Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 2

İsa Məsihin kiçik qardaşından örnək alaq

İsa Məsihin kiçik qardaşından örnək alaq

«Allahın və Ağamız İsa Məsihin qulu [Yaqub]» (YAQ. 1:1).

NƏĞMƏ 88 Mənə yollarını öyrət

İCMAL *

1. Yaqubun ailəsi haqqında nə demək olar?

 İSANIN qardaşı Yaqub ruhani cəhətdən möhkəm bir ailədə böyümüşdü *. Onun valideynləri Yusiflə Məryəm Yehovanı çox sevirdi və Ona ibadətdə əllərindən gələni edirdi. Üstəlik, onun böyük qardaşı vəd olunmuş Məsih olacaqdı. Yaqub bəxtəvər insan idi ki, belə bir ailədə böyümüşdü.

Yaqub İsa ilə birlikdə böyüdüyü üçün onu yaxşı tanıyırdı (2-ci abzasa baxın)

2. Böyük qardaşına rəğbət bəsləmək üçün Yaqubun hansı səbəbləri var idi?

2 Yaqubun böyük qardaşına rəğbət bəsləmək üçün bir çox səbəbi var idi (Mət. 13:55). Məsələn, İsa Tövratı o qədər yaxşı bilirdi ki, hətta on iki yaşı olanda Yerusəlimdə savadlı müəllimləri heyrətə gətirmişdi (Luka 2:46, 47). Yaqub İsa ilə birlikdə dülgərlik işində də çalışmış ola bilərdi. Əgər belə idisə, onun qardaşını daha yaxından tanımaq imkanı olmuşdu. Neytan Norr qardaşın belə sözü var idi: «İnsanı onunla işləyəndə tanıyırsan» *. Həmçinin Yaqub öz gözü ilə görürdü, İsa necə «böyüyür, hikmətlə dolur, Allahın və insanların hüsn-rəğbətini qazanırdı» (Luka 2:52). Yəqin elə düşünürsünüz ki, Yaqub İsanın ilk şagirdlərindən biri oldu. Əfsus ki, yox.

3. İsa xidmətə başlayanda Yaqub ona necə yanaşırdı?

3 İsa yer üzündə xidmət edərkən Yaqub onun şagirdi olmadı (Yəh. 7:3—5). Bəlkə də, Yaqub, digər qohumları kimi, İsanın ağlını itirdiyini düşünürdü (Mark 3:21). Həmçinin heç bir yerdə yazılmayıb ki, İsa işgəncə dirəyində edam olunanda Yaqub Məryəmlə birlikdə orada olub (Yəh. 19:25—27).

4. Bu məqalədə nələri araşdıracağıq?

4 Sonralar Yaqub Məsihə iman gətirdi və yığıncaqda sayılıb-seçilən qardaş oldu. Bu məqalədə Yaqubdan danışacağıq. Onun bizə nümunə qoyduğu iki sahəni araşdıracağıq: 1) Nəyə görə daima təvazökar olmalıyıq? 2) Səriştəli müəllim olmaq üçün nə edə bilərik?

YAQUB KİMİ TƏVAZÖKAR OLUN

İsa Yaquba görünəndə Yaqub təvazökarlıqla onun Məsih olduğunu qəbul etdi və bundan sonra onun sadiq şagirdi oldu (5—7 abzaslara baxın)

5. Yaquba İsanın diriləndən sonra ona görünməsi necə təsir etmişdi?

5 Yaqub İsanın sadiq davamçısı nə vaxt oldu? İsa diriləndə «Yaquba, sonra isə həvarilərin hamısına göründü» (1 Kor. 15:7). Bu görüş Yaqubun həyatında dönüş nöqtəsi oldu. Həvarilər Yerusəlimdə yuxarı otaqda yığışdıqları gün müqəddəs ruh alanda Yaqub da orada idi (Həv. 1:13, 14). Daha sonra Yaqub birinci əsrdəki rəhbərlik şurasında xidmət etmişdi (Həv. 15:6, 13—22; Qal. 2:9). Həmçinin eramızın 62-ci ilindən əvvəl Yaqub Allahın ilhamı ilə məsh olunmuş məsihilərə məktub yazmışdı. Göydə və ya yerdə yaşamağa ümid etməyimizdən asılı olmayaraq, bu məktub bizim üçün də faydalıdır (Yaq. 1:1). Birinci əsr tarixçisi İosifin yazdıqlarına görə, Yaqub yəhudi baş kahininin, Hənna oğlu Hənənyanın əmri ilə edam edildi. O, sona qədər sadiq qalaraq yerüzü həyatını başa vurdu.

