Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 4

Anma mərasimində nəyə görə iştirak edirik?

Anma mərasimində nəyə görə iştirak edirik?

«Xatirəmi yad etmək üçün bunu həmişə edin» (LUKA 22:19).

NƏĞMƏ 20 Əziz Oğlunu qurban verdin

İCMAL *

1, 2. a) Ölən əzizimizi xüsusilə nə vaxt xatırlayırıq? b) Ölümündən öncəki gecə İsa davamçılarına nəyi buyurmuşdu?

 BİZƏ əziz olan insanların ölümündən uzun illər keçsə də, biz onları unutmuruq. Xüsusilə də onları ölümlərinin il dönümündə xatırlayırıq.

2 Hər il, biz də daxil olmaqla, dünyanın müxtəlif ölkələrində milyonlarla insan sevdiyimiz şəxsin, İsa Məsihin ölümünün il dönümünü qeyd etmək üçün bir yerə toplaşır (1 But. 1:8). Həmin gün bizi ölümdən və günahdan qurtarmaq üçün öz canını qurban verən bu şəxsi yad edirik (Mət. 20:28). İsa Məsih özü də istəyirdi ki, davamçıları onun ölümünü yad etsinlər. Elə ölümündən öncəki gecə o, xüsusi bir mərasim təsis etdi və belə bir əmr verdi: «Xatirəmi yad etmək üçün bunu həmişə edin» (Luka 22:19).

3. Bu məqalədə nə öyrənəcəyik?

3 İsa Məsihin ölümünü anma mərasimində iştirak edənlərdən kiçik bir qrup göydə yaşamaq ümidinə sahibdir. Anma mərasiminə yer üzündə yaşamaq ümidinə sahib olan milyonlarla insanlar da qatılır. Bu məqalədə araşdıracağıq ki, nəyə görə bu iki qrup insan hər il anma mərasimində iştirak etməyə can atır və bunun onlara hansı faydası var. Əvvəlcə gəlin görək məsh olunmuşlar bu mərasimdə hansı səbəblərə görə iştirak edir.

MƏSH OLUNMUŞLARIN MƏRASİMDƏ İŞTİRAK ETMƏSİNİN SƏBƏBLƏRİ

4. Məsh olunmuşlar nə üçün anma mərasimindəki çörək və şərabdan qəbul edir?

4 Hər il keçirilən anma mərasimində məsh olunmuşlar simvollardan, çörək və şərabdan qəbul edir. Nəyə görə? Bunun cavabını bilmək üçün gəlin İsanın yerüzü həyatının son gecəsi baş verənlərə nəzər salaq. İsa Pasxa yeməyindən sonra «Ağanın şam yeməyi» adlanan mərasim təsis etdi. O, şərabı və çörəyi on bir həvarisinə ötürüb demişdi ki, şərabdan içib, çörəkdən yesinlər. İsa onlara iki əhd haqqında, yeni əhd və Padşahlıq əhdi haqda danışmışdı * (Luka 22:19, 20, 28—30). Bu əhdlər həvarilərin və məhdud sayda olan digər insanların göydə padşah və kahin kimi xidmət etməsinə yol açdı (Vəhy 5:10; 14:1). Məsh olunmuşların yer üzündə qalan hissəsi bu iki əhdə daxil olduqları üçün anma mərasimində çörək və şərabdan yalnız onlar qəbul edə bilər.

5. Məsh olunmuşlar ümidləri ilə bağlı nəyi dərk edirlər?

5 Məsh olunmuşlar başqa bir səbəbə görə də anma mərasimində böyük həvəslə iştirak edirlər. Mərasim zamanı onların göylər ümidi haqqında düşünmək imkanları olur. Yehova onlara heyrətamiz bir ümid verib. Onlar göydə ölməzliyi və çürüməzliyi alacaqlar. Göylərə ucalmış İsa Məsihlə və 144 000-in qalanı ilə birlikdə xidmət edəcəklər. Ən əsası isə Yehovanın hüzurunda olacaqlar (1 Kor. 15:51—53; 1 Yəh. 3:2). Məsh olunmuşlar göydə bu cür nemətlər almaq üçün dəvət olunsalar da, dərk edirlər ki, bunun üçün ölümə qədər sadiq qalmalıdırlar (2 Tim. 4:7, 8). Göylər ümidləri haqqında düşünmək məsh olunmuşlara böyük sevinc bəxş edir (Tit. 2:13). Bəs «başqa qoyunlar» haqqında nə demək olar? (Yəh. 10:16). Onlar anma mərasimində hansı səbəblərə görə iştirak edirlər?

