Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 2

NƏĞMƏ 132 Nəhayət, bir bədənik

Ərlər, arvadınıza hörmət göstərin

Ərlər, arvadınıza hörmət göstərin

«Ey ərlər,... ona [arvadınıza] hörmət qoyun» (1 BUT. 3:7).

ƏSAS FİKİR

Görək ər arvadına sözdə və əməldə necə hörmət göstərə bilər.

1. Yehovanın nikah quruluşunu təsis etməsinin səbəblərindən biri hansıdır?

 YEHOVA «xoşbəxt Allah»dır. O bizim də xoşbəxt olmağımızı istəyir (1 Tim. 1:11). Ömrümüzün xoş keçməsi üçün O bizə çoxlu nemətlər bəxş edib (Yaq. 1:17). Bu nemətlərdən biri də nikah ənamıdır. Kişi ilə qadın ailə quranda bir-birini sevəcəyinə, hörmət edəcəyinə və dəyər verəcəyinə and içir. Aralarındakı bağı möhkəm saxlamaq hər ikisinə sevinc gətirir (Məs. 5:18).

2. Bu gün əksər ailələrdə vəziyyət nə yerdədir?

2 Təəssüflər olsun ki, bu gün çox insan toy günündə verdiyi sözü unudur. Elə buna görə də onlar xoşbəxtlik duymurlar. Ümumdünya Səhiyyə Təşkilatının bu yaxınlarda verdiyi hesabata əsasən əksər kişilər arvadlarını döyür, təhqir edir və ya onlara emosional yara vururlar. Belə ər, ola bilsin, başqalarının yanında arvadı ilə hörmətlə davranır, amma evdə onun gününü qara edir. Çox ailələrdə ərlərin pornoqrafiyaya a baxması da münasibətləri gərginləşdirir.

3. Nəyə görə bəzi kişilər arvadları ilə pis rəftar edir?

3 Nəyə görə bəzi kişilər arvadları ilə pis rəftar edir? Ola bilsin, onların ataları qəzəbli insan olub və buna görə də arvadla pis rəftar etməyin normal bir şey olduğunu düşünürlər. Digərlərinin olduğu mədəniyyətdə belə bir yanlış düşüncə var ki, «əsl kişi» qolunun gücü ilə arvada yerini göstərməlidir. Bir başqalarına hisslərini, o cümlədən qəzəbini cilovlamağı öyrətməyiblər, bəziləri isə müntəzəm pornoqrafiyaya baxdıqlarına görə qadına və cinsi münasibətə dair baxışları təhrif olunub. Üstəlik, hesabatlara əsasən COVID-19 pandemiyası da bütün bu problemlərin artmasına gətirib çıxarıb. Əlbəttə ki, bu amillərin heç biri kişilərin qadınla pis rəftarına haqq vermir.

4. Məsihi ərlər hansı sahədə ehtiyatlı olmalıdırlar və nəyə görə?

4 Məsihi ərlər bu dünyanın qadınlara yanlış münasibətini mənimsəməmək üçün ehtiyatlı olmalıdırlar b. Nəyə görə? Çünki insanın düşüncəsi onun davranışına təsir edir. Həvari Bulus Romadakı məsh olunmuş məsihiləri bu zəmanəyə uyğunlaşmamağa səsləyirdi (Rom. 12:1, 2). O, romalılara məktubunu yazanda həmin yığıncaq artıq neçə vaxt idi ki, mövcud idi. Bulusun bu sözləri deməsi göstərir ki, bəziləri hələ də bu dünyanın düşüncəsinin, adət-ənənələrinin təsiri altında idi. Elə buna görə də Bulus onları düşüncə və davranışlarını dəyişməyə təşviq edirdi. Eyni məsləhət bu gün məsihi ərlərə də aiddir. Əfsuslar olsun ki, bu dünyanın düşüncə tərzi bəzi məsihi ərlərə də təsir edib, hətta onlar arvadlarına qarşı şiddətə əl atıblar c. Bəs Yehova ərlərin arvadları ilə necə rəftar etməsini istəyir? Cavab bu məqalənin əsas ayəsində yazılıb.

5. 1 Butrus 3:7 ayəsinə əsasən ər arvadı ilə necə davranmalıdır?

5 1 Butrus 3:7 ayəsini oxuyun. Yehova ərlərə arvadlarına hörmət qoymağı buyurur. Arvadına hörmət qoyan ər onunla mehriban və məhəbbətlə davranacaq. Bu məqalədən öyrənəcəyik ki, ər arvadına hörmət qoyduğunu necə göstərə bilər. Amma ilk növbədə gəlin görək nə cür davranış qadınların ləyaqətini alçaldır.

