TƏLİM MƏQALƏSİ 1
Allahın Sözü həqiqətdir!
2023-CÜ İLİN AYƏSİ: «Sözünün bünövrəsi həqiqətdir» (ZƏB. 119:160).
NƏĞMƏ 96 Allahın Kəlamı bir xəzinədir
İCMAL a
1. Nəyə görə əksər insanlar Müqəddəs Kitaba inanmır?
BU GÜN insanların heç kimə etibarı qalmayıb. Onların hörmət etdiyi şəxslərə — siyasətçilərə, alimlərə və iş adamlarına etibarı sarsılıb. Artıq bu şəxslərin cəmiyyətin xeyrini düşündüyünə şübhə edirlər. Həmçinin Xristian dininin xadimləri də onların gözündən düşüb, buna görə də bu xadimlərin əllərində olan kitaba, Müqəddəs Kitaba inanmırlar.
2. Zəbur 119:160 ayəsinə əsasən, biz nəyə əminik?
2 Yehovanın xidmətçisi olan bizlər tamamilə əminik ki, «Yehova haqq Allahı»dır və həmişə rifahımızı düşünür (Zəb. 31:5; Əşy. 48:17). Biz həmçinin Müqəddəs Kitabdan oxuduqlarımıza etibar edirik. İnanırıq ki, Allahın «sözünün bünövrəsi həqiqətdir» b. (Zəbur 119:160 ayəsini oxuyun.) Bir Müqəddəs Kitab alimi yaxşı deyib: «Allahın dediyi sözlərdə zərrə qədər də yalan yoxdur və Onun sözü heç vaxt boşa çıxmaz. Allahın xalqı Onun sözünə etibar edə bilər, çünki bu sözü deyən Varlığa, Allaha etibar edirlər».
3. Bu məqalədə nə haqda danışacağıq?
3 İnsanlara bizim kimi, Allahın Kəlamına etibar etməyə necə kömək edə bilərik? Bu məqalədə Müqəddəs Kitabın etibara layiq olduğunu göstərən üç sübutu araşdıracağıq: mətnin dəqiqliyi, peyğəmbərliklərin yerinə yetməsi və insanları yaxşılığa doğru dəyişməyə qadir olması.
MÜQƏDDƏS KİTAB MƏTNİNİN DƏQİQLİYİ QORUNUB
4. Nəyə görə bəzi insanlar Müqəddəs Kitabın təhrif olunduğunu düşünür?
4 Yehova Müqəddəs Kitabın bölmələrini 40 nəfər sadiq kişiyə yazdırmışdı. Lakin bu ilkin əlyazmaların heç biri bizim dövrə qədər gəlib çıxmayıb. Hazırda mövcud olan əlyazmaların hamısı nüsxələrdən köçürülmüş nüsxələrdir. Ona görə də bəzi insanlar əlimizdə olan Müqəddəs Kitabın orijinala uyğun olduğuna şübhə edirlər. Bəs Müqəddəs Kitabın təhrif olunmadığına necə əmin olmaq olar?
5. Tövratın nüsxələri necə köçürülürdü? (Üz qabığındakı şəklə baxın.)
5 Yehova Öz Kəlamını qorumaq üçün xalqına onu köçürməyi buyurmuşdu. İsrail padşahları Tövratın üzünü köçürüb, özləri üçün şəxsi nüsxə hazırlamalı idilər. Lavililər isə bu Qanunu xalqa öyrətməli idilər (Qan. 17:18; 31:24—26; Nəh. 8:7). Yəhudilər Babil sürgünündən azad olunandan sonra peşəkar köçürücülər, yaxud mirzələr Tövratın çoxlu nüsxələrini hazırlamağa başladılar (Üzr. 7:6, haş.). Bu mirzələr işlərinə çox ciddi yanaşırdılar. Nəinki sözləri, hətta hərfləri sayırdılar. Amma qeyri-kamil olduqları üçün istər-istəməz Müqəddəs Kitabın mətnində xırda səhvlər olurdu. Bununla belə, eyni mətnin çoxlu nüsxəsi olduğuna görə sonradan bu səhvləri müəyyən etmək mümkün oldu. Gəlin görək necə.
