Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 4

Anma mərasimini keçirəcəksiniz, Yehova sizə yar olacaq!

Anma mərasimini keçirəcəksiniz, Yehova sizə yar olacaq!

«Xatirəmi yad etmək üçün bunu həmişə edin» (LUKA 22:19).

NƏĞMƏ 19 Məsihin ölümünü anma mərasimi

İCMAL a

1, 2. Nəyə görə biz hər il anma mərasimində iştirak edirik?

 TƏXMİNƏN 2000 il bundan əvvəl İsa Məsih öz canını insanlar uğrunda qurban verdi. Bununla da hamı üçün əbədi həyata yol açdı. Ölümündən öncəki gecə İsa Məsih davamçılarına buyurdu ki, onun bu fədakarlığını xatırlasınlar, çörək və şərabdan istifadə edərək sadə bir mərasim keçirsinlər (1 Kor. 11:23—26).

2 Biz İsa Məsihin bu buyruğuna əməl edirik, çünki onu çox sevirik (Yəh. 14:15). Ona minnətdarlığımızı ifadə etmək üçün hər il anma mərasimi dövründə vaxt ayırıb dua edirik və İsanın ölümünün dəyəri barədə dərindən düşünürük. Həmçinin təbliğdə daha çox iştirak edirik, mümkün qədər çox insanı bu xüsusi mərasimə dəvət edirik. Özümüz də istənilən əngələ rəğmən, anma mərasimində iştirak etməyə əzmliyik.

3. Bu məqalədə nə haqda danışacağıq?

3 Bu məqalədə biz Yehovanın xalqının İsanın ölümünü anmaq üçün üç sahədə necə böyük zəhmət çəkdiyi barədə danışacağıq. Bunlar 1) mərasimi İsanın qoyduğu nümunə əsasında qeyd etmək, 2) başqalarını bu mərasimə dəvət etmək və 3) çətinliklərə rəğmən bu mərasimdə iştirak etməkdir.

ANMA MƏRASİMİ NECƏ QEYD OLUNMALIDIR?

4. Hər il anma mərasimində hansı həqiqətlər barədə danışılır və nəyə görə buna adi yanaşmamalıyıq? (Luka 22:19, 20).

4 Hər il anma mərasimində Müqəddəs Kitaba əsaslanan nitq söylənilir və bu nitqdə bir çox suallar cavablandırılır. Məsələn, nəyə görə bəşəriyyətin fidyəyə ehtiyacı var idi? Bir nəfər bütün insanların günahını necə yuya bilər? Çörəklə şərab nəyi təmsil edir? Onlardan kimlər qəbul edə bilər? (Luka 22:19, 20 ayələrini oxuyun.) Həmçinin mərasimdə yer üzündə əbədi yaşamağa ümid edənləri qarşıda gözləyən nemətlər barədə düşünürük (Əşy. 35:5, 6; 65:17, 21—23). Biz bu həqiqətlərə adi yanaşmamalıyıq. Milyardlarla insan bunu və İsanın fidyə qurbanlığının nə qədər dəyərli olduğunu dərk etmir. Həmçinin onlar anma mərasimini İsanın təsis etdiyi qaydada qeyd etmirlər. Gəlin görək səbəb nədir.

5. Əksər həvarilər öləndən sonra insanlar anma mərasimini necə qeyd etməyə başladılar?

5 İsanın həvarilərinin əksəriyyəti öləndən sonra yığıncaqlarda saxta məsihilər peyda oldu (Mət. 13:24—27, 37—39). Onlar «şagirdləri ardınca aparmaq üçün həqiqəti təhrif» edirdilər (Həv. 20:29, 30). Müqəddəs Kitabda Məsihin «bir çox adamın günahını daşımaq üçün bir dəfə özünü qurban verdi»yi qeyd olunsa da, saxta məsihilər bu təlimi təhrif edərək öyrədirdilər ki, onun qurbanlığı dəfələrlə gətirilməlidir (İbr. 9:27, 28). Bu gün bu yalan təlimə çoxlu sayda insan aldanıb. Onlar hər həftə, bəzən isə hər gün kilsədə toplaşıb, «Messa qurbanı» b adlanan mərasim keçirirlər. Xristian dininə mənsub başqa kilsələr bu mərasimi bu dərəcədə tez-tez qeyd etməsə də, onların da İsanın qurbanlığının mənası ilə bağlı aydın bilikləri yoxdur. Bəziləri deyir: «Görəsən, doğrudan da, İsanın ölümü mənim günahlarımı yuya bilər?» Nəyə görə onlarda belə sual yaranır? Bəzi insanlar iddia edir ki, İsanın ölümü günahları yuya bilməz və ola bilər ki, onlar bu cür fikirlərin təsiri altına düşür. Bəs Məsihin həqiqi davamçıları insanlara bu mərasimin həqiqi mənasını başa düşməyə necə kömək edir?

