Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 1

«Təlaşa düşmə, sənin Allahın Mənəm»

«Təlaşa düşmə, sənin Allahın Mənəm»

«Qorxma, Mən səninləyəm. Təlaşa düşmə, sənin Allahın Mənəm. Sənə qüvvət verəcəyəm, sənə kömək edəcəyəm» (ƏŞY. 41:10).

NƏĞMƏ 7 Yehova gücümüz, qüvvətimiz

İCMAL *

1, 2. a) Əşiya 41:10 ayəsində yazılmış sözlər Yoşiko bacıya necə kömək etmişdi? b) Yehova bu sözləri kimlər üçün yazdırıb?

YOŞİKO adlı sədaqətli bir bacı bəd xəbər alır. Həkim ona deyir ki, ömrünə cəmi bir neçə ay qalıb. Bacı bu xəbəri eşidəndə hansı hissləri keçirir? O, Müqəddəs Kitabda sevdiyi bir ayəni, Əşiya 41:10 ayəsini xatırlayır. (Ayəni oxuyun.) Sonra o, həkimə sakit tərzdə bildirir ki, ölümdən qorxmur, çünki Yehova onun əlindən möhkəm tutub *. Bu ayədə yazılmış təsəlliverici sözlər bacımıza Yehovaya tam arxalanmağa kömək etdi. Əşiya 41:10 ayəsi eynilə bizə də şiddətli sınaqlar zamanı sakitliyimizi qorumağa kömək edə bilər. Ayənin bizə necə kömək edə biləcəyini başa düşmək üçün ilk növbədə Yehovanın Əşiya peyğəmbərə bu sözləri nəyə görə nazil etdiyini araşdıraq.

2 Yehova Əşiya peyğəmbərə bu sözləri gələcəkdə Babilə əsir aparılacaq yəhudilərə təsəlli vermək məqsədilə yazdırmışdı. Lakin Yehova bu ayəni təkcə onlar üçün yox, o gündən bu günə yaşamış bütün xidmətçiləri üçün yazdırıb (Əşy. 40:8; Rom. 15:4). Bu gün biz son dərəcə çətin bir vaxtda yaşayırıq. Bu isə o deməkdir ki, Əşiya kitabında yazılmış ruhlandırıcı sözlərə heç vaxt olmadığı qədər ehtiyacımız var (2 Tim. 3:1).

3. a) Əşiya 41:10 ayəsində hansı vədlər var? b) Nəyə görə bu vədlərə ehtiyac duyuruq?

3 2019-cu ilin ayəsi kimi seçilmiş Əşiya 41:10 ayəsində Yehovanın verdiyi üç vədə * diqqət yetirəcəyik. Ayədə deyilir: 1) «Mən səninləyəm»; 2) «sənin Allahın Mənəm»; 3) «sənə kömək edəcəyəm». İmanı möhkəmləndirən bu vədlərə hər birimizin ehtiyacı var, çünki Yoşiko bacı kimi, biz də həyatda sınaqlarla, çətinliklərlə üzləşirik. Üstəlik, dünyada hökm sürən ağır vəziyyətə qatlaşmalı oluruq. Bəzilərimiz isə hətta hökumət tərəfindən təqiblərə məruz qalırıq. Gəlin bu üç vədi bir-bir araşdıraq.

«MƏN SƏNİNLƏYƏM»

4. a) Araşdıracağımız ilk vəd hansıdır? (Həmçinin haşiyəyə baxın.) b) Yehova bizə duyduğu hissləri hansı sözlərlə ifadə edir? c) Yehovanın dediyi sözlər sizə necə təsir bağışlayır?

4 Yehova bizə ilk olaraq bu sözlərlə təskinlik verir: «Qorxma, Mən səninləyəm» *. Allahımız bizimlə olduğunu bütün diqqətini bizə yönəltməklə və bizə dərin məhəbbət bəsləməklə göstərir. Onun bizə necə nəvazişlə yanaşdığını növbəti sözlərdən görmək olar: «Mənə əziz oldun, səni şərəfləndirdim, səni sevdim» (Əşy. 43:4). Kainatda heç bir qüvvə Yehovanın Öz xidmətçilərinə məhəbbət bəsləməsinə mane ola bilməz! Onun bizə olan sədaqəti sarsılmazdır (Əşy. 54:10). Məhəbbəti və dostluğu bizdə cəsarət hasil edir. Yehova dostu İbramı (İbrahim) qoruduğu kimi, bizi də qoruyacaq. O demişdi: «Qorxma, İbram, sənin qalxanın Mənəm» (Yar. 15:1).

