Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 38

Gənclər, gələcəyiniz necə olacaq?

Gənclər, gələcəyiniz necə olacaq?

«Bəsirət səni hifz edər» (MƏS. 2:11).

NƏĞMƏ 135 Yehova nəvazişlə çağırır: «Oğlum, hikmətli ol»

İCMAL a

1. Yuəs, Üziyyə və Yuşiyyə hansı çətin vəziyyətlə üzləşmişdi?

 TƏSƏVVÜR EDİN Kİ, uşaq və ya yeniyetmə yaşlarınızda Allahın xalqının padşahı təyin olunursunuz. Səlahiyyətinizdən necə istifadə edərdiniz? Müqəddəs Kitabda belə gənclərin olduğu deyilir. Məsələn, Yuəs 7 yaşında, Üziyyə 16 yaşında, Yuşiyyə isə 8 yaşında Yəhudanın padşahı olmuşdu. Yəqin, bu onlar üçün çox ağır məsuliyyət idi. Amma çətinlikləri aşıb düzgün qərarlar vermək üçün Yehova və başqaları onlara kömək edirdi.

2. Nəyə görə Yuəsin, Üziyyənin və Yuşiyyənin həyatına diqqət yetirməliyik?

2 Biz nə padşahıq, nə də məlikə. Amma bu üç padşahdan vacib dərslər öyrənə bilərik. Onların həm yaxşı, həm də pis qərarları olmuşdu. Bu padşahların həyatı əsasında görəcəyik ki, yaxşı insanlarla oturub-durmaq, təvazökar olmaq və Yehovanı axtarmaq nəyə görə vacibdir.

YAXŞI İNSANLARLA OTURUB-DURUN

Yuəsdən örnək götürüb yaxşı dostların məsləhətinə qulaq asın (3 və 7-ci abzaslara baxın) c

3. Yuəs padşah baş kahin Yəhyadayın nəsihətinə necə yanaşmışdı?

3 Yuəs kimi yaxşı qərarlar verin. Yuəs uşaq olanda atasını itirdi. Sadiq baş kahin Yəhyaday onu himayəsinə götürüb öz oğlu kimi böyütdü. Yuəs ağıllı davrandı, Yəhyadayın verdiyi nəsihətləri qəbul etdi. O, Yəhyadaydan örnək alaraq Yehovaya qulluq etdi və xalqı da buna səslədi. Hətta Yuəs Yehovanın məbədinin təmir olunması üçün tədbir gördü (2 Saln. 24:1, 2, 4, 13, 14).

4. Yehovanın əmrlərini uca tutmaq bizə hansı xeyri gətirir? (Məsəllər 2:1, 5b, 10—12, 16b).

4 Əgər sizə Yehovanı sevmək, Onun normalarına uyğun yaşamaq aşılanırsa, bunu qiymətləndirin, bu sizə verilən bir hədiyyədir. (Məsəllər 2:1, 5b, 10—12, 16b ayələrini oxuyun.) Valideynlər övladlarına müxtəlif yollarla təlim-tərbiyə verir. Görün Katya bacının atası ona yaxşı qərarlar verməyə necə kömək edib. Atası hər gün onu məktəbə aparanda onunla günün ayəsini müzakirə edirdi. Katya deyir: «Bu müzakirələr sayəsində həmin gün üzləşdiyim çətin vəziyyətlərdə düzgün davrana bilirdim». Amma, bəlkə də düşünürsünüz ki, valideynlərinizin Müqəddəs Kitab əsasında qoyduğu qaydalar azadlığınızı əlinizdən alır. Onların dediklərinə əməl etməyə sizə nə kömək edə bilər? Anastasiya bacı deyir ki, valideynləri ona qaydalar qoyanda bunun səbəbini izah edirdilər. O, əlavə edir: «Bunun sayəsində onların qoyduğu məhdudiyyətlərə qadağa kimi yox, müdafiə kimi baxırdım. Başa düşürdüm ki, onlar bunu məni istədikləri üçün edirlər».

