TƏLİM MƏQALƏSİ 3
Ürəyinizi necə qoruya bilərsiniz?
«Hər şeydən çox ürəyini qoru» (MƏS. 4:23).
NƏĞMƏ 36 Ürəyimizi qoruyaq
İCMAL *
1—3. a) Nəyə görə Süleyman Yehovaya əziz idi və o, hansı nemətləri almışdı? b) Bu məqalədə hansı suallara cavab veriləcək?
SÜLEYMAN İsrailin padşahı olanda hələ gənc yaşlarında idi. Hakimiyyətinin əvvəlində Yehova ona yuxuda görünüb demişdi: «Məndən nə istəyirsən dilə, sənə verim». Süleyman isə cavan və naşı olduğunu bildirərək demişdi: «Xalqına hökm etmək... üçün quluna itaətkar ürək ver» (1 Pad. 3:5—10). İtaətkar ürək! Necə də təvazökar xahiş idi! Elə buna görə Süleyman Yehovaya əziz idi (2 İşm. 12:24). Yehova Allah bu gənc padşahın xahişindən o qədər məmnun qalmışdı ki, onun «ürəyinə hikmət, dərrakə» vermişdi (1 Pad. 3:12).
2 Süleyman Yehovaya sadiq olduğu müddətdə Ondan çoxlu nemətlər almışdı. O, «İsrailin Allahı Yehovanın adına» məbəd tikmək şərəfinə layiq görülmüşdü (1 Pad. 8:20). Süleyman Allahın verdiyi hikmət sayəsində məşhurlaşmışdı. Üstəlik, Allahın ilhamı ilə dediyi sözlər Müqəddəs Kitabın üç bölməsində qeydə alınıb. Onlardan biri Məsəllər kitabıdır.
3 Məsəllər kitabında «ürək» sözünə təxminən yüz dəfə rast gəlinir. Misal üçün, Məsəllər 4:23 ayəsində yazılıb: «Hər şeydən çox ürəyini qoru». Bu ayədə «ürək» sözü hansı mənada işlənib? Məqalədə bu suala cavab veriləcək. Həmçinin biz növbəti iki sualın da cavabını tapacağıq: «Şeytan ürəyimizi korlamaq üçün nələr edir? Ürəyimizi necə qoruya bilərik?» Allaha sadiq qalmaq üçün bu vacib sualların cavabını bilməliyik.
«ÜRƏK» NƏDİR?
4, 5. a) «Ürək» sözü altında nə nəzərdə tutulur? b) Fiziki sağlamlığımız daxilən necə insan olduğumuzun vacibliyini necə göstərir?
4 Məsəllər 4:23 ayəsində «ürək» sözü altında insanın daxili varlığı, yəni onun fikirləri, hissləri, niyyətləri və arzuları nəzərdə tutulur. Bizim əslində kim olduğumuzu özümüzü necə göstərməyimiz yox, daxilən necə insan olduğumuz müəyyən edir.
5 Gəlin daxilən necə insan olduğumuzun vacibliyini başa düşmək üçün fiziki sağlamlıqla bağlı nümunəyə nəzər salaq. Əvvəla, fiziki cəhətdən sağlam olmaq üçün düzgün qidalanmalı və müntəzəm idmanla məşğul olmalıyıq. Eynilə, məcazi ürəyimizin sağlam olması üçün ruhani qida qəbul etməli və Yehovaya iman etdiyimizi müntəzəm olaraq göstərməliyik. İmanımızı göstərmək üçün öyrəndiklərimizi tətbiq etməli və etiqadımızı başqaları ilə bölüşməliyik (Rom. 10:8—10; Yaq. 2:26). İkincisi, ola bilsin, kənardan necə göründüyümüzə əsasən, sağlam olduğumuzu düşünək, əslində isə xəstə olaq. Eynilə, mütəmadi olaraq ruhani işlərlə məşğul olduğumuza görə düşünə bilərik ki, imanımız möhkəmdir, halbuki ürəyimizdə yanlış istəklər boy atır (1 Kor. 10:12; Yaq. 1:14, 15). Yadda saxlamalıyıq ki, Şeytanın məqsədi bizi öz düşüncəsinə yoluxdurmaqdır. Bəs o, konkret olaraq hansı üsullara əl atır? Biz özümüzü necə qoruya bilərik?
