Kontentə keç

Mündəricatı göstər

Anma mərasimi və birliyimiz

Anma mərasimi və birliyimiz

«Nə yaxşıdır, nə xoşdur, qardaşlar bir olub, bir yaşayanda!» (ZƏB. 133:1).

NƏĞMƏ: 18, 14

1, 2. Mart ayının 31-i insanları birləşdirən hansı əlamətdar mərasim keçiriləcək? (Məqalənin əvvəlindəki şəklə baxın.)

2018-ci il mart ayının 31-i, gün qüruba enən ərəfələrdə Allahın milyonlarla xidmətçisi və həqiqətlə maraqlanan insanlar toplaşıb İsa Məsihin ölümünü anma mərasimini qeyd edəcəklər. Hər il qeyd olunan bu mərasim insanları birləşdirən tədbirlərin ən əlamətdarıdır!

2 Günəş şərqdən qərbə doğru hərəkət edib saatlar bir-birini əvəz etdikcə müxtəlif ölkələrdə milyonlarla insanın bu mərasimə qatılması şübhəsiz ki, Yehova Allahın və İsa Məsihin ürəyini dağa döndərir. Müqəddəs Kitabda xəbər verilmişdi ki, «hər xalqa, hər tayfaya, hər ümmətə və hər dilə mənsub adamlardan ibarət, heç kəsin saymağa qadir olmadığı böyük bir izdiham» ucadan hayqıracaq: «Xilasımıza görə taxtda oturan Allahımıza və Quzuya borcluyuq» (Vəhy 7:9, 10). Anma mərasimi bu ayələrin ruhuna uyğun olaraq Allahın və Məsihin şanını ucaltmaq üçün misilsiz bir fürsətdir.

3. Bu məqalədə hansı sualların cavabını tapacağıq?

3 Bu məqalədə anma mərasimi ilə bağlı növbəti suallar cavablandırılacaq: 1) Anma mərasimindən tam faydalanmaq üçün bu tədbirə necə hazırlaşa bilərik? 2) Anma mərasimi Allahın xalqını necə birləşdirir? 3) Hər birimiz bu birliyə necə töhfə verə bilərik? 4) Anma mərasimi nə vaxta kimi qeyd olunacaq?

MƏRASİMƏ HAZIRLAŞAQ

4. Nəyə görə əlimizdən gələni edib anma mərasimində iştirak etməliyik?

4 Biz ilk növbədə anma mərasimində iştirak etməyin vacibliyini dərk etməliyik. Yaddan çıxarmayaq ki, yığıncaqlarda iştirak etmək vacib ibadətdir. Şübhəsiz, Yehova Allah və İsa Məsih ilin bu ən mühüm yığıncağına kimin gəlib, kimin gəlmədiyinə fikir verir. Əlbəttə, imkan daxilində, hər birimiz bu mərasimə gələnlərin sırasında olmaq istəyərdik. Əgər ibadətlərimizin qədrini bilib bunu əməldə göstəririksə, adımız Yehova Allahın dərgahındakı «xatirə kitabı»na, yəni əbədi həyat varislərinin adının yazıldığı «həyat kitabı»na daha möhkəm həkk olunur (Məl. 3:16; Vəhy 20:15).

