Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 2

İsa Məsihin sevimli şagirdindən örnək götürək

İsa Məsihin sevimli şagirdindən örnək götürək

«Gəlin bir-birimizi sevək, çünki məhəbbət Allahdandır» (1 YƏH. 4:7).

NƏĞMƏ 105 Allah məhəbbətdir

İCMAL *

1. Yehovanın məhəbbəti sizdə hansı hissləri doğurur?

«ALLAH məhəbbətdir» (1 Yəh. 4:8). Həvari Yəhyanın yazdığı bu sadə sözlər təməl həqiqəti vurğulayır: Allah həyatın mənbəyi olduğu kimi, məhəbbətin də mənbəyidir. Yehova bizi sevir! Onun sevgisi sayəsində özümüzü arxayın, xoşbəxt və məmnun hiss edirik.

2. Mətta 22:37—40 ayələrinə əsasən, ən böyük iki əmr hansıdır? Bəs nəyə görə ikinci əmrə əməl etmək bizə çətin ola bilər?

2 Məsihilər üçün məhəbbət göstərmək seçim məsələsi deyil, bu, əmrdir. (Mətta 22:37—40 ayələrini oxuyun.) Yehovanı yaxından tanıyanda bizim üçün birinci əmrə əməl etmək asan olur. Axı Yehova kamildir; O bizimlə nəvazişlə rəftar edir, qayğımıza qalır. Amma ikinci əmrə əməl etmək bizə çətin gələ bilər. Nəyə görə? Çünki bacı-qardaşlarımız qeyri-kamildir. Bundan irəli gələrək, ola bilsin, bəzən bizimlə soyuq davransınlar, qəlbimizə dəyən nəsə desinlər. Yehova bilirdi ki, bu cür problemlər olacaq və buna görə də Müqəddəs Kitab yazarlarına bir-birimizi nəyə görə və necə sevməli olduğumuza dair konkret məsləhətlər yazdırıb. Bu yazarlardan biri Yəhyadır (1 Yəh. 3:11, 12).

3. Yəhya yazılarında nəyi vurğulamışdı?

3 Həvari Yəhya yazılarında məsihilərin məhəbbət göstərməli olduğunu xüsusilə vurğulamışdı. O, İsanın həyatı haqda yazdığı Müjdədə məhəbbət mövzusunda digər üç Müjdənin yazarının danışdıqlarının cəmindən çox danışmışdı. Yəhya öz adını daşıyan Müjdəni və üç məktubu yazarkən təxminən 100 yaşında idi. Yehovanın ilhamı ilə qələmə alınan bu yazılar göstərir ki, məsihinin etdiyi hər bir şey məhəbbətdən qaynaqlanmalıdır (1 Yəh. 4:10, 11). Amma Yəhya özü də bunu zamanla öyrəndi.

4. Yəhya başqalarına qarşı həmişə məhəbbətlə davranıb?

4 Yəhya cavanlığında heç də həmişə məhəbbətlə davranmırdı. Məsələn, bir dəfə İsa şagirdləri ilə birlikdə Səməriyyədən keçib Yerusəlimə gedirdi. Bir Səməriyyə kəndi onlara qonaqpərvərlik göstərmədi. Görün Yəhya buna necə yanaşdı. O, İsaya belə dedi: «İstəyirsən deyək göydən alov gəlib [kəndin bütün əhalisini] məhv etsin?» (Luka 9:52—56). Başqa bir hadisədə isə o, həvarilərə qarşı məhəbbət göstərməmişdi. Qardaşı Yaqubla birgə o, anasını dilə tutub İsanın yanına göndərmişdi ki, Padşahlıqda ən şərəfli yerləri onlara versin. O biri həvarilər Yaqubla Yəhyanın bu hərəkətindən xəbər tutanda çox əsəbiləşmişdilər (Mət. 20:20, 21, 24). Yəhya bu cür səhvlər etsə də, İsa onu sevirdi (Yəh. 21:7).

