Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 5

Yığıncaqlarda iştirakımız haqqımızda nə deyir?

Yığıncaqlarda iştirakımız haqqımızda nə deyir?

«Ağa gələnədək hər dəfə... onun ölümünü bəyan etmiş olursunuz» (1 KOR. 11:26).

NƏĞMƏ 18 Fidyəyə görə minnətdarlıq

İCMAL

1, 2. a) Yehova Allah «Ağanın şam yeməyi» mərasiminə toplaşan milyonlarla insana baxanda nə görür? (Üz qabığındakı şəklə baxın.) b) Bu məqalədə nəyi müzakirə edəcəyik?

SİZCƏ, bütün dünyada milyonlarla insan «Ağanın şam yeməyi» mərasimini qeyd etmək üçün bir araya toplaşanda Yehova Allah nəyə diqqət yetirir? O, böyük insan kütləsinə yox, bu görüşdə iştirak edən hər bir kəsə ayrı-ayrılıqda nəzər salır. Misal üçün, O, sədaqətlə hər il bu tədbirə gələn insanları görür. Bəlkə də, onların arasında maneələrə baxmayaraq bu görüşə gələnlər var. Bəziləri isə digər görüşlərə müntəzəm gəlməsələr də, anma mərasiminə qatılmağı vacib bilirlər. Yehova hətta bu mərasimə ilk dəfə olaraq, bəlkə də, maraq xatirinə gələnlərə də fikir verir.

2 Sözsüz ki, Yehova anma mərasiminə bu qədər insanın gəldiyini görəndə sevinir (Luka 22:19). Bununla belə, Onun üçün əsas bu mərasimə qatılanların sayı deyil. Onun üçün daha vacib insanların hansı məqsədlə gəlməsidir. Bu məqalədə vacib bir sualın cavabını araşdıracağıq: Nə üçün təkcə hər il keçirilən anma mərasiminə yox, Yehovanın Onu sevən bəndələri üçün təsis etdiyi həftəlik görüşlərə də qatılmalıyıq?

Bütün dünyada milyonlarla insan Məsihin ölümünü anma mərasiminə təşrif buyurub (1-ci və 2-ci abzasa baxın)

TƏVAZÖKARLIQ BİZİ TƏŞVİQ EDİR

3, 4. a) Nəyə görə yığıncaq görüşlərində iştirak edirik? b) Yığıncaqlarda iştirakımız bizim haqqımızda nə deyir? c) 1 Korinflilərə 11:23—26 ayələri anma mərasiminə qatılmağın vacibliyini necə göstərir?

3 Yığıncaqda iştirak etməyimizin başlıca səbəbi bunun ibadətimizin bir hissəsi olmasıdır. Həmçinin yığıncaqlara Yehovadan təlim almaq üçün gedirik. Qürurlu insanlar düşünür ki, onlara nə isə öyrətməyə ehtiyac yoxdur (3 Yəh. 9). Onlardan fərqli olaraq, bizlər Yehovanın və Onun təşkilatının bizi öyrətməsinə can atırıq (Əşy. 30:20; Yəh. 6:45).

4 Görüşlərdə iştirak etməklə təvazökar olduğumuzu — öyrənməyə meyilli və hazır olduğumuzu göstəririk. Anma mərasimində sadəcə borc hissindən irəli gələrək deyil, Məsihin «xatirəmi yad etmək üçün bunu həmişə edin» əmrinə təvazökarlıqla tabe olduğumuz üçün iştirak edirik. (1 Korinflilərə 11:23—26 ayələrini oxuyun.) Bu mərasim gələcəyə ümidimizi daha da möhkəmləndirir və Yehovanın bizi nə qədər çox sevdiyini xatırladır. Bununla belə, Yehova bilir ki, ruhlanıb möhkəmlənməyə ildə bir dəfə yox, daha çox ehtiyac duyuruq. Buna görə də O, hər həftə bizim üçün görüşlər təsis edib və bizim bu görüşlərdə iştirak etməyimizi istəyir. Təvazökarlıq bizi Ona itaət etməyə təşviq edir. Hər həftə bu görüşlərə hazırlaşmaq və orada iştirak etmək üçün bir neçə saat vaxt ayırırıq.