Yehovanın köməyi sayəsində biz üzərimizə çay kimi axıb gələn problemlərdən və odlu-alovlu sınaqlardan keçə bilərik (5 və 6-cı abzaslara baxın) *

5, 6. a) Yehovanın üzləşdiyimiz sınaqlar zamanı bizə kömək etmək istədiyini haradan bilirik? b) Yoşiko bacının nümunəsindən nə öyrənirik?

5 Bilirik ki, Yehova üzləşdiyimiz sınaqlara qarşı biganə deyil, O bizə kömək əli uzatmaq istəyir. Bunu xalqına verdiyi növbəti vəddən görmək olar: «Suyun içindən keçsən də, səninlə olacağam, çaylardan keçsən də, batmayacaqsan, odun içindən keçsən də, yanmayacaqsan, alov səni qarsamayacaq» (Əşy. 43:2). Bu sözlər nə məna kəsb edir?

6 Yehova həyatımızı çətinləşdirən problemləri aradan qaldıracağına söz vermir. Bununla belə, O, çay kimi axıb gələn problemlərin içərisində boğulmağımıza, odlu-alovlu sınaqların bizə sağalmaz yara vurmasına izin verməyəcək. Yehova bizimlə olacağına, çətinliklərdən keçməyə kömək edəcəyinə zəmanət verir. O, bunu necə edəcək? Yehova qorxularımızı aşmağa kömək edəcək ki, biz istənilən vəziyyətdə, hətta ölümlə üz-üzə olanda belə, Ona sadiq qalaq (Əşy. 41:13). Yuxarıda adı çəkilən Yoşiko bacı bunu öz üzərində hiss etmişdi. Onun qızı deyir: «Anamın necə sakit olması bizi heyran qoymuşdu. Biz aydın görürdük ki, Yehova ona qəlb rahatlığı verib. Anam öldüyü günə qədər tibb bacılarına və pasientlərə Yehova və Onun vədləri haqda danışırdı». Yoşiko bacının nümunəsindən nə öyrənirik? Allahın «Mən səninləyəm» vədinə etibar etməyimiz sınaqlar zamanı bizi də cəsarətli və mətin edəcək.

«SƏNİN ALLAHIN MƏNƏM»

7, 8. a) Araşdıracağımız ikinci vəd hansıdır və bu vədin mənası nədir? b) Nəyə görə Yehova yəhudilərə «təlaşa düşmə» demişdi? c) Əşiya 46:3, 4 ayələrindəki hansı sözlər Allahın xalqına qorxmamağa kömək etmişdi?

7 Əşiya peyğəmbərin qələmə aldığı ikinci vədə diqqət yetirək: «Təlaşa düşmə, sənin Allahın Mənəm». Bu sözlərin mənası nədir? Ayədəki «təlaş» sözü orijinal dildə «hansısa təhlükədən qorxaraq tez-tez geriyə boylanmaq» və ya «təhlükəli vəziyyətdə olan insan kimi panikaya düşmək» mənasını daşıyır.