5. Anma mərasimi yaxınlaşdıqca iman yolunda olub-olmadığımızı necə yoxlaya bilərik?

5 Anma mərasimi yaxınlaşdıqca yaxşı olardı, xüsusi vaxt ayırıb Yehova Allahla münasibətimizin nə vəziyyətdə olduğu barədə ciddi düşünək. Əlbəttə ki, bununla əlaqədar dua etmək də çox münasib olardı. (2 Korinflilərə 13:5 ayəsini oxuyun.) Bizə buyrulur ki, iman yolunda olub-olmadığımızı yoxlayaq. Bunu etmək üçün özümüzdən soruşmalıyıq: «Mən həqiqətən də inanırammı ki, bizim təşkilatımız Allahın Öz iradəsini icra etmək üçün seçdiyi yeganə təşkilatdır? İnsanlara Padşahlıq müjdəsini çatdırmaq, onlara təlim vermək üçün əlimdən gələni edirəmmi? Həyat tərzimdən görünürmü ki, mən axırzamanda yaşadığıma, Şeytan səltənətinin sona çatdığına, doğrudan da, inanıram? Yehova Allaha və İsa Məsihə etibarım vəftiz olduğum vaxtdakı kimi güclüdürmü?» (Mət. 24:14; 2 Tim. 3:1; İbr. 3:14). Özümüzə bu cür suallar verməklə «özünüzü sınayın» göstərişinə əməl etmiş oluruq.

6. a) Əbədi həyata aparan yeganə yol hansıdır? b) Bir qardaşımız hər il anma mərasiminə necə hazırlaşır və biz necə hazırlaşa bilərik?

6 Anma mərasiminə hazırlaşmaq üçün həmçinin nəşrlərimizdən bu tədbirlə bağlı məqalələr oxuyub onun əhəmiyyətini özümüzə xatırlatmalıyıq. (Yəhya 3:16; 17:3 ayələrini oxuyun.) Əbədi həyata aparan yeganə yol Yehovanı tanımaq və Onun Oğlu İsa Məsihə iman etməkdir. Buna görə yaxşı olardı ki, anma mərasimi ərəfəsində bizi Yehovaya və İsaya yaxınlaşdıracaq mövzular seçib araşdıraq. Məsələn, uzun illərdir ağsaqqal kimi xidmət edən bir qardaş anma mərasiminə, eləcə də Yehova və İsanın bizə izhar etdikləri məhəbbətə həsr olunan «Gözətçi qülləsi» məqalələrini toplayıb saxlayır. Hər il o, bu məqalələri təzədən oxuyur və İsanın ölümünü qeyd etməyin əhəmiyyətinin dərinliyinə varır. O, həm də öz arxivini daima təzələyir. Qardaş deyir ki, hər il bu məqalələri və «Müqəddəs Yazıları hər gün araşdırın» broşüründə anma mərasimi ilə bağlı istinad olunan ayələri oxumaqla yeni şeylər öyrənir. Ən önəmlisi isə bu mütaliənin sayəsində ildən-ilə onun Yehova Allaha və İsa Məsihə məhəbbəti dərinləşir. Biz də bu cür mütaliə cədvəli tərtib etməklə Allaha və Məsihə məhəbbətimizi, minnətdarlığımızı gücləndirər, anma mərasimindən tam faydalana bilərik.

ANMA MƏRASİMİ BİZİ BİRLƏŞDİRİR

7. a) Ağanın şam yeməyi adlanan mərasim birinci dəfə keçiriləndə İsa Məsih nə haqda dua etmişdi? b) Yehovanın İsa Məsihin duasına cavab verdiyini nə göstərir?

7 Ağanın şam yeməyi adlanan mərasim birinci dəfə keçiriləndə İsa Məsih Allahdan duada davamçıları üçün birlik diləmişdi. O istəyirdi ki, onunla Atasının arasındakı vəhdət onlarda da olsun. (Yəhya 17:20, 21 ayələrini oxuyun.) Bəli, Yehova sevimli oğlunun duasına cavab verdi. İbadət görüşlərimiz İsanın davamçılarının birliyinə nişanədir. Anma mərasimi isə bu birliyin ən bariz nümunəsidir. Həmin gün bütün dünyada fərqli xalqlardan, irqlərdən olan milyonlarla insan ibadət evlərinə toplaşır. Bununla da göstərirlər ki, İsanı Allahın göndərdiyinə inanırlar. Lakin bəzi ölkələrdə müxtəlif irqlərin bir yerdə ibadət etməsi görünməmiş hadisədir, bəzi cəmiyyətlərdə isə buna həqarətlə baxırlar. Amma önəmli olan Allahın və Məsihin münasibətidir. Onlar aramızdakı bu birliyi görəndə ürəkləri şad olur!

