Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 3

Yehova addımlarınızı avand edir

Yehova addımlarınızı avand edir

«Yehovanın nəzəri Yusifin üstündə idi. Odur ki, Yusif hər işdə uğur qazandı» (YAR. 39:2).

NƏĞMƏ 30 Allahım, Atam və Dostum

İCMAL a

1, 2. a) Nəyə görə sınaqlarla üzləşməyimiz təəccüblü hal deyil? b) Bu məqalədə nə haqda danışacağıq?

 YEHOVANIN xalqı sınaqlarla üzləşəndə buna təəccüblü hal kimi yanaşmır. Axı Müqəddəs Kitabda yazılıb ki, «Allahın Padşahlığına girmək üçün çoxlu əzab-əziyyətdən keçməliyik» (Həv. 14:22). Həmçinin bilirik ki, bəzi problemlərimizin birdəfəlik həlli bu dünyada mümkün deyil. Yalnız yeni dünyada nə ölüm, nə dərd, nə fəryad, nə də ağrı olmayacaq (Vəhy 21:4).

2 Yehova bizim problemlərlə üzləşməyimizin qarşısını almır, amma dözmək üçün bizə güc verir. Gəlin həvari Bulusun Romadakı məsihilərə dediyi sözlərə nəzər salaq. O həm özünün, həm də onların üzləşdiyi sınaqları sadalayandan sonra belə yazmışdı: «Bizi sevənin sayəsində biz hər şeyə qalib gəlirik» (Rom. 8:35—37). Bu, o deməkdir ki, hətta problemin içində ola-ola, Yehovanın köməyi sayəsində hər işimiz avand ola bilər. Gəlin görək Yehova Yusifə necə dayaq olmuşdu və bizə necə dayaq olur.

VƏZİYYƏT QƏFİL DƏYİŞƏRSƏ

3. Yusifin həyatı bir anın içində necə dəyişdi?

3 Yaqub Yusifi çox istəyirdi. Bunu hamı görürdü (Yar. 37:3, 4). Buna görə də Yusifin qardaşlarının ona paxıllığı tuturdu. İş o, həddə çatdı ki, əllərinə fürsət düşən kimi onlar Yusifi mədyəni tacirlərə satdılar. Bu tacirlər Yusifi yüzlərlə kilometr uzaqlıqda olan Misirə gətirdilər və onu həmin vaxt fironun keşikçibaşısı Fitfirə satdılar. Yusifin həyatı bir anın içində dəyişdi. Bir vaxtlar atasının əziz-giramisi olan oğlan indi Misirdə zavallı bir qul idi! (Yar. 39:1).

4. Yusif kimi biz də hansı sınaqlarla üzləşə bilərik?

4 Müqəddəs Kitabda deyilir ki, hamının qabağına «vaxt və təsadüf çıxır» (Vaiz 9:11). Başqa bir tərcüməyə əsasən, «pis şeylər hamının başına gəlir». Bəzi çətinliklərimiz bütün insanların üzləşdiyi çətinliklərdir (1 Kor. 10:13). Bəzən isə sadəcə olaraq İsanın şagirdi olduğumuz üçün çətinliklərlə üzləşirik. Məsələn, ola bilər ki, insanlar imanımıza görə bizə rişxənd etsin, bizə qarşı çıxsın, hətta təqib etsin (2 Tim. 3:12). Hansı problemimiz olursa olsun, Yehova addımlarımızı avand edəcək. Yusifin hadisəsi buna bariz nümunədir.

Yusif Fitfirə qul kimi satılanda da Yehova onun işlərini avand etmişdi (5-ci abzasa baxın)

5. Fitfir Yusifin hər işinin uğurlu getdiyini görüb hansı qənaətə gəlmişdi? (Yaradılış 39:2—6).

5 Yaradılış 39:2—6 ayələrini oxuyun. Fitfir gənc Yusifin zəhmətkeş olduğuna fikir verdi. O, bunun nədən irəli gəldiyini yaxşı bilirdi; görürdü ki, Yusifin «əlini atdığı hər işi Yehova avand edir» b. Beləcə, Fitfir Yusifi öz şəxsi xidmətçisi təyin etdi. Həmçinin bütün evi ona tapşırdı. Bunun sayəsində Fitfirin evi ruzi-bərəkətli oldu.

