Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 4

Sadə mərasimdən səmavi Padşahımız haqda nə öyrənirik?

Sadə mərasimdən səmavi Padşahımız haqda nə öyrənirik?

«Bu, mənim bədənimi təmsil edir... [Bu] axıdılacaq qanımı, “əhd qanını” təmsil edir» (MƏT. 26:26—28).

NƏĞMƏ 16 Xilaskar padşaha görə Yehovaya həmd olsun

İCMAL *

1, 2. a) Nə üçün İsa Məsihin ölümünü anmaq üçün təsis etdiyi mərasimin sadə olması təəccüblü deyil? b) İsa Məsihin hansı xüsusiyyətləri haqda danışacağıq?

SÖZSÜZ Kİ, çoxlarınız İsa Məsihin ölümünü anma mərasiminin necə keçirildiyini asanlıqla təsvir edə bilərsiniz. Çünki mərasim çox sadə keçirilir. Bəs olduqca mühüm olan bu mərasimin bu qədər sadə şəkildə qeyd olunmasına səbəb nədir?

2 Yer üzündə xidmət etdiyi vaxt İsa Məsih mühüm həqiqətləri sadə, aydın və başa düşülən tərzdə izah edirdi (Mət. 7:28, 29). Ölümünü anmaq * üçün təsis etdiyi mərasim sadə, eyni zamanda məna kəsb edən tərzdə idi. Gəlin anma mərasimi haqda, həmçinin Məsihin söylədiyi və etdiyi şeylər barədə dərindən düşünək. Onda onun necə təvazökar, cəsarətli və məhəbbətli olduğunu daha yaxşı anlayacaq və ona daha çox bənzəmək üçün nə etməli olduğumuzu biləcəyik.

İSA MƏSİH TƏVAZÖKARDIR

Anma mərasimində istifadə olunan çörək və şərab İsa Məsihin uğrumuzda həyatını qurban verdiyini və hal-hazırda göydə Padşah olduğunu xatırladır (3—5 abzaslara baxın)

3. Mətta 26:26—28 ayələrinə əsasən, İsa Məsihin təsis etdiyi mərasim nə dərəcədə sadə idi və onun istifadə etdiyi iki əsas simvol nəyi təmsil edir?

3 İsa Məsih ölümünü anmaq üçün mərasimi 11 sadiq həvarisinin iştirakı ilə təsis etmişdi. O, Pasxa yeməyində süfrəyə qoyulan nemətlərdən götürüb sadə mərasim keçirmişdi. (Mətta 26:26—28 ayələrini oxuyun.) İsa yalnız mayasız çörək və şərabdan istifadə etmişdi. O, həvarilərinə bu iki simvolun onun bədənini və tezliklə onların uğrunda axıdılacaq qanını təmsil etdiyini izah etmişdi. Çox yəqin, yeni mərasimin bu qədər sadə olması həvariləri təəccübləndirməmişdi. Gəlin görək nə üçün.

4. Məsihin Martaya verdiyi məsləhət anma mərasiminin sadə olmasının səbəbini anlamağa necə kömək edir?

4 Bundan bir neçə ay öncə, xidmətinin üçüncü ilində Məsih yaxın dostları olan İlazər, Marta və Məryəmgili ziyarət edən vaxt baş verənlərə nəzər salaq. Dostlarının əhatəsində, rahat şəraitdə İsa təlim verməyə başlayır. Marta da orada idi, amma başı hörmətli qonağına yeyib-içmək hazırlamağa qarışmışdı. İsa bunu görüb mülayimliklə ona düzəliş verir, çoxlu yemək hazırlamağın mütləq olmadığını izah edir (Luka 10:40—42). Daha sonra, həyatını qurban verməzdən bir necə saat öncə o, Martaya verdiyi məsləhətə uyğun davranır. Anma mərasimindəki süfrə sadə idi. Bundan İsa Məsih haqda nə öyrənirik?

5. Şam yeməyinin sadə olmasından İsa Məsih haqda nə öyrənirik və bu, Filippililərə 2:5—8 ayələrinə necə uyğundur?

5 İsa Məsihin hər sözü, hər hərəkəti təvazökarlıq saçırdı. Buna görə də onun yer üzü həyatının sonuncu gecəsində böyük təvazökarlıq göstərməsi heç də təəccüblü deyil (Mət. 11:29). Məsih bəşər tarixində ən böyük qurbanı vermək üzrə olduğunu və Yehovanın onu dirildib göydə şanlı mövqeyə ucaldacağını bilirdi. Bununla belə, o, ölümünü anmaq üçün mürəkkəb mərasim təşkil edərək özünə yersiz diqqət çəkmək istəmədi. Əksinə, şagirdlərinə ildə bir dəfə bu sadə şam yeməyi vasitəsilə onu anmağı buyurdu (Yəh. 13:15; 1 Kor. 11:23—25). Sadə, eyni zamanda mərasimə uyğun olan şam yeməyi İsa Məsihin lovğa biri olmadığını göstərir. Nə xoşbəxtik ki, təvazökarlıq səmavi Padşahımızın ən səciyyəvi xüsusiyyətlərindəndir. (Filippililərə 2:5—8 ayələrini oxuyun.)

