Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 39

Mülayimsinizsə, güclüsünüz

Mülayimsinizsə, güclüsünüz

«Rəbbin qulu çəkişmələrdən uzaq durmalı, hamıyla mülayim [davranmalıdır]» (2 TİM. 2:24).

NƏĞMƏ 120 Məsih kimi həlim olun

İCMAL a

1. İş və ya sinif yoldaşlarımız bizdən nə soruşa bilər?

 NƏ VAXTSA iş yoldaşınız və ya sinif yoldaşınız etiqadınız barədə sizə sual verib? Bu zaman hansı hissləri keçirmisiniz? Çoxumuz belə anlarda həyəcanlanırıq. Əslində, bu sualın sayəsində həmin insanın nə düşündüyünü, nəyə inandığını öyrənib onunla xoş müjdəni bölüşmək olar. Amma bəzən insan sualı xoşagəlməz tərzdə verir. Bu bizi təəccübləndirməməlidir. Çünki çoxları bizim haqqımızda yanlış fikirlər eşidib (Həv. 28:22). Həm də biz axırzamanda yaşayırıq. Bu dövr haqda deyilib ki, insanlar «barışmaz» və «zalım» olacaq (2 Tim. 3:1, 3).

2. Nəyə görə mülayim olmağa dəyər?

2 Ola bilsin, düşünürsünüz: «Kimsə etiqadıma görə mənimlə mübahisə etməyə çalışırsa, onunla necə nəzakətlə, xoş danışa bilərəm?» Bilirsiniz, sizə nə kömək edə bilər? Bir sözlə desək, mülayimlik. Mülayim insanı kimsə özündən çıxarmağa çalışanda və ya ona necə cavab verəcəyini bilməyəndə tez özündən çıxmır, əksinə, təmkinini qoruyur (Məs. 16:32). Bəlkə də düşünürsünüz: «Dildə deməyə nə var?» Bu məqalədə növbəti suallara cavab tapacağıq: «Mülayim olmağı necə öyrənə bilərsiniz? Kimsə etiqadınız barədə sual verəndə ona mülayim şəkildə necə cavab verə bilərsiniz? Əgər valideynsinizsə, övladınıza etiqadını mülayimliklə müdafiə etməyə necə kömək edə bilərsiniz?»

MÜLAYİM OLMAĞI ÖYRƏNİN

3. Nəyə əsasən deyə bilərik ki, mülayimlik zəifliyin yox, gücün göstəricisidir? (2 Timutiyə 2:24, 25).

3 Mülayim insan zəif yox, güclü insandır. Gərgin vəziyyətdə sakitliyi qorumaq üçün daxilən güclü olmalısan. Mülayimlik «ruhun bəhrəsi»nə daxildir (Qal. 5:22, 23). «Mülayimlik» kimi tərcümə olunan yunan sözü adətən əhliləşdirilmiş vəhşi atı təsvir etmək üçün istifadə olunurdu. Bu cür atı təsəvvürünüzdə canlandırın. O artıq sakit olsa da, hələ də güclüdür. Bəs bizimlə bağlı nə demək olar? Biz necə edə bilərik ki, həm mülayim olaq, həm də güclü? Təbii ki, insanın iradəsi nə qədər möhkəm olsa da, bu xüsusiyyəti təkbaşına yetişdirə bilməz. Bunun bir yolu var: Allaha dua edib Ondan mülayim olmaq üçün kömək istəmək. Çox bacı-qardaşın nümunəsindən görmək olar ki, bu, mümkündür. Kimsə onlarla mübahisə etməyə çalışanda onlar mülayim cavab veriblər və bunun sayəsində Yehovanın Şahidləri haqda gözəl təəssürat oyadıblar. (2 Timutiyə 2:24, 25 ayələrini oxuyun.) Bəs siz nə edə bilərsiniz ki, mülayimlik sizin gücünüz olsun?

4. İshaqın nümunəsindən mülayim olmaqla bağlı nə öyrənirik?

4 Müqəddəs Kitabda mülayim olmağın dəyərini göstərən çox hadisə yazılıb. Onlardan biri də İshaq idi. O, filiştlilərin ərazisi olan Qərarda yaşayanda qonşuları paxıllıqdan atasının nökərlərinin qazdığı quyuları torpaqla doldurmuşdular. Amma İshaq onlarla bu quyuların davasını döymədi. O, ev əhlini də götürüb oradan köçdü və başqa quyular qazdı (Yar. 26:12—18). Amma filiştlilər bu ərazidəki suların da onlara məxsus olduğunu dedilər. Buna baxmayaraq, İshaq onlarla dava etmədi (Yar. 26:19—25). Başqaları onu özündən çıxarmağa nə qədər çalışsa da, o, mülayim qaldı. Nəyin sayəsində? Sözsüz ki, valideynləri ona bu sahədə gözəl nümunə qoymuşdular. O, İbrahimin sülhpərvər, Saranın isə «sakit və həlim ruh»lu olmasından çox şey öyrənmişdi (1 But. 3:4—6; Yar. 21:22—34).

