Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 5

NƏĞMƏ 108 Allahın sevgisi

Misilsiz nemətlərə yol açan məhəbbət

Misilsiz nemətlərə yol açan məhəbbət

«Məsih İsa bu dünyaya günahlı adamları xilas etmək üçün gəldi» (1 TİM. 1:15).

ƏSAS FİKİR

Fidyə misilsiz nemətlərə yol açır və biz bu nemətlərə görə Yehovaya minnətdarıq.

1. Yehovanın ürəyini necə sevindirə bilərik?

 TUTAQ ki, dostunuza qəşəng, onun işinə yarayan bir hədiyyə almısınız. Dostunuz isə onu dolaba qoyub gedir, hədiyyə bir də yadına düşmür. Bunu görəndə, yəqin, pis olardınız. Amma, əksinə, bu hədiyyəni istifadə etsə, sizə minnətdarlığını bildirsə, sözsüz ki, ürəyinizcə olar. Yehova da bizə fidyə kimi qiymətli bir hədiyyə verib. O görəndə ki, biz Onun məhəbbətinə, verdiyi bu dəyərli hədiyyəyə görə minnətdarıq, çox sevinir. Yehova bizi sevməsəydi, Oğlunu uğrumuzda qurban verməzdi (Yəh. 3:16; Rom. 5:7, 8).

2. Bu məqalədə nələri müzakirə edəcəyik?

2 Vaxt keçdikcə fidyə kimi dəyərli bir hədiyyə bizim üçün adiləşə bilər. Belə olanda Allahın verdiyi hədiyyəni sanki bir dolaba qoyub gedirik və bu haqda heç düşünmürük. Amma biz istəmirik ki, belə bir şey olsun. Buna görə də Yehovanın və İsa Məsihin bizim rifahımız üçün etdikləri barədə daima düşünməliyik. Məqaləni araşdırdıqca fidyəyə görə minnətdarlığımız daha da artacaq. Görəcəyik ki, fidyə sayəsində bu gün hansı nemətləri alırıq və gələcəkdə hansı nemətləri alacağıq. Həmçinin öyrənəcəyik ki, xüsusən də anma mərasimindən əvvəlki və sonrakı günlərdə Yehovanın məhəbbətinə məhəbbətlə necə cavab verə bilərik.

İNDİ ALDIĞIMIZ NEMƏTLƏR

3. Fidyə sayəsində aldığımız nemətlərdən biri hansıdır?

3 Fidyə sayəsində bu gün çoxlu nemətlər alırıq. Misal üçün, Yehova fidyəni əsas götürərək günahlarımızı bağışlayır. O bizi bağışlamağa borclu deyil, amma bunu etməyi Özü istəyir. Məzmurçu buna görə Yehovaya şükür edib demişdi: «Ey Yehova, kəramətlisən, bağışlayansan» (Zəb. 86:5; 103:3, 10—13).

4. Yehova fidyəni kimlərdən ötrü ödəyib? (Luka 5:32; 1 Timutiyə 1:15).

4 Bəlkə də bəzilərimiz Yehovanın əfvinə layiq olmadığımızı düşünürük. Əslinə qalsa, heç birimiz buna layiq deyilik. Yadınızdadır, həvari Bulus özü haqda nə demişdi? «Həvari adlanmağa layiq deyiləm». Lakin bunu da demişdi: «Bu mövqeyi Allahın lütfü sayəsində tuturam» (1 Kor. 15:9, 10). Biz günahlarımızdan tövbə edəndə Yehova bizi bağışlayır. Nəyə görə? Ona görə yox ki, biz buna layiqik, ona görə ki, O bizi sevir. Əgər dəyərsizlik hissi sizə rahatlıq vermirsə, bir şeyi yadda saxlayın: Yehova fidyəni günahsız insanlardan ötrü yox, tövbə etmiş günahkarlardan ötrü verib. (Luka 5:32; 1 Timutiyə 1:15 ayələrini oxuyun.)