6. Çətinliklər zamanı Məsihin təvazökarlığını necə təqlid edə bilərik?

6 Məsihin təvazökarlığını necə örnək ala bilərik? Başqalarının rifahını özümüzünkündən üstün tutaraq (Filip. 2:3, 4). İsanın yer üzündə keçirdiyi sonuncu gecəni xatırlayaq. O, tezliklə əzab çəkərək öləcəyini bilsə də, ondan ötrü yasa batacaq sadiq həvarilərinə görə narahatçılıq keçirirdi. Buna görə də sonuncu gecəsini həvariləri ilə keçirərək onlara təlim vermiş, ruhlandırmış və imanlarını möhkəmləndirmişdi (Yəh. 14:25—31). Məsih özündən çox başqalarının rifahını düşünməklə əsl təvazökarlıq göstərmişdi. O bizim üçün necə də gözəl örnəkdir!

İSA MƏSİH CƏSARƏTLİDİR

7. «Ağanın şam yeməyi» mərasimini təsis edəndən sonra İsa Məsih necə cəsarət göstərdi?

7 «Ağanın şam yeməyi» mərasimini təsis edəndən sonra İsa Məsih möhtəşəm cəsarət göstərmişdi. Necə? Məsih Atasının onunla bağlı iradəsini yerinə yetirməyə razı oldu, halbuki nəticədə küfr söyləməkdə ittiham olunaraq rüsvaycasına edam olunacağını bilirdi (Mət. 26:65, 66; Luka 22:41, 42). O, Yehovanın adını ucaltmaq, Onun hakimiyyətini dəstəkləmək və tövbə edən saysız-hesabsız insanın əbədi yaşamasına yol açmaq üçün tam sədaqət göstərdi. Eyni zamanda, davamçılarını tezliklə üzləşəcəkləri vəziyyətlərə hazırladı.

8. a) İsa Məsih sadiq həvarilərinə nə söyləmişdi? b) Məsihin ölümündən sonrakı illər ərzində davamçıları onun cəsarət nümunəsini necə izləyirdilər?

8 İsa Məsih bütün narahatçılıqlarını bir kənara qoyub diqqətini sadiq həvarilərinin ehtiyaclarına yönəltməklə də cəsarət göstərmişdi. Yəhudanı yola saldıqdan sonra İsanın təsis etdiyi sadə mərasim məsh olunacaq davamçılarına onun axıdılacaq qanının faydasını və onunla yeni əhdə daxil olduqlarını xatırladacaqdı (1 Kor. 10:16, 17). İsa davamçılarının onunla birgə göydə yaşamağa layiq olmalarına kömək etmək üçün həm özünün, həm də Allahın onlardan nə gözlədiyini izah etmişdi (Yəh. 15:12—15). O həmçinin onları qarşıda gözləyən çətinliklərdən xəbərdar etmişdi. Sonra özünü nümunə gətirərək, şagirdlərini cəsarətli olmağa səsləmişdi (Yəh. 16:1—4a, 33). Uzun illər sonra da İsanın şagirdləri onun fədakarlıq nümunəsini izləyir və cəsarət göstərirdilər. Hətta əziyyət çəkmək bahasına olsa belə, müxtəlif sınaqlar zamanı bir-birinə dayaq olurdular (İbr. 10:33, 34).

9. Cəsarət göstərməkdə Məsihdən necə nümunə götürə bilərik?

9 Eynilə, biz də İsa Məsihin cəsarət nümunəsini izləyirik. Məsələn, etiqadlarına görə təqib olunan dindaşlarımıza dəstək olmaq cəsarət tələb edir. Bəzən haqsız yerə dindaşlarımızı həbs edirlər. Bu zaman onlara kömək etmək, yeri gələndə, onları müdafiə etmək üçün əlimizdən gələni etməliyik (Filip. 1:14; İbr. 13:19). Həmçinin «cəsarətlə» təbliğ etməyə davam etməklə də cəsur olduğumuzu göstəririk (Həv. 14:3). İsa Məsih kimi, biz də təqiblərə, maneələrə baxmayaraq, Padşahlıq haqda xəbəri bəyan etməyə əzmliyik. Düzdür, bəzən cəsarətimizin çatmadığı məqamlar da olur. Bəs belə məqamlarda nə etməliyik?