5. Davranışınız valideynlərinizə və Yehovaya necə təsir edir? (Məsəllər 22:6; 23:15, 24, 25).

5 Müqəddəs Kitab əsasında verilən məsləhətlərə əməl etsəniz, valideynlərinizin ürəyi dağa dönəcək. Ən əsası, Yehovanın qəlbi sevinəcək və dostluğunuz möhkəmlənəcək. (Məsəllər 22:6; 23:15, 24, 25 ayələrini oxuyun.) Elə bu səbəblərə görə Yuəsin uşaq vaxtı qoyduğu nümunəni izləməyə dəyər!

6. Yuəs kimlərin məsləhətinə qulaq asmağa başladı və nəticə necə oldu? (2 Salnamələr 24:17, 18).

6 Yuəsin pis qərarlarından ibrət götürün. Yəhyaday öləndən sonra Yuəs pis insanlarla dostluq qurdu. (2 Salnamələr 24:17, 18 ayələrini oxuyun.) O, Yehovanı sevməyən Yəhuda əmirlərinin sözü ilə oturub-durmağa başladı. Razı olarsınız ki, Yuəs bu xatakar insanlardan uzaq durmalı idi (Məs. 1:10). O isə əksinə, onların dediyi ilə oturub-dururdu. Hətta bibisi oğlu Zəkəriyyə ona səhvini deyəndə Yuəs onu öldürtdü (2 Saln. 24:20, 21; Mət. 23:35). Dəhşətə, ağılsızlığa bir bax! Yuəs yaxşı başlamışdı, amma əfsuslar olsun ki, axırda dönük və qatil oldu. Sonda öz xidmətçiləri onu öldürdü (2 Saln. 24:22—25). Əgər Yuəs Yehovaya və Onu sevənlərə həmişə qulaq assaydı, həyatı tamam başqa cür olardı! Yuəsin başına gələnlərdən hansı nəticəni çıxarırsınız?

7. Kimlərlə dostluq etməlisiniz? (Həmçinin şəklə baxın.)

7 Çıxardığımız bir nəticə odur ki, biz Yehovanı sevən, Onu razı salmaq istəyən insanlarla dostluq etməliyik. Onlar bizi yaxşı işlərə təşviq edəcək. Həmçinin mütləq deyil ki, yalnız öz yaşıdlarımızla dostluq edək. Bildiyimiz kimi, Yuəs Yəhyadaydan yaşca xeyli kiçik idi. Dostlarınız barədə özünüzə bu sualları verin: «Onlar Yehovaya imanımı möhkəmləndirməyə kömək edir? Məni Allahın normalarına uyğun yaşamağa təşviq edir? Mənimlə Yehova və Onun dəyərli həqiqətləri haqda söhbət edir? Yehovanın normalarına hörmətlə yanaşır? Sadəcə eşitmək istədiklərimi deyir, yoxsa səhvimi də göstərir?» (Məs. 27:5, 6, 17). Açığı, dostlarınız Yehovanı sevmirsə, onlar sizə lazım deyil. Amma Yehovanı sevirlərsə, onlardan bərk yapışın, onların sizə çox köməyi dəyəcək! (Məs. 13:20).

8. Sosial şəbəkələrdən istifadə edirsinizsə, nəyi nəzərə almalısınız?

8 Sosial şəbəkələr vasitəsilə biz ailəmizlə və dostlarımızla əlaqə saxlaya bilirik. Amma çox insan orada hər aldığının, hər etdiyinin şəklini və ya videosunu çəkib paylaşır. Onlar başqalarında təəssürat yaratmaq istəyirlər. Siz də sosial şəbəkələrdən istifadə edirsinizsə, növbəti suallar üzərində düşünün: «Məqsədim insanları özümə heyran qoymaqdır? Paylaşdığım postlarla insanların ürəyini açmaq istəyirəm, yoxsa özümə tərif qazanmaq? Sosial şəbəkələrdən istifadə edən insanların fikrinə görə düşüncəm, danışığım və hərəkətlərim mənfiyə doğru dəyişir?» Rəhbərlik Şurasının üzvü olmuş Neytan Norr qardaş belə bir məsləhət vermişdi: «İnsanları razı salmağa çalışmayın. Belə etsəniz, heç kəsi razı sala bilməyəcəksiniz. Yehovanı razı salın. Onda Onu sevən hər kəsi razı salacaqsınız».

