Xidmətə hazır könüllülər Madaqaskarda
«ÖNCÜLLƏRƏ ehtiyac olan ərazidə xidmət edən dostlarım başlarına gələn maraqlı hadisələri danışanda məndə də bu cür ərazidə xidmət etmək istəyi yaranırdı. Amma qorxurdum ki, buna gücüm çatmaz». Bu sözləri 27 yaşlı Silviana adında öncül bacı deyir.
Ola bilsin, Silviananın keçirdiyi hisslər sizə tanışdır. Bəlkə, siz də təbliğçilərə ehtiyac olan ərazidə xidmət etmək istəyirsiniz, amma buna əlçatmaz arzu kimi baxırsınız. Odur ki, təslim olmayın! Çünki minlərlə bacı-qardaşımız Yehovanın köməyi ilə xidmətlərini genişləndirməyə əngəl olan maneələri müvəffəqiyyətlə aşıblar. Gəlin, Yehovanın onlara necə kömək etdiyini öyrənmək üçün Madaqaskara, böyüklüyünə görə dünyada dördüncü yer tutan adaya qısa səyahət edək.
Madaqaskarın əhalisi Müqəddəs Kitaba böyük hörmətlə yanaşır. Son 10 il ərzində 11 ölkədən * 70-dən çox təbliğçi və öncül buraya təbliğ etməyə gəlmişdir. Yerli təbliğçilərdən bəziləri də müjdəni bu böyük adanın hər yanına yaymaq üçün təşəbbüs göstərib öz evlərindən uzağa köçüblər. Gəlin bu bacı-qardaşlardan bir neçəsi ilə tanış olaq.
QORXU VƏ ŞÜBHƏLƏRİ AŞARAQ
Otuzdan yuxarı yaşları olan Luiz və Perin cütlüyü Fransadan Madaqaskara köçüb. Buraya köçməzdən əvvəl onlar başqa ölkədə xidmət etmək barədə bir neçə il fikirləşiblər. Amma Perinin qorxuları onları saxlayırdı. Perin deyir: «Mən yad yerə köçməyə çox qorxurdum. Qohumları, yığıncağı, evimizi, yaşadığımız ərazini və öyrəşdiyimiz həyat ritmini qoyub getmək fikri məni təlaşa salırdı. Yolumuzu kəsən ən böyük maneə mənim bu qorxularım idi». Nəhayət, Perin cəsarətini toplayıb irəli getmək qərarına gəldi və 2012-ci ildə onlar Madaqaskara köçdülər. Görək verdiyi qərarla bağlı Perin nə deyir: «Bu qərarı verməklə biz Yehovanın əlini öz üzərimizdə hiss etdik, imanımız möhkəmləndi». Luiz əlavə edir: «Təsəvvür edirsiniz, Madaqaskarda iştirak etdiyimiz ilk anma mərasiminə
Müqəddəs Kitab dərsi keçdiyimiz şagirdlərdən 10-u gəlmişdi».Bəs problemlər baş qaldıranda bu cütlüyə xidmətlərini davam etdirməyə nə kömək etmişdi? Onlar Yehovaya yalvarıb dözmək üçün güc istəyirdilər (Filip. 4:13). Luiz deyir: «Biz Yehovanın dualarımızı eşitdiyini, bizə Öz sülhünü verdiyini hiss edirdik. Onun köməyi ilə diqqətimizi xidmətin gətirdiyi sevincə cəmləyə bilirdik. Fransadakı dostlarımız da məktublar, mesajlar göndərib bizi təslim olmamağa təşviq edirdilər» (Filip. 4:6, 7; 2 Kor. 4:7).
Yehova Luizlə Perinə göstərdikləri dözümün əvəzində gözəl mükafat verdi. Luiz deyir: «Biz 2014-cü ilin oktyabr ayında “Ər-arvadlar üçün Müqəddəs Kitab Məktəbi”nə * dəvət aldıq. Bu məktəb Yehovanın bizə əvəzsiz hədiyyəsi idi». Məktəbdən sonra Luiz və Perin Madaqaskara təyinat aldı.
