Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 41

Butrusun iki məktubundakı nəsihətlər

Butrusun iki məktubundakı nəsihətlər

«Mən bunları sizə daima xatırlatmaq niyyətindəyəm» (2 BUT. 1:12).

NƏĞMƏ 127 Necə insan olmalıyam?

İCMAL a

1. Ölümündən qısa müddət əvvəl həvari Butrus Yehovanın ilhamı ilə nə etmişdi?

 HƏVARİ BUTRUS bilirdi ki, tezliklə gözlərini bu həyata yumacaq. O, Yehovaya uzun illər ərzində sədaqətlə qulluq etmişdi. Bu illər ərzində o, İsa ilə birgə təbliğə getmişdi, qeyri-yəhudilərə şahidliyin başlanğıcını qoymuşdu, həmçinin rəhbərlik şurasının üzvü kimi xidmət etmişdi. Amma Butrusun xidməti hələ sona çatmamışdı. O, eramızın təxminən 62—64-cü illərində Allahın ilhamı ilə iki məktub yazdı. Bu məktublar Müqəddəs Kitabda Butrusun birinci və ikinci məktubu adlanır. Butrus ümid edirdi ki, yazdığı bu məktublar onun ölümündən sonra məsihilərin dadına çatacaq (2 But. 1:12—15).

2. Nəyə görə Butrusun məktubları tam vaxtında idi?

2 Butrus bu məktublarını dindaşları «müxtəlif sınaqlar»la üzləşən vaxt yazmışdı (1 But. 1:6). Şər insanlar yığıncaqda saxta təlimlər, natəmiz əməllər yaymağa çalışırdı (2 But. 2:1, 2, 14). Yerusəlimdəki məsihilər üçün hər şey tezliklə sona çatacaqdı: həm şəhər, həm də məbəd Roma ordusu tərəfindən məhv ediləcəkdi (1 But. 4:7). Şübhəsiz, Butrusun məktubları həmin məsihilərə hazırda üzləşdikləri sınaqlara dözməyə və gələcək sınaqlara hazırlaşmağa kömək edəcəkdi b.

3. Nəyə görə Butrusun məktublarını araşdırmalıyıq?

3 Butrus bu məktubları birinci əsrdəki məsihilərə yazsa da, Yehova onları Öz Kəlamına daxil edib. Beləcə, bu məktublardan biz də faydalana bilərik (Rom. 15:4). Birinci əsrdə yaşayan məsihilər kimi, bizim dövrümüzdə də dünya natəmiz əməllərlə doludur. Bu da Yehovaya xidmətimizi çətinləşdirir. Bundan əlavə, tezliklə biz Yerusəlimi və məbədi məhv edən müsibətdən daha böyük müsibətlə üzləşəcəyik. Butrusun hər iki məktubunda vacib məsləhətlər var. Onlar bizə Yehovanın gününü gözləməyə, insan qorxusuna üstün gəlməyə və bir-birimizi hərarətlə sevməyə kömək edəcək. Həmçinin bu cür nəsihətlərin köməyi ilə ağsaqqallar yığıncaqdakı bacı-qardaşları möhkəmləndirə biləcək.

YEHOVANIN GÜNÜNÜ GÖZLƏMƏYƏ DAVAM EDİN

4. 2 Butrus 3:3, 4 ayələrində qeyd olunduğu kimi imanımızı nə sarsıda bilər?

4 Ətrafımızdakı insanların çoxu Müqəddəs Kitabda gələcəklə bağlı deyilənlərə zərrə qədər də inanmır. Bəzən onlar bizi ələ salıb deyirlər: «Elə illərdir sonun gələcəyini deyirsiniz». Bəziləri iddia edir ki, son heç vaxt gəlməyəcək. (2 Butrus 3:3, 4 ayələrini oxuyun.) Təbliğ etdiyimiz insanlar, iş yoldaşlarımız və ailə üzvlərimiz belə sözlər deyəndə imanımız sarsıla bilər. Belə məqamlarda Butrusun verdiyi nəsihətlərin bizə köməyi olacaq.