ŞEYTAN ÜRƏYİMİZİ KORLAMAQ ÜÇÜN NƏ EDİR?
6. Şeytanın məqsədi nədir və o, məqsədinə çatmaq üçün nələr edir?
6 Şeytan istəyir ki, biz də onun kimi üsyankar olub Allahın qanunlarını heçə sayaq, xudbinliklə davranaq. Lakin o bizi özü kimi düşünməyə və davranmağa məcbur edə bilmədiyindən məqsədinə nail olmaq üçün başqa üsullara əl atır. Misal üçün, Şeytan bizi artıq yoldan çıxartdığı insanlarla əhatə edir (1 Yəh. 5:19). Və gözləyir ki, biz pis dostların düşüncə və hərəkətlərimizi pozduğunu bilsək də, onlarla vaxt keçirməyə başlayaq (1 Kor. 15:33, haş.). O bu üsulla Süleyman padşahı yoldan çıxara bilmişdi. Süleyman çoxlu bütpərəst qadınla evlənmişdi, nəticədə arvadları ona güclü təsir göstərmiş və yavaş-yavaş onu Yehovadan uzaqlaşdırmışdı (1 Pad. 11:3).
7. Şeytan öz düşüncə tərzini yaymaq üçün daha nələr edir və nə üçün ehtiyatlı olmalıyıq?
7 Şeytan öz düşüncəsini yaymaq üçün filmlərdən və televiziya proqramlarından istifadə edir. O bilir ki, əhvalatlar, hadisələr bizi sadəcə əyləndirmir, həmçinin düşüncəmizə, hisslərimizə və davranışımıza təsir edir. İsa Məsih dinləyicilərinə vacib dərslər öyrətmək üçün əhvalatlar danışırdı. Elə götürək səməriyyəli haqda çəkdiyi məsəli, yaxud evi tərk edərək mirasını tar-mar edən oğul haqda əhvalatı (Mət. 13:34; Luka 10:29—37; 15:11—32). İsa Məsihdən fərqli olaraq, Şeytanın düşüncə tərzinə yoluxmuş kəslər bu üsulla bizim düşüncəmizi korlamağa çalışa bilər. Biz bu sahədə tarazlı olmalıyıq. Filmlər və televiziya proqramları vasitəsilə düşüncəmizi korlamadan əylənə və nələrsə öyrənə bilərik. Lakin ehtiyatı əldən verməməliyik. Əyləncə seçərkən yaxşı olar ki, özümüzdən soruşaq: «Bu film və ya proqram cismani istəkləri təmin etməyin qəbahət olmadığını təlqin etmir ki?» (Qal. 5:19—21; Efes. 2:1—3). Baxdığınız film və ya proqramın Şeytanın düşüncə tərzini yaydığını hiss edəndə necə davranmalısınız? Yoluxucu xəstəlikdən qorunduğunuz kimi, bu cür əyləncələrdən də özünüzü qoruyun!
8. Valideynlər övladlarına ürəklərini qorumağa necə kömək edə bilər?
8 Əziz valideynlər, sizin üzərinizə böyük məsuliyyət düşür: övladlarınızı onların ürəyini korlamağa çalışan Şeytanın təsirindən qorumalısınız. Çox yəqin ki, övladlarınızı xəstəliklərdən qorumaq üçün əlinizdən gələni edirsiniz. Bunun üçün evi təmiz saxlayır, özünüzün və övladlarınızın xəstələnməsinə səbəb ola biləcək şeyləri tullayırsınız. Eynilə də, uşaqlarınızı Şeytanın düşüncəsinə yoluxduracaq film Məs. 1:8; Efes. 6:1, 4). Odur ki, ailənizdə Müqəddəs Kitab normalarına əsaslanan qaydalar qoymağa çəkinməyin. Məsələn, azyaşlı övladlarınıza nəyə baxmağa icazə verdiyiniz, nəyə icazə vermədiyinizlə bağlı qaydalar qoyun və səbəbini izah edin (Mət. 5:37). Böyüdükcə onlara Yehovanın qayda-qanunlarına əsasən nəyin düzgün, nəyin səhv olduğunu ayırd etməyi öyrədin (İbr. 5:14). Və unutmayın ki, sözlərinizin övladlarınıza böyük təsiri olsa da, əməllərinizin təsiri daha böyükdür! (Qan. 6:6, 7; Rom. 2:21).
