Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 3

İsanın ağlamasından nə öyrənirik?

İsanın ağlamasından nə öyrənirik?

«İsa ağladı» (YƏH. 11:35).

NƏĞMƏ 17 «İstəyirəm»

İCMAL *

1—3. Yehovanın xidmətçilərinin göz yaşlarına nələr səbəb olur?

 AXIRINCI dəfə nə vaxt ağlamısınız? Hərdən sevincdən ağlayırıq. Amma adətən göz yaşlarımıza səbəb qəlb ağrısı olur. Məsələn, yaxınımızı itirdiyimiz üçün ağlayırıq. Birləşmiş Ştatlarda yaşayan Loreli bacı deyir: «Qızımın ölümünə görə bəzən çox şiddətli ağrılar keçirirdim, düşünürdüm, heç nə mənə təsəlli verə bilməz. Elə hiss edirdim ki, ürəyim bu itkiyə tab gətirməyəcək» *.

2 Göz yaşlarımıza səbəb başqa şeylər də ola bilər. Yaponiyada öncül kimi xidmət edən Hiromi bacı deyir: «Elə olur ki, xidmətdə rastlaşdığım insanların laqeydliyi məni ruhdan salır. Bəzən göz yaşları içində yalvarıram ki, Yehova qarşıma həqiqəti axtaran bir insan çıxartsın».

3 Bu bacıların hissləri sizə tanışdır? Çoxlarımızda belə hisslər olub (1 But. 5:9). Hamımız istəyirik ki, «Yehovaya sevinclə ibadət» edək. Amma elə olur ki, kədər, məyusluq və ya sədaqətimizi sınayan çətin vəziyyətlər ucbatından Allaha göz yaşları içində ibadət etməli oluruq (Zəb. 6:6; 100:2). Bu kimi hisslərin öhdəsindən necə gələ bilərik?

4. Bu məqalədə nələri nəzərdən keçirəcəyik?

4 Bu sahədə İsadan çox şey öyrənə bilərik. Bəzən o, elə güclü qəlb ağrısı keçirirdi ki, göz yaşlarını saxlaya bilməyib ağlayırdı (Yəh. 11:35; Luka 19:41; 22:44; İbr. 5:7). Gəlin həmin hadisələri bir-bir araşdıraq və görək özümüz üçün hansı nəticəni çıxara bilərik. Həmçinin bizi göz yaşlarına boğan problemlərlə necə mübarizə apara biləcəyimizi nəzərdən keçirəcəyik.

DOSTLARINA GÖRƏ AĞLAMIŞDI

İsa Məsih kimi siz də yaslılara dayaq olun (5—9 abzaslara baxın) *

5. Yəhya 11:32—36 ayələrində yazılanlardan İsa haqqında nə öyrənirik?

5 Eramızın 32-ci ilinin qışında İsanın yaxın dostu İlazər xəstələnib öldü (Yəh. 11:3, 14). Onun Məryəm və Marta adlı iki bacısı var idi və İsa bu ailəni çox sevirdi. Bacılar qardaşlarının ölümünə görə pərişan idi. İlazər öləndən sonra İsa Məryəm və Martanın yaşadığı Beytaniyyə kəndinə gəldi. Marta İsanın gəldiyini eşidəndə onun qabağına qaçıb dedi: «Ağa, sən burada olsaydın, qardaşım ölməzdi» (Yəh. 11:21). Təsəvvür etmək olar, Marta bu sözləri deyəndə necə pərişan halda idi! Sonra İsa Məryəm və başqalarının ağladığını görəndə o da ağladı. (Yəhya 11:32—36 ayələrini oxuyun.)

6. Nəyə görə İsa ağlamışdı?

6 İsa nəyə görə ağlamışdı? «Müqəddəs Yazıların dərk edilməsi» ensiklopediyasında deyilir: «Dostu İlazərin ölümü və bacıların pərişan vəziyyətdə olması İsanın qəhərlənməsinə və ağlamasına səbəb oldu» *. Yəqin, İsa İlazərin xəstəliyi zamanı ağrı çəkdiyini və həyatının son anlarını yaşadığını bildiyi üçün keçirdiyi hissləri təsəvvür edib, pis olmuşdu. Təbii ki, İsa həm də Məryəmlə Martanın halını görüb ağlamışdı. Əgər yaxın dostunuzu və ya ailə üzvünüzü itirmisinizsə, şübhəsiz ki, siz də bu kimi hisslər keçirmisiniz. Gəlin görək bu hadisədən hansı üç dərsi öyrənə bilərsiniz.