5. Bu məqalədə nələr öyrənəcəyik?

5 Bu məqalədə Yəhyanın nümunəsindən danışacağıq və onun məhəbbətlə bağlı yazdığı bəzi fikirləri araşdıracağıq. Bacı-qardaşlara məhəbbət göstərməyin yollarını öyrənəcəyik. Həmçinin ailə başçısının ailəsinə məhəbbətini hansı vacib sahədə göstərməli olduğunu öyrənəcəyik.

MƏHƏBBƏTİN ƏMƏLDƏ TƏZAHÜRÜ

Yehova bizə məhəbbətini Oğlunu uğrumuzda ölməsi üçün yer üzünə göndərməklə göstərdi (6 və 7-ci abzaslara baxın)

6. Yehova bizə məhəbbətini necə izhar edib?

6 Çox vaxt bizə elə gəlir ki, məhəbbət gözəl sözlərlə ifadə olunan xoş hissdir. Amma əsl məhəbbət əməllərlə də müşayiət olunmalıdır. (Yaqub 2:17, 26 ayələri ilə əlaqələndirin.) Məsələn, Yehova bizi sevir (1 Yəh. 4:19). O, sevgisini Müqəddəs Kitabda yazdırdığı gözəl sözlərlə ifadə edir (Zəb. 25:10; Rom. 8:38, 39). Amma bizi Yehovanın sevgisinə əmin edən təkcə Onun sözləri yox, həmçinin bizim üçün etdikləridir. Yəhya yazmışdı: «Allah məhəbbəti bizə bu cür izhar oldu: Allah ilkin Oğlunu dünyaya göndərdi ki, onun vasitəsilə həyata qovuşaq» (1 Yəh. 4:9). Yehova bizdən ötrü əziz Oğlunun əzab çəkib ölməsinə izin verdi (Yəh. 3:16). Bəli, Yehovanın bizi sevdiyinə zərrə qədər şübhə etməyə əsasımız yoxdur!

7. İsa bizə məhəbbətini sübut etmək üçün nə etdi?

7 İsa şagirdlərini öz məhəbbətinə əmin etmişdi (Yəh. 13:1; 15:15). O, həvarilərini və bizi necə güclü məhəbbətlə sevdiyini təkcə sözləri ilə yox, əməlləri ilə də göstərmişdi. İsa demişdi: «Dostları uğrunda canını fəda edən insanın məhəbbətindən böyük məhəbbət yoxdur» (Yəh. 15:13). Yehovanın və İsanın bizim üçün etdikləri üzərində düşünmək bizi nəyə təşviq etməlidir?

8. 1 Yəhya 3:18 ayəsinə əsasən, biz nə etməliyik?

8 Biz Yehovaya və İsaya məhəbbətimizi onların əmrinə itaət etməklə göstəririk (Yəh. 14:15; 1 Yəh. 5:3). İsa əmr edir ki, bir-birimizi sevək (Yəh. 13:34, 35). Biz bacı-qardaşlarımıza məhəbbətimizi təkcə sözlərimizlə yox, həmçinin əməllərimizlə də göstərməliyik. (1 Yəhya 3:18 ayəsini oxuyun.) Onlara olan sevgimizi göstərmək üçün nələr edə bilərik?

BACI-QARDAŞLARINIZI SEVİN

9. Məhəbbət həvari Yəhyanı nəyə təşviq etmişdi?

9 Yəhya atası ilə birlikdə balıqçılıq işinə davam edib pul qazana bilərdi. Amma o, ömrünün qalanını insanlara Yehova və İsa Məsih haqda həqiqəti öyrətməyə həsr elədi. Onun seçdiyi həyat yolu heç də asan deyildi. O, təqiblərə məruz qalmışdı, üstəlik, eramızın birinci əsrinin sonlarına yaxın qoca yaşında sürgün olunmuşdu (Həv. 3:1; 4:1—3; 5:18; Vəhy 1:9). İsa Məsih haqda təbliğ etdiyinə görə həbs olunanda belə o başqalarını düşünürdü. Məsələn, Patmos adasında olarkən həvari Yəhya ona nazil olan vəhyi qələmə aldı və onu yığıncaqlara göndərdi. Çünki istəyirdi ki, onlar «tezliklə baş verəcək» hadisələrdən xəbərdar olsunlar (Vəhy 1:1). Ehtimal ki, Patmosdan azadlığa buraxılandan sonra Yəhya İsanın həyatı və xidməti haqda Müjdəni yazdı. Bacı-qardaşları ruhlandırıb, möhkəmləndirmək üçün o həmçinin üç məktub da yazmışdı. Fədakar ömür sürən həvari Yəhyadan necə örnək götürə bilərsiniz?