8. Yehova Allah xalqı arasındakı birliklə bağlı Hizqiyal peyğəmbərə hansı xəbəri nazil etmişdi?

8 Bizim üçün isə aramızdakı birlik heç də təəccüblü deyil, çünki Yehova bu barədə Hizqiyal peyğəmbər vasitəsilə xəbər verib. O, peyğəmbərə üstündə «Yəhuda... üçün» və «Yusif üçün» yazısı olan iki çubuğu birləşdirməyi buyurmuşdu. (Hizqiyal 37:15—17 ayələrini oxuyun.) Bununla bağlı «Gözətçi qülləsi» jurnalının 2016-cı il iyul sayında dərc olunan «Oxucuların sualları» rubrikasında yazılıb: «Yehova Hizqiyal peyğəmbərə İsrail xalqının vəd olunmuş diyara qayıdandan sonra birləşəcəyini xəbər vermişdi. Bu, həmçinin Allahın xalqının axırzamanda birləşəcəyinə dair peyğəmbərlik idi».

9. Hizqiyalın birlik barədə söylədiyi peyğəmbərlik hər il anma mərasimində öz təsdiqini necə tapır?

9 1919-cu ilin əvvəllərindən başlayaraq Yehova Allah ilk növbədə Yəhuda çubuğu ilə simvolizə olunan məsh olunmuş məsihiləri tədricən yenidən təşkil edib birləşdirdi. Vaxt keçdikcə məsh olunmuş məsihilərə Yusif çubuğu ilə simvolizə olunan yer üzü ümidinə malik məsihilər qoşulmağa başladı. Beləcə, bu iki qrup «bir sürüdə» birləşdi (Yəh. 10:16; Zək. 8:23). Yehova vəd etmişdi ki, iki çubuğu birləşdirib əlində bir çubuq edəcək (Hizq. 37:19). Bu gün hər iki qrup bir padşahın, Yehovanın peyğəmbərlikdə «qulum Davud» adlandırdığı İsa Məsihin rəhbərliyi altında Allaha birlikdə ibadət edir (Hizq. 37:24, 25). Hər il məsh olunmuş məsihilər və yerdə yaşamağa ümid edən məsihilər anma mərasimini qeyd etmək üçün bir yerə toplaşanda Hizqiyalın birlik barədə söylədiyi peyğəmbərlik öz təsdiqini tapır. Bəs birliyə can atmaq və bu birliyi qorumaq üçün hər birimiz öz tərəfimizdən nə edə bilərik?

BİRLİYƏ CAN ATAQ

10. Birliyə can atdığımızı necə göstərə bilərik?

10 Birliyə can atmaq üçün biz ilk növbədə təvazökar olmalıyıq. İsa Məsih davamçılarını özlərini alçaldıb təvazökar olmağa səsləyirdi (Mət. 23:12). Əgər biz daxilən sadə, təvazökar insanıqsa, heç vaxt dünyadakı insanlar kimi özümüzü başqalarından üstün saymayacağıq. Təvazökarlıq bizə yığıncaqdakı məsul qardaşlara tabe olmağa kömək edəcək. Bu cür itaətkarlıq ruhu yığıncağın birliyi üçün çox əhəmiyyətlidir. Ən əsası isə, təvazökar insan Allahın sevdiyi bəndələrdəndir, «çünki Allah məğrurlara qarşı çıxır, təvazökarlara isə lütf göstərir» (1 But. 5:5).

