Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 5

«Bizə təkan verən qüvvə Məsihin məhəbbətidir»

«Bizə təkan verən qüvvə Məsihin məhəbbətidir»

«Bizə təkan verən qüvvə Məsihin məhəbbətidir… O, hamıdan ötrü öldü ki, yaşayanlar artıq özləri üçün deyil, onların uğrunda ölüb dirilmiş kəs üçün yaşasınlar» (2 KOR. 5:14, 15).

NƏĞMƏ 13 Məsih bizə örnəkdir

İCMAL a

1, 2. a) İsanın həyatı və xidməti haqda düşünəndə ürəyinizdə hansı hisslər yaranır? b) Bu məqalə bizə hansı sahədə kömək edəcək?

 BİZƏ əziz olan insan vəfat edəndə ondan ötrü burnumuzun ucu göynəyir. Yaramız təzə olanda ağrıdan başqa heç nə hiss etmirik. Hələ bir fikirləşəndə ki, o, ölməmişdən qabaq ağrılar çəkib, ürəyimiz lap sızıldayır. Amma zaman ötdükcə biz onunla bağlı xoş anları xatırlamağa başlayırıq, onun bizə öyrətdiklərini, dediyi sözləri, bizi necə güldürdüyünü yadımıza salırıq və beləcə, ürəyimizdə müəyyən dərəcədə sevinc duymağa başlayırıq.

2 Eynilə biz Müqəddəs Kitabdan İsanın çəkdiyi əzablar və ölümü barədə oxuyanda ürəyimiz parçalanır. Anma mərasimi dövründə İsanın fidyəsinin dəyəri haqda düşünmək üçün daha çox vaxt ayırırıq (1 Kor. 11:24, 25). Bununla yanaşı, İsa Məsihin yer üzündə olarkən dediyi sözlər, gördüyü işlər haqda düşünəndə ürəyimiz sevinclə dolur. Onun indi etdiyi və gələcəkdə görəcəyi işlər haqda fikirləşəndə qəlbimiz cuşa gəlir! Bütün bunlar və İsanın məhəbbəti bizi təşviq edir ki, minnətdarlığımızı əməldə göstərək. Bu məqalə bizə bu sahədə kömək edəcək.

MƏSİHƏ MİNNƏTDARLIQ ONUN İZİ İLƏ GETMƏYƏ TƏŞVİQ EDİR

3. Nə üçün fidyə ənamına görə minnətdarıq?

3 İsanın həyatı və ölümü haqda düşünəndə qəlbimiz şükranla dolur. O, yer üzündə olanda insanlara Allahın Padşahlığının gətirəcəyi nemətlər haqda danışmışdı. Bütün bu həqiqətlər bizim üçün çox qiymətlidir. Biz fidyəyə görə minnətdarıq, çünki o, Yehovaya və İsaya yaxınlaşmaq üçün qarşımızda qapı açır. Həmçinin İsaya iman edənlərin əbədi yaşamaq və ölən əzizlərini yenidən görmək imkanı var (Yəh. 5:28, 29; Rom. 6:23). Bütün bu nemətləri biz özümüz qazanmamışıq; Yehovanın və İsanın bizim üçün etdiklərinin əvəzini heç ödəyə də bilmərik (Rom. 5:8, 20, 21). Amma onlara nə qədər minnətdar olduğumuzu əməllərimizlə göstərə bilərik.

