Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 5

«Vaxtınızın qədrini bilin»

«Vaxtınızın qədrini bilin»

«Diqqətli olun, düşüncəsizlər kimi yox, müdriklər kimi hərəkət edin,.. vaxtınızın qədrini bilin» (EFES. 5:15, 16).

NƏĞMƏ 8 Yehova pənahımızdır

İCMAL *

1. Biz Yehova ilə necə vaxt keçirə bilərik?

 BİZ çox istədiyimiz insanlarla vaxt keçirməyi xoşlayırıq. Bir-birini sevən ər-arvad üçün axşamlar baş-başa vaxt keçirməyin yerini heç nə verməz. Gənclərə dostları ilə vaxt keçirmək xoşdur. Hamımız dindaşlarımızla birgə keçirdiyimiz vaxtdan ləzzət alırıq. Amma ən əsası, biz Yehova ilə vaxt keçirməyi sevirik. Biz dua etməklə, Müqəddəs Kitabı oxumaqla, Yehovanın niyyəti və gözəl xüsusiyyətləri haqqında düşünməklə Onunla vaxt keçiririk. Yehova ilə keçirdiyimiz vaxt bizim üçün qızıldan qiymətlidir! (Zəb. 139:17).

2. Yehova ilə vaxt keçirməyə bizə nə mane ola bilər?

2 Yehova ilə vaxt keçirmək bizə xoş olsa da, bəzən buna vaxt tapmaq asan olmur. Çünki çox məşğuluq, iş, ailə məsuliyyətləri və digər vacib şeylər çox vaxtımızı aldığı üçün dua etməyə, Allahın Kəlamını mütaliə etməyə və üzərində düşünməyə vaxtımızın olmadığını fikirləşirik.

3. Vaxtımızı başqa nə oğurlaya bilər?

3 Vaxtımızı əlimizdən alan gizli bir şey də var. Əgər ehtiyatlı olmasaq, öz-özlüyündə pis olmayan şeylər Yehovaya yaxınlaşmaq üçün ayırmalı olduğumuz vaxtı oğurlaya bilər. Məsələn, götürək əyləncə məsələsini. Düzdür, istirahət etmək lazımdır, amma hətta faydalı əyləncəyə başımız o qədər qarışa bilər ki, ruhani işlərə çox az vaxtımız qalar. Əyləncəyə qədərində vaxt ayırmalıyıq (Məs. 25:27; 1 Tim. 4:8).

4. İndi nə haqda danışacağıq?

4 Bu məqalədə həyatda düzgün şeylərə üstünlük verməyimizin vacibliyini öyrənəcəyik. Həmçinin araşdıracağıq ki, Yehova ilə keçirdiyimiz vaxtın bəhrəli olması üçün nə edə bilərik və vaxtımızı bu cür hikmətlə istifadə etməyin bizə hansı faydası olacaq.

HİKMƏTLİ QƏRARLAR VERİN, VACİB ŞEYLƏRİ AYIRD EDİN

5. Efeslilərə 5:15—17 ayələrindəki məsləhət gənclərə ən gözəl həyat yolunu seçməyə necə kömək edə bilər?

5 Ən gözəl həyat yolunu seçin. Adətən gənclər gələcək həyatlarını ən yaxşı şəkildə qurmaq istəyirlər. Bir tərəfdən müəllimləri və imanda olmayan ailə üzvləri təzyiq göstərə bilər ki, gələcəkdə yaxşı yerdə işləmək üçün ali təhsil alsınlar. Amma bu cür təhsil insanın çox vaxtını alır. Digər tərəfdən də valideynləri, yığıncaqdakı dostları onları təşviq edir ki, həyatlarını Yehovaya xidmətə həsr etsinlər. Yehovanı sevən gənclərə düzgün qərar verməyə nə kömək edə bilər? Yaxşı olar ki, onlar Efeslilərə 5:15—17 ayələrini oxuyub üzərində düşünsünlər. (Ayələri oxuyun.) Gənclər bu ayələri oxuyub özlərinə növbəti sualları verə bilər: «“Yehovanın iradəsi” nədir? Hansı qərarı versəm, Onu razı salaram? Vaxtımı daha səmərəli istifadə etmək üçün hansı həyat yolunu seçməliyəm?» Unutmayın ki, biz «pis vaxtda» yaşayırıq və Şeytanın idarə etdiyi bu dünya tezliklə məhv olacaq. Ona görə həyatımızı elə şeyə həsr etməliyik ki, Yehovanın gözündə rəğbət qazanaq.