11. Anma mərasimində istifadə olunan simvolların mənası barədə düşünmək bizə birliyə can atmağa necə kömək edə bilər?

11 Bizə birliyə can atmağa kömək edəcək növbəti addım anma mərasimində istifadə olunan simvolların, mayasız çörəyin və qırmızı şərabın mənası barədə düşünməkdir. Bunu biz anma mərasimindən əvvəl, xüsusilə də mərasim vaxtı edə bilərik (1 Kor. 11:23—25). Bildiyimiz kimi çörək Məsihin uğrumuzda qurban verdiyi günahsız bədənini, şərab isə tökülən qanını təmsil edir. Amma biz bunu, sadəcə bir məlumat kimi qavramaqla kifayətlənməməliyik. Bunun mənası çox dərindir. Məsihin fidyə qurbanlığı iki böyük məhəbbətin — Yehova Allahın və İsa Məsihin məhəbbətinin təcəssümüdür. Allah bizi xilas etmək üçün Oğlunu qurban verib. Məsih isə bizə görə könül xoşluğu ilə öz canından keçib. Dünyada bundan güclü məhəbbət ola bilməz! Bu barədə dərindən düşünmək, bizi onların bu məhəbbətinə qarşılıq verməyə təşviq edəcək. Beləcə, hər birimizin Yehova Allaha bəslədiyi məhəbbət bir ip kimi bizi bir-birimizə bağlayıb aramızdakı birliyi möhkəmləndirəcək.

Biz başqalarını bağışlamaqla birliyə can atmış oluruq (12 və 13-cü abzaslara baxın)

12. Borclarını geri almaq istəyən padşah məsəlindən nə öyrənirik?

12 Birliyə can atmağın üçüncü yolu başqalarını ürəkdən bağışlamaqdır. Xətrimizə dəyən insanı bağışlayanda göstəririk ki, İsanın qurbanlığı əsasında bizim günahlarımızı bağışladığı üçün Yehovaya minnətdarıq. Bu fikri İsanın Mətta 18:23—34 ayələrində çəkdiyi məsəl yaxşı göstərir. Gəlin özümüzdən soruşaq: «Mən İsanın nəsihətinə əməl etməyə nə dərəcədə qərarlıyam? Dindaşıma səbir və anlayışla yanaşmağa çalışırammı? Mənə yara vuran dindaşımı bağışlamağa hazırammı?» Düzdür, günahın dərəcəsi olur və elə günahlar var ki, fani insana bunları bağışlamaq çox çətindir. Ancaq yuxarıdakı məsəldən görürük ki, Allah bizdən bunu gözləyir. (Mətta 18:35 ayəsini oxuyun.) İsa Məsih aydın göstərdi ki, əgər biz bağışlamağa əsas olan yerdə qardaşımızı bağışlamırıqsa, Yehova da bizi bağışlamayacaq. Bəli, bu çox ciddi məsələdir! Beləliklə, İsa peyğəmbərin təlimlərinə müvafiq davranıb başqalarını bağışlayanda aramızdakı misilsiz birliyi qorumuş oluruq.

13. Birlik sülhpərvərlikdən necə asılıdır?

13 Başqalarını bağışlayan insan sülhpərvər insandır. Həvari Bulus göstəriş vermişdi: «Sülhün birləşdirici telləri arasında ruhun verdiyi birliyi qorumağa ürəkdən çalışın» (Efes. 4:3). Anma mərasimi ərəfəsində, ələlxüsus mərasimin özündə başqaları ilə necə rəftar etdiyimiz barədə düşünməyimiz yaxşı olardı. Özümüzdən soruşa bilərik: «Davranışımdan görünürmü ki, mən başqalarına ürəyimdə kin bəsləmirəm? Sülhə, birliyə cidd-cəhdlə can atırammı?» Bəli, Ağanın şam yeməyi ərəfəsi bu sualların üzərində düşünməyin əsl vaxtıdır.