Məcdəlli Məryəmdən minnətdar olmaqla bağlı nə öyrəndiniz? (4 və 5-ci abzaslara baxın)

4. Məryəm İsaya minnətdar olduğunu necə göstərdi? (Şəklə baxın.)

4 Gəlin Məcdəlli Məryəm adlı bir yəhudi qadından danışaq. O, çox acınacaqlı vəziyyətdə idi, düz yeddi cin ona əzab verirdi. Bəlkə də, bu dərddən nə vaxtsa qurtulacağına heç ümidi də yox idi. Amma İsa ondakı cinləri qovur. Görün indi o necə xoşbəxt idi! Məryəm İsaya o qədər minnətdar idi ki, onun davamçısı oldu, üstəlik, xidmətdə ona dəstək olmaq üçün vaxtını, gücünü və vəsaitini əsirgəmədi (Luka 8:1—3). Məryəmin heç xəbəri yox idi ki, İsanın verəcəyi ən böyük bəxşiş hələ qabaqdadır: İsa ona iman edənlərin məhv olmaması, onların əbədi həyatının olması üçün öz canını fəda edəcək (Yəh. 3:16). Məryəm hələ bunu bilməyə-bilməyə İsaya minnətdarlıqdan irəli gələrək sadiq qaldı. İsa işgəncə dirəyində olanda Məryəm orada idi, həm ona, həm də orada olanlara dayaq oldu (Yəh. 19:25). İsanın ölümündən sonra Məryəm və başqa iki qadın sərdabəyə ətirli otlar gətirib, İsanın bədənini dəfnə hazırladılar (Mark 16:1, 2). Yehova Məryəmin sədaqətinin əvəzində onu mükafatlandırdı. İsa diriləndən sonra Məryəm onu gördü və onunla danışdı. Bu, böyük şərəf idi, heç əksər şagirdlərə bu nəsib olmamışdı! (Yəh. 20:11—18).

5. Yehovaya və İsaya minnətdar olduğumuzu necə göstərə bilərik?

5 Bəs biz Yehovaya və İsaya minnətdar olduğumuzu necə göstərə bilərik? Vaxtımızı, gücümüzü və maddi vəsaitlərimizi Padşahlığın işinə sərf etməklə. Məsələn, Yehovaya ibadət üçün istifadə olunan binaların təmirində və tikintisində iştirak edə bilərik.

YEHOVAYA VƏ İSAYA MƏHƏBBƏT BİZİ BAŞQALARINI SEVMƏYƏ TƏŞVİQ EDİR

6. Nəyə görə deyə bilərik ki, fidyə şəxsən hər birimiz üçün ödənilib?

6 Yehovanın və İsanın bizə bəslədiyi məhəbbət ürəyimizdə onlara sevgi oyadır (1 Yəh. 4:10, 19). İsanın şəxsən bizim üçün həyatını fəda etdiyi haqda düşünəndə məhəbbətimiz daha da artır. Bunu dərk edən həvari Bulus Qalatiyalılara məktubunda minnətdarlığını belə ifadə etmişdi: «İndi mən bu bədəndə yaşadığım həyatı məni sevən və canını uğrumda fəda edən Allahın Oğluna imanla yaşayıram» (Qal. 2:20). Fidyənin ödənilməsi sayəsində Yehova sizi Özünə cəlb edib və Onun dostu olmağa izin verib (Yəh. 6:44). Məgər Yehovanın sizdə yaxşı bir şey gördüyünü, dostu olmağınız üçün çox baha bir dəyər ödədiyini bilmək ürəyinizi riqqətə gətirmir? Məgər Yehovaya və İsaya məhəbbətinizi daha da gücləndirmir? Yaxşı olar ki, özümüzdən soruşaq: «Bu məhəbbət mənə nə etməyə təkan verir?»

Allaha və Məsihə məhəbbət Padşahlıq müjdəsini bütün insanlara bəyan etməyə təşviq edir (7-ci abzasa baxın)

7. Şəkildən göründüyü kimi, Yehovaya və İsaya sevgimizi necə göstərə bilərik? (2 Korinflilərə 5:14, 15; 6:1, 2).

7 Allaha və İsaya məhəbbət bizi təşviq edir ki, insanları sevək. (2 Korinflilərə 5:14, 15; 6:1, 2 ayələrini oxuyun.) Bəs insanlara sevgimizi necə göstərə bilərik? Bunun bir yolu təbliğ işində canla-başla iştirak etməkdir. Biz rastlaşdığımız bütün insanlara təbliğ edirik. Onlara milliyyətinə, maddi vəziyyətinə, yaxud savadına görə fərq qoymuruq. Bununla biz Yehovanın iradəsinə uyğun davranırıq, çünki «O istəyir ki, hər cür insan xilas olub həqiqət barəsində dəqiq biliyə yiyələnsin» (1 Tim. 2:4).