6. Məryəm hansı qərarı verdi və nəyə görə bu, hikmətli qərar idi?

6 Vacib şeyləri ayırd edin. Bəzən yanlış olmayan iki şey arasında düzgün seçim etmək vaxtdan hikmətlə istifadə etdiyimizi göstərəcək. Bunu İsanın Marta və Məryəmgildə qonaq olan zaman baş verən hadisədən görmək olar. Şübhəsiz ki, Marta İsanın onlarda qonaq olmasına görə çox sevinirdi. O, İsa üçün gözəl süfrə açmışdı. Məryəm isə həmin vaxt İsanın düz yanında oturub, onun öyrətdiklərinə qulaq asırdı. Martanın niyyəti yaxşı idi. Amma Məryəm «özünə yaxşı pay» seçmişdi (Luka 10:38—42). Bəlkə də, bir müddət sonra həmin gün nə yediyi Məryəmin heç yadında da deyildi, amma İsanın öyrətdiklərini o, heç vaxt unutmadı. Məryəm üçün İsa ilə keçirdiyi vaxt necə qiymətli idisə, bizim üçün də Yehova ilə keçirdiyimiz vaxt qiymətlidir. Bəs nə edə bilərik ki, həmin vaxtdan ən bəhrəli şəkildə istifadə edək?

YEHOVA İLƏ KEÇİRDİYİNİZ VAXTDAN TAM BƏHRƏLƏNİN

7. Nəyə görə dua etmək, Allahın Kəlamını oxumaq və üzərində düşünmək vacibdir?

7 Unutmayın ki, dua etmək, Allahın Kəlamını mütaliə etmək və üzərində düşünmək ibadətimizə daxildir. Biz dua edəndə bizi çox sevən səmavi Atamızla ünsiyyət edirik (Zəb. 5:7). Müqəddəs Kitabı mütaliə edəndə hikmətin mənbəyi olan «Allahın elminə» yetişirik (Məs. 2:1—5). Oxuduqlarımızın üzərində düşünəndə isə diqqətimiz Yehovanın gözəl xüsusiyyətlərinə cəmlənir. Onun bizimlə və bəşəriyyətlə bağlı möhtəşəm niyyətini xatırlayırıq. Sizcə, vaxtımızı bundan dəyərli nəyə sərf edə bilərik ki?! Bu vaxtdan tam bəhrələnmək üçün gəlin görək nə etməliyik.

Fərdi mütaliənizi sakit bir yerdə keçirə bilərsiniz? (8 və 9-cu abzaslara baxın)

8. İsa Məsih çöllükdə olarkən vaxtından necə istifadə etmişdi və biz ondan nə öyrənirik?

8 Mümkündürsə, sakit bir məkan seçin. Gəlin İsanın nümunəsinə nəzər salaq. Yer üzündəki xidmətinə başlamazdan qabaq İsa 40 gün çöllükdə qaldı (Luka 4:1, 2). Belə bir sakit məkanda dua etmək, Atasının onunla bağlı niyyəti haqqında düşünmək imkanı oldu. Əlbəttə ki, bu, İsanı qarşıda onu gözləyən sınaqlara hazırladı. İsadan necə örnək götürə bilərik? Böyük ailəniz varsa, evdə sakit bir məkan tapmaq müşkül ola bilər və belə halda harasa getmək olar. Culi adlı bir bacı Yehovaya dua etmək istəyəndə belə edir. O, yoldaşı ilə birlikdə Fransada kiçik bir mənzildə yaşayır. Onun təklikdə, fikri yayınmadan Yehova ilə vaxt keçirməsi çətindir. Culi deyir: «Buna görə mən hər gün parka gedirəm. Orada tək olmaq, bütün diqqətimi cəmləyib Yehova ilə ürəkdən söhbət etmək imkanım olur».