5. Nəyə görə təvazökar insanlar Yehovanın dəvətinə hay verir?

5 Yehova insanları Ondan təlim almağa dəvət edir və hər il çoxlu sayda təvazökar insan bu dəvəti qəbul edir (Əşy. 50:4). Adətən, onlar əvvəlcə anma mərasimində iştirak edir, sonradan isə digər görüşlərə də qatılmağa başlayırlar (Zək. 8:20—23). Bizim üçün yeni gələnlərlə birgə Yehovadan — İmdadımız və Xilaskarımızdan təlim və rəhbərlik almaq olduqca xoşdur (Zəb. 40:17). Doğrudan da, Yehova Allah və sevimli Oğlu İsa Məsihdən təlim almaq dəvətini qəbul etməkdən daha xoş, daha vacib nə ola bilər?! (Mət. 17:5; 18:20; 28:20).

6. Təvazökarlıq xüsusiyyəti bir nəfərə anma mərasiminə gəlməyə necə kömək etmişdi?

6 Biz hər il Məsihin ölümünü anma mərasiminə mümkün qədər çox insanı dəvət etməyə çalışırıq. Çox sayda təvazökar insan dəvətimizi qəbul etməyin faydasını görüb. Gəlin bir neçə il bundan əvvəl baş vermiş bir hadisəyə nəzər salaq. Qardaşımız bir kişiyə anma mərasiminə dəvətnamə verir, kişi isə iştirak edə bilməyəcəyini deyir. Lakin mərasimin keçirildiyi gün qardaşımız həmin kişinin ibadət evinə gəldiyini görəndə gözlərinə inana bilmir. Bacı-qardaşların mehriban münasibəti bu kişiyə o qədər xoş təsir edir ki, o, hər həftə keçirilən görüşlərə gəlməyə başlayır. Belə ki, o, il ərzində keçirilən görüşlərdən cəmi üçündə iştirak etmir. Ona bütün görüşlərə qatılmağa nə kömək etmişdi? Kifayət qədər həlim olması sayəsində o, düşüncəsini dəyişməyə hazır idi. Həmin kişini dəvət edən qardaş onun haqda deyir: «O, çox təvazökar insandır». Şübhəsiz, Yehova bu kişini Özünə ibadət etmək üçün cəlb edib və hal-hazırda o, vəftiz olunmuş qardaşdır (2 İşm. 22:28; Yəh. 6:44).

7. Yığıncaqlarda öyrəndiklərimiz və Müqəddəs Kitabdan oxuduqlarımız təvazökar olmağımıza necə kömək edir?

7 Yığıncaqlarda öyrəndiklərimiz və Müqəddəs Kitabdan oxuduqlarımız təvazökar olmağımıza kömək edir. Anma mərasimindən öncəki həftələr ərzində keçirilən görüşlərimizdə diqqət çox vaxt İsa Məsihin nümunəsinə və öz həyatını qurban verməklə göstərdiyi təvazökarlığa yönəldilir. Həmçinin mərasimdən öncəki günlər Müqəddəs Kitabdan İsa Məsihin ölümü və dirilməsi ilə bağlı ayələri oxumağa təşviq olunuruq. İbadət görüşlərində öyrəndiklərimiz və Müqəddəs Kitabdan oxuduqlarımız sayəsində İsa Məsihin bizim üçün verdiyi qurbanlığa minnətdarlığımız daha da artır. Bu bizi İsa kimi həlim olmağa və hətta çətin olanda belə, Yehova Allahın istəyini yerinə yetirməyə təşviq edir (Luka 22:41, 42).

CƏSARƏT BİZİ TƏŞVİQ EDİR

8. İsa Məsih necə cəsarət göstərmişdi?

8 Biz həmçinin İsa Məsihin cəsarətindən örnək almağa çalışırıq. Ölümündən bir neçə gün öncə onun göstərdiyi cəsarət haqda düşünün. İsa tezliklə düşmənlərinin onu alçaldacağını, işgəncə verib edam edəcəyini yaxşı bilirdi (Mət. 20:17—19). Bununla belə, o, ölümün gözünə dik baxdı. Vaxt yetişəndə Getsemani bağında onunla birgə olan sadiq həvarilərinə deyir: «Durun gedək. Xain yaxınlaşır» (Mət. 26:36, 46). Bir dəstə silahlanmış insan İsanı tutmağa gələndə o, qabağa çıxıb özünü tanıdır və əsgərlərə həvariləri buraxmalarını söyləyir (Yəh. 18:3—8). İsa necə də böyük cəsarət göstərmişdi! Bu gün məsh olunmuş məsihilər və başqa qoyunlar cəsarətli davranmaqla İsa Məsihə bənzəməyə can atırlar. Necə?

Yığıncaqda iştirak etmək üçün göstərdiyiniz cəsarət başqalarını möhkəmləndirir (9-cu abzasa baxın)

9. a) Nəyə görə müntəzəm olaraq yığıncaqlara qatılmaq üçün cəsarət göstərmək lazım gələ bilər? b) Bizim nümunəmiz etiqadlarına görə həbsdə olan bacı-qardaşlara necə təsir edir?