6. Müqəddəs Kitab Tədqiqatçıları artıq 1872-ci ilə kimi nəyi başa düşmüşdülər?

6 19-cu əsrin sonlarına yaxın Çarlz Teyz Rasselin rəhbərliyi altında bir neçə nəfər Müqəddəs Kitabı dərindən tədqiq etməyə başladı. Onlar İsanın qurbanlığının mənasını və anma mərasiminin necə keçirilməli olduğunu bilmək istəyirdilər. Artıq 1872-ci ilə kimi onlar Müqəddəs Kitab əsasında başa düşmüşdülər ki, İsa Məsih, doğrudan da, bütün bəşəriyyət uğrunda öz canını fidyə verib. Amma aşkarladıqları bu həqiqəti özlərində saxlamadılar; kitablar, qəzetlər və jurnallar vasitəsilə başqalarına da çatdırdılar. Həmçinin çox keçməmiş birinci əsrdəki məsihilərin nümunəsini izləyərək anma mərasimini ildə cəmi bir dəfə qeyd etməyə başladılar.

7. İlk məsihilərin apardığı tədqiqatın hansı xeyrini görürük?

7 Bu gün biz həmin məsihilərin uzun illər əvvəl apardığı tədqiqatdan bəhrələnirik. Yehova gözlərimizi açıb: biz Məsihin qurbanlığını və onun hansı nemətləri gətirəcəyini dərk edirik (1 Yəh. 2:1, 2). Həmçinin Müqəddəs Kitabda iki növ ümiddən danışıldığını öyrənmişik: Allahın bəyəndiyi insanların bəziləri göydə ölümsüz həyat alacaq, milyonlarla insan isə yer üzündə əbədi yaşayacaq. Yehovanın bizi nə qədər sevdiyi, Məsihin fidyə qurbanlığının şəxsən bizə gətirdiyi fayda haqda düşünəndə Yehovaya daha da yaxınlaşırıq (1 But. 3:18; 1 Yəh. 4:9). Keçmişdəki sadiq məsihilər kimi, biz də insanları dəvət edirik ki, bizimlə birlikdə anma mərasimini İsanın qoyduğu qaydaya uyğun qeyd etsinlər.

İNSANLARI ANMA MƏRASİMİNƏ DƏVƏT EDİRİK

Anma mərasiminə dəvət kampaniyasında tam şəkildə iştirak etmək üçün nə edə bilərsiniz? (8—10 abzaslara baxın) e

8. Yehovanın xalqı insanları anma mərasiminə dəvət etmək üçün nələr edib? (Şəklə baxın.)

8 Yehovanın xalqı uzun illərdir ki, hər il insanları anma mərasiminə dəvət edir. Hələ 1881-ci ildə Birləşmiş Ştatlardakı bacı-qardaşlar bu xüsusi mərasimi birlikdə keçirmək üçün Pensilvaniyanın Allehan şəhərində yerləşən bir evə dəvət olunmuşdu. Daha sonra hər yığıncaq özü anma mərasimi keçirdi. 1940-cı ilin mart ayında təbliğçilər təşviq olundu ki, ərazilərində maraq göstərən hər bir kəsi anma mərasiminə dəvət etsinlər. 1960-cı ildə isə Beytel ilk dəfə yığıncaqları çap olunmuş dəvətnamələrlə təmin etdi. O vaxtdan bəri milyardlarla anma mərasimi dəvətnaməsi paylanılıb. Görəsən, nəyə görə biz insanları bu mərasimə dəvət etmək üçün bu qədər güc və vaxt sərf edirik?

9, 10. Anma mərasiminə kimləri dəvət edirik? (Yəhya 3:16).

9 Çünki biz istəyirik ki, anma mərasiminə ilk dəfə gələn insanlar Yehovanın və İsanın bəşəriyyət uğrunda nələr etdiyini öyrənsinlər. (Yəhya 3:16 ayəsini oxuyun.) Ümid edirik ki, gördükləri və eşitdikləri onları daha çox bilik qazanmağa və Yehovanın xidmətçisi olmağa təşviq edəcək. Bu mərasim başqalarına da fayda gətirir.