8. Bacı-qardaşları sevdiyimizi necə göstərə bilərik?

8 Allaha və Məsihə sevgimizi həmçinin bacı-qardaşları sevməklə göstəririk (1 Yəh. 4:21). Biz onlarla maraqlanırıq, sınaqlar zamanı onlara dayaq oluruq. Doğmalarını itirəndə onlara təsəlli veririk, xəstə olanda ziyarət edirik, ruhdan düşəndə ürək-dirək veririk (2 Kor. 1:3—7; 1 Salon. 5:11, 14). Onlardan ötrü dua edirik, çünki bilirik ki, «salehin hərarətli duasının böyük təsiri var» (Yaq. 5:16).

9. Bacı-qardaşlarımızı sevdiyimizi başqa necə göstərə bilərik?

9 Bəs bacı-qardaşlara sevgimizi başqa necə göstərə bilərik? Aramızdakı sülhü qorumaq üçün əlimizdən gələni etməklə. Biz Yehovadan örnək götürərək bağışlamağı bacarmalıyıq. Əgər Yehova bizim günahlarımızdan ötrü Oğlunu əsirgəməyibsə, məgər biz də bizə qarşı səhv edən dindaşlarımızı bağışlamalı deyilik? Biz İsanın məsəlindəki yaramaz nökərə bənzəmək istəmirik. Ağası onun külli miqdarda borcunu sildiyi halda, o ona daha az borcu olan nökər yoldaşını bağışlamadı (Mət. 18:23—35). Əgər yığıncaqda kiminləsə aranızda anlaşılmazlıq varsa, anma mərasimindən öncə aranızdakı münasibətləri düzəltmək üçün ilk addımı ata bilərsiniz? (Mət. 5:23, 24). Bununla göstərəcəksiniz ki, Yehovanı və İsanı dərin məhəbbətlə sevirsiniz.

10, 11. Ağsaqqallar Yehovaya və İsaya sevgilərini necə göstərə bilərlər? (1 Butrus 5:1, 2).

10 Ağsaqqallar Yehovaya və İsaya məhəbbətlərini necə göstərə bilərlər? İsanın quzularının qeydinə qalmaqla. (1 Butrus 5:1, 2 ayələrini oxuyun.) İsa Məsih həvari Butrusla söhbətində bunu aydın göstərmişdi. Butrus İsanı üç dəfə dandığı üçün, bəlkə də, həyatda ən çox istədiyi şey ona məhəbbətini sübut etmək idi. Diriləndən sonra İsa Butrusdan soruşmuşdu: «Yəhya oğlu Şimon, məni çox istəyirsən?» Yəqin ki, Butrus İsaya məhəbbətini sübut etmək üçün hər şey etməyə hazır idi. İsa Butrusa dedi: «Quzularımı bəslə» (Yəh. 21:15—17). Butrus da ömrünün qalanını İsanın quzularının qeydinə qalmağa həsr etdi və bununla ona olan məhəbbətini sübut etdi.

11 Əziz ağsaqqallar, İsanın Butrusa dediyi sözlərin sizin üçün də əhəmiyyət daşıdığını Anma mərasimi dövründə necə göstərə bilərsiniz? Müntəzəm olaraq bacı-qardaşlara vaxt ayırıb onları ruhlandırmaqla və qeyri-fəalların Yehovaya geri dönməsi üçün xüsusilə can yandırmaqla Yehovaya və İsaya sevginizi göstərə bilərsiniz (Hizq. 34:11, 12). Həmçinin anma mərasiminə gələn yenilərə və Müqəddəs Kitabı öyrənən insanlara diqqət göstərin. Biz istəyirik ki, onlarda xoş təəssürat oyadaq, çünki nə bilmək olar, bəlkə, onlar gələcəkdə İsanın şagirdi oldular.