8 Nə üçün Yehova onlara «təlaşa düşmə» demişdi? Sürgündə olacaq yəhudilərin təlaşa düşməsinə nə səbəb ola bilərdi? Yehova bilirdi ki, 70 illik sürgünün sonuna yaxın Mada-Fars ordusu Babilə hücum edən vaxt oranın bütün sakinləri qorxuya qapılacaq. Lakin Yehova bu ordu vasitəsilə xalqını Babil əsarətindən qurtaracaqdı (Əşy. 41:2—4). Mada-Fars ordusu yaxınlaşanda babillilər və ətraf xalqların camaatı bir-birinə cəsarət verib «möhkəm ol» deyirdi. Onlar həmçinin çoxlu bütlər düzəldir və bütlərin onları qoruyacağına ümid edirdilər (Əşy. 41:5—7). Sürgündə olan yəhudilər isə Yehovanın Əşiya vasitəsilə deyilmiş sözlərindən təskinlik tapırdılar: «Sən isə, ey İsrail, [qonşularından fərqli olaraq] Mənim qulumsan... Təlaşa düşmə, sənin Allahın Mənəm» (Əşy. 41:8—10). Diqqət yetirin ki, Yehova «sənin Allahın Mənəm» demişdi. Bu sözlərlə O, sadiq xidmətçilərini unutmadığına əmin edirdi, yəni Yehova hələ də onların Allahı, onlar isə hələ də Onun xalqı idi. Yehova demişdi: «Sizi gəzdirəcəyəm,.. sizi xilas edəcəyəm». Şübhəsiz, bu təsəlliverici və ruhlandırıcı sözlər sürgündə olan yəhudilərə güc verirdi. (Əşiya 46:3, 4 ayələrini oxuyun.)

9, 10. Nə üçün qorxuya qapılmaq lazım deyil? Nümunə çəkin.

9 Dünyadakı vəziyyətin get-gedə pisləşməsi hələ heç vaxt insanları bu qədər narahat etməmişdi. Əlbəttə, baş verənlər bizdən də yan keçmir. Amma biz qorxmamalıyıq, çünki Yehova deyir: «Sənin Allahın Mənəm». Nəyə görə bu sözlər sakitliyimizi qorumağımız üçün güclü səbəbdir?

10 Gəlin belə bir nümunəyə diqqət yetirək: Arif və Fərid adlı iki sərnişin təyyarə ilə uçur. Birdən qasırğa təyyarəni yuxarı-aşağı silkələməyə başlayır. Bu zaman pilot sərnişinlərə müraciət edir: «Təhlükəsizlik kəmərlərini bağlı saxlayın. Turbulent zonadan keçirik». Arif çox narahat olur. Sonra pilot əlavə edir: «Danışan sizin pilotunuzdur. Hər şey nəzarət altındadır, təlaşa düşməyin». Elə bu məqamda Arif başını yelləyərək deyir: «O, necə zəmanət verə bilər?» Lakin Fəridin heç narahat olmadığını görüb soruşur: «Sən niyə belə rahatsan?» Fərid gülümsəyərək deyir: «Çünki pilotu yaxşı tanıyıram. O mənim atamdır! Onu tanısan, nəyə qadir olduğunu bilsən, sən də mənim kimi rahat olarsan. Gəl sənə atam haqda danışım».

11. İki sərnişinlə bağlı nümunədən nə öyrənirik?

11 Bu nümunədən nə öyrənirik? Fərid kimi, biz də sakitik, çünki səmavi Atamız Yehovanı çox yaxşı tanıyırıq. Bilirik ki, O, axırzamanda üzləşdiyimiz qasırğayabənzər problemlərdən sağ-salamat keçməyimiz üçün bizə bələdçilik edəcək (Əşy. 35:4). Bütün dünya qorxuya qapılsa da, Yehovaya etibar etdiyimiz üçün bizim ürəyimiz sakitdir (Əşy. 30:15). Bundan əlavə, biz də Fərid kimi Allaha nə üçün güvəndiyimizin səbəblərini insanlarla bölüşürük. Beləcə, onlar da hansı çətinliklərlə üzləşirlər-üzləşsinlər, Yehovanın onlara dəstək olacağına əmin ola bilərlər.

«SƏNƏ QÜVVƏT VERƏCƏYƏM, SƏNƏ KÖMƏK EDƏCƏYƏM»

12. a) Araşdıracağımız üçüncü vəd hansıdır? b) Yehovanın «qolu» ifadəsi bizə hansı faktı xatırladır?