6. Ola bilsin, Yusif düşdüyü vəziyyətdə hansı hissləri keçirib?

6 İndi isə gəlin vəziyyətə Yusifin gözü ilə baxaq. Onun həmin vaxt ən çox istədiyi nə idi? Ağası Fitfirin gözündə rəğbət qazanmaq? Çox yəqin ki, Yusif azadlığa buraxılmağın, atasının yanına qayıtmağın həsrətində idi. Hər nə qədər Fitfirin evində səlahiyyətə sahib olsa da, bütpərəst ağanın əmri altında işləyən bir qul idi. Yehova Yusifi azadlığa buraxmaq fikrini Fitfirin ürəyinə qoymadı. Üstəlik, Yusifin vəziyyəti getdikcə daha pis oldu.

VƏZİYYƏT DAHA DA AĞIRLAŞARSA

7. Necə oldu ki, Yusifin vəziyyəti daha da pisləşdi? (Yaradılış 39:14, 15).

7 Yaradılış 39-cu fəsildən oxuduğumuz kimi, Fitfirin arvadının Yusifə gözü düşür və dəfələrlə onu yoldan çıxarmağa çalışır. Yusif isə hər dəfə onun təkliflərini rədd edir. Axırda qadın Yusifə o qədər qəzəblənir ki, Yusifi onu zorlamaqda şərləyir. (Yaradılış 39:14, 15 ayələrini oxuyun.) Fitfir bundan xəbər tutanda Yusifi zindana saldırır və Yusif bir neçə il zindanda qalır (Yar. 39:19, 20). Yusifin salındığı zindan necə bir yer idi? Onun «zindan» adlandırdığı yer ibrani dilində hərfən «su anbarı» və ya «quyu» mənasını verir. Bu, o demək idi ki, Yusifin olduğu yer qapqaranlıq idi və o özünü biçarə hiss edirdi (Yar. 40:15). Həmçinin Müqəddəs Kitaba əsasən, bir müddət Yusifin ayağı zəncirlənmişdi, boynuna dəmir halqa taxılmışdı (Zəb. 105:17, 18). Bəli, onun vəziyyəti daha betər oldu. Bir zamanlar etibarlı qul olan Yusif indi zavallı bir dustaq idi.

8. Sınaqlarımız şiddətlənsə də, nədən arxayın ola bilərik?

8 Heç olub ki, Yehovaya nə qədər hərarətlə dua etsəniz də, vəziyyət yaxşılaşmaqdansa, daha da pisləşib? Belə hallar bəzən olur. Yehova Şeytanın idarə etdiyi bu dünyada bizim çətinliklərlə üzləşməyimizin qarşısını almır (1 Yəh. 5:19). Amma bir şeyə əmin ola bilərsiniz: Yehova sizin nələr çəkdiyinizi çox yaxşı bilir və sizin qeydinizə qalır (Mət. 10:29—31; 1 But. 5:6, 7). Həmçinin O, belə bir vəd verib: «Səni heç vaxt atmaram, heç vaxt tərk etmərəm» (İbr. 13:5). Yehova sizə hətta ən çıxılmaz vəziyyətlərə dözməyə kömək edə bilər. Yusifin hadisəsindən bunu aydın görə bilərik.

Yusif zindanda olanda və dustaqların üstünə başçı qoyulanda Yehova onunla idi (9-cu abzasa baxın)

9. Yusif zindanda olanda Yehova ona necə dayaq olmuşdu? (Yaradılış 39:21—23).

9 Yaradılış 39:21—23 ayələrini oxuyun. Həyatının ən zülm-zillətli dövrlərində belə Yehova Yusifin işini avand etmişdi. Yusif Fitfirin rəğbətini qazandığı kimi, vaxt keçdikcə zindan rəisinin də etibarını və rəğbətini qazandı. Çox keçmədi ki, zindan rəisi Yusifi o biri dustaqların üstünə başçı qoydu. Hətta «zindan rəisi Yusifin öhdəsinə verdiyi heç bir işə görə narahat olmurdu». Artıq Yusifin fikrini dağıtmaq üçün görəcəyi bir işi var idi. Əslində, bu, gözlənilməz bir dəyişiklik idi. Axı o, saray əyanının arvadını zorlamaqda ittiham olunmuşdu. Necə ola bilərdi ki, belə bir dustağa bu cür vəzifə həvalə olunsun?! Bunun bircə izahı var. Yaradılış 39:23 ayəsində yazıldığı kimi, «Yehova Yusiflə idi. Əlini hansı işə atırdısa, Yehova onu avand edirdi».