5. Valideynlər övladlarına mülayimliyin dəyərini öyrədə bilər? Nümunə çəkin.

5 Əziz valideynlər, əmin olun ki, siz də uşağınıza mülayimliyin dəyərini aşılaya bilərsiniz. Bunu 17 yaşı olan Maksensin hadisəsindən görmək olar. O həm məktəbdə, həm də xidmətdə hirsli insanlarla rastlaşırdı. Valideynləri səbirlə ona mülayim olmağı öyrədirdilər. Onlar deyir: «Maksens başa düşdü ki, sözlə və ya əllə-qolla insanın cavabını vermək asandır. Amma belə məqamda sakit qalmaq hər adamın işi deyil. Bunun üçün gərək güclü olasan». Nə yaxşı ki, mülayimlik Maksensin gücü oldu!

6. Dua etmək mülayim olmağa necə kömək edir?

6 Ola bilsin, kimsə Yehova haqda təhqiramiz sözlər deyir, Müqəddəs Kitabı lağa qoyur. Belə vəziyyətlərdə nə etsəniz yaxşı olar? İnsanlara mülayim cavab vermək üçün Yehovadan müqəddəs ruh və hikmət istəyin. Ola bilsin, həmin hadisədən sonra başa düşmüsünüz ki, o an elə də mülayim ola bilməmisiniz. Həmin məsələ barədə yenidən dua edin və düşünün ki, növbəti dəfə eyni vəziyyət yarananda necə davransanız, daha yaxşı olar. Yehova da sizə özünüzü ələ alıb mülayim davranmağınız üçün müqəddəs ruhunu verəcək.

7. Bəzi ayələri əzbərləmək bizə özümüzü ələ almağa necə kömək edə bilər? (Məsəllər 15:1, 18).

7 Bizə gərgin vəziyyətlərdə mülayim danışmağa kömək edən çox ayə var. Yehovanın ruhu bu ayələri yadımıza sala bilər (Yəh. 14:26). «Məsəllər» kitabında belə prinsiplər çoxdur. (Məsəllər 15:1, 18 ayələrini oxuyun.) Bu kitabda həmçinin gərgin vəziyyətdə təmkinli davranmağın xeyrindən də danışılır (Məs. 10:19; 17:27; 21:23; 25:15).

ANLAYIŞ MÜLAYİM OLMAĞA KÖMƏK EDİR

8. Nəyə görə insanın etiqadımızla bağlı sualı hansı səbəblə verdiyi barədə düşünməliyik?

8 Anlayışın da bizə böyük köməyi dəyə bilər (Məs. 19:11). Anlayışlı insan etiqadı ilə bağlı etirazla qarşılaşanda özünü ələ almağı bacarır. Bəzi sualları və etirazları aysberqə bənzətmək olar. Biz aysberqin ancaq kiçik hissəsini görürük, onun əsas hissəsi suyun altında olur. Eynilə insan bizə sual verəndə onun əsas niyyəti ilk baxışdan sezilməyə bilər. Buna görə də cavab verməzdən əvvəl nəzərə almalıyıq ki, insanın sualı hansı səbəbə görə verdiyi bizə məlum olmaya bilər (Məs. 16:23).

9. Cədun əfraimlilərlə münasibətdə anlayışlı və mülayim olduğunu necə göstərmişdi?

9 Cədunun əfraimlilərə necə cavab verdiyini yadımıza salaq. Əfraimlilər ona qəzəblənib demişdilər ki, israillilərin düşmənləri ilə döyüşə onları niyə əvvəlcədən çağırmayıb. Bəs onların Cədunla çəkişməsinin əsas səbəbi nə idi? Bəlkə, bu onların şəninə dəymişdi? Səbəb nə olsa da, Cədun onların hisslərinə anlayışla yanaşdı və mülayim cavab verdi. Nəticə nə oldu? «Cədunun… sözlərindən sonra onlar sakitləşdilər» (Hak. 8:1—3).

10. Etiqadımızla bağlı sual verən insana necə cavab verəcəyimizi bilməyə bizə nə kömək edəcək? (1 Butrus 3:15).

10 Ola bilsin, sinif və ya iş yoldaşımız bizdən nəyə görə Müqəddəs Kitaba uyğun yaşadığımızı soruşsun. Biz ona bunun səbəbini izah edəcəyik, amma onun fikrinə də hörmətlə yanaşacağıq. (1 Butrus 3:15 ayəsini oxuyun.) Çalışmalıyıq ki, onun sualına etiqadımıza hücum kimi yanaşmayaq, əksinə, buna onun dəyərlərini öyrənmək imkanı kimi baxaq. İnsanın sualı hansı niyyətlə verməsindən asılı olmayaraq, yaxşı olar ki, ona mülayim və mehriban şəkildə cavab verək. Bəlkə də bizim cavabımızdan sonra o öz fikirləri barədə yenidən düşünəcək; hətta o bizimlə kobud və ya rişxəndlə danışsa da, məqsədimiz ona mehriban şəkildə cavab vermək olmalıdır (Rom. 12:17).