MƏSİHƏ MƏHƏBBƏT CƏSARƏTLİ OLMAĞA TƏŞVİQ EDİR

12. Nəyə görə İsanın ölümündən öncə dediyi sözlər bizə cəsarət verir? (Yəhya 16:32, 33).

12 Ölümündən öncəki gecə İsa davamçılarına belə sözlər demişdi: «Dünyada çox əziyyətlə üzləşəcəksiniz, ancaq cəsarətli olun! Mən dünyaya qalib gəldim». (Yəhya 16:32, 33 ayələrini oxuyun.) Düşmənlərin gözünə dik baxmağa və ölümədək sadiq qalmağa İsaya nə kömək etdi? Yehovaya bel bağlaması. İsa bilirdi ki, davamçıları da eyni sınaqlarla üzləşəcək, ona görə də Yehovadan xahiş etmişdi ki, gözü onların üstündə olsun (Yəh. 17:11). Bunu bilmək insana cəsarət verir, çünki Yehova istənilən düşmənimizdən qat-qat güclüdür (1 Yəh. 4:4). Heç nə Onun nəzərindən yayınmır. Əminik ki, Yehovaya güvənsək, qorxularımızı yenəcəyik və cəsarətli olacağıq.

13. Arimataylı Yusif hansı cəsarətli addımı atdı?

13 Gəlin arimataylı Yusifin nümunəsinə baxaq. O, yəhudi cəmiyyətində sayılıb-seçilən adam idi. Sinedrionun, yəhudilərin ali məhkəməsinin üzvü idi. Amma onu heç də cəsarətli insan adlandırmaq olmazdı. Yəhya yazmışdı ki, Yusif «İsanın şagirdi» idi, lakin «yəhudilərin qorxusundan» bunu gizli saxlayırdı (Yəh. 19:38). Arimataylı Yusif üçün Padşahlıq müjdəsi maraqlı idi, amma o, İsaya iman gətirdiyini başqalarına demirdi. Görünür, o, cəmiyyətdəki nüfuzlu mövqeyini itirməkdən qorxurdu. Səbəb hər nə olsa da, Müqəddəs Kitabda deyilir ki, İsa Məsih öləndən sonra Yusif «cəsarətini toplayıb Pilatın yanına getdi və ondan İsanın cəsədini istədi» (Mark 15:42, 43). Onun İsanın şagirdi olduğu artıq heç kimə gizli deyildi.

14. İnsan qorxusunun öhdəsindən necə gələ bilərsiniz?

14 Arimataylı Yusif kimi, sizdə də insan qorxusu var? Olur ki, məktəbdə və ya işdə bəzən Yehovanın Şahidi olduğunuzu deməyə utanırsınız? Bəlkə də, başqalarının fikrinə görə narahat olub, təbliğçi olmağı və ya vəftiz olunmağı təxirə salırsınız. Qoymayın bu fikirlər sizə düzgün addım atmağa mane olsun. Yehovaya ürəkdən dua edin. Xahiş edin ki, Onun iradəsini yerinə yetirmək üçün sizə cəsarət versin. Yehovanın dualarınıza cavab verdiyini gördükcə daha da möhkəm və cəsarətli olacaqsınız (Əşy. 41:10, 13).

SEVİNC YEHOVAYA XİDMƏTDƏ ƏZMLİ OLMAĞA KÖMƏK EDİR

15. İsanı diriləndən sonra görmələri şagirdləri nəyə təşviq etdi? (Luka 24:52, 53).