10 Biz bu mərasimə bir zamanlar Yehovaya xidmət etmiş insanları da dəvət edirik. Bu yolla Yehovanın onları hələ də sevdiyini xatırladırıq. Çoxları bu dəvəti qəbul edir. Onları mərasimdə görəndə çox sevinirik. Anma mərasiminə gələndə onlar Yehovaya xidmətdə keçən gözəl günləri xatırlayırlar. Onlardan biri də Monika c bacıdır. COVID-19 pandemiyası vaxtı o, xidmətini bərpa etdi. 2021-ci ildə anma mərasimində iştirak edəndən sonra belə sözlər demişdi: «Bu anma mərasimi mənim üçün çox xüsusi idi. Çünki 20 ildən sonra ilk dəfə idi ki, insanlara şahidlik verib onları anma mərasiminə dəvət edirdim. Bunu can-dildən etdim, çünki Yehovanın və İsanın məndən ötrü etdiklərinə görə çox minnətdaram» (Zəb. 103:1—4). İnsanların dəvətimizi qəbul edib-etməməsindən asılı olmayaraq, biz hər kəsi bu mərasimə dəvət edirik. Çünki bilirik ki, Yehova zəhmətimizi qiymətləndirir.

11. Anma mərasiminə insanları dəvət etmək üçün çəkdiyimiz zəhmətə Yehova necə bərəkət verir? (Həqqay 2:7).

11 Yehova anma mərasiminə insanları dəvət etmək üçün çəkdiyimiz zəhmətə bol-bol bərəkət verir. COVID-19 pandemiyasına görə olan məhdudiyyətlərə baxmayaraq, 2021-ci ildə anma mərasimində iştirak edənlərin sayı ən yüksək həddə çatmışdı: 21 367 603 nəfər. Bu isə Yehovanın Şahidlərinin sayından 2,5 dəfə çoxdur! Əlbəttə, Yehova üçün önəmli olan rəqəmlər deyil. İştirak edən hər kəs ayrı-ayrılıqda Yehova üçün dəyərlidir (Luka 15:7; 1 Tim. 2:3, 4). Əmin ola bilərik ki, dəvət işimiz vasitəsilə Yehova səmimi-qəlbli insanları tapmağa kömək edir. (Həqqay 2:7 ayəsini oxuyun.)

MANEƏLƏR OLSA DA, ANMA MƏRASİMİNİ KEÇİRİRİK

Yehova anma mərasimində iştirak etmək üçün çəkdiyimiz zəhmətə bərəkət verir (12-ci abzasa baxın) f

12. Hansı səbəblərə görə bəzən anma mərasimində iştirak etmək çətin olur? (Şəklə baxın.)

12 İsa Məsih peyğəmbərlik etmişdi ki, axırzamanda müxtəlif çətinliklərimiz olacaq: ailə üzvlərimiz bizə qarşı çıxacaq, dövlət təqib edəcək, müharibələr, xəstəliklər və sairə problemlər olacaq (Mət. 10:36; Mark 13:9; Luka 21:10, 11). Bəzən bu səbəblərə görə anma mərasimini keçirmək çətin olur. Bəs bacı-qardaşlar bu maneələri necə aşırlar və Yehova onlara necə dayaq olur?

13. Artyom qardaşın anma mərasimini keçirmək üçün cəsarətli hərəkətinə Yehova necə bərəkət verdi?

13 Həbs. Etiqadına görə həbsdə olan bacı-qardaşlar anma mərasimini qeyd etmək üçün əllərindən gələni edirlər. Məsələn, Artyom qardaş bu sahədə gözəl nümunədir. 2020-ci ildə anma mərasimi zamanı o, həbsdə idi. Onu 17 kvadrat metrlik bir kameraya salmışdılar və ondan başqa orada 4 dustaq da var idi. Həbsdə olmasına baxmayaraq, Artyom qardaş simvollar üçün bəzi şeylər əldə edə bildi. Lakin onun dustaq yoldaşları çox söyüşkən idilər və siqaret çəkirdilər. Buna görə də o onlardan xahiş etdi ki, cəmi bir saat nə siqaret çəksinlər, nə də söyüş söysünlər. Xoşbəxtlikdən onlar razılaşdı. Artyom qardaş onlara anma mərasimi barədə danışmağı təklif etdi. Lakin onlar bu haqda heç nə eşitmək istəmədiklərini dedilər. Amma Artyomun anma mərasimini qeyd etdiyini görəndə və danışdıqlarını eşidəndə bu barədə ona çoxlu suallar verdilər.

