliyimizə üstün gəldiyimizi düşünsək də, yenidən ona yenilək. Amma öz üzərimizdə işləməyə davam etməliyik. Hamımız bəzən hansısa sözümüzə və ya hərəkətimizə görə peşman oluruq. Amma təslim olmasaq, Yehova get-gedə daha da yaxşılaşmağımıza kömək edəcək (1 But. 5:10). Gəlin Butrusun nümunəsinə baxaq. O, geri çəkilməmişdi. Səhvlərinə baxmayaraq, İsa ona mərhəmət göstərmişdi. Bu bizi də Yehovaya xidmətimizi davam etdirməyə təşviq edəcək.
BUTRUSUN ETDİYİ SƏHVLƏR VƏ ALDIĞI MÜKAFATLAR
4. Luka 5:5—10 ayələrində Butrus özü haqda nə deyir, bəs İsa onu nəyə əmin edir?
4 Müqəddəs Kitabda Butrusun özünü «günahlı adam» adlandırmasının səbəbi və ya onun hansı günahları nəzərdə tutduğu açıqlanmır. (Luka 5:5—10 ayələrini oxuyun.) Amma yəqin ki, o bəzi ciddi səhvlər etmişdi. Ola bilsin, Butrus özünü yararlı hesab etmədiyi üçün onda müəyyən qorxular var idi və İsa bunu sezmişdi. Amma İsa həm də bilirdi ki, o, sadiq qala bilər. Ona görə də mehribancasına Butrusa demişdi: «Qorxma!» İsa ona inanırdı. Bu da Butrusun həyatını büsbütün dəyişdi. Sonralar Butrus və qardaşı Andreas balıqçılığın daşını atdılar və bütün vaxtlarını Məsihin ardınca getməyə sərf etdilər. Nəticədə xeyli mükafat aldılar (Mark 1:16—18).
5. Butrus qorxularını aşıb İsanın dəvətini qəbul etməklə hansı nemətləri aldı?
5 Məsihin davamçısı olduğu üçün Butrusun həyatında möhtəşəm hadisələr baş vermişdi. O, İsanın xəstələrə şəfa verdiyini, cinləri qovduğunu, hətta ölüləri diriltdiyini gördü b (Mət. 8:14—17; Mark 5:37, 41, 42). Üstəlik, Padşahlıq calalında gələn İsanın görüntüsü nazil olanda o da orada idi. Yəqin, bu hadisə onun yaddaşına ömürlük həkk olundu (Mark 9:1—8; 2 But. 1:16—18). Bəli, Butrus heç ağlına belə gəlməyən hadisələrin şahidi oldu. O çox xoşbəxt idi ki, özü ilə bağlı mənfi hisslərə üstün gəlib bütün bu nemətləri aldı.
6. Butrus zəifliklərinə dərhal üstün gələ bildi? İzah edin.
6 Bu qədər şeyləri görən, eşidən Butrus yenə də bəzən zəifliklərinə yenilirdi. Məsələn, bir neçə vəziyyətə baxaq. İsa Müqəddəs Kitab peyğəmbərliyinə əsasən əzab çəkib öləcəyini deyəndə Butrus ona irad tutmuşdu (Mark 8:31—33). O, kimin böyük olduğu üstündə dəfələrlə həvarilərlə mübahisə etmişdi (Mark 9:33, 34). İsanın ölümündən bir az əvvəl Butrus qeyri-ixtiyari bir nəfərin qulağını kəsmişdi (Yəh. 18:10). Elə həmin gecə Butrus qorxuya düşüb İsanın dostu olduğunu üç dəfə danmışdı (Mark 14:66—72). Nəticədə hönkür-hönkür ağlamışdı (Mət. 26:75).
7. İsa diriləndən sonra Butrusa hansı imkanı yaratdı?