«BAŞQA QOYUNLARIN» MƏRASİMDƏ İŞTİRAK ETMƏSİNİN SƏBƏBLƏRİ

6. Nəyə görə «başqa qoyunlar» hər il anma mərasimində iştirak edir?

6 «Başqa qoyunlar» anma mərasimində simvollardan istifadə etmirlər, onlar müşahidəçi qismində mərasimə qatılırlar. 1938-ci ildə yer üzündə yaşamaq ümidinə sahib olanlar ilk dəfə anma mərasiminə xüsusi olaraq dəvət olunmuşdular. «Gözətçi qülləsi» jurnalının 1938-ci il 1 mart sayında deyilir: «“Başqa qoyunların” bu mərasimdə iştirak etməsi tamamilə düzgündür və münasibdir... Bu onlar üçün də sevindirici gün olmalıdır və elədir ki var». Toya gələn qonaqlar mərasimi sevinclə izlədiyi kimi, anma mərasimində iştirak edən başqa qoyunlar da mərasimi sevinclə izləyirlər.

7. Nəyə görə «başqa qoyunlar» üçün anma mərasimində söylənilən nitq önəm daşıyır?

7 Yerüzü ümidinə sahib olanlar da anma mərasimində iştirak edən zaman ümidləri haqqında düşünürlər. Anma mərasimində söylənilən nitq onlar üçün çox önəmlidir. Çünki nitqdə əsas etibarı ilə Məsihin və 144 000 həmvarisinin sadiq insanlar üçün edəcəyi işlərdən danışılır. İsa Məsihin minillik hakimiyyəti zamanı məsh olunmuşlar yer üzünün cənnətə çevrilməsinə və bəşəriyyətin kamilliyə yetişməsinə kömək edəcək. Görün indi anma mərasimində müşahidəçi qismində iştirak edən milyonlarla insan Müqəddəs Kitabın gələcəklə bağlı peyğəmbərliklərinin, məsələn, Əşiya 35:5, 6; 65:21—23 və Vəhy 21:3, 4 ayələrində yazılan peyğəmbərliklərin yerinə yetdiyi dövrü təsəvvürlərində canlandıranda necə sevinir. Özlərini əzizləri ilə birlikdə yeni dünyada canlandıranda onların gələcəyə ümidləri güclənir və Yehovaya daima xidmət etmək qətiyyətləri artır (Mət. 24:13; Qal. 6:9).

8. Yerüzü Cənnətdə yaşamağa ümid edənlər başqa hansı səbəbə görə anma mərasimində iştirak edirlər?

8 Gəlin yerüzü Cənnətdə yaşamağa ümid edənlərin anma mərasimində iştirak etməsinin digər səbəbinə nəzər salaq. Onlar məsh olunmuşları sevdiklərini və onlara dayaq olduqlarını göstərmək istəyirlər. Allahın Kəlamında peyğəmbərlik olunmuşdu ki, məsh olunmuşlarla yerüzü ümidinə sahib olanlar arasında sıx bir bağlılıq olacaq. Gəlin bir neçə nümunəni nəzərdən keçirək.

9. Zəkəriyyə 8:23 ayəsindəki peyğəmbərlikdə «başqa qoyunların» məsh olunmuşlara münasibəti haqda nə deyilir?

9 Zəkəriyyə 8:23 ayəsini oxuyun. Bu peyğəmbərlik başqa qoyunların məsh olunmuş bacı-qardaşlarına olan hisslərini gözəl təsvir edir. Burada «bir yəhudi» və «səninlə» sözləri eyni qrup insana — məsh olunmuşların yer üzündə qalan hissəsinə aiddir (Rom. 2:28, 29). «Bütün xalqlardan olan, müxtəlif dillərdə danışan on adam» isə başqa qoyunları təmsil edir. Onların yəhudinin ətəyindən yapışması o deməkdir ki, onlar sədaqətlə pak ibadətdə məsh olunmuşlara qoşulurlar. Deməli, başqa qoyunlar anma mərasimində iştirak etməklə məsh olunmuşlara sıx bağlı olduqlarını göstərirlər.

10. Hizqiyal 37:15—19, 24, 25 ayələrindəki peyğəmbərliyi Yehova necə yerinə yetirdi?

10 Hizqiyal 37:15—19, 24, 25 ayələrini oxuyun. Peyğəmbərliyin icrası belə oldu: Yehova məsh olunmuşlarla başqa qoyunları birləşdirdi, aralarında sarsılmaz birlik yaratdı. Peyğəmbərlikdə iki çubuq haqqında danışılır. Göylər ümidinə sahib olanlar «Yəhuda üçün» olan çubuq kimidirlər, çünki İsrail padşahları bu qəbilədən seçilirdi. Yer üzündə yaşamağa ümid edənlər isə «Əfraimin çubuğu» kimidirlər *. Yehova bu iki qrupu birləşdirib ki, onlar «bir çubuq» olsunlar. Bu o deməkdir ki, onlar bir padşahın, İsa Məsihin idarəçiliyi altında vəhdət içində xidmət edirlər. Hər il məsh olunmuşlarla başqa qoyunlar anma mərasiminə iki qrup şəklində yox, «bir çobanın» nəzarəti altında «bir sürü» şəklində qatılırlar (Yəh. 10:16).