«SİZİNLƏ FƏXR EDƏRİK!»
Didya və Nadin cütlüyü 2010-cu ildə Fransadan Madaqaskara köçəndə yaşları 50-ni haqlamışdı. Didya deyir: «Cavan olanda biz öncül kimi xidmət edirdik, sonra üç uşaq böyütdük. Uşaqlarımız həddi-büluğa çatandan sonra fikirləşdik ki, xidmət etmək üçün başqa ölkəyə köçək». Nadin deyir: «Etiraf edim ki, övladlarımdan ayrı düşəcəyimi təsəvvür edəndə bu fikirdən vaz keçmək istəyirdim. Amma bir dəfə uşaqlar bizə dedi: “Təbliğçilərə ehtiyac olan ölkəyə könüllü kimi köçsəniz, sizinlə fəxr edərik!” Onların bu sözləri bizə qol-qanad verdi və biz buraya köçdük. Hazırda uşaqlarımızdan uzaqda yaşasaq da, sevinirik ki, onlarla tez-tez danışmaq imkanımız var».
Bu ər-arvad üçün malaqasi dilini öyrənmək çətin idi. Nadin gülümsəyərək deyir: «Axı bizim o yaşımız deyil, biz daha 20 yaşındakı Didya və Nadin deyilik». Bəs onlar bu çətinliyi necə aşdılar? Əvvəl-əvvəl onlar fransızdilli yığıncağa gedirdilər. Amma özlərini yerli dili öyrənməyə hazır hiss edəndə malaqasidilli yığıncağa keçdilər. Nadin deyir: «Təbliğdə rastlaşdığımız insanların çoxu Müqəddəs Kitabı öyrənməyə həvəslidir. Onlara baş çəkdiyimiz üçün çox vaxt bizə minnətdarlıqlarını bildirirlər. Təzə-təzə mənə elə gəlirdi ki, yuxu görürəm. Burada öncül kimi xidmət etmək mənə böyük sevinc yaşadır. Səhər yuxudan oyananda öz-özümə deyirəm: “Nə gözəl, bu gün təbliğə gedirəm!”»
Didya gülümsəyərək malaqasi dilini təzə öyrəndikləri vaxtı yadına salır: «Bir dəfə görüşü mən aparırdım, amma bacı-qardaşların verdiyi cavabları başa düşmürdüm. Cavabdan sonra ancaq “çox sağ ol” deyə bilirdim. Bir bacıya cavabına görə minnətdarlığımı bildirəndən sonra onun arxasında oturanlar mənə işarə etdilər ki, cavab düz deyil. Mən düzgün cavabı almaq üçün dərhal başqa qardaşa söz verdim. Ümid edirəm o, doğru cavab vermişdi».
O, TƏKLİFİ SEVƏ-SEVƏ QƏBUL ETDİ
2005-ci ildə keçirilən toplantıda göstərilən «Allahı izzətləndirən məqsədlərə can atın» adlı tamaşa Terri və həyat yoldaşı Nadyaya güclü təsir bağışlamışdı. Timuti barədə olan bu tamaşa onların tələbat olan ərazidə xidmət etmək arzusunu daha da alovlandırmışdı. Terri deyir: «Tamaşa bitib alqışlar səslənəndə yoldaşıma tərəf əyilib dedim “Biz hara gedirik?” Sən demə, həmin an Nadya da bu barədə düşünürmüş». Toplantıdan sonra onlar qarşılarına qoyduqları məqsədə çatmaq üçün konkret addımlar atmağa başladılar. Nadya deyir: «Yavaş-yavaş əşyalarımızı azaltdıq, axırda cəmi dörd çamadan əşyamız qaldı».
Beləcə, onlar 2006-cı ildə Madaqaskara köçdülər. Burada xidmət etmək elə ilk gündən onların xoşuna gəldi. Nadya təəssüratlarını bölüşür: «Buradakı insanlar bizə çoxlu sevinc bəxş edir».