6. Müqəddəs Kitabın nüsxələrindəki səhvləri müəyyən etmək necə mümkündür?
6 Müasir alimlər köçürücülərin buraxdığı səhvləri tapmağın üsulunu bilirlər. Buna bir əyani misal çəkmək olar. Tutaq ki, 100 nəfərə bir səhifəlik mətni əllə köçürmək tapşırılıb. Onlardan biri mətni köçürərkən xırda səhvlərə yol verir. Onun buraxdığı səhvi tapmağın bir yolu onun köçürdüyü mətni digərlərininki ilə müqayisə etməkdir. Eynilə alimlər Müqəddəs Kitabın çoxsaylı nüsxələrini bir-biri ilə tutuşduraraq hansısa mirzənin buraxdığı səhvi müəyyən edə bilirlər.
7. Mirzələrin əlyazmaları dəqiqliklə köçürdüyünü hansı nümunə göstərir?
7 Mirzələr Müqəddəs Kitab əlyazmalarını dəqiqliklə köçürmək üçün çox əziyyət çəkiblər. Bunu sübut edən bir nümunəyə baxaq. Tövratın tam şəkildə olan ən qədim əlyazması eramızın 1008—1009-cu illərinə aiddir. Bu əlyazma Leninqrad kodeksi adlanır. Amma son illər ərzində Leninqrad kodeksindən ən azı min il qədim olan çoxlu əlyazmalar və fraqmentlər aşkar olunub. Kimsə düşünə bilər ki, min ildən çox vaxt ərzində əlyazmalar bir-birindən köçürüldüyü üçün Leninqrad kodeksi daha qədim əlyazmalardan xeyli fərqlənər. Amma bu belə deyil. Alimlər daha qədim əlyazmalarla sonrakı əlyazmaları tutuşduranda gördülər ki, sözlərdə cüzi fərq olsa da, bu, mətnin məğzinə təsir etməyib.
8. İncilin əlyazmaları ilə digər qədim əsərlər arasında hansı fərq var?
8 Qədimdəki məsihilər Tövratın köçürücülərinin qoyduğu ənənəni izləyirdilər. Onlar İncilə daxil olan 27 bölməni dəqiqliklə köçürürdülər və bu nüsxələri yığıncaqda və təbliğdə istifadə edirdilər. Bir alim İncilin mövcud əlyazmalarını eyni dövrə aid əsərlərlə müqayisə edərək demişdi: «İncilin nüsxələrinin sayı daha çoxdur… və onlar nisbətən bütöv haldadırlar». Bir kitabda isə belə deyilir: «İncilin mötəbər tərcüməsini oxuyan insan arxayın ola bilər ki, o, qədim yazarların yazdığı fikirləri oxuyur» («Anatomy of the New Testament»).
9. Əşiya 40:8 ayəsində Müqəddəs Kitabla bağlı hansı həqiqət vurğulanır?
9 Müqəddəs Kitabı köçürmək üçün əsrlər ərzində çoxlu sayda mirzə gecəsini gündüzünə qatmışdı. Bunun sayəsində bu gün Müqəddəs Kitab əlimizə dəqiq şəkildə gəlib çatıb c. Əlbəttə ki, Yehova bəşəriyyətə ünvanladığı Kəlamının qorunmasına Özü nəzarət edib. (Əşiya 40:8 ayəsini oxuyun.) Bəli, Müqəddəs Kitabın dövrümüzə dəqiqliklə gəlib çatması sübut edir ki, o, Allahın ilhamı ilə yazılıb. Amma ola bilsin, kimin üçünsə bu sübut kifayət deyil. Gəlin görək Müqəddəs Kitabın Allahdan nazil olduğunu göstərən başqa hansı sübutlar var.
MÜQƏDDƏS KİTABDAKI PEYĞƏMBƏRLİKLƏR YERİNƏ YETİR
10. İkinci Butrus 1:21 ayəsinin doğru olduğunu sübut edən bir peyğəmbərliyi nümunə çəkin. (Şəkillərə baxın.)