7. İsanın dostlarına görə ağlamasından Yehova haqqında nə öyrənirik?

7 Yehova hisslərinizi başa düşür. İsa Atasının «dəqiq əksidir» (İbr. 1:3). Onun ağlaması Yehovanın hansı hisslər keçirdiyini göstərirdi (Yəh. 14:9). Əgər yaxın adamınız vəfat edibsə, əmin ola bilərsiniz ki, Yehova nəinki hansı hisslər keçirdiyinizi görür, həm də dərdinizə şərikdir. O sizin qəlbinizə şəfa vermək istəyir (Zəb. 34:18; 147:3).

8. Nəyə görə İsanın yaxınlarımızı dirildəcəyinə əmin ola bilərik?

8 İsa ölən əzizlərimizi diriltmək arzusundadır. İsa ağlamazdan bir az əvvəl Martanı əmin etdi ki, qardaşı diriləcək. O, İsaya inanırdı (Yəh. 11:23—27). Marta Yehovanın sadiq xidmətçisi idi, buna görə də əsrlər öncə İlyasla Əlyəsə peyğəmbərin də ölüləri diriltdiyini bilirdi (1 Pad. 17:17—24; 2 Pad. 4:32—37). Həmçinin İsanın ölüləri diriltdiyi haqda eşitmişdi (Luka 7:11—15; 8:41, 42, 49—56). Siz də əmin ola bilərsiniz ki, ölən əzizlərinizi yenidən görəcəksiniz. İsanın kədərli dostlarına təsəlli verərkən ağlaması sübut edir ki, o, ölən əzizlərimizi diriltmək arzusundadır!

9. Kədərli olanlara, İsa kimi, necə təsəlli verə bilərik? Nümunə çəkin.

9 Siz qəm-qüssə içində olanlara dayaq ola bilərsiniz. İsa Marta və Məryəmlə birlikdə ağlamaqla yanaşı, onları dinləyib sakitləşdirmişdi. Biz də belə edə bilərik. Avstraliyada yaşayan Dan adlı ağsaqqal deyir: «Həyat yoldaşım vəfat edəndə dəstəyə ehtiyacım var idi. Bir neçə ər-arvad günün istənilən saatı məni dinləməyə hazır idilər. Onların yanında rahat ağlayıb, ürəyimi boşalda bilirdim, özlərini narahat hiss etmirdilər. Mən bəzi işləri görəcək vəziyyətdə olmayanda onlar mənə kömək edirdilər, məsələn, alış-veriş edirdilər, yemək bişirirdilər, maşınımı yuyurdular. Həmçinin tez-tez mənimlə bir yerdə dua edirdilər. Onlar “dar gün üçün doğulmuş” əsl dost və qardaş idilər» (Məs. 17:17).

TƏBLİĞ ETDİYİ İNSANLARA GÖRƏ AĞLAMIŞDI

10. Luka 19:36—40 ayələrində qeyd olunan hadisəni təsvir edin.

10 İsa eramızın 33-cü ili nisanın 9-u Yerusəlimə gəldi. Şəhərə yaxınlaşanda İsanı böyük bir izdiham qarşıladı, camaat onu padşah kimi qəbul edib, üst paltarlarını yerə sərdi. Bu, çox sevindirici bir hadisə idi. (Luka 19:36—40 ayələrini oxuyun.) Buna görə də şagirdlər, yəqin, bundan sonra gördükləri səhnəyə təəccübləndilər. «İsa şəhərə yaxınlaşanda ona baxıb ağladı». O, göz yaşları içində Yerusəlim sakinlərinin başına bəla gələcəyini peyğəmbərlik etdi (Luka 19:41—44).

11. İsa nəyə görə Yerusəlim sakinləri üçün ağladı?

11 İsanın bu qədər kədərlənməsinə səbəb nə idi? Onu mehriban qarşılasalar da, artıq bəlli idi ki, yəhudilərin əksəriyyəti Padşahlıq haqda xəbəri qəbul etməyəcək. Nəticədə, Yerusəlim dağıdılacaq, sağ qalan yəhudilər də əsir aparılacaq (Luka 21:20—24). Təəssüf ki, elə də oldu; İsanın dediyi kimi, insanların çoxu onu rədd etdilər. Bəs sizin ərazinizdəki insanlar Padşahlıq haqda xəbərə necə yanaşır? Həqiqəti öyrətmək üçün göstərdiyiniz cəhdlərin qarşılığında az adam hay verirsə, İsanın ağlamasından nə öyrənə bilərsiniz? Gəlin üç məqama baxaq.