9. İsa məşğul olmasına baxmayaraq, Yehova ilə münasibətinə dəyər verdiyini necə göstərmişdi?

9 Yer üzündə xidməti zamanı İsa çox iş görürdü. Diyar-diyar gəzib müjdəni bəyan edirdi. Onun arxasınca böyük izdiham gəlirdi. Onlar istəyirdi ki, İsa onlara vaxt ayırsın. Bir dəfə onu görmək üçün «bütün şəhər qapının ağzına toplaşmışdı». Hətta bu halda belə İsa Yehovaya dua etmək üçün vaxt ayırmışdı. Atası ilə tək qalmaq üçün alaqaranlıqdan durub, «kimsəsiz bir yerə» getmişdi (Mark 1:32—35).

10, 11. Mətta 26:40, 41 ayələrinə əsasən, İsa Getsemani bağında şagirdlərinə hansı məsləhəti verdi, bəs onlar nə etdilər?

10 Yer üzündəki həyatının sonuncu gecəsi, artıq xidməti sona çatanda İsa yenə də dua etmək üçün sakit bir yerə çəkilmişdi. Bu dəfə o, Getsemani bağına getmişdi (Mət. 26:36). Həmin vaxt İsa şagirdlərinə dua ilə bağlı çox əhəmiyyətli məsləhətlər vermişdi.

11 Gəlin baş verənlərə nəzər salaq. Onlar Getsemani bağına gəlib çatanda, bəlkə də, gecə yarısını keçmişdi. İsa şagirdlərinə «oyaq qalın» dedi, özü isə dua etməyə getdi (Mət. 26:37—39). Amma o, dua edən vaxt şagirdləri yatdılar. İsa gəlib onların yatdığını görəndə onlara yenə dedi: «Sayıq olun və daima dua edin». (Mətta 26:40, 41 ayələrini oxuyun.) İsa başa düşürdü ki, onlar stres içindədirlər və çox yorulublar. İsa onlara anlayış göstərib dedi ki, «ruh şövqlü, cisim isə zəifdir». Buna baxmayaraq, İsa bundan sonra daha iki dəfə dua edib qayıdanda gördü ki, şagirdləri dua etmək əvəzinə, yenə yatıblar (Mət. 26:42—45).

Dua etmək üçün yorğun olmadığınız vaxtı seçə bilərsiniz? (12-ci abzasa baxın)

12. Əgər bəzən dua etməyə taqətinizin olmadığını hiss edirsinizsə, nə edə bilərsiniz?

12 Dua etmək üçün düzgün vaxt seçin. Bəzən o qədər yorğun, stresli oluruq ki, dua edə bilmirik. Əgər sizinlə də belə olubsa, bilin ki, bu cür hisslər keçirən tək siz deyilsiniz. Belə olduqda nə edə bilərsiniz? Yehovaya günün sonunda dua etməyə vərdiş edən bir çox insanlar fikir veriblər ki, axşam bir az tez, hələ çox yorulmamış dua etmək daha yaxşıdır. Digərləri isə görmüşlər ki, dua zamanı duruş tərzi də diqqəti cəmləməkdə böyük rol oynayır. Bəs əgər o qədər fikirlisiniz, məyusluğa qapılmısınız ki, dua etməyə gücünüz yoxdur, onda necə? Hansı hissləri keçirdiyinizi Yehovaya deyin. Əmin olun ki, rəhmli Atanız sizi başa düşür (Zəb. 139:4).