Amma altı ildən sonra bu cütlük çətin bir vəziyyətlə qarşılaşdı. Nadyanın anası Mari-Madlen yıxılıb ayağını sındırdı və başından zədə aldı. Nadya ilə əri həkimlə məsləhətləşəndən sonra ona Fransadan onların yanına köçməyi təklif etdilər. Həmin vaxt 80 yaşında olmasına baxmayaraq, Mari-Madlen bacı təklifi sevə-sevə qəbul etdi. Buradakı həyatı ilə bağlı o deyir: «Hərdən uyğunlaşmaq çətin olur, amma məhdud imkanlarıma baxmayaraq, yığıncaqda özümü çox lazımlı hiss edirəm. Madaqaskara köçməyimdə məni ən çox sevindirən isə övladlarımın buradakı xidmətlərini davam etdirməsidir».
«YEHOVA MƏNƏ KÖMƏK ELƏDİ»
22 yaşlı Rin qardaş Madaqaskarın şərqində yerləşən barlı-bəhərli Alaotra-Manqoro bölgəsində böyüyüb. Məktəbdə yaxşı oxuduğu üçün o, ali təhsil almaq istəyirdi. Amma Müqəddəs Kitabı öyrənəndən sonra fikrini dəyişdi. Rin deyir: «Orta məktəbi daha tez qurtarmaq üçün var gücümlə çalışırdım. Yehovaya söz vermişdim ki, yekun imtahandan keçsəm, öncül xidmətinə başlayacağam». Məktəbi qurtarandan sonra Rin verdiyi sözü tutdu. O, bir öncül qardaşın yanına köçdü, yarımgünlük iş tapdı və öncül xidmətinə başladı. O deyir: «Bu, həyatımda verdiyim ən doğru qərardır».
Amma Rin qardaşın qohum-əqrəbası onun bu qərarını, yəni nəyə görə təhsilini davam etdirmədiyini başa düşə bilmirdi. O deyir: «Atam, əmim, ata nənəmin bacısı təkid edirdilər ki, ali təhsil alım. Amma nəyinsə məni öncül xidmətindən saxlamasını istəmirdim». Bundan qısa müddət sonra Rin tələbat olan əraziyə köçmək istəyir. Bu istəyin yaranmasına nə səbəb olmuşdu? O deyir: «Bir gün yaşadığımız evə oğrular girdi. Əşyalarımın çoxunu oğurlamışdılar. Bu hadisə məni İsanın “xəzinənizi göydə toplayın” sözləri üzərində düşünməyə vadar etdi. Qarşıma məqsəd qoydum ki, bütün gücümü ruhani sərvət toplamağa sərf edim» (Mət. 6:19, 20). Rin yaşadığı yerdən 1300 kilometr aralıda yerləşən quraq əraziyə, ölkənin cənub sərhədinə köçdü. Bu ərazidə Antandroy adlanan etnik qrupa mənsub insanlar yaşayır. Nəyə görə Rin məhz buraya köçdü?
Həmin oğurluq hadisəsindən bir ay əvvəl Rin qardaş Antandroydan olan iki kişi ilə Müqəddəs Kitab dərsi başlamışdı. Rin onların dilində bir neçə söz öyrənmişdi. Padşahlıq haqqında müjdəni eşitməyən Antandroy camaatı onun ağlından çıxmırdı. O deyir: «Yehovaya dua edirdim ki, mənə tandroydilli əhalinin yaşadığı əraziyə köçməyə kömək etsin».