12. İsanın insanlardan ötrü ağlamasından Yehova haqqında nə öyrənirik?

12 İnsanlar Yehova üçün çox dəyərlidir. İsanın ağlaması Yehovanın insanlara nə qədər önəm verdiyini göstərir. O, «heç kəsin məhv olmasını istəmir, əksinə, istəyir ki, hamı tövbəyə gəlsin» (2 But. 3:9). Biz insanların xoş xəbəri öyrənməsi üçün bundan sonra da əlimizdən gələni etməklə onları sevdiyimizi göstəririk (Mət. 22:39).

İsa Məsih kimi müxtəlif vaxtlarda təbliğ etməyə hazır olun (13 və 14-cü abzaslara baxın) *

13, 14. İsa insanların halına acıdığını necə göstərmişdi və biz özümüzdə bu xüsusiyyəti necə yetişdirə bilərik?

13 İsa xidmətə can qoyurdu. O, insanlara hər fürsətdə təbliğ edirdi (Luka 19:47, 48). Onu buna nə təşviq edirdi? İsa insanların halına acıyırdı. Bəzən o qədər adam İsanın sözlərini eşitmək istəyirdi ki, o və şagirdləri çörək yeməyə imkan tapmırdılar (Mark 3:20). Həmçinin İsa onunla gecə söhbət etmək istəyən bir nəfərə vaxt ayırmışdı (Yəh. 3:1, 2). İsanı dinləyənlərin əksəriyyəti onun şagirdi olmadı. Amma hamısı ətraflı şahidlik aldılar. Biz də istəyirik ki, hər kəsə xoş xəbəri eşitmək imkanı yaradaq (Həv. 10:42). Bunu etmək üçün isə xidmətə münasibətimizi dəyişməliyik.

14 Lazımi dəyişikliklər edin. Həmişə eyni vaxtda təbliğ etsək, maraq göstərəcək insanlara rast gəlməyə bilərik. Matilda adlı bir öncül bacı deyir: «Yoldaşımla çalışırıq ki, müxtəlif vaxtlarda xidmət edək. Səhər tezdən işgüzar ərazidə təbliğ edirik. Günorta saatlarında çoxları çöldə olduğu üçün ədəbiyyat arabalarından istifadə edirik. Axşamüstü isə ev-ev xidmət edirik». Biz özümüzə rahat olan vaxtda yox, insanlara daha çox rast gələcəyimiz vaxtda təbliğ etmək üçün cədvəlimizdə dəyişiklik etməliyik. Belə etsək, əmin ola bilərik ki, Yehova bizdən razı qalacaq.

YEHOVANIN ADININ TƏMİZƏ ÇIXMASI ÜÇÜN AĞLAMIŞDI

İsa Məsih kimi çətin anlarınızda Yehovaya yalvarın (15—17 abzaslara baxın) *

15. Luka 22:39—44 ayələrində yazıldığı kimi, İsanın həyatının son gecəsində nə baş vermişdi?

15 Eramızın 33-cü ili nisanın 14-ü İsa gecə Getsemani bağına getdi. Orada dua edib ürəyini Yehovaya boşaltdı. (Luka 22:39—44 ayələrini oxuyun.) Məhz həyatının bu ağır dönəmində o, «Allaha fəryad etmiş, göz yaşları ilə yalvarmış»dı (İbr. 5:7). Bəs o, həmin vaxtı Allaha nə barədə dua etmişdi? Yehovaya sadiq qalmaq və Onun iradəsini yerinə yetirmək üçün güc istəmişdi. Yehova Oğlunun yalvarışlarını eşitdi və onu möhkəmləndirmək üçün bir mələk göndərdi.

16. İsa Getsemani bağında dua edərkən niyə ağlamışdı?

16 İsa Allahın adına küfr edən bir insan kimi tanınacağına görə o qədər narahat idi ki, şübhəsiz, Getsemani bağında dua edəndə məhz buna görə ağlamışdı. Həmçinin onun üzərində Atasının adını təmizə çıxarmaq kimi böyük məsuliyyət var idi. Siz də Yehovaya sadiqliyinizi sınayan çətin vəziyyətlərlə üzləşirsinizsə, İsanın göz yaşlarından çox şey öyrənə bilərsiniz. Gəlin onlardan üçünü nəzərdən keçirək.

17. İsanın səmimi dualarına verdiyi cavabdan Yehova haqqında nə öyrənirik?