5. Bu dünyanın sonunu səbirlə gözləməyə bizə nə kömək edə bilər? (2 Butrus 3:8, 9).

5 Bəzilərinə elə gəlir ki, Yehova bu şər dünyanı məhv etməyi gecikdirir. Butrusun sözləri bizə bu məsələyə düzgün yanaşmağa kömək edəcək. Onun sözləri aydın göstərir ki, Yehovanın zaman anlayışı insanlarınkından tamamilə fərqlidir. (2 Butrus 3:8, 9 ayələrini oxuyun.) Yehova üçün min il bir günə bərabərdir. O, səbirlidir, heç kəsin məhv olmasını istəmir. Amma həmin gün gələndə bu şər dünyaya son qoyulacaq. O vaxta qədər isə bizim imkanımız var ki, bütün millətlərdən olan insanlara şahidlik verək.

6. Yehovanın gününü bərk-bərk yadda saxlamaq üçün nə etməliyik? (2 Butrus 3:11, 12).

6 Butrus bizi «Yehovanın gününü bərk-bərk yadda saxla»mağa təşviq edir. (2 Butrus 3:11, 12 ayələrini oxuyun.) Bunu necə edə bilərik? Biz tez-tez, mümkündürsə, hər gün yeni dünyada alacağımız nemətlər barədə düşünməliyik. Yeni dünyanı gözünüzün qarşısında canlandırın: siz təmiz havanı ciyərlərinizə çəkirsiniz, sağlam qidalar yeyirsiniz, ölən əzizlərinizi qarşılayırsınız, əsrlər öncə yaşamış insanlara peyğəmbərliklərin necə yerinə yetdiyini izah edirsiniz. Bunlar barədə düşünəndə həmin günün gəlişini həsrətlə gözləyəcəksiniz və indi hansı dövrdə yaşadığınızı unutmayacaqsınız. Gələcəyimizin necə olacağını «qabaqcadan bildiyimiz üçün» yalançı müəllimlər bizi azdırmayacaq (2 But. 3:17).

İNSAN QORXUSUNA ÜSTÜN GƏLİN

7. İnsan qorxusu bizə necə təsir edə bilər?

7 Yehovanın gününün yaxın olduğunu bildiyimiz üçün insanlara xoş müjdəni çatdırmaq istəyirik. Amma hərdən danışmağa cəsarət etmirik. Ola bilsin, bir anlıq insan qorxusuna qapılırıq. Butrusla da belə bir şey baş vermişdi. İsaya məhkəmə qurulan gecə Butrus onun şagirdi olduğunu deməyə qorxmuşdu, hətta dəfələrlə demişdi ki, onu tanımır (Mət. 26:69—75). Amma elə həmin o Butrus sonralar əminliklə belə sözlər yazmışdı: «Onları qorxuya salan şeylərə görə qorxmayın və narahat olmayın» (1 But. 3:14). Onun bu sözləri bizi əmin edir ki, insan qorxusuna üstün gəlmək mümkündür!

8. İnsan qorxusuna necə üstün gələ bilərik? (1 Butrus 3:15).

8 Bəs insan qorxusuna necə üstün gələ bilərik? Butrus bizə nəsihət edir: «Məsihi bir Ağa kimi ürəyinizdə müqəddəs tutun». (1 Butrus 3:15 ayəsini oxuyun.) Bu o deməkdir ki, biz Ağamız və Padşahımız İsa Məsihin mövqeyi və səlahiyyəti barədə düşünməliyik. Ola bilsin, xoş müjdəni bölüşmək üçün imkan yaranıb, amma siz çəkinirsiniz, həyəcanlanırsınız. Bu zaman Padşahımızı yadınıza salın. Onun göydə taxtda oturduğunu, ətrafında saysız-hesabsız mələklərin olduğunu gözünüzün önündə canlandırın. Unutmayın ki, «göydə və yerdə bütün hakimiyyət» İsaya verilib və o, «bu dövrün yekununa kimi həmişə» bizimlə olacaq (Mət. 28:18—20). Butrus bizi təşviq edir ki, imanımızı «müdafiə etməyə hazır» olaq. İstəyərdiniz, işdə, məktəbdə və ya hansısa başqa bir yerdə şahidlik verəsiniz? Qabaqcadan düşünün görün hansı məqamda belə bir imkan yarana bilər və siz nə deyə bilərsiniz. Duada cəsarət istəyin və əmin olun ki, Yehova sizə insan qorxusuna üstün gəlməyə kömək edəcək (Həv. 4:29).