10 Müqəddəs Kitabda yerinə yetmiş çoxlu peyğəmbərliklər var. Onlardan bəziləri yazıldığı vaxtdan yüz illər sonra gerçəkləşib. Bu peyğəmbərliklərin yerinə yetdiyini tarix də təsdiqləyir. Bu bizə qeyri-adi gəlmir, çünki Müqəddəs Kitabdakı peyğəmbərliklərin mənbəyi Yehova Allahdır. (2 Butrus 1:21 ayəsini oxuyun.) Gəlin qədim Babil şəhərinin süqutu haqqındakı peyğəmbərliyi yadımıza salaq. Bizim eradan əvvəl VIII əsrdə Əşiya peyğəmbərlik etmişdi ki, qüdrətli Babil şəhəri işğal olunacaq. Hətta oranı fəth edən şəxsin adının Kuruş olacağını demişdi və Kuruşun şəhəri necə zəbt edəcəyini də dəqiqliklə təsvir etmişdi (Əşy. 44:27—45:2). Həmçinin Əşiya peyğəmbər Babilin əvvəl-axır viran qalacağını və orada heç kimin yaşamayacağını da peyğəmbərlik etmişdi (Əşy. 13:19, 20). Bu sözlər nöqtəsinə kimi yerinə yetdi. Eramızdan əvvəl 539-cu ildə madalılar və farslar Babili ələ keçirdi. Bir vaxtlar əzəmətli olan şəhər hal-hazırda xarabalıqdır. («Əbədi xoşbəxt həyat!» kitabının elektron versiyasında «Müqəddəs Kitabda Babilin süqutu qabaqcadan deyilmişdi» adlı videoya baxın. Video 3-cü dərsin 5-ci bəndində yerləşir.)
11. Dənyal 2:41—43 ayələri bu gün necə yerinə yetir?
11 Müqəddəs Kitabdakı peyğəmbərliklər təkcə keçmişə aid deyil. Orada bizim gözümüzün qabağında yerinə yetən peyğəmbərliklər də var. Məsələn, gəlin Dənyalın Böyük Britaniya və Amerika dövlətləri ilə bağlı dediyi möhtəşəm peyğəmbərliyə nəzər salaq. (Dənyal 2:41—43 ayələrini oxuyun.) Peyğəmbərlikdə bu dövlətlərin dəmir kimi «qismən möhkəm» və gil kimi «qismən kövrək» olacağı deyilmişdi. Bu sözlərin yerinə yetdiyi göz qabağındadır. Böyük Britaniya və Amerika dövlətləri dəmir kimi möhkəm olduqlarını Birinci və İkinci Dünya müharibəsində qazanılan qələbədə aparıcı rol oynamaqla və indiyənədək güclü hərbi qüvvəyə malik olmaqla göstərirlər. Bununla belə, vətəndaşları onların qüdrətini zəiflədir. Onlar öz hüquqlarını müdafiə etmək üçün kütləvi mitinqlər, həmkarlar ittifaqı və azadlıq hərəkatları təşkil edirlər. Dünya siyasəti üzrə bir mütəxəssis təzəlikcə belə demişdi: «Dünyada ikinci elə bir müasir demokratik dövlət yoxdur ki, Amerika kimi siyasi cəhətdən bu dərəcədə bölünmüş olsun». Eyni şeyi Böyük Britaniya barədə də demək olar. Xüsusilə də son illərdə Böyük Britaniyanın Avropa İttifaqı ilə hansı əlaqələri saxlamalı olduğuna dair ölkə daxilində ikitirəlik var. Bu parçalanmalar ucbatından Böyük Britaniya və Amerika dövlətlərinin istədiyi kimi fəaliyyət göstərməsi, demək olar ki, mümkünsüzdür.