6. Yaqub dövrünün din xadimlərindən nə ilə fərqlənirdi?

6 Yaqub təvazökar idi. Nəyə əsasən belə deyə bilərik? Gəlin Məsihi qəbul etməklə bağlı Yaqub və din xadimləri arasındakı fərqə baxaq. Yaqub İsanın Allahın Oğlu olduğuna dair danılmaz sübutu görəndə bunu təvazökarlıqla qəbul etdi. Amma Yerusəlimdəki böyük kahinlər haqqında eyni şeyi demək olmaz. Məsələn, İsanın İlazəri diriltdiyi göz qabağında idi. Onlar bunu inkar edə bilməzdilər. Amma onlar İsanın Allahın elçisi olduğunu qəbul etmək əvəzinə, həm onu, həm də İlazəri öldürməyə çalışırdılar (Yəh. 11:53; 12:9—11). İsa dirildikdən sonra isə onlar bunu insanlardan gizlətmək üçün tədbir gördülər (Mət. 28:11—15). Yəhudi din xadimlərinin qüruru imkan vermədi ki, onlar Məsihi qəbul etsin.

7. Nə üçün qürurlu olmamalıyıq?

7 Nə öyrənirik? Qürurlu olmamalı və öyrənməyə hazır olmalıyıq. Xəstəlik ucbatından ürəyin arteriya divarının qalınlaşması ürəyin normal şəkildə döyünməsinə mane olduğu kimi, qürur da məcazi ürəyimizi sərtləşdirir və Yehovanın göstərişlərinə riayət etməyimizə mane olur. Fərisilərin ürəyi o qədər sərtləşmişdi ki, onlar Allahın ruhunun verdiyi sübutları açıq-aydın görsələr də, bunu qəbul etmirdilər (Yəh. 12:37—40). Bu, çox təhlükəli idi. Çünki bu cür əhvali-ruhiyyə onların əbədi həyatdan məhrum olmasına gətirib çıxardı (Mət. 23:13, 33). Doğrudan da, çox vacibdir ki, Allahın Kəlamı bizi formalaşdırsın, düşüncələrimizə və qərarlarımıza təsir etsin! (Yaq. 3:17). Yaqub təvazökar olduğu üçün hər zaman Yehovadan öyrənməyə hazır idi. Görəcəyimiz kimi, məhz təvazökarlığın sayəsində o, bacarıqlı müəllim oldu.

YAQUB KİMİ MƏHARƏTLƏ ÖYRƏDİN

8. Nəyin sayəsində yaxşı müəllim ola bilərik?

8 Din xadimləri Butrus və Yəhyaya «savadsız, sadə» adamlar kimi baxırdılar. Yaqubun xüsusi təhsili olmadığı üçün, şübhəsiz, ona da belə yanaşırdılar (Həv. 4:13). Amma Yaqub yaxşı müəllim olmağı öyrəndi. Onun yazdığı məktubdan bunu aydın görmək olar. Ola bilər, Yaqub kimi bizim də əlavə təhsilimiz yoxdur. Buna baxmayaraq, Yehovanın ruhu və Onun təşkilatından aldığımız təlim sayəsində biz də məharətlə öyrətməyi bacara bilərik. Gəlin görək bu sahədə Yaqubdan nə öyrənə bilərik.

9. Yaqubun öyrətmək tərzini təsvir edin.

9 Yaqub qəliz danışmırdı, sadə şəkildə öyrədirdi. Bunun sayəsində dinləyicilər nə etməli olduqlarını və bunu necə edəcəklərini asanlıqla anlayırdılar. Məsələn, görün Yaqub məsihilərə incik qalmadan ədalətsizliyə dözməyi necə sadə şəkildə öyrətmişdi. O demişdi: «Biz axıradək dözənləri xoşbəxt sayırıq. Siz Əyyubun dözümü haqqında eşitmisiniz və Yehovadan gələn nəticəni görmüsünüz. Yehova çox mehriban və mərhəmətlidir» (Yaq. 5:11). Fikir verin ki, Yaqub öyrədərkən Allahın Kəlamına əsaslanırdı. O, Kəlam vasitəsilə dinləyicilərini öyrədirdi ki, Yehova həmişə Əyyub kimi sadiq xidmətçilərini mükafatlandırır. Yaqub bu fikri izah etmək üçün məntiqli şəkildə və sadə sözlərdən istifadə etmişdi. Bununla da o, diqqəti özünə yox, Yehovaya yönəltmişdi.