BİR-BİRİNİZİ «HƏRARƏTLƏ SEVİN»

Həvari Bulus Butrusun səhvini göstərəndə Butrus bundan nəticə çıxartdı. Onun yazdığı iki məktubdan bacı-qardaşlara məhəbbət göstərməyi öyrənirik (9-cu abzasa baxın)

9. Butrus nə vaxt bacı-qardaşlara məhəbbət göstərməmişdi? (Həmçinin şəklə baxın.)

9 Butrus bacı-qardaşlara məhəbbət göstərməyi öyrənmişdi. Bir dəfə İsa demişdi: «Sizə yeni bir əmr verirəm: bir-birinizi sevin. Bir-birinizi mən sizi sevdiyim kimi sevin» (Yəh. 13:34). Butrus bu sözləri öz qulağı ilə eşitsə də, sonralar təsir altına düşüb qeyri-yəhudi bacı-qardaşlarla bir süfrəyə əyləşməmişdi. Həvari Bulus bunu görüb Butrusun hərəkətini «riyakarlıq», başqa sözlə, ikiüzlülük adlandırmışdı (Qal. 2:11—14). Butrus səhvini başa düşdü və bundan nəticə çıxartdı. O, hər iki məktubunda vurğulamışdı ki, biz bacı-qardaşları təkcə sevməməliyik, bu sevgimizi göstərməliyik.

10. «Riyasız qardaşlıq məhəbbəti» nəyin nəticəsidir? İzah edin (1 Butrus 1:22).

10 Butrus bizi dindaşlarımıza «riyasız qardaşlıq məhəbbəti» göstərməyə təşviq edir. (1 Butrus 1:22 ayəsini oxuyun.) Bu cür məhəbbət «həqiqətə itaət» etməyin nəticəsində yaranır. Bu həqiqətə Allahın «ayrı-seçkilik etməyən Allah» olması daxildir (Həv. 10:34, 35). Yığıncaqda birini sevib, o birisindən gen gəziriksə, İsanın məhəbbətlə bağlı verdiyi əmrə itaət etdiyimizi deyə bilmərik. Düzdür, ola bilsin, İsa kimi bizim də özümüzə daha yaxın hiss etdiyimiz kimlərsə var (Yəh. 13:23; 20:2). Amma Butrus bizə xatırladır ki, bütün dindaşlarımıza «qardaşlıq məhəbbəti» bəsləməliyik, onları doğmamız kimi sevməliyik (1 But. 2:17).

11. Başqalarını «səmimi-qəlbdən, hərarətlə» sevmək nə deməkdir?

11 Butrus bizi təşviq edir: «Bir-birinizi səmimi-qəlbdən, hərarətlə sevin». Bu kontekstdə «hərarətlə» sevmək hisslərimizi məhəbbətə çatana qədər dartmaq deməkdir. Tutaq ki, hansısa bacı və ya qardaş xətrimizə dəyib. Bu zaman ilk reaksiyamız ona məhəbbət göstərmək yox, əksinə, ondan əvəz çıxmaq ola bilər. Amma Butrus İsadan öyrənmişdi ki, qisas almağımız Allaha xoş getmir (Yəh. 18:10, 11). O yazmışdı: «Pisliyə pisliklə, təhqirə təhqirlə cavab verməyin, əksinə, xeyir-dua ilə cavab verin» (1 But. 3:9). Hərarətli sevgi sayəsində, hətta xətrinizə dəyən insanlara qarşı mehriban və anlayışlı olacaqsınız.

12. a) Hərarətli məhəbbətimiz bizi daha nəyə təşviq edəcək? b) «Birlik ənamını qoruyaq» adlı videoda göstərildiyi kimi siz nəyə can atmaq istəyirsiniz?