və proqramlardan, elektron oyunlardan və internet saytlarından qorumalısınız. Yehova sizə övladlarınızın ruhani sağlamlığının qayğısına qalmaq səlahiyyəti verib (9. Şeytan hansı fikri təlqin edir və bu fikir nəyə görə təhlükəlidir?
9 Şeytan ürəyimizi korlamaq üçün başqa bir üsula da əl atır. O çalışır ki, Yehovanın düşüncə tərzinə yox, insan hikmətinə bel bağlayaq (Kol. 2:8). Misal üçün, Şeytan belə bir fikir təlqin edir: insanın həyatda başlıca amalı varlanmaq olmalıdır. Bu cür düşünənlər varlana da bilər, varlanmaya da. İstənilən halda, onlar təhlükədədirlər. Çünki onların başı pul qazanmağa o qədər qarışa bilər ki, məqsədlərinə nail olmaqdan ötrü sağlamlıqlarını, ailə münasibətlərini, hətta Allahla dostluqlarını da qurban verə bilərlər (1 Tim. 6:10). Hikmətli Yaradanımıza şükürlər olsun ki, bizə pula tarazlı yanaşmağa kömək edir (Vaiz 7:12; Luka 12:15).
ÜRƏYİMİZİ NECƏ QORUYA BİLƏRİK?
10, 11. a) Özümüzü müdafiə etmək üçün nə etməliyik? b) Qədimdə gözətçilər hansı işi görürdü və hansı mənada vicdanımız gözətçiyə bənzəyir?
10 Ürəyimizi qorumaq üçün gərək təhlükələri müəyyən etməyi və cəld özümüzü müdafiə etməyi bacaraq. Məsəllər 4:23 ayəsində «qoru» kimi tərcümə olunan söz qədimdə gözətçilərin gördüyü işi xatırladır. Qədimdə gözətçilər şəhərin qala divarlarının üstündə keşik çəkir və təhlükənin yaxınlaşdığını görən kimi həyəcan təbili çalıb xəbər verirdilər. Bunu bilmək düşüncəmizi korlamağa çalışan Şeytanın qarşısını almaq üçün nə etməli olduğumuzu anlamağa kömək edir.
11 Gözətçilər şəhərin darvaza keşikçiləri ilə sıx əməkdaşlıq edirdi (2 İşm. 18:24—26). Onlar düşmən yaxınlaşanda darvazaları bağlı saxlamaları üçün keşikçilərə xəbər verirdilər və beləcə, birlikdə şəhəri qoruyurdular (Nəh. 7:1—3). Eynilə, düşmənimiz Şeytan ürəyimizi zəbt etməyə çalışanda, başqa sözlə, düşüncəmizə, hisslərimizə, niyyət və arzularımıza təsir etməyə cəhd edəndə Müqəddəs Kitab əsasında tərbiyə olunmuş vicdanımız * gözətçi kimi bizi xəbərdar edir. Vicdanımız həyəcan təbili çalan zaman ona qulaq asmalı və bir növ darvazaları bağlamalıyıq.
12, 13. Nələri etməyə sövq oluna bilərik, bəs necə davranmalıyıq?