10. Nəyə görə Yusif hər işinin uğurlu olmadığını düşünə bilərdi?

10 İndi isə gəlin vəziyyətə Yusifin gözü ilə baxaq. Şərlənəndən və zindana atılandan sonra, sizcə, Yusif hər işinin uğurlu getdiyini fikirləşirdi? Yusifin ən çox istədiyi nə idi? Zindan rəisinin rəğbətini qazanmaq? Çox yəqin ki, onun ən böyük istəyi bəraət qazanmaq və azadlığa çıxmaq idi. O hətta azadlığa çıxmaq üzrə olan bir dustaqdan xahiş etmişdi ki, firona onun haqqında danışıb, onu zindandan çıxartdırsın (Yar. 40:14). Amma bu dustaq firona Yusif haqda danışmağı unutmuşdu. Bunun ucbatından Yusif hələ iki il də zindanda qaldı (Yar. 40:23; 41:1, 14). Amma Yehova yenə də onun hər işini avand edirdi. Gəlin görək necə.

11. Yehova Yusifə hansı xüsusi bacarıq verdi və bunun Yehovanın niyyətinin yerinə yetməsində hansı rolu oldu?

11 Yusif zindanda olanda Yehova Misir padşahına iki vahiməli yuxu göstərdi. Firon özünə yer tapa bilmirdi, bu yuxuların mənasını bilmək istəyirdi. O, xəbər tutur ki, Yusifin yuxuları yozmaq qabiliyyəti var və onu öz yanına gətizdirir. Yehovanın köməyilə Yusif yuxuları açıqlayır və firon onun verdiyi hikmətli məsləhətə məəttəl qalır. Firon görür ki, Yehovanın nəzəri bu cavan oğlanın üzərindədir və onu bütün Misir torpağında ərzaq üzərində başçı qoyur (Yar. 41:38, 41—44). Sonra Misirdə şiddətli aclıq baş qaldırır. Hətta aclıq Yusifin ailəsinin yaşadığı Kənan diyarına qədər gedib çıxır. Yusif sahib olduğu mövqe sayəsində ailəsini aclıqdan xilas edə bildi və bununla da Məsihin gələcək nəslinin məhv olunmasının qarşısını aldı.

12. Yehova Yusifin işlərini necə avand etdi?

12 Yusifin həyatında baş verən qeyri-adi hadisələr barədə düşünün. Kimin sayəsində Fitfir adi bir qula, Yusifə nəzər saldı? Kimin sayəsində Yusif, zavallı dustaq zindan rəisinin gözündə rəğbət qazandı? Firona yuxuları göstərən, Yusifə bunların yozumunu açan kim idi? Kimin sayəsində Yusif Misirdə ərzaq üzərində başçı təyin olundu? (Yar. 45:5). Gün kimi aydın idi ki, Yehova Yusifin hər işini avand edirdi. Nəhayətdə, Yehova Yusifin qardaşlarının pis niyyətini puça çıxartdı və hadisələri elə yönləndirdi ki, Onun niyyəti yerinə yetdi.

YEHOVA İŞLƏRİNİZİ AVAND EDİR

13. Yehova üzləşdiyimiz hər vəziyyətə müdaxilə edir? İzah edin.

13 Yusifin hadisəsindən hansı qənaətə gəlirik? Demək olarmı ki, Yehova üzləşdiyimiz hər vəziyyətə müdaxilə edir, hər şər işdə bir xeyir var? Xeyr. Müqəddəs Kitabda belə bir fikir yazılmayıb (Vaiz 8:9; 9:11). Amma biz bir şeydən arxayın ola bilərik: Yehova üzləşdiyimiz çətinliklərdən agahdır və imdad yalvarışlarımızı eşidir (Zəb. 34:15; 55:22; Əşy. 59:1). Ən əsası isə bizə çətinliklərə dözməyə və onlardan başıuca çıxmağa kömək edir. Gəlin görək necə.

14. Yehova çətinliklərimiz zamanı bizə necə kömək edir?

14 Yehova bizə hansı yollarla kömək edir? Təsəlli verir, ruhlandırır və çox vaxt bu, düz vaxtında olur (2 Kor. 1:3, 4). Türkmənistandan olan Eziz adlı qardaş Yehovanın bu cür köməyini duymuşdu. Eziz qardaş əqidəsinə görə iki il müddətinə həbsə məhkum edilmişdi: O deyir: «Məhkəmə günü bir qardaş mənə Əşiya 30:15 ayəsini göstərdi. Orada deyilir: “Sakitlik və etibar sizin gücünüz [olacaq]”. Bu ayə mənə həmişə sakitliyi qorumağa və hər şeydə Yehovaya güvənməyə kömək etdi. Bu ayə üzərində düşünmək mənə bütün həbs müddəti ərzində kömək etdi». Həyatınızda ən çox ehtiyac duyduğunuz anda Yehovanın sizə təsəlli və ürək-dirək verdiyi vaxt yadınızdadır?