9 Üzləşdiyimiz çətinliklərə baxmayaraq, yığıncaqlarda müntəzəm iştirak etmək üçün cəsarət göstərmək lazım ola bilər. Bacı-qardaşlarımızın bəziləri kədərə, ruh düşkünlüyünə və ya səhhətlərindəki problemlərə rəğmən, yığıncaqlara gəlir. Digərləri ailə üzvləri və ya hökumət tərəfindən sərt təqiblərə baxmayaraq, cəsarət göstərib görüşlərə qatılırlar. Bizim nümunəvi davranışımızın etiqadlarına görə həbsdə olan bacı-qardaşları necə ruhlandırdığını bir təsəvvür edin (İbr. 13:3). Sınaqlara rəğmən Yehovaya xidmət etməyə davam etdiyimizi eşidəndə onların imanlarını, cəsarətlərini, sədaqətlərini qorumaq əzmi daha da möhkəmlənir. Belə bir şey həvari Bulusun da başına gəlmişdi. O, Romada həbsdə olan vaxt bacı-qardaşların sədaqətlə Allaha xidmət etdiyini eşidəndə çox sevinmişdi (Filip. 1:3—5, 12—14). Həbsdən azad ediləndən qısa müddət sonra Bulus ibranilərə məktub yazmışdı. Məktubunda bu sadiq məsihiləri «daim qardaşlıq məhəbbəti» göstərməyə və heç vaxt yığıncaqlardan qalmamağa təşviq etmişdi (İbr. 10:24, 25; 13:1).

10, 11. a) Anma mərasiminə kimləri dəvət etməliyik? b) Efeslilərə 1:7 ayəsinə əsasən, bunu nə üçün edirik?

10 Qohumlarımızı, iş yoldaşlarımızı və qonşularımızı anma mərasiminə dəvət etməklə cəsarət göstərmiş oluruq. Biz onları nə üçün dəvət edirik? Çünki ürəyimizdə Yehovaya və İsa Məsihə bizim üçün etdiklərinə görə elə böyük minnətdarlıq var ki, onları bu mərasimə dəvət etməyə bilmərik. İstəyirik ki, onlar da Yehovanın fidyə vasitəsilə göstərdiyi lütfdən bəhrələnsinlər. (Efeslilərə 1:7 ayəsini oxuyun; Vəhy 22:17.)

11 Cəsarət göstərib birgə toplaşmaqla başqa bir gözəl xüsusiyyəti təzahür etdirmiş oluruq. Yehova Allah və İsa Məsih bu xüsusiyyəti bir çox sahələrdə möhtəşəm tərzdə təzahür etdirir.

MƏHƏBBƏT BİZİ TƏŞVİQ EDİR

12. a) İbadət görüşlərimiz Yehova Allaha və İsa Məsihə məhəbbətimizi necə möhkəmləndirir? b) 2 Korinflilərə 5:14, 15 ayələri İsa Məsihdən hansı sahədə örnək almağa təşviq edir?

12 Yehova Allaha və İsa Məsihə məhəbbət bizi yığıncaqlara qatılmağa təşviq edir. Orada öyrəndiklərimiz isə Yehova və Onun Oğluna məhəbbətimizi daha da möhkəmləndirir. Yığıncaq görüşlərində onların bizim üçün etdikləri daima vurğulanır (Rom. 5:8). Xüsusilə də anma mərasimində onların bizə və hətta fidyənin dəyərini anlamayan kəslərə necə böyük məhəbbət göstərdiyini eşidirik. Ürəyimizdə aşıb-daşan minnətdarlıq hissindən irəli gələrək hər günümüzü Məsihdən örnək alaraq yaşamağa çalışırıq. (2 Korinflilərə 5:14, 15 ayələrini oxuyun.) Bundan əlavə, ürəyimiz bizi fidyəyə görə Yehovanı mədh etməyə təşviq edir. Onu mədh etməyin bir üsulu isə ibadət görüşlərində səmimi şərhlər verməkdir.