15 İsa Məsih öləndə şagirdlər dərin kədər içində idilər. Onların halını təsəvvür etmək olar. Əziz dostlarının ölümü ilə sanki ümidləri də ölmüşdü (Luka 24:17—21). Amma İsa diriləndən sonra onlara göründü, Müqəddəs Kitabdakı peyğəmbərliyin onun üzərində necə yerinə yetdiyini açıqladı. Həmçinin onlara vacib bir iş həvalə etdi (Luka 24:26, 27, 45—48). İsa 40 gündən sonra göyə qalxanda artıq şagirdlərin ürəyində kədər yox, sevinc var idi, çünki bilirdilər ki, Ağaları sağdır və onlara yeni təyinatlarını icra etməyə kömək edəcək. Ürəklərindəki sevinc onları durmadan Yehovanı mədh etməyə təşviq edirdi. (Luka 24:52, 53 ayələrini oxuyun; Həv. 5:42.)

16. İsanın şagirdlərindən necə örnək götürə bilərik?

16 İsanın şagirdlərindən necə örnək götürə bilərik? Biz təkcə anma mərasimi dövründə yox, bütün il boyu Yehovaya xidmətdən sevinc duymalıyıq. Bunun üçün Padşahlığı həyatımızda hər şeydən üstün tutmaq lazımdır. Məsələn, bəziləri iş cədvəlində müəyyən dəyişikliklər ediblər ki, müntəzəm olaraq təbliğdə, yığıncaqda və ailəvi ibadətdə iştirak etsinlər. Bir başqaları isə hətta kimlərinsə zəruri hesab etdiyi maddi şeylərdən vaz keçiblər. Çünki yığıncağa daha çox fayda gətirmək, yaxud təbliğçilərə tələbat olan ərazilərdə xidmət etmək istəyirlər. Düzdür, Yehovaya xidmətdə əzmli olmaq dözüm tələb edir. Amma Yehova vəd edir ki, biz Padşahlığı hər şeydən üstün tutsaq, bizə bol bərəkət verəcək (Məs. 10:22; Mət. 6:32, 33).

Anma mərasimi dövründə vaxt ayırıb Yehovanın və İsanın şəxsən sizin üçün etdikləri barədə düşünün (17-ci abzasa baxın)

17. Anma mərasimi dövründə nə etməyə əzmlisiniz? (Şəklə baxın.)

17 Aprelin 4-ü çərşənbə axşamı anma mərasimi keçirəcəyimiz günü səbirsizliklə gözləyirik. Amma İsanın həyatı və ölümü, eləcə də onun və Yehovanın bizə olan məhəbbəti üzərində düşünmək üçün o vaxta qədər gözləmək lazım deyil. Bu haqda düşünmək üçün anma mərasimindən əvvəl də, sonra da vaxt ayırmalıyıq. Məsələn, «Yeni Dünya Tərcüməsi»nin B12 əlavəsində «İsanın yer üzündə son həftəsi» adlı sxem var. Oradakı hadisələr barədə oxuyun və üzərində dərin düşünün. Bu zaman sizin minnətdarlığınızı, məhəbbətinizi, cəsarətinizi və sevincinizi artıracaq ayələrə xüsusilə diqqət yetirin. Sonra isə minnətdarlığınızı əməldə göstərməyin yollarını fikirləşin. Anma mərasimi dövründə İsa Məsihin xatirinə etdiyimiz hər bir şey onun üçün qiymətlidir (Vəhy 2:19).

NƏĞMƏ 17 «İstəyirəm»

a Anma mərasimi dövründə biz İsanın həyatı və ölümü, eləcə də onun və Yehovanın bizə göstərdiyi məhəbbət üzərində düşünürük. Bu bizi minnətdarlığımızı əməldə göstərməyə təşviq edir. Məqalədən öyrənəcəyik ki, fidyəyə görə minnətdarlığımızı, eləcə də Yehovaya və İsaya sevgimizi hansı üsullarla göstərə bilərik. Həmçinin görəcəyik ki, Yehovaya və İsaya sevgi bizi bacı-qardaşları sevməyə, cəsarətli olmağa təşviq edir və xidmətdən sevinc duymağa kömək edir.