12 Butrus birinci məktubunda qeyd edir ki, hərarətlə sevmək bir neçə yox, «çoxlu günahın üstünü örtür» (1 But. 4:8). Yəqin, İsanın illər öncə Butrusa bağışlamaqla bağlı dediyi sözlər onun hələ də yadında idi. Həmin vaxt Butrus İsaya qardaşını «yeddi dəfə» bağışlamağa hazır olduğunu demişdi. Bəlkə də o elə bilirdi ki, bu onun comərd olduğunu göstərir. Amma İsa Butrusa izah etdi ki, «lazım gəlsə, lap 77 dəfə» bağışlamalıdır, yəni bağışlamağın həddi yoxdur (Mət. 18:21, 22). İsanın bu nəsihəti bizə də aiddir. Əgər bu cür davranmaq sizə çətin gəlirsə, ürəyinizi sıxmayın. Qeyri-kamil olduqları üçün bu, Yehovanın bütün xidmətçilərinə bəzən çətin olur. İndiki məqamda əsas odur ki, qardaşınızı bağışlamaq və onunla aranızda sülhü bərpa etmək üçün bacardığınızı edəsiniz c.

AĞSAQQALLAR, YIĞINCAĞIN QEYDİNƏ QALIN

13. Nəyə görə ağsaqqallara bacı-qardaşları ruhlandırmağa vaxt tapmaq çətin olur?

13 İsa diriləndən sonra Butrusa demişdi: «Quzularımı otar» (Yəh. 21:16). Yəqin, Butrus ömürbillah bu sözləri yadından çıxarmadı. Əziz ağsaqqallar, bildiyiniz kimi bu göstəriş sizə də aiddir. Amma bəzən ağsaqqallar üçün bu vacib məsuliyyəti icra etməyə vaxt tapmaq çətin olur. Çünki onlar hər şeydən əvvəl öz ailələrini fiziki, emosional və ruhani cəhətdən təmin etməlidir. Bundan əlavə, ağsaqqallar təbliğ işində iştirakları ilə başqalarına nümunə qoyurlar, həmçinin yığıncaq və toplantı bəndlərinin hazırlanmasına və təqdim edilməsinə böyük önəm verirlər. Bəzi ağsaqqallar isə Xəstəxanalarla əlaqə komitələrinin üzvləri olduqları üçün, yaxud Yerli layihə-inşaat şöbəsi ilə əməkdaşlıq etdikləri üçün onların əlavə məsuliyyətləri olur. Doğrudan da, ağsaqqalların işi başlarından aşır!

Ağsaqqalların işi çox olsa da, onlar Allahın xalqının qeydinə qalmaq üçün əllərindən gələni edirlər (14 və 15-ci abzaslara baxın)

14. Ağsaqqalları sürünün qeydinə qalmağa nə təşviq edə bilər? (1 Butrus 5:1—4).

14 Həvari Butrus ağsaqqalları Allahın sürüsünü otarmağa səsləmişdi. (1 Butrus 5:1—4 ayələrini oxuyun.) Əziz ağsaqqallar, bilirik ki, siz bacı-qardaşları sevirsiniz, istəyirsiniz ki, Yehova ilə münasibətlərinin möhkəm olmasına kömək edəsiniz. Amma bəzən ola bilsin ki, vaxtınız az olur, yaxud yorğun olursunuz və buna görə bu təyinatınızı yerinə yetirə bilmirsiniz. Bu zaman nə edə bilərsiniz? Bütün narahatlıqlarınızı Yehovaya danışın. Butrus yazmışdı: «Xidmət edən qoy Allahın verdiyi gücə arxalanaraq xidmət etsin» (1 But. 4:11). Ola bilsin, bacı-qardaşların üzləşdiyi bəzi problemlərin bu dünyada tam həlli yoxdur. Amma unutmayın ki, «baş çoban» İsa Məsih onlara sizdən daha yaxşı kömək edə bilər. O bunu həm bu gün edə bilər, həm də gələcəkdə yeni dünyada. Yehovanın ağsaqqallardan istəyi sadəcə odur ki, onlar bacı-qardaşları sevsinlər, onlara ruhani cəhətdən dayaq olsunlar və «sürüyə nümunə» qoysunlar.