Yığıncaq vaxtı gələn mesajlara cavab verməmək sizdə alınar? (13 və 14-cü abzaslara baxın)

13. Elektron cihazlar Yehova ilə keçirdiyimiz vaxta necə mane ola bilər?

13 Mütaliə zamanı çalışın, fikriniz yayınmasın. Dua Yehova ilə münasibətimizi möhkəmləndirmək üçün yeganə vasitə deyil. Biz həmçinin mütaliə edərək, ibadət görüşlərində iştirak edərək Yehovaya yaxınlaşa bilərik. Mütaliəyə ayırdığınız və yığıncaqda olduğunuz vaxtdan tam bəhrələnmək üçün nə edə bilərsiniz? Növbəti sual üzərində düşünün: «Mütaliə zamanı fikrimi cəmləməyə adətən nə mane olur?» Ola bilərmi ki, bu, telefonunuza və ya digər elektron cihazınıza gələn zənglər, mesajlar olsun? Bu gün milyardlarla insanlar elektron cihazlardan istifadə edir. Bir mütəxəssis deyir: «Telefonunuzun elə yanınızda olması fikrinizi yayındırmağa bəsdir. Bu zaman insanın fikri gördüyü işdə yox, başqa yerdə olur». Adətən toplantılarda bizə xatırladırlar ki, elektron cihazlarımızı elə rejimə qoyaq ki, başqalarına mane olmasın. Eyni şeyi özümüz tək olanda da edə bilərik. Yehova ilə vaxt keçirərkən elektron cihazlarımızı elə rejimə qoya bilərik ki, bizə mane olmasın.

14. Filippililərə 4:6, 7 ayələrinə əsasən, Yehova diqqətimizi cəmləməyə necə kömək edə bilər?

14 Fikrinizi cəmləyə biləsiniz deyə Yehovadan kömək istəyin. Mütaliə və yığıncaq vaxtı görürsünüzsə ki, fikriniz başqa yerdədir, Yehovaya dua edin. Nəyinsə fikrini çəkirsinizsə, bütün narahatçılıqlarınızı bir kənara qoyub, diqqətinizi ruhani şeylərə cəmləmək asan olmaya bilər. Amma bunu etmək olduqca vacibdir. Dua edin ki, Allahın sülhü təkcə ürəyinizi yox, həm də fikirlərinizi qorusun. (Filippililərə 4:6, 7 ayələrini oxuyun.)

YEHOVA İLƏ KEÇƏN VAXTIN MÜKAFATI

15. Yehova ilə vaxt keçirməyin faydalarından biri hansıdır?

15 Yehova haqda düşünmək, Onunla danışmaq və Onu dinləmək üçün vaxt ayırsaq, bunun bizə böyük faydası olacaq. Əvvəla, biz daha yaxşı qərarlar verəcəyik. Müqəddəs Kitabda deyilir ki, «hikmətli ilə oturub-duran hikmətli olar» (Məs. 13:20). Ona görə də biz hikmətin mənbəyi olan Yehova ilə vaxt keçirəndə hikmətə yiyələnirik. Beləcə, daha yaxşı bilirik, hansı qərarımız Onu kədərləndirər, yaxud qəlbini şad edər.

16. Yehova ilə vaxt keçirmək müəllimlik qabiliyyətimizi necə artırır?

16 İkincisi, daha yaxşı müəllim olacağıq. Kiməsə dərs keçəndə əsas məqsədlərimizdən biri o olur ki, həmin adama Yehovaya yaxınlaşmağa kömək edək. Yehova haqqında nə qədər çox öyrəniriksə, nə qədər çox dua ediriksə, Ona məhəbbətimiz bir o qədər də güclənir. Bunun sayəsində şagirdimizə Yehovanı sevdirməyi daha yaxşı bacarırıq. İsa Məsih məhz bu cür müəllim idi. Atası haqda danışanda elə ürəkdən danışırdı ki, davamçıları Yehovanı sevməyə bilməzdi (Yəh. 17:25, 26).