10. Dərs keçərkən Yaqubdan necə nümunə götürə bilərik?

10 Nə öyrənirik? Sadə şəkildə və Allahın Kəlamından öyrətməliyik. Məqsədimiz şagirdi öz biliyimizlə təəccübləndirmək olmamalıdır. Əksinə, diqqəti Yehovanın hikmətinə və məhəbbətinə yönəltməliyik (Rom. 11:33). Bu məqsədə nail olmaq üçün öyrətdiyimiz hər şey Müqəddəs Kitaba əsaslanmalıdır. Məsələn, dərs keçdiyimiz insana «sənin yerinə olsaydım, belə edərdim» deməkdənsə, ona Müqəddəs Kitabda yazılanlar üzərində düşünməyə, üzləşdiyi məsələyə Yehovanın necə baxdığını anlamağa kömək edə bilərik. Onda şagird bizi yox, Yehovanı razı salmaq istəyəcək.

11. Yaqubun dövründə bəzi məsihilərin hansı problemləri var idi və Yaqub onlara hansı məsləhətləri vermişdi? (Yaqub 5:13—15).

11 Yaqub vəziyyətə real baxırdı. Yaqubun məktubundan görürük ki, o, dindaşlarının problemlərindən agah idi və bunların öhdəsindən gəlmələri üçün onlara aydın göstəriş verirdi. Məsələn, bəzi məsihilər verilən məsləhətlərə əməl etmirdilər (Yaq. 1:22). Bir başqaları ayrı-seçkilik edib, varlılara daha çox hörmət göstərirdi (Yaq. 2:1—3). Elələri də var idi ki, dillərini cilovlaya bilmirdilər (Yaq. 3:8—10). Bunlar ciddi məsələlər idi, amma Yaqub onlardan əlini üzmürdü. O, mülayim, eyni zamanda açıq şəkildə onlara məsləhət verdi və onları təşviq etdi ki, dəyişmək üçün ağsaqqallardan kömək istəsinlər. (Yaqub 5:13—15 ayələrini oxuyun.)

12. Dərs keçdiyimiz insanlara necə yanaşmalıyıq?

12 Nə öyrənirik? Vəziyyətə real baxmaqla yanaşı, insanlarda müsbət şeylərə fikir verməliyik. Dərs keçdiyimiz əksər insanlar Müqəddəs Kitabdakı məsləhətləri tətbiq etməkdə çətinlik çəkir (Yaq. 4:1—4). Pis vərdişləri tərgitmək və məsihi xüsusiyyətlərinə yiyələnmək üçün bir az vaxt lazım ola bilər. Yaqub kimi, biz də şagirdimizə nələrin üzərində işləməli olduğunu deməyə çəkinməməliyik. Müsbət əhvali-ruhiyyəni qoruyaraq əmin olmalıyıq ki, Yehova həlim qəlbli insanları Özünə cəlb edəcək və onlara dəyişiklik etməyə güc verəcək (Yaq. 4:10).

13. Yaqub 3:2 ayəsində göstərildiyi kimi, Yaqub nəyi başa düşürdü?

13 Yaqub özü haqda yüksək fikirdə deyildi. Yaqub İsanın qardaşı olduğu üçün və ya aldığı təyinatlara görə özünü bacı-qardaşlardan üstün tutmurdu. O, dindaşlarını «əziz qardaşlarım» adlandırırdı (Yaq. 1:16, 19; 2:5). O özünü elə aparmırdı ki, sanki qüsursuzdur. Yaqub «hər birimiz dəfələrlə səhv edirik» deməklə özünü də bura aid etmişdi. (Yaqub 3:2 ayəsini oxuyun.)

14. Nəyə görə qüsursuz olmadığımızı deməyə çəkinməməliyik?

14 Nə öyrənirik? Unutmamalıyıq ki, hamımız günahlıyıq. Dərs keçdiyimiz insanlardan üstün olduğumuzu düşünməməliyik. Nəyə görə? Əgər şagirdimizdə qüsursuz olduğumuz təəssüratı yaratsaq, o düşünə bilər ki, heç vaxt Allahın tələblərinə riayət edə bilməyəcək. Amma Müqəddəs Kitab prinsiplərinə riayət etməyin bizə də bəzən çətin olduğunu və Yehovanın bizə kömək etdiyini səmimi şəkildə bölüşsək, şagirdimizdə Yehovaya xidmət edə biləcəyinə əminlik yaranacaq.

Yaqubun nümunələri sadə, aydın və effektiv idi (15 və 16-cı abzaslara baxın) *

15. Yaqubun çəkdiyi nümunələr barədə nə demək olar? (Yaqub 3:2—6, 10—12).

15 Yaqub ürəyə təsir edən nümunələrdən istifadə edirdi. Şübhəsiz, o, bunu müqəddəs ruhun köməyi ilə edirdi. Həmçinin o, böyük qardaşı İsanın çəkdiyi nümunələrdən də çox şey öyrənmiş ola bilərdi. Yaqubun məktubundakı nümunələr sadə və başa düşüləndir. (Yaqub 3:2—6, 10—12 ayələrini oxuyun.)