7 İsa məyusluğa qərq olmuş bu həvarisindən əlini üzmədi. Diriləndən sonra Butrusa imkan yaratdı ki, onu hələ də sevdiyini bildirsin. İsa Butrusu onun sürülərinin çobanı olmağa dəvət etdi (Yəh. 21:15—17). Butrus da bu dəvəti qəbul etdi. Əllinci gün bayramında Butrus Yerusəlimdə idi və müqəddəs ruhla məsh olunan ilk məsihilərdən biri idi.
8. Butrus Antakyada hansı ciddi səhvi etmişdi?
8 Butrus məsh olunmuş məsihi olandan sonra da zəif cəhətləri ilə mübarizə aparırdı. Eramızın 36-cı ilində Butrus bir hadisənin şahidi oldu. Sünnətsiz olan qeyri-yəhudi Kornili müqəddəs ruhla məsh olundu. Bu hadisə sübut etdi ki, «Allah ayrı-seçkilik etməyən Allahdır» və qeyri-yəhudilər də məsihi yığıncağının bir hissəsi ola bilər (Həv. 10:34, 44, 45). Bundan sonra Butrus heç vaxt etmədiyi bir şey etdi: qeyri-yəhudilərlə bir süfrə arxasında yemək yeməyə başladı (Qal. 2:12). Bununla belə, bəzi yəhudilər düşünürdü ki, yəhudilər qeyri-yəhudilərlə bir süfrə arxasında əyləşə bilməz. Onlardan bəziləri Antakyaya gələndə Butrus görünür onların qorxusundan qeyri-yəhudilərlə bir süfrəyə əyləşmədi. Həvari Bulus bu ikiüzlülüyü görüb hamının gözü qarşısında onu danladı (Qal. 2:13, 14). Butrus səhv etsə də, ruhdan düşmədi, xidmətini dayandırmadı. Ona nə kömək etdi?
BUTRUS TƏSLİM OLMADI
9. Yəhya 6:68, 69 ayələrindən Butrusun sədaqətli olduğu necə görünür?
9 Butrus sədaqətli idi. Heç bir şey onu İsanın ardınca getməkdən saxlaya bilmədi. Məsələn, bir dəfə şagirdlər İsanın dediyi sözləri başa düşməmişdi. (Yəhya 6:68, 69 ayələrini oxuyun.) Onlar İsadan dediklərinin mənasını soruşmaq əvəzinə, ondan uzaqlaşdı. Amma Butrus belə etmədi. O, başa düşürdü ki, «əbədi həyatın sözləri» yalnız İsadadır.
10. İsa Butrusa inandığını necə göstərdi? (Həmçinin şəklə baxın.)
10 Yerüzü həyatının son gecəsi İsa bilirdi ki, Butrus və digər həvariləri onu atacaq. Amma İsa Butrusa dedi ki, onun yenidən geri qayıdacağına və sədaqətli qalacağına əmindir (Luka 22:31, 32). O, başa düşürdü ki, «ruh şövqlü, cisim isə zəifdir» (Mark 14:38). Buna görə də Butrus onu tanıdığını dansa da, İsa Butrusdan ümidini üzmədi, onu atmadı. İsa diriləndən sonra ehtimal ki, təklikdə Butrusa göründü (Mark 16:7; Luka 24:34; 1 Kor. 15:5). Yəqin, bu qəmgin həvari İsanı görüb dirçəlmişdi.
11. İsa Butrusu Yehovanın ona dayaq olacağına necə əmin etdi?