Rin köçəndən dərhal sonra daha bir çətinlik yaşadı. O, heç cür iş tapa bilmirdi. Bir kişi ona demişdi: «Sən niyə bura köçmüsən? Buranın camaatı iş tapmaq üçün sən gəldiyin yerə gedir». İki həftədən sonra Rin toplantıya gedir. Cibində qəpiyi qalmadığı üçün o, narahat idi. Toplantının sonuncu günü bir qardaş onun cibinə nə isə atır. Rin baxanda görür ki, cibində pul var. Bu pulla o, nəinki Antandroya geri qayıdır, hətta öz kiçik biznesini açır, qatıq satmağa başlayır. Rin deyir: «Yehova düz vaxtında mənə kömək elədi. Bunun sayəsində mən xidmətimi davam etdirə, Yehova Allah haqqında eşitmək şansı olmayan insanlara kömək edə bilərdim». Oradakı yığıncaqda da iş az deyildi.
Rin deyir: «Mənə hər həftə məruzə ilə çıxış etmək tapşırılmışdı. Yehova Öz təşkilatı vasitəsilə mənə təlim verirdi». Rin bu gün də tandroy dilində danışan insanlara Padşahlıq haqda müjdəni çatdırır.YEHOVANIN XEYİR-DUASINI ALIRLAR
Əşiya 65:16 ayəsində yazılıb: «Dünyada özünə xeyir-dua diləyən hər kəs Haqq Allahının adı ilə diləyəcək». Xidmətini genişləndirmək üçün var gücü ilə çalışanlar Yehovanın xeyir-duasını alırlar. Gəlin məqalənin əvvəlində adı çəkilən Silviana bacının həyatında bunun necə baş verdiyini görək. Yadınızdadırsa, o demişdi ki, tələbat olan ərazidə könüllü kimi xidmət etməyə gücünün çatmayacağını fikirləşib bu addımı atmağa qorxurdu. Bəs buna səbəb nə idi? O deyir: «Mənim sol ayağım sağ ayağımdan 9 santimetr qısadır. Buna görə də mən axsaya-axsaya yeriyirəm və tez yoruluram».
Bu maneəyə baxmayaraq, Silviana 2014-cü ildə yığıncaqlarından olan Silvi Ann adlı cavan öncül bacı ilə birgə evlərindən 85 kilometr aralıda yerləşən kiçik bir kəndə köçdü. Beləcə, Silviananın arzusu çin oldu və o, Yehovadan gözəl bir hədiyyə aldı. Silviana deyir: «Bura köçəndən cəmi bir il sonra Müqəddəs Kitab dərsi keçdiyim Doratin adlı cavan bir ana rayon toplantısında vəftiz oldu».
«SƏNƏ KÖMƏK EDƏCƏYƏM»
Bu könüllülərin də həyatından göründüyü kimi, biz maneələri aşıb xidmətimizi genişləndirəndə Yehovanın Əşiya 41:10 ayəsində verdiyi vədi öz üzərimizdə hiss edirik. Ayədə deyilir: «Sənə qüvvət verəcəyəm, sənə kömək edəcəyəm». Bunun sayəsində Yehova ilə dostluğumuz möhkəmlənir. Bundan əlavə, həm öz yaşadığımız yerdə, həm də başqa ölkədə könüllü kimi xidmət etməklə özümüzü Cənnətdə bizi gözləyən yeni tapşırıqlara hazırlayırıq. Yuxarıda adı çəkilən Didya qardaş bununla bağlı belə deyir: «Tələbat olan ərazidə xidmət etmək gələcəyə hazırlaşmaq üçün bir təlim kursudur». Arzu edirik ki, tezliklə daha çox könüllü bu tədris proqramına qoşulsun!
^ abz. 4 Könüllülər bu ölkələrdəndir: Kanada, Çexiya Respublikası, Fransa, Almaniya, Qvadelupa, Lüksemburq, Yeni Kaledoniya, İsveç, İsveçrə, Birləşmiş Krallıq, Birləşmiş Ştatlar.
^ abz. 8 Bu məktəb «Padşahlıq Müjdəçiləri Məktəbi» ilə əvəz olunub. Başqa ölkədə xidmət edən və müvafiq tələblərə cavab verən təbliğçilər öz ölkələrində və ya başqa ölkədə onların dilində keçirilən bu məktəbdə təlim almaq istəyirlərsə, ərizə doldura bilərlər.