Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 4

NƏĞMƏ 18 Fidyəyə görə minnətdarlıq

Fidyədən nələr öyrənirik?

Fidyədən nələr öyrənirik?

«Allah məhəbbəti bizə bu cür izhar oldu» (1 YƏH. 4:9).

ƏSAS FİKİR

Fidyə bizə Yehova Allahın və İsa Məsihin gözəl keyfiyyətlərini açıqlayır.

1. İsa Məsihin ölümünü anma mərasimində hər il iştirak etməyin bizə hansı faydası var?

 FİDYƏ tayı-bərabəri olmayan bir hədiyyədir! (2 Kor. 9:15). İsa Məsihin öz həyatını qurban verməsi sayəsində biz Yehova ilə yaxın dost ola bilirik. Üstəlik, əbədi yaşamaq ümidimiz də yaranıb. Yehova bizə fidyəni məhəbbətindən irəli gələrək verib. Buna görə Ona nə qədər minnətdar olsaq, azdır (Rom. 5:8). İsa Məsih bu fidyəni unutmağımızı, ona adi yanaşmağımızı istəmir. Elə buna görə də hər il onun ölümünü anmağımız üçün bir mərasim təsis edib (Luka 22:19, 20).

2. Bu məqalədə nə haqda danışacağıq?

2 2025-ci ildə anma mərasimi aprelin 12-si, şənbə günü keçiriləcək. Söz yox ki, hər birimiz bu mərasimdə iştirak etməyi planlaşdırırıq. Yaxşı olar ki, anma mərasimindən əvvəlki və sonrakı həftələr ərzində Yehovanın və Oğlunun bizim üçün etdikləri barədə dərindən düşünək. Bu məqalədə fidyənin Yehova və İsa barədə bizə nələri öyrətdiyini araşdıracağıq. Növbəti məqalədə isə fidyə sayəsində aldığımız nemətlərdən və minnətdarlığımızı göstərməyin yollarından danışacağıq.

FİDYƏDƏN YEHOVA HAQDA NƏ ÖYRƏNİRİK?

3. Bir nəfərin ölümü milyonlarla insana necə azadlıq bəxş edə bilər? (Həmçinin şəklə baxın.)

3 Fidyədən Yehovanın ədalətli olduğunu öyrənirik (Qan. 32:4). Necə? Bir düşünün: Adəmin itaətsizliyi ucbatından günah və ölüm ondan bizə keçdi (Rom. 5:12). Yehova İsa Məsihi yer üzünə göndərdi ki, öz canını qurban verib bizi günah və ölümdən azad etsin. Bəs bir kamil insanın ölümü milyonlarla insanı necə azad edə bilərdi? Həvari Bulus bunu belə izah edir: «Bir nəfərin [Adəmin] itaətsizliyi çoxlu insanı günahlı etdiyi kimi, bir şəxsin [İsanın] itaəti də çoxlu insanı saleh edəcək» (Rom. 5:19; 1 Tim. 2:6). Başqa sözlə, bir kamil insanın itaətsizliyi ucbatından biz günahın və ölümün köləsi olduq. Eynilə bir kamil insanın itaəti sayəsində azadlığa qovuşacağıq.

Bir nəfərin ucbatından günahın və ölümün köləsi olduq, bir nəfərin də sayəsində azadlığa çıxdıq (3-cü abzasa baxın)


4. Nəyə görə Allah Adəmin nəslindən olan düzürəkli insanlara sadəcə əbədi yaşamağa izin vermədi?

4 Bəs bizi azad etmək üçün İsanın ölməsi şərt idi? Olmazdı ki, Allah Adəmin nəslindən olan düzürəkli insanlara sadəcə əbədi yaşamağa izin versin? Qeyri-kamil insanın fikrincə bu, yaxşı çıxış yolu olardı. Amma Yehova üçün bu, ədalətli davranış olmazdı. Belə çıxardı ki, sanki Adəm heç bir ciddi günah etməyib və övladlarına da günahı ötürməyib. Axı bu belə deyil.

5. Allahın hər zaman ədalətlə davranacağına nəyə görə əminik?

5 Bəs əgər Yehova fidyə verməsəydi və ədaləti bir kənara qoyub Adəmin qeyri-kamil övladlarının əbədi yaşamasına izin versəydi, necə olardı? Onda insanlarda belə fikir yaranardı ki, Allah bu gün ədalətsizliyə göz yumubsa, sabah da yumar. Məsələn, verdiyi hansısa vədi yerinə yetirməz. Amma indi buna görə narahat olmağımıza gərək yoxdur. Yehova Ona nə qədər baha başa gəlsə də, Öz əziz Oğlunu qurban verməli olsa da, haqq-ədaləti pozmadı. Bu bizi əmin edir ki, O, hər zaman ədalətlə davranacaq.