TƏVAZÖKAR QALIN

9. Yehova Üziyyəyə hansı sahələrdə kömək etmişdi? (2 Salnamələr 26:1—5).

9 Üziyyə kimi yaxşı qərarlar verin. Gəncliyində Üziyyə təvazökar idi. O, Allahdan qorxmağı öyrənmişdi. Üziyyə 68 il ömür sürmüşdü və ömrünün əksər hissəsində Yehova onun işlərini avand etmişdi. (2 Salnamələr 26:1—5 ayələrini oxuyun.) Üziyyə çoxlu düşmən xalqları məğlub etmişdi və Yerusəlimin müdafiə sistemini möhkəmləndirmişdi (2 Saln. 26:6—15). Sözsüz ki, o, Yehovanın köməyi ilə etdiyi işlərə görə çox sevinirdi (Vaiz 3:12, 13).

10. Üziyyə ilə nə baş verdi?

10 Üziyyənin pis qərarlarından ibrət götürün. Üziyyə bir padşah kimi başqalarına göstərişlər verməyə vərdiş etmişdi. Bəlkə də elə bu səbəbə görə düşünürdü ki, ürəyi istəyəni edə bilər. Məsələn, bir gün o, təkəbbürlü davranıb «buxur qurbangahında buxur yandırmaq üçün Yehovanın məbədinə» girmişdi, halbuki padşahların bunu etməyə ixtiyarı yox idi (2 Saln. 26:16—18). Baş kahin Əzriya onu səhv hərəkətdən döndərməyə çalışanda Üziyyə bərk qəzəbləndi. Əfsuslar olsun ki, Üziyyə bununla sədaqətlə xidmət etdiyi illəri bada verdi və cüzama tutuldu (2 Saln. 26:19—21). Əgər o, təvazökar qalsaydı, həyatı tamam başqa cür olardı!

Gördüyümüz işlərə görə öyünməməliyik, əksinə, hər bir şeyə görə Yehovaya minnətdar olmalıyıq (11-ci abzasa baxın) d

11. Təvazökar olub-olmadığımız nələrdən görünəcək? (Həmçinin şəklə baxın.)

11 Üziyyə güclənəndə unutdu ki, əlində olan hər şeyə Yehovanın sayəsində sahibdir. Bundan nə öyrənirik? Unutmamalıyıq ki, həyatda və xidmətdə əldə etdiyimiz hər bir gözəl şeyi bizə Yehova verib. Buna görə də nəyəsə nail olanda bununla öyünməməliyik, əksinə, hər şey üçün Yehovaya minnətdar olmalıyıq b (1 Kor. 4:7). Təvazökarlıqla qəbul etməliyik ki, günahlıyıq və düzəlişə ehtiyacımız var. 60 yaşlarında olan bir qardaş yazmışdı: «Başa düşdüm ki, özüm haqda yüksək fikirdə olmamalıyam. Hansısa ağılsız hərəkətimə görə mənə düzəliş ediləndə çalışıram, lazımi dəyişikliklər edib irəli gedim». Yehovadan qorxmağın və təvazökarlığımızı qorumağın sayəsində xoşbəxt ömür sürəcəyik. Bu, danılmaz faktdır! (Məs. 22:4).

YEHOVANI AXTARIN

12. Yuşiyyə yeniyetmə yaşlarından Yehovanı necə axtarırdı? (2 Salnamələr 34:1—3).

12 Yuşiyyə kimi yaxşı qərarlar verin. Yuşiyyə yeniyetmə yaşlarında Yehovanı axtarmağa başladı. O, Yehovanı tanımaq, Onun iradəsini yerinə yetirmək istəyirdi. Bununla belə, bu gənc padşahın həyatı heç də asan deyildi. Həmin vaxt əksəriyyət saxta allahlara ibadət edirdi, buna görə də Yehovanın tərəfini tutmaq üçün Yuşiyyəyə böyük cəsarət lazım idi. O, belə də etdi! Heç 20 yaşı yox idi ki Yuşiyyə ölkədən saxta ibadəti təmizləməyə başladı. (2 Salnamələr 34:1—3 ayələrini oxuyun.)