5. Nəyə görə deyə bilərik ki, Yehovanın əfvini xidmətimiz müqabilində qazanmırıq? İzah edin.

5 Heç birimiz düşünməməliyik ki, «illərdir Yehovaya xidmət edirəm, O məni bağışlamalıdır». Düzdür, Yehova bu günə kimi Onun yolunda gördüyümüz işləri unutmur (İbr. 6:10). Bir şeyi yadda saxlamalıyıq: fidyə Yehovanın bizə hədiyyəsidir, xidmətimiz müqabilində ödədiyi əmək haqqı deyil. Ona görə də düşünməməliyik ki, uzun illərdir Yehovaya xidmət etdiyimizə görə O bizi bağışlamalıdır. Bu cür düşünürüksə, sanki belə deyirik: «Məsih uğrumuzda ölməsəydi də olardı». (Qalatiyalılara 2:21 ayəsi ilə əlaqələndirin.)

6. Bulus nəyə görə Yehovaya yorulmadan xidmət edirdi?

6 Bulus bilirdi ki, Yehovaya xidmətdə çox iş görməklə Onun lütfünü qazana bilməz. Bəs onda nəyə görə o, yorulmaq bilmədən xidmət edirdi? Yehovanın lütfünə layiq olduğunu sübut etmək üçün yox, Ona göstərdiyi lütfə görə minnətdarlığını bildirmək üçün (Efes. 3:7). Bulus kimi biz də Yehovaya şövqlə, həvəslə xidmət edirik, amma bunu Onun mərhəmətini qazanmaq üçün yox, Ona minnətdarlığımızı bildirmək üçün edirik.

7. Fidyə sayəsində başqa hansı neməti alırıq? (Romalılara 5:1; Yaqub 2:23).

7 Fidyə sayəsində daha bir nemətimiz var. Biz Yehova ilə yaxın dost münasibəti qura bilirik a. Əvvəlki məqalədə deyilmişdi ki, biz dünyaya gələndə Allahla yaxın münasibətimiz yox idi. Amma fidyə sayəsində Allahla aramızda sülh var və biz Ona yaxınlaşa bilirik. (Romalılara 5:1; Yaqub 2:23 ayələrini oxuyun.)

8. Nəyə görə duaya dəyərli bir bəxşiş kimi yanaşmalıyıq?

8 Yehova ilə dostluğumuzu möhkəmləndirməyin yollarından biri dua etməkdir. Dua Allahın bəxşişidir. Yehova təkcə camaat qarşısında edilən ümumi duaları dinləmir, O hər birimizin ayrı-ayrılıqda etdiyi duaları da dinləyir. Dua ürəyimizə aram, sakitlik verir. O, sadəcə narahatlığımızı azaltmır, həm də Allahla dostluğumuzu möhkəmləndirir (Zəb. 65:2; Yaq. 4:8; 1 Yəh. 5:14). İsa Məsih yer üzündə olanda hər gün dua edirdi. O bilirdi ki, Atası onu eşidir və nə qədər çox dua etsə, Ona bir o qədər yaxın olacaq (Luka 5:16). Nə yaxşı ki, Yehova bizə fidyə kimi gözəl hədiyyə verib. Bu hədiyyə olmasaydı, Yehova ilə dost ola bilməzdik. Hətta Ona dua da edə bilməzdik.