12. Allahın Kəlamındakı peyğəmbərliklər bizi nəyə əmin edir?
12 Yerinə yetmiş bir çox peyğəmbərliklər Allahın gələcəklə bağlı verdiyi vədlərə imanımızı möhkəmləndirir. Biz Yehovaya dua edən məzmurçunun sözlərinə şərikik: «Xilasının həsrətindəyəm, axı Sənin sözünə ümid bağlamışam» (Zəb. 119:81). Yehova Müqəddəs Kitabın səhifələrində bizə «gözəl gələcək, ümid» bəxş edir (Ərm. 29:11). Bizim gələcəyə ümidimiz insanların göstərdiyi cəhdlərdən asılı deyil, biz Yehovanın vədlərinə güvənirik. Gəlin həmişə peyğəmbərlikləri araşdıraraq Allahın Kəlamına etibarımızı möhkəmləndirək.
MÜQƏDDƏS KİTABDAKI MƏSLƏHƏTLƏR MİLYONLARLA İNSANA FAYDA GƏTİRİR
13. Zəbur 119:66, 138 ayələrinə əsasən, Müqəddəs Kitabın etibarlı olduğunu daha nə sübut edir?
13 Müqəddəs Kitabın etibara layiq olduğunu göstərən başqa sübut da var: oradakı məsləhətlərə əməl etmək insanlara xeyir gətirir. (Zəbur 119:66, 138 ayələrini oxuyun.) Məsələn, bir vaxtlar boşanmaq həddinə çatan ailələr indi mehribandır. Onların övladları sağlam mühitdə böyüyür, valideynlərinin sevgi və qayğısını duyurlar (Efes. 5:22—29).
14. Müqəddəs Kitabdakı məsləhətlərin insanın həyatını yaxşılaşdırdığına dair nümunə çəkin.
14 Müqəddəs Kitabdakı hikmətli məsləhətlərə əməl etməyin sayəsində hətta ən təhlükəli cinayətkarlar belə yaxşılığa doğru dəyişiblər. Belə insanlardan biri Cek d adlı məhbus idi. O, qəddar cinayətlər törətmişdi. Olduğu həbsxanada ölüm hökmü kəsilən məhbusların içində ən təhlükəlisi idi. Amma günlərin bir günü o, Müqəddəs Kitab dərsində iştirak etdi. Dərs keçən qardaşların xeyirxah olması ona dərin təsir bağışladı və o da Müqəddəs Kitabı öyrənməyə başladı. Oxuduqlarına əməl etdikcə davranışı və xasiyyəti yaxşılığa doğru dəyişdi. Bir müddətdən sonra Cek vəftiz olunmamış təbliğçi oldu, daha sonra isə vəftiz olundu. O, şövqlə Allahın Padşahlığı haqqında başqa məhbuslara danışırdı və hətta onların ən azı dördünə həqiqəti öyrənməyə kömək etmişdi. Edam günü Cek artıq tamamilə başqa insan idi. Onun vəkillərindən biri deyir: «Cek 20 il əvvəl tanıdığım insan deyil. Yehovanın Şahidlərinin öyrətdikləri onun həyatını tamamilə dəyişib». Düzdür, Cekin ölüm hökmü icra olundu, amma onun nümunəsi açıq-aydın göstərir ki, Allahın Kəlamına etibar edə bilərik və bu Kəlam insanların həyatını yaxşılığa doğru dəyişməyə qadirdir (Əşy. 11:6—9).
15. Yehovanın xalqını başqalarından nə fərqləndirir? (Şəklə baxın.)
15 Yehovanın xidmətçiləri Müqəddəs Kitabdakı məsləhətlərə əməl etdikləri üçün aralarında birlik var (Yəh. 13:35; 1 Kor. 1:10). Siyasi, irqi və sosial cəhətdən parçalanmış dünyanın fonunda onların arasındakı sülh və birlik qabarıq görünür. Allahın xalqı arasındakı birlik Jan adlı oğlanı heyran etmişdi. O, bir Afrika ölkəsində böyüyüb. Ölkədə vətəndaş müharibəsi baş qaldıranda o, orduya qoşuldu. Amma sonra qonşu ölkəyə qaçdı. Orada Yehovanın Şahidləri ilə tanış oldu. Jan deyir: «Öyrəndim ki, həqiqi dində olan insanlar siyasətə qarışmamalıdır və aralarında parçalanma olmamalıdır. Əksinə, onlar bir-birini sevməlidir. Bir zamanlar mən həyatımı ölkə uğrunda vuruşmağa həsr etmişdim. Amma Müqəddəs Kitabı öyrənəndən sonra həyatımı Yehovaya həsr etdim». Jan büsbütün dəyişdi. Artıq o, başqa millətdən olan insanlara qarşı vuruşmur, qarşılaşdığı hər kəsə Müqəddəs Kitabdakı sülh xəbərini çatdırır. Bəli, Müqəddəs Kitabdakı məsləhətlər müxtəlif millətlərdən olan çoxlu sayda insanın həyatını yaxşılığa doğru dəyişib. Bu, Müqəddəs Kitabın etibara layiq olduğuna dair güclü sübutdur.