13. Özünüzü Yehovaya həsr etməyiniz həyatınızı necə dəyişəcək?

13 Siz də çox gənc olsanız da, Yuşiyyədən örnək alaraq Yehovanı axtarmağa, Onun xüsusiyyətləri barədə öyrənməyə can ata bilərsiniz. Bu cür davam etsəniz, özünüzü Ona həsr etmək istəyəcəksiniz. Bəs həsr olunmağınızın həyatınıza hansı təsiri olacaq? 14 yaşında vəftiz olunan Luka deyir: «İndən belə mən Yehovaya xidməti həyatımda hər şeydən üstün tutacağam və Onun qəlbini sevindirməyə çalışacağam» (Mark 12:30). Əgər sizin də ürəyinizdə belə bir istək varsa, nə xoş sizə!

14. Yuşiyyə padşahdan örnək alan gənclərin nümunəsini çəkin.

14 Yehovanın gənc xidmətçiləri hansı çətinliklərlə üzləşir? 12 yaşında vəftiz olunmuş Cohan deyir ki, sinif yoldaşları onu veyp, yəni elektron siqaret çəkməyə məcbur edir. Cohan onların təzyiqinə qarşı durmaq üçün özündə necə güc tapır? O, özünə xatırladır ki, veyp həm sağlamlığını, həm də Yehova ilə münasibətini korlayacaq. 14 yaşında vəftiz olunan Reyçel isə məktəbdəki çətinliklərə necə tab gətirdiyi ilə bağlı belə deyir: «Hər bir vəziyyətdə ağlıma hansısa ruhani fikir gətirməyə çalışıram. Məsələn, olur ki, tarix dərsi yadıma Müqəddəs Kitabdan hansısa hadisəni və ya peyğəmbərliyi salır. Yaxud da məktəbdə kiminləsə söhbət edəndə onunla bölüşmək üçün hansısa ayəni yadıma salıram». Ola bilsin, çətinliyiniz Yuşiyyə padşahınkı kimi deyil, amma sədaqətiniz onunku kimi ola bilər. Gənc yaşlarınızda tab gətirdiyiniz çətinliklər sizi qarşıdakı sınaqlara hazırlayacaq.

15. Yuşiyyəyə Yehovaya sədaqətlə xidmət etməyə nə kömək etmişdi? (2 Salnamələr 34:14, 18—21).

15 Yuşiyyə padşah 26 yaşında məbədi təmir etməyə başladı. Bu zaman məbəddə «Yehovanın Musa vasitəsilə verdiyi Tövrat» tapıldı. Padşah orada yazılanları eşidəndə onlara əməl etmək üçün dərhal hərəkətə keçdi. (2 Salnamələr 34:14, 18—21 ayələrini oxuyun.) Bəs siz Müqəddəs Kitabı müntəzəm mütaliə etmək istəyərdiniz? Bəlkə də artıq bunu etməyə çalışırsınız. Bəs mütaliəniz necə gedir? Sizə şəxsən kömək edəcək ayələri qeyd edirsiniz? Bayaq adı çəkilən Luka tapdığı maraqlı fikirləri bir dəftərə yazır. Bəlkə, siz də belə edəsiniz? Onda xoşunuza gələn ayələr və fikirlər yadınızda qalacaq. Müqəddəs Kitaba nə qədər çox bələd olsanız və sevsəniz, Yehovaya bir o qədər çox xidmət etmək istəyəcəksiniz. Həmçinin oxuduqlarınız Yuşiyyə padşah kimi, sizi də düzgün davranmağa təşviq edəcək.