12 Gəlin Əşiya peyğəmbərin qələmə aldığı üçüncü vədin üzərində düşünək: «Sənə qüvvət verəcəyəm, sənə kömək edəcəyəm». Əşiya peyğəmbər Yehovanın xalqına necə qüvvət verəcəyini, necə gücləndirəcəyini növbəti sözlərlə artıq təsvir etmişdi: «Yehova güc-qüdrətlə gəlir, Onun qolu hakimiyyət sürəcək» (Əşy. 40:10). Müqəddəs Kitabda «qol» ifadəsi məcazi məna daşıyıb, çox vaxt güc-qüdrəti bildirir. Ona görə də Yehovanın «qolu hakimiyyət sürəcək» ifadəsi Onun qüdrətli Padşah olduğundan xəbər verir. Yehova keçmişdə xidmətçilərinə dayaq olmaq və onları müdafiə etmək üçün hədsiz gücündən istifadə etmişdi. O, bu gün də Ona iman edən, başqa sözlə, Ona bel bağlayan insanlara güc verməyə və qorumağa davam edir (Qan. 1:30, 31; Əşy. 43:10).

Yehovanın güclü qolu qarşısında heç bir silah kara gəlməyəcək (12—16 abzaslara baxın) *

13. a) Yehova bizə qüvvət verəcəyi ilə bağlı vədini xüsusilə nə vaxt yerinə yetirir? b) Hansı zəmanət bizə güc və əminlik verir?

13 Yehova «sənə qüvvət verəcəyəm» vədini xüsusilə düşmənlər bizi təqib edəndə yerinə yetirir. Bu gün dünyanın bəzi yerlərində düşmənlərimiz təbliğ işini dayandırmaq və təşkilatımıza qadağa qoymaq üçün dəridən-qabıqdan çıxır. Biz hətta belə hücumlar zamanı da həddən artıq narahat olmuruq. Yehovanın bizə verdiyi zəmanət bizdə güc, əminlik hasil edir. O vəd edir: «Sənə qarşı düzəldilən heç bir silah kara gəlməyəcək» (Əşy. 54:17). Bu ayə bizə üç vacib faktı xatırladır.

14. Allahın düşmənlərinin bizə hücum etməsi nə üçün bizi təəccübləndirmir?

14 Əvvəla, Məsihin davamçıları olduğumuz üçün insanların bizə nifrət edəcəyini bilirik (Mət. 10:22). İsa Məsih demişdi ki, axırzamanda onun şagirdləri şiddətli təqiblərə məruz qalacaq (Mət. 24:9; Yəh. 15:20). İkincisi, Əşiyanın peyğəmbərliyi bizi xəbərdar edir ki, düşmənlərimiz bizə nifrət etməkdən əlavə, bizə qarşı müxtəlif silahlar istifadə edəcək. Bu silahlara yalana həqiqət donu geyindirmək, bizim haqda ağ yalanlar yaymaq və amansız təqiblər daxildir (Mət. 5:11). Yehova bizimlə müharibə aparan düşmənlərimizin bu silahlardan istifadə etməsinin qarşısını almayacaq (Efes. 6:12; Vəhy 12:17). Amma qorxmağa ehtiyac yoxdur. Nəyə görə?

15, 16. a) Yadda saxlamalı olduğumuz üçüncü fakt hansıdır və Əşiya 25:4, 5 ayələri bu faktı necə təsdiqləyir? b) Əşiya 41:11, 12 ayələri bizə qarşı döyüşənlərin aqibətini necə təsvir edir?

15 Yadda saxlamalı olduğumuz üçüncü fakta nəzər salaq. Yehova bildirir ki, bizə «qarşı düzəldilən heç bir silah kara gəlməyəcək». Divar bizi güclü leysandan qoruduğu kimi, Yehova da bizi «zalımların nəfəsi»ndən qoruyacaq. (Əşiya 25:4, 5 ayələrini oxuyun.) Düşmənlərimiz bizə heç vaxt sağalmaz yara vura bilməyəcək (Əşy. 65:17).

16 Bundan əlavə, Yehova Ona etibarımızı daha da artırmağımız üçün bizə «kin bəsləyənlərin» aqibətini xırdalığına qədər təsvir edir. (Əşiya 41:11, 12 ayələrini oxuyun.) Düşmənlərimiz bizə qarşı nə qədər qəzəblə döyüşsələr də, bizimlə apardıqları müharibə nə qədər güclü olsa da, nəticə eyni olacaq: Allahın xalqının bütün düşmənləri «yox olacaq, məhv olacaq».