6. Fidyə Yehovanın bizi sevdiyini necə göstərir? (1 Yəhya 4:9, 10).

6 Yehovanın fidyəni verməsi təkcə ədalətli olduğunu yox, məhəbbətinin böyüklüyünü də göstərir (Yəh. 3:16; 1 Yəhya 4:9, 10 ayələrini oxuyun). Yehova fidyəni nəinki bizim əbədi yaşamağımız üçün, həmçinin Onun ailəsinin bir üzvü olmağımız üçün verib. Nəyə görə belə demək olar? Adəm günah işləyəndə Yehova onu Öz ailəsindən çıxartdı. Buna görə də biz Yehovanın ailəsindən kənarda dünyaya gəlirik. Amma fidyə sayəsində Yehova bizim günahlarımızı bağışlayır. Ona iman gətirən və itaət edən bütün insanlar bir gün Onun ailəsinin üzvü olacaqlar. Hətta indinin özündə də bizim həm Yehova ilə, həm də dindaşlarımızla sıx dostluq münasibəti qurmaq imkanımız var. Bəli, Yehova həqiqətən də bizi çox sevir! (Rom. 5:10, 11).

7. İsanın əzab çəkərək ölməsi Yehovanın bizə olan sevgisi haqda nə deyir?

7 Yehovanın bizi nə qədər çox sevdiyini anlamaq üçün fidyənin Ona necə baha başa gəldiyi haqda düşünə bilərik. Şeytan iddia etmişdi ki, Allahın heç bir xidmətçisi çətin sınaq qarşısında Ona sadiq qalmayacaq. Yehova bu iddianın yalan olduğunu göstərmək üçün Oğlunun ölməzdən əvvəl əzab çəkməsinə izin verdi (Əyy. 2:1—5; 1 But. 2:21). Düşmənlərin İsanı ələ salması, əsgərlərin onu qamçılaması və dirəyə mıxlaması Yehovanın gözü qarşısında baş verirdi. O, əziz Oğlunun necə əzab çəkərək öldüyünü izləyirdi (Mət. 27:28—31, 39). Yehova istənilən anda bütün bunlara son qoya bilərdi. Məsələn, insanlar «əgər Allaha əzizdirsə, qoy Allah onu xilas eləsin» deyəndə Yehova belə də edə bilərdi (Mət. 27:42, 43). Amma O bunu etsəydi, onda fidyə ödənilməyəcəkdi, bizim isə heç bir ümidimiz olmayacaqdı. Məhz buna görə Yehova İsanın son nəfəsinə qədər əzab çəkməsinə dözdü.

8. İsanın işgəncələrini görmək Yehovanın ürəyini ağrıdırdı? İzah edin. (Həmçinin şəklə baxın.)

8 Düşünməməliyik ki, Yehova Qadir Allahdırsa, deməli, heç bir hissi, duyğusu yoxdur. O, insanları Öz bənzərində yaradıb, buna görə də insanlara verdiyi hiss, duyğu Onun Özündə də var. Məsələn, Müqəddəs Kitabda Yehovanın kədər hissi keçirdiyi deyilir (Zəb. 78:40, 41). Onun nə qədər kədərləndiyini təsəvvür etmək üçün İbrahim peyğəmbərlə İshaqın hadisəsini yadımıza salaq. Bildiyimiz kimi Yehova İbrahimə yeganə oğlunu qurban verməyi əmr etmişdi (Yar. 22:9—12; İbr. 11:17—19). Təsəvvür etmək olar, İbrahim peyğəmbər oğlunu öldürməyə hazırlaşanda necə qarışıq hisslər keçirmişdi. O, oğlunu bir bıçaq zərbəsi ilə qurban gətirəcəkdi. İsa Məsihi isə allahsız insanlar qəddarcasına işgəncə verib öldürmüşdü. İndi görün Yehova nə qədər acı çəkmişdi! (jw.org saytında «İman örnəkləri. İbrahim (II hissə)» adlı videoya baxın.)