10. Anma mərasimindən öncəki həftələr nə etməliyik və nəyə görə?

10 Məsihin fidyə qurbanlığı sayəsində yaranan ümidimiz barədə düşünməklə cəsarətimizi möhkəmləndirə bilərik (Yəh. 3:16; Efes. 1:7). Anma mərasimindən öncəki həftələr ərzində fidyəyə görə minnətdarlığımızı artırmaq üçün xüsusi imkanımız var. Bu müddətdə anma mərasimi ilə əlaqədar Müqəddəs Kitabı qiraət edin və dua edərək Məsihin ölümündən öncə baş verən hadisələr üzərində düşünün. Beləcə, «Ağanın şam yeməyi» mərasimində istifadə olunan simvolların mahiyyətini və onların təmsil etdiyi fidyə qurbanlığının nə qədər dəyərli olduğunu daha yaxşı anlayacaqsınız. Yehova Allahın və İsa Məsihin bizim üçün nələr etdiyini, bunun bizə və doğmalarımıza necə fayda gətirdiyini dərk edəndə gələcəyə olan ümidimiz möhkəmlənir və sona qədər dözmək üçün cəsarətimiz artır (İbr. 12:3).

11, 12. Nələri öyrəndik?

11 Deməli, öyrəndik ki, «Ağanın şam yeməyi» mərasimi bizə təkcə uğrumuzda verilən fidyə qurbanlığını yox, həmçinin Məsihin təvazökarlıq və cəsarət kimi əvəzsiz xüsusiyyətlərini də xatırladır. Bizdən ötrü Allaha yalvaran Baş Kahinimizin bu xüsusiyyətləri təzahür etdirməyə davam etdiyini bilmək ürəyimizi şükranla doldurur (İbr. 7:24, 25). Minnətdarlığımızı bildirmək üçün Məsihin ölümünü anma mərasimini sədaqətlə, onun buyurduğu kimi qeyd etməliyik (Luka 22:19, 20). İlin ən əlamətdar tarixi olan bu günü nisan ayının 14-nə təsadüf edən gündə qeyd edirik.

12 Sadə şəkildə keçirilən «Ağanın şam yeməyi» mərasimindən Məsihi bizim uğrumuzda ölməyə təşviq edən daha bir xüsusiyyət barədə öyrənirik. Yer üzündə yaşadığı müddətdə o, bu xüsusiyyəti ilə tanınırdı. Söhbət hansı xüsusiyyətdən gedir?

İSA MƏSİH MƏHƏBBƏTLİDİR

13. Yəhya 15:9 və 1 Yəhya 4:8—10 ayələri Yehova Allahın və İsa Məsihin göstərdiyi məhəbbəti necə təsvir edir və onların məhəbbətindən kimlər bəhrələnir?

13 İsa Məsih gördüyü hər bir işdə Yehova Allahın bizə olan dərin məhəbbətini mükəmməl şəkildə əks etdirirdi. (Yəhya 15:9; 1 Yəhya 4:8—10 ayələrini oxuyun.) Üstəlik, o, həyatını uğrumuzda qurban verməyi səmimi qəlbdən istəmişdi. Məsh olunmuş, yaxud «başqa qoyunlar»dan olmağımızdan asılı olmayaraq, hər birimiz Yehova Allahın və Oğlunun bu qurbanlıq vasitəsilə göstərdiyi məhəbbətdən bəhrələnirik (Yəh. 10:16; 1 Yəh. 2:2). Anma mərasimində istifadə olunan simvollar haqda düşünək; onlar da Məsihin davamçılarına duyduğu məhəbbətdən və anlayışdan xəbər verir. Gəlin görək necə.

Məsihin anma mərasimini sadə şəkildə təsis etməsi sayəsində davamçıları əsrlər ərzində müxtəlif şəraitlərdə onun ölümünü ana biliblər (14—16 abzaslara baxın) *

14. İsa Məsih şagirdlərinə məhəbbətini hansı yolla göstərdi?

14 İsa Məsihin mürəkkəb adətləri olan ayin yox, sadə şam yeməyi təsis etməsi də məsh olunmuş davamçılarına duyduğu məhəbbəti göstərir. Zamanla, hər il anma mərasimini keçirməli olan məsh olunmuşlar bu günü müxtəlif şəraitlərdə, hətta həbsdə belə keçirməli oldular (Vəhy 2:10). Onlar Məsihin göstərişinə itaət edə bildilər? Əlbəttə!

15, 16. Bəziləri çətin şəraitdə olmalarına baxmayaraq, «Ağanın şam yeməyi» mərasimini necə keçirə bilmişdilər?