ARVADINIZIN LƏYAQƏTİNİ ALÇALDAN DAVRANIŞDAN UZAQ OLUN

6. Arvadına qarşı fiziki zorakılıq edən ərə Yehova necə yanaşır? (Koloslulara 3:19).

6 Fiziki zorakılığa yol verməyin. Yehova zorakılıq edənlərə nifrət edir (Zəb. 11:5). O əsas da arvadları ilə rəhmsiz davranan ərlərdən narazıdır (Məl. 2:16; Koloslulara 3:19 ayəsini oxuyun). Məqalənin əsas ayəsi olan 1 Butrus 3:7 ayəsinə əsasən ər arvadı ilə pis rəftar edirsə, Allahla münasibətləri korlanacaq. Yehova hətta bu insanın dualarını dinləməyə bilər.

7. Efeslilərə 4:31, 32 ayələrinə əsasən ər arvadı ilə necə danışmamalıdır? (Həmçinin «Bəzi ifadələrin izahı»na baxın.)

7 Təhqiramiz danışmayın. Bəzi ərlər arvadları ilə qəzəblə danışır, onun qəlbini yaralayan sözlər deyir. Amma Yehova «hirsi, qəzəbi, qışqırığı, təhqiri» sevmir d. (Efeslilərə 4:31, 32 ayələrini oxuyun.) O bu cür danışığa nifrət edir. Yehova danışdığımız hər şeyi eşidir. Ərin arvadı ilə hətta evin içində necə danışması Yehovanın nəzərindən yayınmır. Arvadı ilə kobud danışan ər təkcə onunla yox, Yehova ilə də münasibətini korlayır (Yaq. 1:26).

8. Yehova pornoqrafiyaya necə yanaşır və nəyə görə?

8 Pornoqrafiyaya baxmayın. Yehova pornoqrafiyaya necə yanaşır? O buna nifrət edir. Buna görə də pozğun, natəmiz səhnələrə baxan kişi həm Yehova ilə münasibətlini korlayır, həm də arvadını alçaldır e. Yehova ərlərin təkcə əməldə yox, düşüncədə də arvadına sadiq qalmasını istəyir. İsa demişdi ki, özgə qadına şəhvətlə baxan kişi artıq «ürəyində» onunla zina etmiş olur f (Mət. 5:28, 29).

9. Nəyə görə Yehova ərin cinsi münasibət zamanı arvadı ilə alçaldıcı davranmasına nifrət edir?

9 Cinsi münasibət zamanı arvadınızla alçaldıcı davranmayın. Bəzi ərlərin cinsi münasibət zamanı tələb etdiyi hərəkətlər qadını alçalmış, natəmiz və dəyərsiz hiss etdirir. Yehova qadına qarşı bu cür xudbin və laqeyd münasibətə nifrət edir. O istəyir ki, ər arvadını sevsin, onunla nəvazişlə davransın, hisslərinə hörmət etsin (Efes. 5:28, 29). Bəs əgər məsihi ər artıq öz hərəkətləri ilə arvadının ləyaqətini alçaldır, onunla kobud rəftar edir və ya pornoqrafiyaya baxırsa, onda necə? O, düşüncəsini və davranışını necə dəyişə bilər?

ƏR LƏYAQƏTSİZ DAVRANIŞINA NECƏ SON QOYA BİLƏR?

10. İsanın nümunəsi ərlərə necə kömək edə bilər?

10 Ərə alçaldıcı və kobud davranışını dəyişməyə nə kömək edə bilər? O, İsa Məsihin nümunəsini izləməyə çalışmalıdır. Baxmayaraq ki, İsa heç vaxt ailə qurmamışdı, onun şagirdləri ilə rəftarı ərlər üçün gözəl nümunədir (Efes. 5:25). Görək ərlər İsanın həvariləri ilə rəftarından və danışığından nə öyrənə bilərlər.

11. İsa həvariləri ilə necə rəftar edirdi?

11 İsa həvariləri ilə mülayim davranırdı. Onların ləyaqətinə hörmət edirdi. O heç vaxt kobudluq etmirdi, onlara yuxarıdan aşağı baxmırdı. İsa Ağa və Ustad olsa da, gücünü nümayiş etdirib onlar üzərində səlahiyyətə sahib olduğunu göstərmirdi. O, təvazökarlıqla şagirdlərinə xidmət edirdi (Yəh. 13:12—17). İsa onlara demişdi: «Məndən öyrənin, çünki mən həlim və qəlbən təvazökaram. Onda canınız təravətlənər» (Mət. 11:28—30). İsa həlim idi. Həlim olmaq zəif olmaq demək deyil. Əksinə, belə insan daxilən o qədər güclüdür ki, özünə hakim ola bilir. Kimsə onu özündən çıxarmağa çalışanda təmkinini qoruyur, hisslərini ələ alırdı.

12. İsa başqaları ilə necə danışırdı?