11. Mətta 25:31—36, 40 ayələrində kimlərdən söhbət gedir və onlar Məsihin qardaşlarına əsas etibarilə necə dayaq olurlar?

11 Mətta 25:31—36, 40 ayələrini oxuyun. Bu məsəldəki «qoyunlar» yer üzündə yaşamaq ümidi olan və axırzamanda yaşayan saleh insanları təmsil edir, yəni «başqa qoyunları». Onlar Məsihin qardaşlarının yer üzündə qalan hissəsinə sədaqətlə dayaq olurlar. Necə? Əsas etibarilə onlara üzərlərinə düşən böyük məsuliyyəti — bütün dünyada təbliğ və şagird hazırlamaq işini icra etməyə kömək edirlər (Mətta 24:14; 28:19, 20).

12, 13. «Başqa qoyunlar» Məsihin qardaşlarına daha hansı yollarla dəstək olur?

12 Hər il anma mərasimindən öncəki həftələr ərzində «başqa qoyunlar» bütün dünyada keçirilən kampaniyada iştirak edərək maraqlananları mərasimə dəvət edirlər. Bununla da Məsihin qardaşlarına dəstək olduqlarını göstərirlər. (« Anma mərasiminə hazırlaşırsınız?» adlı çərçivəyə baxın.) Həmçinin onlar lazımi tədbirlər görürlər ki, hətta əksər yığıncaqlarda simvollardan qəbul edən olmasa da, bütün yığıncaqlar anma mərasimini qeyd edə bilsin. Məsihin qardaşlarına bu yollarla dəstək olmaq onlara böyük sevinc gətirir. Onlar bilir ki, İsanın məsh olunmuş qardaşları üçün etdiklərinə İsa elə yanaşır ki, sanki onun üçün ediblər (Mətta 25:37—40).

13 Ümidimizdən asılı olmayaraq, başqa hansı səbəblərə görə hamımız anma mərasimində iştirak edirik?

NƏYƏ GÖRƏ MƏRASİMDƏ HAMIMIZ İŞTİRAK EDİRİK?

14. Yehova və İsa Məsih bizə olan dərin məhəbbətlərini necə təzahür etdiriblər?

14 Yehovaya və İsa Məsihə bizə göstərdikləri məhəbbətə görə minnətdarıq. Yehova bizi sevdiyini müxtəlif üsullarla göstərib, amma bizdən ötrü əziz Oğlunun əzab çəkib ölməsinə izin verməsi məhəbbətinin ən böyük izharıdır (Yəh. 3:16). Bilirik ki, İsa Məsih də bizim uğrumuzda canla-başla ölümə getməklə bizə olan dərin məhəbbətini göstərib (Yəh. 15:13). Biz Yehovanın və İsanın bizə olan məhəbbətinin əvəzini heç vaxt verə bilmərik. Amma həyat tərzimizlə onlara minnətdar olduğumuzu göstərə bilərik (Kol. 3:15). Onların məhəbbətini xatırlamaq və onlara öz sevgimizi göstərmək üçün hər il anma mərasimində iştirak edirik.

15. Nəyə görə həm məsh olunmuşlar, həm də «başqa qoyunlar» fidyəyə çox dəyər verir?

15 Fidyəyə görə minnətdarıq (Mət. 20:28). Məsh olunmuşlar fidyəni çox qiymətləndirirlər, çünki bunun sayəsində onların möhtəşəm ümidləri var. Məsihin qurbanlığına iman etdikləri üçün Yehova onları saleh sayır və övladlığa götürür (Rom. 5:1; 8:15—17, 23). Başqa qoyunlar da fidyəyə görə minnətdardı. Fidyəyə iman sayəsində Allahın gözündə təmiz sayılırlar, onlara müqəddəs xidməti icra etmək şərəfi nəsib olub və «böyük müsibətdən» xilas olmaq ümidləri var (Vəhy 7:13—15). Məsh olunmuşların və başqa qoyunların fidyəyə minnətdarlıqlarını göstərməyin bir üsulu hər il anma mərasimində iştirak etməkdir.