17 Yehova yalvarışlarımızı dinləyir. Yehova İsanın ürəkdən etdiyi xahişi cavabsız qoymadı. Nəyə görə? Çünki İsanın əsas məqsədi Atasına sadiq qalmaq və Onun adına bəraət qazandırmaq idi. Əgər bizim də əsas məqsədimiz Yehovaya sadiq qalmaq və Onun adına bəraət qazandırmaqdırsa, O, duamıza cavab olaraq bizə kömək edəcək (Zəb. 145:18, 19).

18. Nəyə görə demək olar ki, İsa dərdimizə şərik olan dostdur?

18 İsa dərdimizə şərikdir. Kədərli anlarımızda bizi başa düşən, xüsusilə də bizimlə oxşar vəziyyətlə üzləşən dostumuzun olması böyük xoşbəxtlikdir. İsa məhz belə dostdur. O, zəif, yardıma möhtac olmağın nə demək olduğunu yaxşı bilir. İsa zəifliklərimizi anlayır və çalışır ki, «dara düşəndə» biz köməksiz qalmayaq (İbr. 4:15, 16). İsa Getsemani bağında mələyin köməyini qəbul etdiyi kimi, biz də Yehovanın köməyini qəbul etməliyik. O bizə köməyi nəşrlər, videolar, nitqlər, ağsaqqalların və yetkin bacı-qardaşların ruhlandırıcı ziyarəti vasitəsilə edir.

19. Kədərli anlarımızda sədaqətimizi qorumaq üçün haradan güc ala bilərik? Nümunə çəkin.

19 Yehova sizə sülhünü verəcək. Yehova bizi necə gücləndirir? Biz dua edəndə O bizə «hər bir ağıldan üstün olan sülhü»nü verir (Filip. 4:6, 7). Bu sülh bizim qəlbimizi ovundurur və aydın düşünməyimizə kömək edir. Lüs adlı bacı bunu öz üzərindən hiss etmişdi. O deyir: «Mən tənhalıq hissi ilə mübarizə aparıram. Bəzən bu hisslər o qədər şiddətli olur ki, Yehovanın məni sevmədiyini düşünürəm. Amma bu zaman dərhal Yehovaya dua edirəm. Keçirdiyim hissləri Ona deyirəm. Duamın sayəsində beynimdən bu cür fikirləri qova bilirəm». Bacının nümunəsindən gördüyümüz kimi, dua bizə qəlb rahatlığı tapmağa kömək edir.

20. İsa Məsihin ağlamasından nələr öyrəndik?

20 Görün İsanın ağlamasından bizə təsəlli verən, öyüd verən nə qədər şey öyrənmək olar! Bizim üçün yaddaşlıq oldu ki, yaslı dindaşlarımıza dəstək olmalıyıq. Bir daha əmin olduq ki, əzizimizi itirmişiksə, Yehova və İsa bizə dayaq olacaq. Öyrəndik ki, təbliğ etdiyimiz insanlara şəfqətlə yanaşmalıyıq, çünki Yehova Allah və İsa Məsih bu nəcib keyfiyyəti təzahür etdirir. Həmçinin təsəlli tapdıq ki, Yehova və əziz Oğlu bizim hisslərimizi başa düşür, zəifliklərimizi anlayır və dərdimizə dözməyə kömək etməyə hazırdır. Gəlin Yehovanın gözlərimizdən bütün yaşları siləcəyi vaxta qədər öyrəndiklərimizə əməl etməkdən vaz keçməyək! (Vəhy 21:4).

NƏĞMƏ 120 Məsih kimi həlim olun

^ Bəzən İsa elə hadisələrlə üzləşirdi ki, göz yaşlarını saxlaya bilmirdi. Bu məqalədə onun göz yaşlarına səbəb olan üç hadisəni nəzərdən keçirəcəyik və görəcəyik ki, bunlardan nə öyrənə bilərik.

^ Bəzi adlar şərtidir.

^ «Müqəddəs Yazıların dərk edilməsi» ensiklopediyasında «İsa Məsih» başlığı altında «Dərin hisslər və canıyananlıq» yarımbaşlığına (rus.) baxın.

^ ŞƏKLİN İZAHI. İsa Marta və Məryəmə təsəlli vermişdi. Biz də yaxınını itirən dindaşımıza təsəlli verməliyik.

^ ŞƏKLİN İZAHI. İsa Nikodemlə gecənin bir aləmində söhbət etmişdi. Biz də insanlara onlara rahat olan vaxtda Müqəddəs Kitab dərsi keçməliyik.

^ ŞƏKLİN İZAHI. İsa Yehovaya sadiq qalmaq üçün Ondan duada güc istəmişdi. Biz də sınaqlar zamanı belə etməliyik.