11 İsa Butrusu Yehovanın ona dayaq olacağına əmin etmişdi. İsa diriləndən sonra Butrusa və digər həvarilərə yenə möcüzəvi şəkildə balıq tutmağa kömək etdi (Yəh. 21:4—6). Şübhəsiz, bu möcüzədən sonra Butrus əmin oldu ki, Yehova üçün onun maddi ehtiyaclarını təmin etmək çox asandır. Bəlkə də onun yadına İsanın dediyi sözlər düşmüşdü. O demişdi ki, Yehova Padşahlığı «hər şeydən üstün» tutanları darda qoymayacaq (Mət. 6:33). Artıq Butrus üçün həyatda ən ümdə şey balıqçılıq işi yox, təbliğ işi idi. O, eramızın 33-cü ilinin Əllinci gün bayramında cəsarətlə şahidlik verdi və bunun nəticəsində minlərlə insan xoş müjdəni qəbul etdi (Həv. 2:14, 37—41). Sonra o, səməriyyəlilərə və qeyri-yəhudilərə məsihin davamçısı olmağa kömək etdi (Həv. 8:14—17; 10:44—48). Aydındır ki, Yehova hər cür insanı yığıncaqlara cəlb etmək üçün bir vasitəçi kimi Butrusu seçmişdi.
BİZİM ÜÇÜN DƏRS
12. Zəifliklərimizlə mübarizə aparırıqsa, Butrusun nümunəsinə əsasən nəyi unutmamalıyıq?
12 Yehova bizə təslim olmamağa kömək edə bilər. Düzdür, əgər hansısa zəifliyimizlə uzun müddətdir mübarizə aparırıqsa, yolumuza davam etmək çətin ola bilər. Hətta bəzən düşünə bilərik ki, Butrusun zəif cəhətləri bizimki ilə müqayisədə heç nədir. Amma əlimizin-qolumuzun yana düşməməsi üçün Yehova bizə güc verə bilər (Zəb. 94:17—19). Məsələn, bir qardaş həqiqətə gəlməzdən əvvəl uzun illər homoseksual olub. Amma o, qəti şəkildə natəmiz əməllərinə son qoydu. Bununla belə, hərdənbir onda yanlış istəklər baş qaldırırdı. Ona zəifliyinə yenilməməyə nə kömək etmişdi? O belə demişdi: «Yehova mənə güc verir… Onun müqəddəs ruhunun köməyi ilə öyrəndim ki, həqiqət yolunda yerimək mümkündür… Yehovanın yolunda yararlıyam və günahlarıma rəğmən, O, hələ də məni möhkəmləndirir».
13. Həvarilərin işləri 4:13, 29—31 ayələrinə əsasən Butrusun nümunəsini necə izləyə bilərik? (Həmçinin şəklə baxın.)
13 Gördüyümüz kimi Butrus insan qorxusuna görə bir neçə dəfə ciddi səhvlər etmişdi. Amma Yehovadan güc istəyəndən sonra o, cəsarətli davrana bilmişdi. (Həvarilərin işləri 4:13, 29—31 ayələrini oxuyun.) Biz də öz qorxularımıza üstün gələ bilərik. Götürək nasist Almaniyasında yaşamış Horst qardaşı. O, məktəbdə ona göstərilən təzyiqin ucbatından bir neçə dəfə «Hayl Hitler!» deməyə məcbur qalmışdı. Valideynləri buna görə onu danlamamışdılar, əksinə, onunla birgə Yehovaya dua edib ona cəsarət verməsini xahiş etmişdilər. Valideynlərinin köməyi və Yehovaya etibarı sayəsində Horst nəhayətdə mətin dayana bilmişdi. Sonralar o belə sözlər demişdi: «Yehova məni heç vaxt atmadı» c.