12 Şeytanın düşüncə tərzinin bizə sirayət etməməsi üçün nə etməli olduğumuzu bir nümunə əsasında araşdıraq. Yehova bizi öyrədir ki, «əxlaqsızlığın, hər cür natəmizliyin» adını belə çəkməməliyik (Efes. 5:3). Bəs məktəb və ya iş yoldaşlarımız əxlaqsız mövzular barədə danışmağa başlayanda nə edəcəyik? Bilirik ki, «allahsızlığı və bu dünyaya xas istəkləri» rədd etməliyik (Tit. 2:12). Vicdanımız gözətçi kimi bizi xəbərdar edəndə onun səsinə qulaq asacağıq? (Rom. 2:15). Həmin vaxt içimizdən həmyaşıdlarımıza qulaq asmaq, yaxud onların paylaşdığı şəkillərə baxmaq istəyi keçə bilər. Amma bu zaman məcazi dillə desək, şəhər darvazalarını bağlamaq lazımdır. Yəni söhbəti dəyişməli və ya oradan uzaqlaşmalıyıq.
13 Həmyaşıdlarımız bizi pis şeylər haqda düşünməyə və ya pis işlər görməyə sövq edən zaman onlara qarşı durmaq üçün cəsarət gərəkdir. Əmin ola bilərik ki, Yehova apardığımız mübarizəni görür və Şeytanın düşüncə tərzinə qarşı durmağımız üçün bizə güc və hikmət verəcək (2 Saln. 16:9; Əşy. 40:29; Yaq. 1:5). Bəs bundan sonra da ürəyimizi qorumaq üçün nə etməliyik?
GÖZDƏ-QULAQDA OLUN!
14, 15. a) Ürəyimizi nəyə açmalıyıq və bunu necə edə bilərik? b) Məsəllər 4:20—22 ayələri Müqəddəs Kitabın mütaliəsindən tam fayda əldə etməyimizə necə kömək edir? (« Nə barədə düşünə bilərəm?» adlı çərçivəyə baxın.)
14 Ürəyimizi qorumaq üçün onu pis təsirlərə qarşı bağlamaqla yanaşı, yaxşı təsirlərə qarşı açıq saxlamalıyıq. Gəlin qala şəhər nümunəsi üzərində bir daha düşünək. Keşikçi şəhəri düşmən hücumundan qorumaq üçün darvazaları bağlayırdı. Amma eyni zamanda o, ərzaq və digər lazımi şeylərin şəhərə gətirilməsi üçün darvazaları açırdı. Əgər darvazalar heç açılmasaydı, şəhər əhli acından ölərdi. Eynilə, biz də Allahın düşüncə tərzinin ürəyimizə təsir etməsi üçün müntəzəm olaraq ürəyimizin qapılarını açmalıyıq.
15 Müqəddəs Kitabda Allahın düşüncə tərzi qələmə alınıb. Odur ki, hər dəfə Kəlamı oxuyanda Onun düşüncə tərzinin bizim düşüncəmizə, hisslərimizə və davranışımıza təsir etməsinə imkan vermiş oluruq. Müqəddəs Kitabın mütaliəsindən tam fayda əldə etmək üçün nə edə bilərik? Dua etmək vacibdir. Bir bacı deyir: «Müqəddəs Kitabı oxumazdan öncə Yehovaya dua edib xahiş edirəm ki, Kəlamındakı möhtəşəm inciləri görməyimə kömək etsin» (Zəb. 119:18). Biz həmçinin oxuduqlarımızın üzərində dərin düşünməliyik. Duanın, mütaliənin və oxuduqlarımızın üzərində düşünməyin sayəsində Allahın Kəlamı qəlbimizin dərinliklərinə çatır və Onun düşüncə tərzini sevməyə başlayırıq. (Məsəllər 4:20—22 ayələrini oxuyun; Zəb. 119:97.)
16. Bəziləri JW televiziyasından necə bəhrələnir?
16 Allahın düşüncəsinin bizi formalaşdırması üçün həmçinin JW televiziyasında® yayımlanan videoları izləməliyik. Bir cütlük deyir: «Aylıq proqramlar sözün əsl mənasında dualarımıza cavab olur! Onlar bizi möhkəmləndirir, kədərli olanda, özümüzü tənha hiss edəndə əhvalımızı yüksəldir. Mahnılara isə bütün günü qulaq asırıq. Biz yemək bişirəndə, evi yığışdıranda və ya adicə oturub çay içəndə bu mahnıları dinləyirik». Bu proqramlar ürəyimizi qorumağa, Yehova kimi düşünməyə və Şeytanın düşüncəsinin bizə sirayət etməsinə qarşı durmağa kömək edir.