15. Bir ağsaqqal bacı-qardaşların qeydinə necə qalır? (Həmçinin şəklə baxın.)

15 Uzun illərdir ağsaqqal kimi xidmət edən Vilyam qardaş bacı-qardaşları ruhani cəhətdən möhkəmləndirməyin vacibliyini başa düşür. COVID-19 pandemiyası başlayanda onun və digər ağsaqqalların başlıca işi qruplarındakı hər təbliğçi ilə hər həftə əlaqə saxlamaq idi. Vilyam buna nəyə görə bu qədər önəm verdikləri barədə belə deyir: «Bacı-qardaşların çoxu evdə tək yaşayırdı və asanlıqla mənfi fikirlərə qapıla bilərdilər». Hansısa dindaşı dərdini danışanda Vilyam diqqətlə qulaq asır, onu başa düşməyə, ehtiyacını duymağa çalışır. Sonra ona kömək etmək üçün saytımızdan nəşrlər və ya videolar tapır. O deyir: «Bacı-qardaşları ruhani cəhətdən möhkəmləndirmək indi həmişəkindən daha vacibdir. Biz insanlara Yehova haqda öyrətmək üçün bütün gücümüzü qoyuruq. Bacı-qardaşları da möhkəmləndirmək üçün eyni gücü sərf etməliyik, Yehovanın quzularına həqiqətdə qalmağa kömək etməliyik».

QOY YEHOVA TƏLİMİNİZİ BAŞA ÇATDIRSIN

16. Butrusun məktublarından öyrəndiyimiz nəsihətləri necə tətbiq edə bilərik?

16 Biz Butrusun iki məktubundakı cəmi bir neçə vacib fikrə toxunduq. Yəqin, gördünüz ki, hansısa sahədə yaxşılaşmalısınız. Məsələn, istəyərdiniz, yeni dünyada alacağınız nemətlər barədə daha tez-tez düşünəsiniz? İşdə, məktəbdə və ya başqa yerlərdə şahidlik verməyi qarşınıza məqsəd qoydunuz? Başqa hansı sahələrdə bacı-qardaşlara hərarətli məhəbbət göstərməliyik? Əziz ağsaqqallar, Yehovanın quzularını canla-başla bəsləməyə qətiyyətlisiniz? Özünüzü dürüstcəsinə yoxlayın. Ola bilsin, müəyyən zəif cəhətlərinizin olduğunu görəcəksiniz. Ruhdan düşməyin. Ağa xeyirxahdır, sizə təkmilləşməyə kömək edəcək (1 But. 2:3). Butrus bizə belə bir əminlik verir: «Allah… təliminizi başa çatdıracaq, sizi güclü, mətin, sarsılmaz edəcək» (1 But. 5:10).

17. Təslim olmasaq və Yehovadan təlim almağa davam etsək, nə əldə edəcəyik?

17 Bir dəfə Butrus özünü Allahın Oğlunun yanında olmağa layiq görməmişdi (Luka 5:8). Amma Yehovanın və İsanın dəstəyi sayəsində o, Məsihin sədaqətli davamçısı ola bildi. Nəticədə, Yehova Butrusa «Ağamız və Xilaskarımız İsa Məsihin əbədi Padşahlığının qapısı»ndan daxil olmağa icazə verdi (2 But. 1:11). Bu çox böyük mükafat idi! Butrusdan örnək alaraq siz də təslim olmasanız və Yehovadan təlim almağa davam etsəniz, əbədi həyat mükafatını alacaqsınız. Siz «imanınızın hədəfinə — xilasa» yetişəcəksiniz (1 But. 1:9).

NƏĞMƏ 109 «Bir-birinizi səmimi qəlbdən, hərarətlə sevin»

a Bu məqalədən öyrənəcəyik ki, həvari Butrusun məktubundakı nəsihətlər bizə sınaqlara tab gətirməyə necə kömək edə bilər. Məqalə həmçinin ağsaqqallara bir çoban kimi öhdələrinə düşən məsuliyyəti yerinə yetirməyə kömək edəcək.

b Ehtimal ki, Fələstində yaşayan məsihilər Butrusun hər iki məktubunu romalıların eramızın 66-cı ilində Yerusəlimə etdiyi ilk hücumdan əvvəl almışdılar.

c jw.org saytında yerləşən «Birlik ənamını qoruyaq» adlı videoya baxın.