10. İnsanlara sevginizi necə sübut edə bilərsiniz?

10 İnsanlara sevginizi seçdiyiniz həyat yolu ilə sübut edə bilərsiniz. Şeytan dünyası istəyir ki, yalnız özünüzü düşünəsiniz, bütün vaxtınızı və gücünüzü özünüzə sərf edəsiniz, pul qazanıb, ad-san sahibi olasınız. Amma bütün dünyada Padşahlığın fədakar təbliğçiləri bacardıqları qədər vaxtlarını xoş xəbərin təbliğinə sərf edirlər, insanlara Yehovaya yaxınlaşmağa kömək edirlər. Hətta onlardan bəziləri təbliğ və təlim işində tamvaxtlı iştirak edir.

Dindaşlarımıza və ailəmizə sevgimizi onlar üçün etdiklərimizlə sübut edirik (11 və 17-ci abzaslara baxın) *

11. Bir çox sadiq məsihi Yehovaya və dindaşlarına məhəbbətini necə sübut edir?

11 Bir çox məsihi özünü və ailəsini dolandırmaq üçün səhərdən axşama qədər işləməli olur. Buna baxmayaraq, bu sadiq təbliğçilər Allahın təşkilatını bacardıqları üsullarla dəstəkləyirlər. Məsələn, kimisi zərərçəkənlərə yardım edir, kimisi tikinti layihələrində kömək edir; ümumdünya işini ianələrlə dəstəkləməyə isə hamının imkanı var. Onları bu işləri görməyə Allaha və insanlara məhəbbət təşviq edir. Bacı-qardaşlara məhəbbətimizi hər həftə yığıncaq görüşlərində iştirak edib, şərhlər verməklə göstəririk. Ola bilər ki, biz yorğunuq, amma yığıncaqlarda iştirak edirik. Ola bilər ki, həyəcanlanırıq, amma şərh veririk. Həmçinin hamımızın öz problemi olsa da, yığıncaqdan əvvəl və sonra bir-birimizi ruhlandırırıq (İbr. 10:24, 25). Bacı-qardaşlara çəkdikləri zəhmətə görə çox minnətdarıq!

12. Yəhya bacı-qardaşlara məhəbbətini başqa hansı yolla göstərmişdi?

12 Həvari Yəhya dindaşlarına məhəbbətini təkcə onları tərifləməklə yox, yeri gəlsə, məsləhət verməklə də göstərirdi. Məsələn, o, məktublarında bacı-qardaşlarını imanlarına və yaxşı işlərinə görə tərifləmişdi. Amma bununla yanaşı, onlara günah etməmələri ilə bağlı ciddi nəsihət vermişdi (1 Yəh. 1:8—2:1, 13, 14). Eynilə, biz də dindaşlarımızı yaxşı işlərinə görə tərifləməliyik. Amma kimdəsə yanlış düşüncə və ya vərdişin yarandığını görürüksə, biz məhəbbətdən irəli gələrək ona nəzakətli şəkildə lazım olan məsləhəti verəcəyik. Dosta məsləhət vermək üçün cəsarət lazımdır. Amma Müqəddəs Kitabda deyilir ki, əsl dostlar bir-birini itilər, başqa sözlə, bir-birinə düzəliş edər (Məs. 27:17).