17. Dua və mütaliə imanımızı necə möhkəmləndirir?

17 Üçüncüsü, imanımız möhkəmlənəcək. Biz dua edib Yehovadan rəhbərlik, təsəlli, kömək istəyəndə və hər dəfə Onun duamıza cavab verdiyini görəndə imanımız möhkəmlənir (1 Yəh. 5:15). Bəs imanımızı başqa nə möhkəmləndirir? Fərdi mütaliə. Axı «iman insanda sözü eşidəndən sonra yaranır» (Rom. 10:17). Amma sadəcə bilik almaq imanımızı möhkəmləndirmək üçün kifayət deyil. Bəs başqa nə lazımdır?

18. Nəyə görə oxuduqlarımızın üzərində düşünməliyik? Nümunə çəkin.

18 Biz öyrəndiklərimizin üzərində dərindən düşünməliyik. Gəlin 77-ci məzmurun yazarının nümunəsinə nəzər salaq. Ona elə gəlirdi ki, həm o, həm də İsrail xalqı Yehovanın rəğbətini itirib. O, buna görə çox narahat idi. Hətta gecələr də bu fikirlər ona aman vermirdi (2—8 ayələr). Bəs o nə etdi? Yehovaya belə dedi: «Əməllərin barədə düşüncələrə dalaram, bütün işlərini dərin-dərin düşünərəm» (12-ci ayə). Təbii ki, o, Yehovanın keçmişdə Öz xalqı üçün nələr etdiyini yaxşı bilirdi, amma yenə də fikir çəkirdi, düşünürdü: «Bəlkə, Allah lütfünü unudub? Yaxud qəzəbi rəhminin qabağını kəsib?» (9-cu ayə). O, Yehovanın işlərini, keçmişdə xalqına necə rəhm göstərdiyini xatırladı (11-ci ayə). Bunun nəticəsi nə oldu? Məzmurçu Yehovanın Öz xalqını atmayacağına əmin oldu (15-ci ayə). Eynilə biz də Yehovanın bu vaxta qədər xalqı üçün və şəxsən bizim üçün etdiklərinin üzərində düşünəndə imanımız daha da güclənir.

19. Yehova ilə vaxt keçirməyin başqa hansı mükafatı var?

19 Dördüncüsü və ən önəmlisi, Yehovaya məhəbbətimiz güclənəcək. Yehovaya itaət etməyə, Onun rəğbətini qazanmaq üçün qurbanlar verməyə və sınaqlara dözməyə insanı bütün xüsusiyyətlərdən çox məhəbbət təşviq edir (Mət. 22:37—39; 1 Kor. 13:4, 7; 1 Yəh. 5:3). Yehova ilə möhkəm dostluqdan dəyərli heç nə ola bilməz! (Zəb. 63:1—8).

20. Yehova ilə təklikdə vaxt keçirmək üçün nə kimi planlarınız var?

20 Unutmayın ki, dua etmək, Allahın Kəlamını mütaliə etmək və üzərində düşünmək ibadətimizə daxildir. İsa Məsih kimi siz də Yehova ilə tək qalıb vaxt keçirmək üçün sakit bir yer tapın. Fikrinizi yayındıran şeylərdən uzaq olun. Ruhani işlərlə məşğul olan zaman diqqətinizi cəmləyə biləsiniz deyə Yehovaya dua edib kömək diləyin. Əgər indi vaxtınızdan ağılla istifadə etsəniz, Yehova sizə yerüzü Cənnətdə əbədi həyat mükafatını verəcək (Mark 4:24).

NƏĞMƏ 28 Yehovanın dostu olaq

^ Yehova bizim ən yaxın Dostumuzdur. Yehova ilə dostluğumuz bizim üçün olduqca dəyərlidir. Ona görə də biz Onu daha yaxından tanımaq istəyirik. Kimisə yaxından tanımaq üçün vaxt lazım olduğu kimi, Yehova ilə aramızdakı bağları gücləndirmək üçün də vaxt lazımdır. Bu gün həyatımız qaçhaqaç içindədir. Buna görə də belə sual yarana bilərik ki, Yehovaya yaxınlaşmaq üçün necə vaxt tapmaq olar və bunun bizə hansı faydası var?