17, 18. a) 1 Padşahlar 8:61 ayəsindən göründüyü kimi, Yehovadan öyrəndiklərimizi tətbiq etməyin hansı faydaları var? b) Hizqiyyə padşahdan nə öyrənirik? c) Davud peyğəmbərin Zəbur 139:23, 24 ayələrində yazılmış sözlərinə əsasən, nə haqda dua edə bilərik?
17 Hər dəfə düzgün davranmağın faydasını görəndə imanımız möhkəmlənir (Yaq. 1:2, 3). Yehovanın bizi övladı adlandırmaqla qürur duyması bizə xoş təsir edir və Onu razı salmaq istəyimiz daha da artır (Məs. 27:11). Üzləşdiyimiz hər sınaqda göstərə bilərik ki, qayğıkeş Atamıza haçalanmış ürəklə xidmət etmirik (Zəb. 119:113). Əksinə, Yehovanı bütün qəlbimizlə sevirik, ürəyimiz Onun qayda-qanunlarına və iradəsinə tabe olmağa qətiyyətlidir. (1 Padşahlar 8:61 ayəsini oxuyun.)
18 Təbii ki, qeyri-kamil olduğumuza görə bəzən səhvlərə də yol verəcəyik. Amma ayağımız büdrəyəndə Hizqiyyə padşahın nümunəsini yadımıza sala bilərik. O da səhvlərə yol vermişdi. Lakin tövbə etmiş və əvvəlki kimi Yehovaya «sidqi-ürəklə» xidmət etməyə davam etmişdi (Əşy. 38:3—6; 2 Saln. 29:1, 2; 32:25, 26). Qoymayın Şeytan öz düşüncəsi ilə sizi zəhərləsin. İtaətkar ürəyə sahib olmaq üçün dua edin (1 Pad. 3:9; Zəbur 139:23, 24 ayələrini oxuyun). Hər şeydən öncə ürəyinizi qorusanız, Yehovaya sadiq qala biləcəksiniz!
NƏĞMƏ 54 «Yol budur»
^ abz. 5 Biz Yehovaya sadiq qalacağıq, yoxsa Şeytanın bizi aldadaraq Allahdan uzaqlaşdırmasına yol verəcəyik? Cavab sınaqlarımızın nə qədər güclü olmasından yox, ürəyimizi nə dərəcədə yaxşı qorumağımızdan asılıdır. Müqəddəs Kitabda «ürək» ifadəsi altında nə nəzərdə tutulur? Şeytan ürəyimizi korlamaq üçün nələr edir? Ürəyimizi necə qoruya bilərik? Məqalədə bu vacib suallara cavab verilir.
^ abz. 11 BƏZİ İFADƏLƏRİN İZAHI. Yehova Allah bizə fikirlərimizi, hisslərimizi, davranışlarımızı yoxlamaq və sonra özümüzü mühakimə etmək qabiliyyəti verib. Müqəddəs Kitabda bu qabiliyyət vicdan adlandırılır (Rom. 2:15; 9:1). Müqəddəs Kitab əsasında tərbiyə olunmuş vicdan Yehova Allahın Kəlamındakı normaları əsas tutaraq düşündüyümüz, etdiyimiz və dediklərimizin yaxşı, yoxsa pis olduğunu müəyyən edir.
^ abz. 56 ŞƏKİLİN İZAHI: Bir qardaş televizora baxarkən birdən əxlaqsız səhnə göstərilir. O, hansı addımı atacağına qərar verməlidir.
^ abz. 58 ŞƏKİLİN İZAHI: Qədim dövrdə şəhəri qoruyan gözətçilər yaxınlaşan təhlükəni görüb darvaza keşikçilərinə xəbər verirdilər. Keşikçilər dərhal hərəkətə keçib şəhərin darvazalarını bağlayırdılar.