12 İsa sözləri ilə insanlara təsəlli verirdi, onları ruhlandırırdı. O, davamçıları ilə sərt danışmırdı (Luka 8:47, 48). Hətta düşmənləri onu təhqir etsə də, qəzəbləndirsə də, onlara «təhqirlə cavab vermirdi» (1 But. 2:21—23). Bəzən isə heç nə demirdi, sadəcə susurdu (Mət. 27:12—14). Bu, məsihi ərlər üçün necə də gözəl nümunədir!

13. Ər arvadına bağlandığını necə göstərir? (Mətta 19:4—6; həmçinin şəklə baxın.)

13 İsa ərlərə həyat yoldaşlarına sadiq qalmağı əmr etmişdi. O, Atasının sözlərini sitat gətirərək demişdi ki, ər arvadına bağlanmalıdır. (Mətta 19:4—6 ayələrini oxuyun.) Bu ayədə «bağlanmaq» kimi tərcümə edilən yunan feili hərfən «yapışqanla yapışmaq» mənasını verir. Buna görə də ərlə arvad arasındakı nikah telləri elə möhkəm olmalıdır ki, elə bil onları yapışqanla yapışdırıblar. Əgər onlardan biri bu bağı qoparmağa çalışarsa, bundan hər ikisi zərər görəcək. Arvadını dərin məhəbbətlə sevən ər hər növ pornoqrafiyadan uzaq duracaq. O, gözünü «puç şeylər»dən dərhal çəkəcək (Zəb. 119:37). Əyyub kimi arvadından savayı heç bir qadına şəhvətlə baxmamaq üçün bir növ gözləri ilə əhd bağlayacaq (Əyy. 31:1).

Arvadına sadiq olan ər pornoqrafiyaya baxmır (13-cü abzasa baxın) h


14. Ər arvadı ilə və Yehova ilə münasibətini yaxşılaşdırmaq üçün hansı addımları atmalıdır?

14 Arvadına qarşı fiziki zorakılıq edən və onunla təhqiramiz danışan ər Yehova ilə və yoldaşı ilə münasibətlərini yaxşılaşdırmaq üçün bir sıra addımlar atmalıdır. Hansı addımları? Birincisi, o, başa düşməlidir ki, bu sahədə ciddi problemi var və bunu Yehovadan gizlədə bilməz (Zəb. 44:21; Vaiz 12:14; İbr. 4:13). İkincisi, o, arvadı ilə alçaldıcı rəftarına son qoymalı və davranışını dəyişməlidir (Məs. 28:13). Üçüncüsü, o, arvadından və Yehovadan üzr istəyib əfv diləməlidir (Həv. 3:19). Həmçinin ər Yehovaya yalvarmalıdır ki, ürəyində dəyişmək üçün istək yaratsın və ona fikirlərinə, sözlərinə, hərəkətlərinə nəzarət etməsinə kömək etsin (Zəb. 51:10—12; 2 Kor. 10:5; Filip. 2:13). Dördüncüsü, o, duasına uyğun davranaraq hər cür zorakılığa və təhqiramiz danışığa nifrət etməyi öyrənməlidir (Zəb. 97:10). Beşincisi, ər dərhal yığıncağındakı ağsaqqallardan kömək istəməlidir (Yaq. 5:14—16). Altıncısı, gələcəkdə eyni davranışı təkrarlamamaq üçün tədbir görməlidir. Pornoqrafiyaya baxan ər də eyni addımları atmalıdır. Yehova görəndə ki, ər dəyişməyə çalışır, mütləq ona kömək edəcək (Zəb. 37:5). Amma ərin arvadının ləyaqətini alçaldan hərəkətlərə son qoyması kifayət deyil. O, arvadına hörmət etməyi də öyrənməlidir. Bəs bunu necə edə bilər?

ARVADINIZA NECƏ HÖRMƏT QOYA BİLƏRSİNİZ?

15. Ər arvadını sevdiyini necə göstərə bilər?

15 Sevgi göstərin. Ailə həyatında xoşbəxt olan bəzi qardaşlar çalışırlar ki, hər gün nələrsə edib həyat yoldaşlarına sevgilərini göstərsinlər (1 Yəh. 3:18). Ər arvadına sevgisini kiçik yollarla, məsələn, əlindən tutmaqla, yaxud onu qucaqlamaqla da göstərə bilər. O, arvadına mesaj yazıb belə deyə bilər: «Sənin üçün darıxıram», yaxud soruşa bilər: «Nə edirsən, kefin-əhvalın necədir?» Hərdən isə o, açıqca yazaraq arvadını nə qədər sevdiyini gözəl sözlərlə ifadə edə bilər və ya gül hədiyyə edə bilər. Ər bu kimi şeyləri edəndə arvadını sevdiyini, ona hörmət qoyduğunu göstərir və ailə bağlarını möhkəmləndirir.