Oğlunun əzab çəkdiyini görmək Yehova üçün çox ağır idi (8-ci abzasa baxın)


9. Romalılara 8:32, 38, 39 ayələrindən Yehovanın məhəbbəti barədə nə öyrənirsiniz?

9 Fidyə bizə öyrədir ki, heç kəs, hətta ən yaxın qohumumuz və ya dostumuz bizi Yehova qədər sevə bilməz. (Romalılara 8:32, 38, 39 ayələrini oxuyun.) Yehova bizi bizdən də çox sevir. Buna şübhə yeri yoxdur. Siz əbədi yaşamaq istəyirsiniz? Yehova əbədi yaşamağınızı sizdən də çox istəyir. Günahlarınızın bağışlanmasını istəyirsiniz? Yehova günahınızı bağışlamağı sizdən də çox istəyir. Yehovanın bizdən bircə xahişi var: verdiyi dəyərli hədiyyəyə minnətdar olaq. Bunu Ona iman etməklə və itaətkar olmaqla göstərə bilərik. Bəli, fidyə Yehovanın bizə olan sevgisinin ən bariz sübutudur. Yeni dünyada Yehovanın məhəbbəti barədə hələ çox şey öyrənəcəyik (Vaiz 3:11).

FİDYƏDƏN İSA HAQDA NƏ ÖYRƏNİRİK?

10. a) İsanı edamı ilə bağlı ən çox nə narahat edirdi? b) İsa Yehovanın adına necə bəraət qazandırdı? (Həmçinin « İsa sədaqəti ilə Yehovanın adına bəraət qazandırdı» adlı çərçivəyə baxın.)

10 Atasının adına ləkə gəlməməsi İsa üçün vacib məsələdir (Yəh. 14:31). İsa Allahın adına küfr edən və cinayət işlədən biri kimi öləcəyi üçün çox kədərli idi. Elə buna görə də Allaha belə dua etmişdi: «Ata, əgər mümkünsə, bu camı məndən kənar et» (Mət. 26:39). Bununla belə, İsa ölənə qədər sadiq qaldı və beləcə, Atasının adına tam bəraət qazandırdı.

11. İsa insanlara dərin sevgi bəslədiyini necə göstərdi? (Yəhya 13:1).

11 Fidyədən öyrənirik ki, İsa, davamçıları başda olmaqla, insanları çox sevir (Məs. 8:31; Yəhya 13:1 ayəsini oxuyun). Məsələn, o bilirdi ki, yer üzündəki xidməti çox çətin olacaq, üstəlik, əzablı şəkildə öldürüləcək. Bununla belə, İsa yer üzündəki təyinatını mexaniki olaraq yox, insanları sevdiyi üçün edirdi. O, təbliğ edərkən, təlim verərkən və insanlara xidmət edərkən can qoyurdu. Hətta ölümündən əvvəlki gecə o, vaxt ayırıb həvarilərinin ayağını yudu, onlara son nəsihətini verdi və ruhlandırdı (Yəh. 13:12—15). Dirəkdə can verə-verə yanındakı cinayətkara ümid bəxş etdi, həmçinin anasını Yəhyaya tapşırdı (Luka 23:42, 43; Yəh. 19:26, 27). Bəli, İsa insanlara olan sevgisini təkcə ölümü ilə yox, yer üzündəki xidməti boyunca göstərdi.

12. İsa indiyədək bizim uğrumuzda hansı qurbanları verib?

12 İsa bir dəfə öldü, amma o, indiyədək bizdən ötrü qurban verməyə davam edir (Rom. 6:10). Nəyə görə belə demək olar? Fidyə sayəsində mümkün olan nemətləri almağımız üçün İsa gücünü və vaxtını sərf etməyə davam edir. O, hal-hazırda hansı işləri görür? O, Padşahımız, baş kahinimiz və yığıncağın başı kimi xidmət edir (1 Kor. 15:25; Efes. 5:23; İbr. 2:17). Məsh olunmuşların və böyük izdihamın toplanması işinə o, rəhbərlik edir və bu iş böyük müsibət sona çatmazdan əvvəl tamamlanacaq (Mət. 25:32; Mark 13:27). Həmçinin İsa bu axırzamanda sadiq xidmətçilərinin ruhani cəhətdən yaxşı qidalanmasının qayğısına qalır (Mət. 24:45). Minillik hakimiyyəti ərzində də o bizim rifahımız üçün çalışmağa davam edəcək. Doğrudan da, Yehova İsanı bütünlüklə bizim üçün fəda edib!