16. Yuşiyyə nəyə görə ciddi səhvə yol verdi və ondan hansı ibrəti götürə bilərik?

16 Yuşiyyənin pis qərarından ibrət götürün. Yuşiyyə 39 yaşında həyatı bahasına başa gələn bir səhv etdi. O, Yehovanın fikrini öyrənmək əvəzinə, öz bildiyi kimi davrandı (2 Saln. 35:20—25). Buradan nə öyrənirik? Fərqi yoxdur, yaşımız nə qədər çoxdur, neçə müddətdir həqiqətdəyik, biz həmişə Yehovanı axtarmalıyıq. Bəs bu nə deməkdir? Yəni biz həmişə dua edib Ondan məsləhət istəməliyik, Kəlamını mütaliə etməliyik və yetkin məsihilərin məsləhətinə qulaq asmalıyıq. Bunun sayəsində həyatda ciddi səhvlər etməyəcəyik və daha xoşbəxt olacağıq (Yaq. 1:25).

GƏNCLƏR, XOŞBƏXT OLMAĞINIZ MÜMKÜNDÜR

17. Üç Yəhuda padşahının həyatından hansı nəticəni çıxarırıq?

17 Gənclik çağı gözəl fürsətlərlə doludur. Yuəs, Üziyyə və Yuşiyyə barədə yazılanlar göstərir ki, gənclər düzgün qərarlar verib Yehovanı razı salan ömür sürə bilərlər. Düzdür, onların üçü də səhvlərə yol verdilər və bunun axırı heç də yaxşı olmadı. Amma əgər onların yaxşı işlərindən örnək, səhvlərindən isə ibrət alsaq, xoşbəxt ömür sürəcəyimizə arxayın ola bilərik.

Davud gənc yaşlarından Yehova ilə dost olmuşdu. O, Yehovanın qəlbini sevindirmişdi və özü də xoş ömür sürmüşdü (18-ci abzasa baxın)

18. Kimlərin nümunəsindən görmək olar ki, xoşbəxt ömür sürə bilərsiniz? (Həmçinin şəklə baxın.)

18 Müqəddəs Kitabda Yehovaya yaxınlaşan, Onun rəğbətini qazanan və dolğun ömür sürən başqa gənclərdən də danışılır. Onlardan biri Davud idi. O ta uşaqlıqdan Yehovaya ibadət etməyə qərar vermişdi. Sonralar isə sadiq padşah oldu. Düzdür, onun bəzi səhvləri də olmuşdu, amma ümumilikdə Yehova ondan çox razı idi (1 Pad. 3:6; 9:4, 5; 14:8). Davudun nümunəsini araşdırsanız, Yehovaya sədaqətlə qulluq etmək istəyəcəksiniz. Həmçinin Markın və ya Timutinin həyatı barədə daha çox şey öyrənə bilərsiniz. Görəcəksiniz ki, onlar Yehovaya uşaqlıqdan xidmət etməyə başlamışdılar və axıradək sədaqətlə ömür sürmüşdülər. Bununla onlar həm Yehovanın qəlbini sevindirmişdilər, həm də özləri xoşbəxt olmuşdular.

19. Gələcəyiniz necə ola bilər?

19 Gələcəyiniz həyatınızı bu gün necə qurmağınızdan asılıdır. Əgər öz ağlınıza yox, Yehovaya güvənsəniz, O sizin addımlarınızı yönəldəcək (Məs. 20:24). Siz xoşbəxt, dolğun ömür sürə bilərsiniz. Unutmayın ki, Yehova Onun yolunda etdiyiniz hər bir şeyi qiymətləndirir. Həyatınızı Yehovaya xidmətə sərf etməkdən daha yaxşı nə ola bilər?

NƏĞMƏ 144 Gözün mükafatda olsun!

a Əziz gənclər, Yehova bilir ki, bəzən sizə Onunla dostluğunuzu qorumaq çətin olur. Bəs Onun qəlbini sevindirən qərarları necə verə bilərsiniz? Məqalədə Yəhudanın padşahı olmuş üç gənc oğlandan danışacağıq. Görün onların qərarlarından nə öyrənirsiniz.

b jw.org saytında yerləşən «Sosial şəbəkələrdə məşhur olmaq vacibdir?» adlı məqalənin «Saxta təvazökarlıqdan özünü gözlə» adlı çərçivəsinə baxın.

c ŞƏKLİN İZAHI. Yetkin bacı gənc bacıya hikmətli məsləhət verir.

d ŞƏKLİN İZAHI. Toplantıda müsahibə verən bacı Yehovaya güvənir və şərəfi Ona verir.