15 Birinci əsrdən bu günə qədər həqiqi məsihilər anma mərasimini qeyd etmək üçün əllərindən gələni edirlər. Onlar hətta ağır şəraitlərdə belə, «Ağanın şam yeməyi» mərasimini göstərişə uyğun keçirməyə çalışıblar. Gəlin növbəti nümunələrə nəzər salaq. Çində təkadamlıq kamerada həbsdə olan Harold Kinq qardaş Məsihin anma mərasimini keçirməyin yolunu tapmışdı. O, xəlvətcə əlində olanlardan anma mərasimi üçün simvollar hazırlamışdı. Həmçinin mərasimin tarixini bacardığı qədər dəqiq hesablamağa çalışmışdı. Həmin gün yetişəndə o, öz kamerasında nəğmə oxumuş, dua etmiş, Müqəddəs Kitaba əsaslanan məruzə söyləyərək anma mərasimini qeyd etmişdi.

16 Başqa bir nümunəyə nəzər salaq. İkinci Dünya müharibəsi zamanı həbs düşərgəsində olan bir qrup bacımız «Ağanın şam yeməyi» mərasimini qeyd etmək üçün həyatlarını təhlükəyə atmışdı. Amma şam yeməyi sadə olduğundan mərasimi gizlincə qeyd edə bilmişdilər. Onlar deyir: «Bir kətilin üstünə ağ örtük sərib, simvolları da üstündə qoyub dairəvi şəkildə ətrafına toplaşmışdıq. İşıq bizi ələ verməsin deyə, şam yandırmışdıq... Orada bütün gücümüzü Allahın müqəddəs adına bəraət qazandırmağa həsr edəcəyimizə bir daha söz verdik». Onlar necə də möhtəşəm iman göstərmişdilər! İsa Məsihin anma mərasimini hətta çətin şəraitdə belə keçirə biləcəyimiz tərzdə təsis etməsi onun məhəbbətinin təcəssümüdür.

17. Özümüzə hansı sualları verə bilərik?

17 Anma mərasimi yaxınlaşdıqca yaxşı olar ki, özümüzə növbəti sualları verək: «Məhəbbət göstərməkdə İsa Məsihə daha çox bənzəmək üçün nə edə bilərəm? Özümdən çox başqalarının rifahını düşünürəm? Bacı-qardaşlarımdan bacardıqlarından artığını gözləyirəm, yoxsa onların məhdudiyyətlərini nəzərə alıram?» Gəlin həmişə İsa Məsihə bənzəyək və bir-birimizin dərdinə şərik olaq (1 But. 3:8).

MƏSİHİN TƏVAZÖKARLIĞINI, CƏSARƏTİNİ VƏ MƏHƏBBƏTİNİ TƏQLİD EDİN

18, 19. a) Nəyə əmin ola bilərik? b) Nəyə qəti qərarlısınız?

18 Məsihin ölümünü anma mərasimini həmişə qeyd etməyəcəyik. İsa Məsih böyük müsibət zamanı gələndə seçilmişlərini yığıb göyə aparacaq və anma mərasiminin keçirilməsi dayandırılacaq (1 Kor. 11:26; Mət. 24:31).

19 Əmin ola bilərik ki, hətta anma mərasimi artıq keçirilməyəndə belə, Yehovanın xalqı bu şam yeməyini bir nəfərin göstərdiyi ən böyük təvazökarlıq, cəsarət və məhəbbət təcəssümü olaraq xatırlayacaq. Şübhəsiz ki, bu xüsusi mərasimi qeyd edənlər onun haqda həmin vaxt yaşayanlara danışacaqlar. Lakin hal-hazırda anma mərasimindən bəhrələnmək üçün Məsihin təvazökarlığını, cəsarətini və məhəbbətini izləməyə əzmli olmalıyıq. Onda Yehova Allahdan mükafat alacağımıza əmin ola bilərik (2 But. 1:10, 11).

NƏĞMƏ 13 Məsih bizə örnəkdir

^ abz. 5 Tezliklə İsa Məsihin ölümünü anmaq üçün «Ağanın şam yeməyi» mərasiminə qatılacağıq. Bu sadə mərasim bizə Məsihin təvazökarlığı, cəsarəti və məhəbbəti barədə çox şey öyrədir. Məqalədə onun bu dəyərli xüsusiyyətlərini necə örnək ala biləcəyimiz araşdırılır.

^ abz. 2 BƏZİ İFADƏLƏRİN İZAHI: Anmaq ifadəsi vacib bir hadisəni və ya insanı yad etmək və şərəfə yüksəltmək üçün xüsusi bir şey etmək mənasını verir.

^ abz. 56 ŞƏKİLİN İZAHI: Anma mərasimini qeyd edən sadiq xidmətçilərin təsviri: birinci əsrdəki yığıncaq; 1800-cü illərin sonları; nasist həbs düşərgəsi; müasir dövr, isti iqlimi olan Cənubi Amerika ölkəsində açıq tipli ibadət evi.