ALLAHIN SÖZÜNÜN HƏQİQƏT OLDUĞUNA HƏMİŞƏ ETİBAR EDİN
16. Nəyə görə Allahın Kəlamına etibarımızı gücləndirmək çox vacibdir?
16 Bu dünya getdikcə daha da betər vəziyyətə düşdüyünə görə həqiqətə etibarımız sınanacaq. Ola bilsin, insanlar Müqəddəs Kitabın dəqiqliyinə, yaxud Yehovanın xalqına yol göstərmək üçün sadiq və ağıllı nökər təyin etdiyinə ürəyimizdə şübhə oyatmağa çalışacaqlar. Amma biz Yehovanın Kəlamının həmişə həqiqət olduğuna əmin olsaq, kim nə deyirsə desin, imanımız sarsılmayacaq. Biz qərarlı olacağıq ki, «daima, sonadək [Yehovanın] qayda-qanununa» tabe olaq (Zəb. 119:112). Biz insanlara həqiqəti danışmağa utanmayacağıq, onları Yehovanın qayda-qanunlarına uyğun yaşamağa təşviq edəcəyik (Zəb. 119:46). Üstəlik, təqiblər də daxil olmaqla, ən böyük çətinliklərə «sevinclə və səbirlə» tab gətirəcəyik (Kol. 1:11; Zəb. 119:143, 157).
17. İlin ayəsi bizə nəyi xatırladacaq?
17 Yehovaya şükürlər olsun ki, bizə həqiqəti açıb! Həqiqət sayəsində biz bu qarmaqarışıq, çaşqınlıq içində olan dünyada qəlb rahatlığını qoruyuruq və gedəcəyimiz yolu yaxşı bilirik. Həqiqət bizə Allahın Padşahlığının idarəçiliyi altında gözəl gələcəyin olacağına ümid verir. Arzu edirik ki, 2023-cü ilin ayəsi Allahın Sözünün bünövrəsinin — hər kəlməsinin həqiqət olduğuna əminliyimizi qorumağa kömək etsin! (Zəb. 119:160).
NƏĞMƏ 94 Allahın Kəlamına görə minnətdarıq
a «Sözünün bünövrəsi həqiqətdir» (Zəb. 119:160). İmanı möhkəmləndirən bu sözlər 2023-cü ilin ayəsidir. Şübhəsiz, bu ayədə deyilənlərlə razısınız. Amma əksər insanlar Müqəddəs Kitaba inanmır və orada yazılan məsləhətlərə etibar etmir. Bu məqalədə biz Müqəddəs Kitabda yazılanların həqiqət olduğunu təsdiq edən üç sübutu araşdıracağıq. Bunların əsasında səmimi-qəlbli insanlara Müqəddəs Kitaba etibar etməyə kömək edə bilərik.
b BƏZİ İFADƏLƏRİN İZAHI. «Sözünün bünövrəsi həqiqətdir» kimi tərcümə olunan ifadə ibrani dilində Allahın bütün sözlərinin həqiqət olduğu mənasını verir.
c Müqəddəs Kitabın qorunması ilə bağlı əlavə məlumat almaq üçün jw.org saytına daxil olub, axtarış xanasına «Müqəddəs Kitab və tarix» yazın.
d Bəzi adlar şərtidir.