13. Yehova Allaha və İsa Məsihə dərin məhəbbət bəslədiyimizi necə göstərə bilərik? İzah edin.

13 Yehova Allaha və İsa Məsihə nə qədər dərin məhəbbət duyduğumuzu onlar üçün müəyyən qurbanlar verməyə hazır olmaqla göstərə bilərik. İbadət görüşlərində iştirak etmək üçün çox vaxt müxtəlif qurbanlar verməli oluruq. Bir çox yığıncaqlarda ibadət görüşlərinin biri iş günün sonuna, çoxlarının yorğun olduğu vaxta, digər görüş isə həftəsonuna, insanların istirahət etdiyi vaxta təsadüf edir. Yehova yorğun olmağımıza rəğmən, bu görüşlərdə iştirak etdiyimizə fikir verir? Əlbəttə! Yığıncaqlara gəlməkdən ötəri nə qədər can qoyduğumuzu görəndə Ona bəslədiyimiz məhəbbət Yehova üçün daha da dəyərli olur (Mark 12:41—44).

14. İsa Məsih fədakar məhəbbət göstərməklə bağlı hansı nümunəni qoyub?

14 İsa Məsih fədakar məhəbbət bəsləməklə bağlı bizə nümunə qoyub. O, ilk növbədə bunu şagirdləri uğrunda ölməyə hazır olmaqla göstərdi. Üstəlik, Məsih hər gününü onların marağını özününkündən üstün tutaraq yaşamağa hazır idi. Misal üçün, İsa yorğun olsa da, emosional gərginlik keçirsə də, davamçılarına vaxt ayırırdı (Luka 22:39—46). O, diqqətini insanlardan nə ala biləcəyinə yox, onlara nə verə biləcəyinə cəmləyirdi (Mət. 20:28). Bizim də Yehovaya və bacı-qardaşlara məhəbbətimiz belə güclü olsa, anma mərasimində, eləcə də digər ibadət görüşlərində iştirak etmək üçün əlimizdən gələni edəcəyik.

15. Kimlərə kömək etməyə xüsusilə can atırıq?

15 Bu dünyada yalnız bir əsl məsihi qardaşlığı var. Bu qardaşlığın üzvləri olan bizlər başqalarının da bizə qoşulmasına kömək etmək üçün bacardığımız qədər çox vaxt sərf edirik. Bununla belə, qeyri-fəal olan «iman qardaşlarımıza» kömək etməyə xüsusilə can atırıq (Qal. 6:10). Bu bacı-qardaşları görüşlərə, ələlxüsus anma mərasiminə gəlməyə təşviq etməklə onlara məhəbbətimizi sübut edirik. Yehova və İsa Məsih kimi, biz də qeyri-fəal dindaşımızın məhəbbətli Atamız və Çobanımız Yehovaya geri döndüyünü görəndə hədsiz dərəcədə sevinirik (Mət. 18:14).

16. a) Bir-birimizi necə ruhlandıra bilərik və yığıncaqların bizə hansı faydası olacaq? b) Nəyə görə İsa Məsihin Yəhya 3:16 ayəsində yazılmış sözlərini xatırlamağın indi əsl vaxtıdır?

16 Növbəti həftələrdə 19 aprel 2019-cu il tarixində keçiriləcək anma mərasiminə bacardığınız qədər çox insanı dəvət edin. (« Onları dəvət edəcəksiniz?» adlı çərçivəyə baxın.) Yehovanın təsis etdiyi görüşlərdə müntəzəm olaraq iştirak edərək bir-birinizi ruhlandırın. Bu dünyanın sonu yaxınlaşır, odur ki, təvazökar, cəsarətli və məhəbbətli olmaq üçün ibadət görüşlərində iştirak etməyə daha çox ehtiyacımız var (1 Salon. 5:8—11). Gəlin Yehova Allahın və İsa Məsihin bizə duyduğu dərin məhəbbətə səmimi-qəlbdən qarşılıq verək! (Yəhya 3:16 ayəsini oxuyun.)

NƏĞMƏ 126 Oyaq qalın, mərd olun, möhkəmlənin

Cümə günü, 19 aprel 2019-cu il tarixində ilin ən mühüm mərasimi — Məsihin ölümünü anma mərasimi keçiriləcək. Bizi bu mərasimə qatılmağa nə təşviq edir? Şübhəsiz, Yehova Allahı məmnun etmək istəyi. Bu məqalədə anma mərasimində, həmçinin həftəlik keçirilən görüşlərdə iştirak etməyin haqqımızda nə dediyini araşdıracağıq.

ŞƏKİLİN İZAHI: Etiqadına görə həbsdə yatan bir qardaş ailəsindən aldığı məktubu oxuyub ruhlanır. Onu unutmadıqlarına, ailəsinin yaşadıqları ərazidəki siyasi münaqişələrə baxmayaraq, Yehovaya sadiq qaldığına dair xəbər ­almaq qardaşa sevinc bəxş edir.