YEHOVAYA ETİBARIMIZI ARTIRAQ

Müqəddəs Kitabdan Yehova haqda müntəzəm oxumaqla Ona etibarımızı artıra bilərik (17 və 18-ci abzaslara baxın) *

17, 18. a) Müqəddəs Kitabı oxumaq Yehovaya etibarımızı necə artırır? Nümunə çəkin. b) 2019-cu ilin ayəsi üzərində dərin düşünmək bizə necə kömək edə bilər?

17 Yehovanı daha yaxından tanıdıqca Ona olan etibarımız artacaq. Allahı doğrudan da yaxşı tanımağın yeganə yolu Müqəddəs Kitabı diqqətlə oxuyub, oxuduqlarımız üzərində düşünməkdir. Müqəddəs Kitabda Yehovanın Öz xalqını keçmişdə necə qoruduğu ilə bağlı dəqiq məlumat qeyd olunub. Bu məlumat Allahın bizi qoruyacağına dair əminliyimizi artırır.

18 Görün Əşiya peyğəmbər Yehovanın bizi müdafiə etdiyini necə gözəl sözlərlə təsvir edir. O, Yehovanı Çoban, xalqını isə quzu adlandıraraq deyir: «Əli ilə quzularını bir yerə toplayacaq, onları qoynunda aparacaq» (Əşy. 40:11). Yehovanın güclü əlləri, qüdrətli qolları ilə bizi necə sardığını duyanda özümüzü rahat, təhlükəsizlikdə hiss edirik. Üzləşdiyimiz problemlərə rəğmən sakitliyimizi qorumağımız üçün ağıllı və sadiq nökər Əşiya 41:10 ayəsini 2019-cu ilin ayəsi seçib: «Təlaşa düşmə, sənin Allahın Mənəm». Bu ruhlandırıcı, təsəlliverici sözlər üzərində dərindən düşünün. Onlar qarşıda gözləyən çətinliklərə sinə gərməyiniz üçün sizi möhkəmləndirəcək.

NƏĞMƏ 38 Allah səni güclü edəcək

^ abz. 5 2019-cu il üçün seçilmiş ayədə istər dünyada, istər şəxsi həyatımızda baş verən xoşagəlməz hadisələr zamanı sakitliyimizi qorumağa kömək edəcək üç vəd yer alır. Məqalədə bu vədləri araşdıracaq, həmçinin narahatlığımızı azaltmağın, Yehovaya etibarımızı isə artırmağın yollarını öyrənəcəyik. İlin ayəsi üzərində dərindən düşünərək onu yaddaşınıza həkk etməyə çalışın. Bu ayə sizə qarşıdakı çətinliklərə sinə gərməyə güc verəcək.

^ abz. 3 BƏZİ İFADƏLƏRİN İZAHI. Vəd nəyinsə mütləq yerinə yetiriləcəyinə dair söz vermə, öhdəyə götürmə deməkdir. Yehovanın vədləri həyatımızda problemlər baş qaldıranda həddindən artıq narahat olmamağa kömək edir.

^ abz. 4 HAŞİYƏ. «Qorxma» ifadəsi üç dəfə — Əşiya 41:10, 13 və 14-cü ayələrdə qeyd olunub. Həmin ayələrdə tez-tez «Mən» (yəni Yehova) sözünə də rast gəlinir. Yehova nəyə görə Əşiya peyğəmbərə «Mən» sözünü bu qədər çox yazdırıb? Vacib bir həqiqəti vurğulamaq üçün: biz yalnız Yehovaya güvəndiyimiz təqdirdə qorxularımıza üstün gələ bilərik.

^ abz. 53 ŞƏKİLİN İZAHI: Bir ailə işdə, səhhətləri ilə bağlı, xidmətdə və məktəbdə sınaqlarla üzləşir.

^ abz. 55 ŞƏKİLİN İZAHI: Yehovanın Şahidlərinin evdə keçirdikləri ibadət görüşünə polislər basqın edir, amma bacı-qardaşlar təlaşa düşmür.

^ abz. 57 ŞƏKİLİN İZAHI: Müntəzəm ailəvi ibadət keçirmək dözüm göstərmək üçün bizə güc verir.