14. COVID-19 pandemiyasına baxmayaraq, insanların anma mərasimini keçirməsi üçün hansı tədbirlər görülmüşdü?

14 COVID-19 pandemiyası. Bu pandemiya başlayanda Yehovanın Şahidləri artıq anma mərasimini keçirmək üçün canlı şəkildə yığışa bilmədilər. Amma bu, onlara anma mərasimini keçirməyə mane olmadı d. İnternet bağlantısı olan yığıncaqlar bu mərasimi videokonfrans vasitəsilə keçirtdilər. Bəs İnterneti olmayan milyonlarla insan nə etdi? Bəzi ölkələrdə filiallar tədbir gördü ki, nitq televiziya və ya radio vasitəsilə yayımlansın. Bundan əlavə, nitq 500-dən çox dildə yazıya alındı. Qardaşlar bu yazıları kimə lazım idi çatdırdılar. Beləcə, hətta ucqar ərazidə yaşayanlar da anma mərasimini keçirə bildi.

15. Müqəddəs Kitabı öyrənən Syu adlı qadından hansı nümunəni götürdünüz?

15 Ailə tərəfindən təqiblər. Bəzilərinə isə ailə üzvlərinin təqiblərinə görə anma mərasimində iştirak etmək müşkül olur. Belə insanlardan biri Müqəddəs Kitabı öyrənən Syu adlı bir qadındır. 2021-ci ildə anma mərasimindən bir gün əvvəl Syu ona dərs keçən bacıya demişdi ki, ailədəki təqiblərə görə mərasimdə iştirak edə bilməyəcək. Bacı da ona Luka 22:44 ayəsini oxumuşdu və izah etmişdi ki, çətinliklərlə üzləşəndə biz İsa Məsihdən nümunə götürərək Yehovaya dua etməliyik və hər şeyi Onun öhdəsinə buraxmalıyıq. Səhərisi gün Syu simvolları hazırladı və jw.org saytında səhər ibadətinin xüsusi buraxılışına baxdı. Həmin gün axşam isə öz otağında təkliyə çəkilib telefon vasitəsilə anma mərasiminə qulaq asdı. Sonra Syu ona dərs keçən bacıya belə sözlər yazmışdı: «O gün məni elə ruhlandırdın ki, anma mərasimində iştirak etmək üçün əlimdən gələni etdim və doğrudan da, Yehova qalan hər şeyi yoluna qoydu. Ürəyimdəki sevinci, minnətdarlığı ifadə etməyə söz tapmıram». Məgər Yehova sizə də bu kimi maneələri aşmağa kömək etməz?

16. Nəyə görə əminik ki, anma mərasimində iştirak etmək üçün atdığımız addımları Yehova avand edəcək? (Romalılara 8:31, 32).

16 İsa Məsihin ölümünü anmaq üçün çəkdiyimiz bütün zəhməti Yehova çox qiymətləndirir. Əmin ola bilərik ki, Yehovaya minnətdarlığımızı göstərmək üçün atdığımız addımları Yehova avand edəcək. (Romalılara 8:31, 32 ayələrini oxuyun.) Odur ki, gəlin bu il anma mərasimində iştirak etmək üçün əlimizdən gələni edək. Həmçinin mərasimdən əvvəlki və sonrakı həftələr ərzində Yehovaya xidmətdə daha çox iş görək.

NƏĞMƏ 18 Fidyəyə görə minnətdarlıq

a 2023-cü il 4 aprel çərşənbə axşamı bütün dünyada milyonlarla insan İsa Məsihin ölümünü anma mərasimini qeyd edəcək. Xeyli insan bu mərasimə ilk dəfə qatılacaq. Həmçinin Yehovaya xidməti dayandıran insanlar da uzun illərdən sonra ilk dəfə anma mərasimində iştirak edəcək. Elələri də olacaq ki, mərasimdə iştirak etmək üçün böyük maneələri aşacaqlar. Vəziyyətinizdən asılı olmayaraq, əmin olun ki, mərasimdə iştirak etmək üçün əzm göstərməyiniz Yehovanın qəlbini şad edəcək.

b Həmin dinlərə mənsub insanlar inanır ki, bu ayin zamanı çörək və şərab Məsihin bədəninə və qanına çevrilir. Onlar hesab edir ki, hər dəfə bu ayin icra olunanda İsanın bədəni və qanı bir növ qurban gətirilir.

c Bəzi adlar şərtidir.

d Həmçinin jw.org saytında «2021-ci ilin anma mərasimi» adlı məqalələrə baxın.

e ŞƏKLİN İZAHI. 1960-cı illərdən bəri anma mərasimi dəvətnamələri daha da təkmilləşdirilib və hal-hazırda onlar həm çap, həm də elektron formatda mövcuddur.

f ŞƏKLİN İZAHI. Səhnələşdirilmiş şəkildə bacı-qardaşlar vətəndaş iğtişaşlarına baxmayaraq, anma mərasimini qeyd edirlər.