DAİMA YENİ ŞEYLƏR ÖYRƏNİN

13. Yehovanın və İsa Məsihin bizə göstərdiyi məhəbbət barədə daha çox necə öyrənə bilərsiniz?

13 Yehova Allahın və Məsih İsanın sizdən ötrü nələr etdiyi haqda daima düşünün. Onda onların sizə göstərdiyi məhəbbət barədə yeni şeylər öyrənəcəksiniz. Bu il anma mərasimi dövründə Müjdələrdən birini və ya bir neçəsini oxumağı qarşınıza məqsəd qoya bilərsiniz. Bir dəfəyə çox fəsil oxumağa cəhd etməyin. Ondansa, aramla oxuyun, Yehovanı və İsa Məsihi sevmək üçün əlavə səbəblər tapmağa çalışın. Əlbəttə ki, öyrəndiklərinizi başqaları ilə də bölüşün.

14. Zəbur 119:97 ayəsinə əsasən araşdırma aparmaq fidyə və digər təlimlər barədə daima yeni şeylər öyrənməyə necə kömək edir? (Həmçinin şəklə baxın.)

14 Ola bilsin, uzun illərdir həqiqətdəsiniz və düşünürsünüz ki, Allahın ədaləti, məhəbbəti və fidyə kimi əzbər bildiyimiz mövzular barədə yeni nə öyrənə bilərik ki? Əslinə qalsa, bu kimi mövzularda yeni şeylər öyrənməyin həddi yoxdur. Bəs bunu necə etmək olar? Nəşrlərimizdəki məlumat bolluğundan tam yararlanın. Başa düşmədiyiniz ayəyə rast gələndə axtarış aparın. Sonra isə həmin gün ərzində tapdığınız məlumat barədə düşünün. Görün bu məlumatdan Yehova, Onun Oğlu və onların sizə olan məhəbbəti barədə nə öyrənirsiniz. (Zəbur 119:97 ayəsini oxuyun.)

Həqiqətdə uzun illər olsaq da, yenə də fidyə haqda yeni şeylər öyrənib Yehovaya və İsaya minnətdarlığımızı artıra bilərik (14-cü abzasa baxın)


15. Nəyə görə Müqəddəs Kitabdan incilər axtarmağa davam etmək vacibdir?

15 Ola bilsin, oturub mütaliə edəndə və axtarış aparanda hər dəfə yeni, maraqlı şeylər tapmayasınız. Buna görə ruhdan düşməyin. Siz bir növ qızılaxtarana bənzəyirsiniz. Adətən qızılaxtaranlar ən balaca qızıl parçasını da tapmaq üçün saatlarla, günlərlə axtarış edir. Onlar təslim olmadan səbirlə axtarırlar, çünki hər bir qızıl parçası kiçik də olsa, onlar üçün dəyərlidir. Görün indi Müqəddəs Kitabda tapdığımız hər bir inci nə qədər dəyərlidir! (Zəb. 119:127; Məs. 8:10). Buna görə də səbirli olun və mütaliə cədvəlinizə bağlı qalın (Zəb. 1:2).

16. Yehovanın və İsanın nümunəsini necə izləyə bilərik?

16 Mütaliə edərkən öyrəndiklərinizi tətbiq etməyin yolları barədə düşünün. Məsələn, Yehovanın ədalətini örnək alıb başqaları arasında ayrı-seçkilik etməyin. İsanın Yehovaya və insanlara məhəbbətindən örnək alıb Yehovanın adı naminə və dindaşlarınız uğrunda əziyyətlərə qatlaşmağa hazır olun. Həmçinin İsadan nümunə götürərək insanlara şahidlik verin. Beləcə, onların da Yehovanın qiymətli hədiyyəsi barədə öyrənmək və Ona iman gətirmək imkanı olacaq.

17. Növbəti məqalədə nə haqda danışacağıq?

17 Fidyə haqqında nə qədər çox öyrənsək, Yehovanı və İsa Məsihi bir o qədər çox sevəcəyik. Beləcə, onların da bizə sevgisi artacaq (Yəh. 14:21; Yaq. 4:8). Buna görə də fidyə haqda öyrənməyə davam edin. Bunun üçün Yehovanın təqdim etdiyi bütün vəsaitlərdən istifadə edin. Növbəti məqalədə fidyə sayəsində aldığımız nemətlərdən danışacağıq və Yehovanın məhəbbətinə minnətdarlığımızı göstərməyin yollarını öyrənəcəyik.

NƏĞMƏ 107 İlahi məhəbbət örnəyi