16. Nəyə görə effektiv nümunələrdən istifadə etməliyik?

16 Nə öyrənirik? Effektiv nümunələr çəkək. Yaxşı nümunələrdən istifadə edərkən sanki qulaqları gözə çevirirsiniz. Elə bil, insanların ağlında şəkil çəkirsiniz. Bu şəkillər dinləyicilərə Müqəddəs Kitabın əsas həqiqətlərini başa düşməyə kömək edir. İsa nümunələrdən məharətlə istifadə edirdi. Qardaşı Yaqub da ondan nümunə götürmüşdü. Gəlin Yaqubun çəkdiyi nümunələrdən birini araşdıraq və bu nümunənin nəyə görə effektiv olduğu üzərində düşünək.

17. Yaqub 1:22—25 ayələrindəki nümunə nə üçün effektivdir?

17 Yaqub 1:22—25 ayələrini oxuyun. Bir çox səbəbə görə demək olar ki, Yaqubun güzgü ilə bağlı nümunəsi effektivdir. Bu nümunəni çəkərkən onun çatdırmaq istədiyi bir fikir var idi: Allahın Kəlamını sadəcə oxumamalıyıq, həm də oxuduqlarımıza əməl etməliyik. Yaqub dinləyicilərinin asanlıqla başa düşəcəyi bir nümunə seçmişdi: güzgüyə baxan bir adam. Yaqub nəyi izah etmək istəyirdi? Bir insanın güzgüyə baxması və qüsurunu görüb, onu düzəltməməsi ağılsızlıq olar. Eynilə bizim də Allahın Kəlamını oxuyarkən xasiyyətimizdə dəyişməli olduğumuz şeyi görüb, heç bir dəyişiklik etməməyimiz ağılsızlıq olar.

18. Nümunə çəkərkən hansı üç şeyi nəzərə almalıyıq?

18 Nümunə çəkməkdə Yaqubdan üç şey öyrənə bilərik: 1) Çəkdiyimiz nümunə izah etmək istədiyimiz fikirlə əlaqəli olmalıdır. 2) Dinləyicilərin asanlıqla başa düşə biləcəyi nümunələrdən istifadə etməliyik. 3) Nümunənin məqsədini aydın göstərməliyik. Əgər yaxşı nümunə tapmaqda çətinlik çəkirsinizsə, «Gözətçi Qülləsi nəşrlərinin indeksi»nə (rus.) baxın. Orada «Nümunələr» başlığı altında çoxlu nümunələr var. Nümunələri mikrofona bənzətmək olar. Onlar vurğulamaq istədiyimiz fikri gücləndirir. Buna görə də əsas fikirlərə aid nümunələr çəkin. Əlbəttə ki, müəllimlik qabiliyyətimizi yaxşılaşdırmaq istəməyimizin başlıca səbəbi diqqəti özümüzə çəkmək yox, daha çox insana Yehovanın ailəsinə qoşulmağa kömək etmək olmalıdır.

19. Ruhani ailəmizi qiymətləndirdiyimizi necə göstərə bilərik?

19 Düzdür, Yaqubdan fərqli olaraq, bizim kamil qardaşımız yoxdur. Amma ruhani bacı-qardaşlarımızdan ibarət böyük bir ailəmiz var. Onlara sevgimizi onlarla birgə vaxt keçirərək, onlardan öyrənərək və təbliğ-təlim işində birlikdə əməkdaşlıq edərək göstəririk. Düşüncəmizdə, davranışımızda və təlim vermək üsulumuzda Yaqubdan nümunə götürərək Yehovanı şərəfləndiririk və səmimi qəlbli insanların Ona yaxınlaşmasına kömək edirik.

NƏĞMƏ 114 «Səbirli olun»

^ Yaqub İsa ilə eyni ailədə böyümüşdü, o, İsanın kiçik qardaşı idi. Yaqub Allahın kamil Oğlunu o dövrdə yaşayan əksər insanlardan daha yaxşı tanıyırdı. Gəlin görək birinci əsrdəki yığıncağın sütunu olan Yaqubun həyatından və təlim vermə tərzindən nə öyrənə bilərik.

^ Yaqub İsanın anabir qardaşı idi, amma bu məqalədə qısa olsun deyə onu İsanın qardaşı adlandıracağıq. Ehtimal ki, Yaqub öz adını daşıyan məktub yazmışdı.

^ Neytan Norr Rəhbərlik Şurasının üzvü idi. 1977-ci ildə onun yerüzü həyatı sona yetdi.

^ ŞƏKLİN İZAHI. Yaqub dili cilovlamamağın təhlükəsini göstərmək üçün qığılcım nümunəsini çəkmişdi. Bu, yaxşı nümunə idi, çünki qığılcımın nə demək olduğunu hamı bilirdi.