13. Məhəbbətimizi sübut etmək üçün biz nə etməməliyik?

13 Bəzən isə bacı-qardaşlarımıza məhəbbətimizi nələrisə etməməklə göstərə bilərik. Məsələn, biz onların dediyi hər sözə o dəqiqə inciməyəcəyik. Gəlin İsanın yerüzü həyatının sonuna yaxın baş verən bir hadisəni yadımıza salaq. O, şagirdlərinə demişdi ki, həyata qovuşmaq üçün onun bədənini yeməli, qanını içməlidirlər (Yəh. 6:53—57). Onun bu sözləri şagirdlərin çoxunu elə dəhşətə salmışdı ki, onu tərk etmişdilər. Amma Yəhya da daxil olmaqla, əsl dostları onun yanında qaldılar, ona sədaqətli çıxdılar. Onlar da İsanın sözlərini başa düşməmişdilər, yəqin ki, məəttəl qalmışdılar. Amma onun dediklərinin səhv olduğunu düşünüb, ondan incimədilər. Əksinə, ona etibar etdilər, çünki həqiqəti danışdığını bilirdilər (Yəh. 6:60, 66—69). Çox vacibdir ki, dostumuzun dediyi sözdən dərhal inciməyək, əksinə, yaranan anlaşılmazlığı izah etməyə imkan verək (Məs. 18:13; Vaiz 7:9).

14. Nəyə görə nifrətin ürəyimizdə kök atmasına qətiyyən yol verməməliyik?

14 Həmçinin həvari Yəhya buyururdu ki, bacı-qardaşlara nifrət etməyək. Onun məsləhətinə əməl etməsək, öz əlimizlə özümüzü Şeytanın ixtiyarına verərik (1 Yəh. 2:11; 3:15). Birinci əsrin sonlarında bəziləri ilə belə bir şey baş vermişdi. Həmin vaxt Şeytan Allahın xalqı arasında nifrət oyatmaq və parçalanma salmaq üçün əlindən gələni edirdi. Yəhya məktublarını yazan vaxt bu cür şeytani düşüncəyə sahib olan insanlar yığıncağın içində idilər. Məsələn, Diotref yığıncaqda ciddi parçalanma yaradırdı (3 Yəh. 9, 10). O, rəhbərlik şurasının yığıncaqlara göndərdiyi ağsaqqallara qarşı hörmətsizlik edirdi. Hətta onun sevmədiyi insanlara qonaqpərvərlik göstərənləri yığıncaqdan qovmağa çalışırdı. Dikbaşlığın dərəcəsinə bir bax! Şeytan bu gün də Allahın xalqı arasında parçalanma yaratmaq üçün əlləşib-vuruşur. Gəlin nifrətin aramızda parçalanma yaratmasına qətiyyən yol verməyək!

AİLƏNİZİ SEVİN

İsa anasının ruhani və fiziki tələbatlarının qayğısına qalmağı Yəhyaya tapşırdı. Eynilə, ailə başçıları da ailəsinin qayğısına qalmalıdır (15 və 16-cı abzaslara baxın)

15. Ailə başçısı nəyi unutmamalıdır?

15 Ailə başçısı ailəsini dolandırmaqla onlara olan məhəbbətini göstərir (1 Tim. 5:8). Bu vacibdir. Amma o unutmamalıdır ki, ailəsinin ruhani tələbatını ödəmək bundan da vacibdir (Mət. 5:3). İsa Məsih ailə başçıları üçün bu sahədə gözəl nümunədir. Həvari Yəhyanın Müjdəsinə əsasən, İsa işgəncə dirəyində ölüm ayağında olarkən belə ailəsini düşünürdü. Həmin vaxt o, şiddətli ağrılar çəkirdi, buna baxmayaraq, edam yerində anası Məryəmin yanında olan Yəhyadan xahiş edir ki, anasının qayğısına qalsın (Yəh. 19:26, 27). Söz yox ki, İsanın bacı-qardaşları Məryəmin maddi tələbatlarının qayğısına qalırdı. Amma görünür, hələ o vaxt onların heç biri Məsihin davamçısı olmamışdı. Buna görə İsa istəyirdi ki, Məryəmin həm maddi, həm də ruhani cəhətdən qayğısına qalan kimsə olsun.