16. Daha hansı səbəbə görə anma mərasimində iştirak edirik?

16 Bizim anma mərasimində iştirak etməyimizin digər səbəbi İsanın əmrinə itaət etmək istəməyimizdir. İsa anma mərasimini təsis etdiyi gecə belə demişdi: «Xatirəmi yad etmək üçün bunu həmişə edin» (1 Kor. 11:23, 24). Hansı ümidə sahib olmağımızdan asılı olmayaraq, hər birimiz şəxsən bu əmrə əməl etmək istəyirik.

MƏRASİMİN HƏR BİRİMİZƏ FAYDASI

17. Anma mərasimi Yehovaya yaxınlaşmağımıza necə kömək edir?

17 Yehovaya yaxınlaşırıq (Yaq. 4:8). Öyrəndiyimiz kimi, anma mərasimi zamanı bizim imkanımız olur ki, Yehovanın bizə verdiyi gerçək ümid haqqında və Onun tükənməz məhəbbəti barədə düşünək (Ərm. 29:11; 1 Yəh. 4:8—10). Bu da, öz növbəsində, bizim Yehovaya məhəbbətimizi artırır və aramızdakı bağları gücləndirir (Rom. 8:38, 39).

18. İsanın nümunəsi bizi nəyə təşviq edir?

18 İsadan nümunə götürməyə təşviq olunuruq (1 But. 2:21). Anma mərasimi ərəfəsində biz Müqəddəs Kitabdan İsanın yerüzü həyatının son həftəsi, ölümü və dirilməsi haqqında oxuyuruq. Anma mərasimi günü isə söylənilən nitq İsanın bizə məhəbbətini xatırladır (Efes. 5:2; 1 Yəh. 3:16). Beləcə, İsanın sürdüyü fədakar həyat haqqında oxuyub, üzərində düşünəndə bizim də ürəyimizdə «onun getdiyi yolla» getmək istəyi oyanır (1 Yəh. 2:6).

19. Biz Yehovanın məhəbbətindən ayrılmamaq üçün nə etməliyik?

19 Yehovanın məhəbbətindən ayrılmamaq üçün daha qətiyyətli oluruq (Yhd. 20, 21). Biz Yehovanın əmrinə riayət etmək, adını ucaltmaq, qəlbini şad etmək üçün əlimizdən gələni etməklə Onun məhəbbətində qala bilərik (Məs. 27:11; Mət. 6:9; 1 Yəh. 5:3). Anma mərasimini qeyd etmək bizim hər gün Yehovaya sədaqətlə ömür sürmək qətiyyətimizi artırır. Bununla sanki belə deyirik: «Sənin məhəbbətindən heç vaxt ayrılmaq istəmirəm!»

20. Anma mərasimində iştirak etmək üçün hansı əsaslı səbəblərimiz var?

20 Göydə və ya yer üzündə yaşamaq ümidimizdən asılı olmayaraq, hər birimizin anma mərasimində iştirak etmək üçün əsaslı səbəbləri var. Hər il bu günü qeyd etmək üçün toplaşmaqla bizə əziz olan insanın, İsa Məsihin ölümünü anırıq. Ən əsası isə biz məhəbbətin ən böyük təcəssümünü, Yehovanın İsa Məsihi bizim üçün qurban verməklə göstərdiyi məhəbbəti xatırlayırıq. Anma mərasimi 2022-ci il 15 aprel cümə günü keçiriləcək. Biz Yehovanı və Onun Oğlunu sevirik. Odur ki, İsanın ölümünün il dönümünü qeyd etmək bizim üçün hər şeydən önəmli olmalıdır.

NƏĞMƏ 16 Xilaskar padşaha görə Yehovaya həmd olsun

^ Göydə və ya yerüzü Cənnətdə yaşamaq ümidimizdən asılı olmayaraq, hər birimiz hər il anma mərasimində iştirak etməyi səbirsizliklə gözləyirik. Bu məqalədə Müqəddəs Kitab əsasında araşdıracağıq ki, anma mərasimində nəyə görə iştirak edirik və bunun bizə hansı faydası var.

^ Yeni əhd və Padşahlıq əhdi ilə bağlı ətraflı məlumat almaq üçün «Gözətçi qülləsi» jurnalının 2014-cü il 15 oktyabr sayının 15—17 səhifələrində yerləşən «Siz “kahinlər padşahlığı” olacaqsınız» adlı məqaləyə baxın.

^ Hizqiyal 37-ci fəsildəki iki çubuqla bağlı peyğəmbərlik haqqında daha ətraflı öyrənmək üçün «Pak ibadət dirçəlir!» kitabının 130—135 səhifələrinin 3—17 abzaslarına baxın.