16. Nəyə görə ər arvadını tərifləməlidir?

16 Minnətdarlığınızı bildirin. Arvadına hörmət qoyan ər ona dəyər verdiyini bildirir və sözləri ilə ona qol-qanad verir. Məsələn, arvadının verdiyi dəstəyə görə ər ona minnətdar olduğunu deyə bilər (Kol. 3:15). Ər arvadını ürəkdən tərifləyəndə bu, qadının ürəyinə yağ kimi yayılır. Bu zaman qadın özünü güvəndə hiss edir, ərinin sevgisini, hörmətini duyur (Məs. 31:28).

17. Ər arvadına hörmət etdiyini necə göstərə bilər?

17 Mülayim və hörmətcil olun. Arvadını sevən ər onu gözü üstə saxlayır, ona dəyər verir və Yehovanın verdiyi qiymətli bir hədiyyə kimi baxır (Məs. 18:22; 31:10). Elə buna görə də onunla mülayim, hörmətcil davranır. Hətta bunu ən məhrəm münasibətlərində də nəzərə alır. O, arvadı ilə cinsi münasibət zamanı ona xoş getməyən, onu alçaldan və vicdanını narahat edən hərəkətlər etməsini tələb etmir g. Ər özü də bu zaman Yehovanın qarşısında vicdanını təmiz saxlamağa çalışır (Həv. 24:16).

18. Ərlər nə etməyə əzmli olmalıdırlar? (Həmçinin « Arvadınıza hörmət göstərməyin dörd yolu» adlı çərçivəyə baxın.)

18 Əziz ərlər, əmin ola bilərsiniz ki, həyatınızın hər sahəsində yoldaşınıza hörmət qoymağa çalışdığınızı Yehova görür və qiymətləndirir. Odur ki, qarşınıza məqsəd qoyun ki, arvadınızın ləyaqətini alçaldan heç bir hərəkətə yol verməyəsiniz. Onunla mülayim, hörmətcil və məhəbbətlə davranasınız. Belə etsəniz, onu sevdiyinizi və ona dəyər verdiyinizi göstərəcəksiniz. Əziz ərlər, arvadınıza hörmət qoyun, onda ən dəyərli münasibətinizi — Yehova ilə dostluğunuzu qorumuş olacaqsınız (Zəb. 25:14).

 

NƏĞMƏ 131 «Allahın birləşdirdiyini insan ayırmasın»

a «Pornoqrafiya» insanda cinsi ehtiras oyatmaq məqsədilə hazırlanan seksual xarakterli videolar, şəkillər, mətnlər və audioyazılardır.

b Yaxşı olar ki, ərlər «Gözətçi qülləsi»nin 2024-cü il yanvar sayında yerləşən «Qadınlarla rəftarda Yehovadan örnək alın» adlı məqaləni oxusunlar.

c Əgər siz məişət zorakılığının qurbanısınızsa, «Ailədaxili zorakılıq qurbanlarına kömək» adlı məqaləni oxuya bilərsiniz. Bu məqaləni jw.org saytında və «JW Library®» tətbiqində «Əlavə mövzular» adlı silsilə məqalələrin içindən tapa bilərsiniz.

d BƏZİ İFADƏLƏRİN İZAHI. «Təhqiramiz danışığa» insanı alçaldıcı adla çağırmaq, durmadan onu kobud şəkildə tənqid etmək daxildir. Acılayıcı, ləyaqəti alçaldan istənilən söz təhqiramiz danışıq sayılır.

e jw.org saytında və «JW Library» tətbiqində «Ailələrə kömək» adlı silsilə məqalələrin içindən «Pornoqrafiya ailənizi dağıda bilər» adlı məqaləyə baxın.

f Əriniz pornoqrafiyaya baxırsa, «Gözətçi qülləsi»nin 2023-cü il avqust sayındakı «Həyat yoldaşınız pornoqrafiyaya baxır?» adlı məqalə sizə kömək edə bilər.

g Müqəddəs Kitabda ər-arvad arasında cinsi münasibət zamanı hansı hərəkətin təmiz və ya natəmiz sayıldığı ilə bağlı təfsilatlar yazılmayıb. Hər bir məsihi bu məsələdə elə bir qərar verməlidir ki, Yehovaya şərəf gətirsin, bir-birinə xoş olsun və təmiz vicdanını qorusun. Ümumi prinsip belədir: ərlə arvad nikahlarının bu məhrəm tərəfini başqaları ilə müzakirə etməməlidir.

h ŞƏKLİN İZAHI. Bir qardaşın Yehovanın Şahidi olmayan iş yoldaşları onu pornoqrafik jurnala baxmağa təhrik edir.