15, 16. Tori bacının hadisəsindən nə öyrəndiniz?

15 Çox vaxt biz yalnız problemlər bitəndən sonra Yehovanın bizə necə kömək etdiyini anlayırıq. Tori adlı bir bacı da bunu sonradan başa düşdü. Onun oğlu Meyson altı il xərçənglə mübarizə apardı və vəfat etdi. Təsəvvür etmək olar, Tori bacının ürəyi necə qan ağlayırdı. O deyir: «Məncə, ana üçün bundan böyük dərd ola bilməz. Yəqin, başqa valideynlər də mənimlə razılaşarlar, valideyn özü o ağrını çəkməyə hazırdır, təki övladının belə əzab çəkdiyini görməsin».

16 Bu, çox böyük faciədir. Amma görün Tori bacı bütün bu müddət ərzində Yehovanın Ona dayaq olması ilə bağlı nə deyir: «İndi həmin günləri yada salanda başa düşürəm ki, oğlumun xəstəliyi boyunca Yehovanın əli həmişə üzərimizdə olub. Məsələn, bəzən Meysonun vəziyyəti o qədər ağır olurdu ki, heç kəslə görüşə bilmirdi. Amma buna baxmayaraq, bacı-qardaşlar xəstəxanaya maşınla iki saat yol gəlirdilər. Gözləmə otağında həmişə kimsə olurdu. Nəsə lazım olsa, kömək etməyə hazır idilər. Həmçinin bacı-qardaşlar maddi cəhətdən də köməklik göstərdilər. Ən ağır günlərimizdə belə, zəruri şeylərimiz həmişə olub». Yehova həm Tori bacıya, həm də Meysona vəziyyətə dözmək üçün lazım olan köməyi göstərdi. (« Yehova bizə məhz lazım olan şeyləri yetirdi» adlı çərçivəyə baxın.)

ALDIĞINIZ NEMƏTLƏRƏ NƏZƏR SALIN

17, 18. Çətinlik vaxtı Yehovanın köməyini görməyə və bunu qiymətləndirməyə bizə nə kömək edəcək? (Zəbur 40:5).

17 Zəbur 40:5 ayəsini oxuyun. Alpinistin məqsədi dağın zirvəsinə çatmaqdır. Amma yol boyunca o, vaxtaşırı ayaq saxlayıb, ətrafı seyr edə bilər. Eynilə hansısa problemin içində olanda müntəzəm olaraq dayanın və Yehovanın işinizi necə avand etdiyi barədə düşünün. Hər günün sonunda özünüzdən soruşun: «Yehova bu gün mənə hansı neməti verdi? Problemim həll olunmasa da, Yehova mənə dözməyə necə kömək edir?» Yehovanın sizə dayaq olduğunu göstərən ən azı bir köməyi görməyə çalışın.

18 Düzdür, ola bilər, siz probleminizin sona çatması haqda dua edirsiniz. Bu, başa düşüləndir və məqbuldur (Filip. 4:6). Amma biz həmçinin hal-hazırda aldığımız nemətləri də görməliyik. Axı Yehova söz verib ki, bizi möhkəmləndirəcək və dözməyə kömək edəcək. Buna görə də Yehovanın dəstəyini həmişə qiymətləndirin. Onda Yusif kimi, siz də hətta sınaq vaxtı belə Yehovanın işlərinizi avand etdiyini görəcəksiniz (Yar. 41:51, 52).

NƏĞMƏ 32 Yehovanın tərəfini tut!

a İnsan ağır sınaqla üzləşəndə işlərinin heç də uğurlu getdiyini düşünmür. Fikirləşir ki, yalnız problem həll olunandan sonra üzü güləcək. Amma Yusifin həyatında baş verənlərdən vacib bir dərs öyrənirik: hətta çətinliklərin içində olsaq da, Yehovanın köməyi sayəsində hər işimiz avand ola bilər. Bu məqalə bunu görməyə kömək edəcək.

b Yusif nökər olanda həyatında cərəyan edən hadisələr Müqəddəs Kitabda cəmi bir neçə ayədə yazılsa da, ola bilsin, bunlar bir neçə il ərzində baş verib.