14. Ağsaqqallar ruhdan düşənlərə necə dayaq ola bilər?
14 Nə Yehova, nə də İsa bizdən ümidini üzmür. Butrus İsanı danandan sonra iki yol arasında qalmışdı: ya Məsihin davamçısı olmağa son qoyacaqdı, ya da davam edəcəkdi. İsa Yehovaya yalvarmışdı ki, Butrusun imanı tükənməsin. O belə bir dua etdiyini Butrusa da demişdi və söyləmişdi ki, sonralar Butrusun dindaşlarının imanını möhkəmləndirəcəyinə əmindir (Luka 22:31, 32). Yəqin, Butrus İsanın bu sözlərini xatırlayanda çox ruhlanırdı. Bizim də həyatda seçim etməli olduğumuz məqamlar olur. Bu zaman sadiq qalmağımız üçün Yehova ağsaqqallar vasitəsilə bizə dəstək ola bilər (Efes. 4:8, 11). Uzun illərdir ağsaqqal olan Pol qardaş məhz belə də etməyə çalışır. O, mübərizəsini davam etdirə bilməyəcəyini deyən insanları həqiqətə ilk gəldiyi vaxtları xatırlamağa təşviq edir və əmin edir ki, Yehova onları çox sevir, onları heç vaxt atmaz. Pol deyir: «Ruhdan düşsələr də, Yehovanın köməyi ilə təslim olmayan çox məsihi görmüşəm».
15. Butrusun və Horst qardaşın nümunəsi Mətta 6:33 ayəsinin doğruluğunu necə təsdiq edir?
15 Yehova həm Butrusun, həm də digər həvarilərin maddi tələbatını ödəyirdi. Təbliğ işini həyatımızda hər şeydən üstün tutsaq, O bizim də qeydimizə qalacaq (Mət. 6:33). Bayaq adı çəkilən Horst qardaş İkinci Dünya müharibəsindən sonra öncül olmaq qərarına gəlmişdi. Amma o çox kasıb idi və düşünürdü ki, tamvaxtlı xidmətdə ola-ola özünü dolandıra bilməyəcək. Bəs o nə etdi? Horst Yehovanı sınamaq qərarına gəldi. O, rayon nəzarətçisinin ziyarəti zamanı bütün həftəni xidmətdə oldu. Həmin həftənin sonu rayon nəzarətçisi ona içində pul olan anonim bir zərf verdi. Horst yerində donub qaldı. Zərfin içindəki pul ona bir neçə ay öncül kimi xidmət etməyə bəs edəcəkdi. Bu hədiyyə Horstu əmin etdi ki, Yehova onun qeydinə qalacaq. Ömrünün qalan hissəsində Padşahlığın işi onun üçün həyatda hər şeydən üstün oldu (Məl. 3:10).
16. Nəyə görə Butrusun nümunəsini və məktublarını araşdırmağa dəyər?
16 Yəqin, Butrus sevinirdi ki, İsaya «sənə layiq deyiləm» deyəndə İsa onu atmadı. Butrusun sədaqətini qoruması və başqalarına gözəl nümunə olması üçün İsa ona təlim verməyə davam edirdi. Onun verdiyi təlimdən biz özümüz üçün çox dəyərli şeylər öyrənə bilərik. Butrus birinci əsrdəki yığıncaqlara yazdığı iki məktubunda həmin dərsləri və digər nəsihətləri bölüşüb. Növbəti məqalədə həmin məktublardan bəzi fikirləri müzakirə edəcəyik və görəcəyik ki, onları bu gün necə tətbiq edə bilərik.
NƏĞMƏ 126 Oyaq qalın, mərd olun, möhkəmlənin
a Məqalə zəif cəhətləri ilə mübarizə aparan məsihilər üçün nəzərdə tutulub. Onlar əmin ola bilərlər ki, zəifliklərinin öhdəsindən gəlmək və təslim olmayıb sədaqətlə Yehovaya xidmət etmək mümkündür.
b Məqalədə sitat gətirilən ayələrin çoxu «Markın yazdığı müjdə»dəndir. Görünür o, hadisələrin canlı şahidi olan Butrusdan eşitdiklərini qələmə almışdı.
c jw.org saytında yerləşən «Horst Henşel: Yehova möhkəm qalamdır» adlı videoya baxın.
d ŞƏKLİN İZAHI. Səhnələşdirilmiş şəkildə Horst Henşelin valideynləri onunla birlikdə dua edir və onun qətiyyətini möhkəmləndirir.