14. Məhəbbətlə bir-birimizə qarşı dözümlü olmaq nə deməkdir?

14 Birliyə can atmağın dördüncü yolu məhəbbət sahibi Yehova Allah kimi məhəbbətlə davranmaqdır (1 Yəh. 4:8). Kimsə dindaşı haqqında deyə bilər: «Ona dözərəm, amma sevə bilmərəm». Lakin belə düşüncə həvari Bulusun «məhəbbətlə bir-birinizə qarşı dözümlü» olun göstərişinə zidd olardı (Efes. 4:2). Həvari, sadəcə bir-birinizə qarşı dözümlü olun deməmişdi. O, məhəbbətlə dözümlü olun demişdi. Göründüyü kimi bunlar fərqli şeylərdir. Bizim yığıncaqlar müxtəlif insanlardan ibarətdir, hamısını da Yehova Özünə cəlb edib (Yəh. 6:44). Yehova bu insanlara məhəbbət bəsləyir ki, onları Özünə cəlb edib. Əgər Allah onları sevirsə, biz necə deyə bilərik ki, mən filankəsi sevə bilmərəm?! Yehova bizə dindaşlarımızı sevməyi əmr edir. Onlardan bu məhəbbəti əsirgəməyə haqqımız yoxdur (1 Yəh. 4:20, 21).

SONUNCU ANMA MƏRASİMİ

15. Haradan bilirik ki, anma mərasimi əbədiyyən qeyd olunmayacaq?

15 Bir gün gələcək, anma mərasimini sonuncu dəfə qeyd edəcəyik. Bunu haradan bilirik? Həvari Bulusun korinflilərə ünvanladığı birinci məktubdan. O, bu məktubda məsh olunmuş məsihilərə yazmışdı ki, onlar hər il Məsihin ölümünü anmaqla «Ağa gələnədək... onun ölümünü bəyan etmiş» olurlar (1 Kor. 11:26). Həvari «Ağa gələnədək» deyəndə hansı vaxtı nəzərdə tuturdu? İsa Məsih özü axırzamanla bağlı peyğəmbərliyində öz gəlişi haqda danışmışdı. Bulus elə həmin vaxtı nəzərdə tuturdu. Məsih bizi yaxın gələcəkdə gözləyən böyük müsibət barədə demişdi: «Göydə insan Oğlunun rəmzi peyda olacaq. Yer üzünün bütün qəbilələri kədər içində sinə döyəcək, insan Oğlunun qüdrətlə, calal içində buludların üzərində gəldiyini görəcək. [İsa] güclü kərənay səsi ilə öz mələklərini göndərəcək və onlar dünyanın dörd tərəfindən, göyün bir ucundan o biri ucunadək Onun seçdiklərini yığacaqlar» (Mət. 24:29—31). Seçilmişlərin yığılması həmin vaxt hələ yer üzündə yaşayan məsh olunmuş məsihilərin göylər mükafatını almasıdır. Bu yığım böyük müsibətin ilk mərhələsi keçəndən sonra, Armageddondan isə əvvəl baş verəcək. Armageddon vaxtı məsh olunmuşların hamısı, 144 000 nəfər Məsihlə birgə yerin padşahlarının məhvində iştirak edəcək (Vəhy 17:12—14). Məsihin məsh olunmuş davamçılarını göyə aparmazdan əvvəl keçirilən anma mərasimi son anma mərasimi olacaq.

16. Nəyə görə üzümüzə gələn anma mərasimində iştirak etməyimiz vacibdir?

16 Gəlin məqsəd qoyaq ki, martın 31-i keçiriləcək anma mərasimini buraxmayaq. Hər zaman aramızdakı birliyi qorumağa çalışaq və dualarımızda Allahdan bunun üçün kömək istəyək. (Zəbur 133:1 ayəsini oxuyun.) Həmçinin nəzərə alaq ki, anma mərasimi əbədiyyən qeyd olunmayacaq, bir gün sonuncu anma mərasimini keçirəcəyik. Odur ki, gəlin əlimizdən gələni edib bu mərasimdə iştirak edək və aramızdakı birliyi qiymətləndirdiyimizi göstərək.