İnsanın sizi ad gününə dəvət etməsinin səbəbini düşünsəniz, ona daha yaxşı cavab verə biləcəksiniz (11 və 12-ci abzaslara baxın)

11, 12. a) Çətin suallara cavab verməzdən əvvəl nəyi götür-qoy etməliyik? (Həmçinin şəklə baxın.) b) Bizə verilən sual gözəl söhbətə necə yol aça bilər? Nümunə çəkin.

11 Məsələn, iş yoldaşımız bizdən nəyə görə ad günlərini qeyd etmədiyimizi soruşanda düşünə bilərik: «Bəlkə, o elə bilir ki, biz əylənməyin əleyhinəyik? Ya da narahatdır ki, birdən ad günündə iştirak etməməyimiz işçilər arasındakı xoş ab-havanı korlayacaq». Onun narahatlığını azaltmaq üçün deyə bilərik ki, iş yoldaşlarına belə diqqət göstərməyini çox qiymətləndiririk və biz də işdə gözəl atmosferin olmasını istəyirik. Bu, imkan yaradacaq ki, onunla Müqəddəs Kitab əsasında ad günü barədə dostyana söhbət edək.

12 Başqa çətin suallarla üzləşəndə də bu cür davrana bilərik. Məsələn, sinif yoldaşımız deyə bilər ki, Yehovanın Şahidləri homoseksuallara münasibətini dəyişməlidir. Bəlkə, o, Yehovanın Şahidlərinin bu məsələyə mövqeyini tam başa düşmür? Yaxud da hansısa dostu və ya qohumu homoseksualdır və düşünür ki, bu cür insanları görəsi gözümüz yoxdur. Ona deyə bilərik ki, biz bütün insanları sevirik, hər kəsin öz şəxsi qərarı var və buna hörmət edirik b (1 But. 2:17). Sonra da ona Müqəddəs Kitabda bu barədə nə deyildiyini göstərib, bunun xeyri barədə danışa bilərik.

13. Allaha inanmağın gülünc olduğunu deyən insana necə kömək etmək olar?

13 İnsan bizim dediklərimizlə qətiyyən razılaşmırsa, düşünməməliyik ki, onun nəyə inandığını artıq bilirik (Tit. 3:2). Məsələn, sinif yoldaşınız Allaha inanmağın gülünc olduğunu deyə bilər. Bəs bu o deməkdir ki, o, qəti olaraq təkamülə inanır və bununla bağlı hər şeyi bilir? Bəlkə də, o bu mövzuda ondan-bundan eşitdiklərini danışır. Onunla elm haqda diskussiyalar aparmaq əvəzinə, ona hansısa material və ya sual verə bilərsiniz, qoy bu barədə daha sonra rahat düşünsün. Məsələn, ona jw.org saytımızdan yaradılışla bağlı məlumatların linkini göndərə bilərsiniz. Bəlkə də o, sonra hansısa məqaləni və ya videonu sizinlə müzakirə etməyə razılaşacaq. Hörmətcil danışığınız sayəsində insanın Müqəddəs Kitabda deyilənlərə marağı yarana bilər.

14. Nil qardaş sinif yoldaşının Yehovanın Şahidləri haqda yanlış fikirdə olduğunu göstərmək üçün veb-saytımızdan necə istifadə etmişdi?

14 Nil adlı bir yeniyetmə Yehovanın Şahidləri ilə bağlı yanlış fikirləri təkzib etmək üçün saytımızdan istifadə etmişdi. O deyir: «Bir sinif yoldaşım deyirdi ki, guya mən elmə inanmıram, faktları qoyub, nağılların yazıldığı kitaba etibar edirəm». Bu oğlan Nilə öz etiqadını izah etməyə imkan vermirdi. Buna görə də Nil ona jw.org saytından «Müqəddəs Kitab və elm» bölməsini göstərdi. Növbəti söhbətləri zamanı Nil başa düşdü ki, sinif yoldaşı oradakı məlumatları oxuyub və indi onunla həyatın əmələ gəlməsi barədə danışmağa daha istəklidir. Siz də eyni nəticəni əldə edə bilərsiniz.