16. Yəhyanın hansı öhdəçilikləri var idi?

16 Yəhyanın çoxlu öhdəçilikləri var idi. Bir həvari kimi o, təbliğ işinə rəhbərlik edirdi. Həmçinin, ola bilsin, o, evli idi. O, həm ailəsini dolandırmalı idi, həm də onların Yehova ilə möhkəm münasibətlərinin olmasının qayğısına qalmalı idi (1 Kor. 9:5). Ailə başçıları ondan nə öyrənə bilər?

17. Nəyə görə ailə başçısının ailəsinin ruhani cəhətdən qayğısına qalması vacibdir?

17 Ailə başçısı olan qardaşın üzərinə böyük məsuliyyətlər düşür. Məsələn, Yehovanın adına şərəf gətirmək üçün o, işində vicdanla çalışmalıdır (Efes. 6:5, 6; Tit. 2:9, 10). Həmçinin ola bilsin, yığıncaqda da öhdəçilikləri var. Məsələn, bir ağsaqqal və ya yığıncaq xidmətçisi kimi, bacı-qardaşları ruhlandırmalıdır, təbliğ işinin təşkili ilə məşğul olmalıdır. Bununla yanaşı, vacibdir ki, o, müntəzəm olaraq arvadı və uşaqları ilə Müqəddəs Kitabı araşdırsın. Ailəsinin sağlam, xoşbəxt və Yehova ilə gözəl münasibətdə olması üçün əlindən gələni etdiyinə görə ailəsi ona çox minnətdar olacaq (Efes. 5:28, 29; 6:4).

SİZƏ OLAN MƏHƏBBƏTİMİ QORUYUB-SAXLAYIN

18. Yəhya nəyə əmin idi?

18 Yəhya macəralarla dolu uzun bir ömür sürmüşdü. Amma imanını zəiflədə biləcək çoxlu sınaqlarla da üzləşmişdi. Buna baxmayaraq, Məsihin əmrlərinə riayət etmək üçün həmişə əlindən gələni edirdi, o cümlədən bacı-qardaşlarını sevmək əmrinə də. Buna görə də Yəhya əmin idi ki, Yehova və İsa onu sevir və istənilən sınağa dözməsi üçün ona güc verəcəklər (Yəh. 14:15—17; 15:10; 1 Yəh. 4:16). Nə Şeytan, nə də onun dünyası Yəhyaya sevməyə və sevgisini göstərməyə əngəl ola bilmədi!

19. 1 Yəhya 4:7 ayəsi bizi nəyə təşviq edir və nəyə görə?

19 Yəhya kimi, biz də Şeytanın, bu dünyanın nifrət dolu tanrısının idarə etdiyi dünyada yaşayırıq (1 Yəh. 3:1, 10). Baxmayaraq ki, o, bacı-qardaşlarımızı sevməyimizi istəmir, amma biz özümüz buna yol verməsək, o, buna nail ola bilməz. Gəlin bacı-qardaşlarımızı sevməyə qətiyyətli olaq. Onlara olan məhəbbətimizi həm sözlə ifadə edək, həm əməldə sübut edək. Onda Yehovanın ailəsində olduğumuz üçün sevinc duyacağıq və həyat bizə zövq verəcək. (1 Yəhya 4:7 ayəsini oxuyun.)

NƏĞMƏ 88 Mənə yollarını öyrət

^ abz. 5 Hesab olunur ki, Yəhya «İsanın sevimli şagirdi» idi (Yəh. 21:7). Görünür, o hətta gənc yaşlarından gözəl xüsusiyyətlərə sahib idi. Yaşa dolanda Yehova onun vasitəsilə məhəbbət haqda çox şey yazdırmışdı. Bu məqalədə Yəhyanın qələmə aldığı bəzi fikirləri və ondan örnək alacağımız sahələri müzakirə edəcəyik.

^ abz. 59 ŞƏKLİN İZAHI: Çoxlu öhdəçiliyi olan ailə başçısı zərərçəkənlərə yardım işində kömək edir, ümumdünya işini ianələri ilə dəstəkləyir, arvadı və uşaqları ilə birgə keçirdiyi ailəvi ibadətə başqalarını dəvət edir.