AİLƏLİKCƏ HAZIRLAŞIN

15. Valideynlər övladlarına sinif yoldaşlarının suallarına mülayim cavab verməyə necə kömək edə bilər?

15 Valideynlər övladlarına öyrədə bilər ki, kimsə onların etiqadı ilə razı olmadığını deyəndə mülayim cavab versinlər (Yaq. 3:13). Bəzi valideynlər ailəvi ibadət zamanı bunu məşq edir. Onlar məktəbdə yarana biləcək hansısa bir mövzunu seçir, onu müzakirə edir və necə cavab verməyi səhnələşdirirlər. Həmçinin övladlarına mülayim, xoş şəkildə danışmağı öyrədirlər. (« Ailənizə kömək edəcək praktiki məşğələlər» adlı çərçivəyə baxın.)

16, 17. Praktiki məşğələlərin gənclərə hansı köməyi var?

16 Praktiki məşğələlər məsihilərə tutarlı dəlillər gətirməyə kömək edir. Həmçinin onların özləri də əmin olur ki, inandıqlarının əsaslı səbəbləri var. Bizim jw.org saytımızda «Gənclərin sualları» silsilə məqalələri və yeniyetmələr üçün çalışma vərəqələri yerləşir. Bu vərəqələr elə tərtib olunub ki, gənclər etiqadlarına daha da əmin olsunlar və öz sözləri ilə cavab hazırlasınlar. Bu məqalələri və çalışma vərəqələrini ailəlikcə araşdırmaq hamımıza kömək edə bilər ki, imanımızı mülayimliklə, xoş şəkildə müdafiə edə bilək.

17 Praktiki məşğələlərin Metyu adlı gəncə böyük köməyi olub. Metyugil çox vaxt ailəvi ibadətdə sinifdə müzakirələrə səbəb olacaq mövzuları araşdırırlar. Metyu deyir: «Biz sinifdə yarana biləcək vəziyyəti təsəvvür edirik və axtarışlarımız əsasında suallara cavab verməyi məşq edirik. Tutduğum mövqeyin səbəbi mənə aydın olanda özümü daha əmin hiss edirəm və insanlara mülayim şəkildə cavab vermək mənə daha asan olur».

18. Koloslulara 4:6 ayəsində nəyin dəyəri vurğulanır?

18 Nə qədər tutarlı dəlillər gətirsək də, yenə də bizimlə razılaşmayanlar olacaq. Amma fikirlərimizi nəzakətlə və mülayimliklə bildirməyin böyük köməyi dəyəcək. (Koloslulara 4:6 ayəsini oxuyun.) Etiqadımız barədə danışmağı top atmağa bənzətmək olar. Topu yavaş da atmaq olar, sərt də. Yavaş atsaq, digər oyunçu onu tuta biləcək və oyunumuza davam edəcəyik. Eynilə nəzakətlə və mülayimliklə danışsaq, insanlarda bizə qulaq asmaq və söhbətə davam etmək istəyi ola bilər. Əlbəttə, əgər kiminsə məqsədi müzakirədə haqlı çıxmaq və ya etiqadımızı lağa qoymaqdırsa, söhbəti davam etdirməyə dəyməz (Məs. 26:4). Amma belə insanlar tək-tük olacaq. Çoxları bizə qulaq asmaq istəyəcək.

19. Etiqadımızı müdafiə edən zaman nəyə görə mülayim olmalıyıq?

19 Gördüyünüz kimi, mülayim olmağı qarşınıza məqsəd qoymağa dəyər. Kimsə sizə mübahisə yaradacaq sual verəndə və ya haqsız yerə tənqid edəndə Yehovaya dua edin ki, sizə mülayim cavab vermək üçün güc versin. Yadda saxlayın ki, sizin mülayim cavabınız sayəsində fikirayrılıqları deyişməyə gətirib çıxarmayacaq. Üstəlik, bu, insana bizə və Müqəddəs Kitabdakı həqiqətlərə qarşı fikrini dəyişməyə kömək edə bilər. Odur ki, etiqadınızı «müdafiə etməyə hazır olun, ancaq bunu həlimliklə və dərin hörmətlə edin» (1 But. 3:15). Qoy mülayimlik sizin gücünüz olsun!

NƏĞMƏ 88 Mənə yollarını öyrət

a Məqalə kömək edəcək ki, gərgin vəziyyət yarananda və ya kimsə etiqadımıza etiraz edəndə mülayim cavab verə bilək.

b Praktiki məsləhətlər üçün «Oyanın!» jurnalının 2016-cı il 4 nömrəli sayında yerləşən «Homoseksualizm. Allahın Kəlamında bu haqda nə deyilir?» adlı məqaləyə baxın.

c Faydalı məsləhətlər üçün jw.org saytında yerləşən «Gənclərin sualları» və «Yehovanın Şahidləri haqqında tez-tez verilən suallara cavab» bölməsinə baxın.