GƏLƏCƏKDƏ ALACAĞIMIZ NEMƏTLƏR

9. Yehovanın sadiq xidmətçiləri fidyə sayəsində gələcəkdə hansı neməti alacaqlar?

9 Yehovanın sadiq xidmətçiləri fidyə sayəsində gələcəkdə hansı neməti alacaq? Yehova onlara əbədi həyat bəxş edəcək. Çoxlarının fikrincə, əbədi yaşamaq mümkünsüz bir şeydir. Onlar deyir: «Ölüm haqdır, bir gün yaranan bir gün də ölüb gedir». Əslində, Allah ilk insanları yaradanda məqsədi o idi ki, onlar əbədi yaşasın. Adəm günah etməsəydi, əbədi həyat anlayışı insanlara qəribə bir şey kimi gəlməyəcəkdi. Ola bilsin, indi əbədi həyatı xəyalımızda canlandırmaq belə bizə çətindir. Amma bir şeyi yadda saxlamalıyıq ki, Yehova əbədi yaşamağımız üçün yüksək məbləğ ödəyib — Oğlunun həyatını qurban verib (Rom. 8:32).

10. Məsh olunmuşlar və digər məsihilər hansı mükafatı səbirsizliklə gözləyirlər?

10 Düzdür, Yehova əbədi həyatı bizə gələcəkdə verəcək, amma O istəyir ki, indidən bu haqda düşünək. Məsh olunmuş məsihilər göylərdəki möhtəşəm həyatı səbirsizliklə gözləyirlər. Onlar Məsihlə bərabər yer üzünü idarə edəcəklər (Vəhy 20:6). Başqaları isə yeni dünyanı, ağrı-acının olmayacağı vaxtı gözləyirlər (Vəhy 21:3, 4). Siz də bu ümidlə yaşayırsınız? Demək olmaz ki, bu mükafat məsh olunmuşların mükafatından daha az dəyərlidir. Əslində, Yehova biz insanları yer üzündə yaşamaq üçün yaradıb. Buna görə də yer üzündə həyat şəkk-şübhəsiz bizə xoşbəxtlik gətirəcək.

11, 12. Cənnətdə alacağınız hansı nemətləri səbirsizliklə gözləyirsiniz? (Həmçinin şəkillərə baxın.)

11 Yer üzündə, Cənnətdə həyatı bir təsəvvür edin. Qorxmayacaqsınız ki, birdən xəstələnərəm, ölərəm (Əşy. 25:8; 33:24). Yehova Ona məqbul olan hər bir arzunuzu həyata keçirəcək. Hansı sahələr sizə maraqlıdır? Fizika, kimya, musiqi, yoxsa incəsənət? Sözsüz ki, Cənnətdə memarlara, bənnalara və əkinçilərə ehtiyac olacaq. Aşbazların, dəmirçilərin, bağbanların da işi çox olacaq (Əşy. 35:1; 65:21). Heç yerə tələsməyəcəyik. İstədiyimiz bacarığa yiyələnmək üçün xeyli vaxtımız olacaq.

12 Dirilən doğmalarınızı qarşılayanda sevinc göz yaşlarınızı saxlaya bilməyəcəksiniz (Həv. 24:15). Yehovanın saysız-hesabsız əl işlərini tədqiq edəcəksiniz. Hər gün Onun haqda yeni-yeni şeylər öyrənmək sizə böyük sevinc verəcək (Zəb. 104:24; Əşy. 11:9). Ən əsası isə artıq günah etməyəcəyik. Yehovaya cüzi də olsa, günahkarlıq hissi duymadan ibadət edəcəyik. Sizcə, «günahdan müvəqqəti həzz almaqdan» ötrü bu gələcək nemətləri qurban verməyə dəyər? (İbr. 11:25). Sözsüz ki, yox! Dünyanın verdiyi heç bir şeylə bu nemətləri bir tərəziyə qoymaq olmaz. Unutmayın, Cənnətdə yaşamaq həmişə arzu olaraq qalmayacaq. Bu arzu gerçəkləşəcək. Hər səhər gözümüzü açacağıq ki, Cənnətdəyik. Bütün bunlar nəyin sayəsində mümkün olacaq? Yehovanın bizə bəslədiyi böyük məhəbbətin ifadəsi olan fidyə sayəsində!

Cənnətdə ən çox hansı nemətləri səbirsizliklə gözləyirsiniz? (11 və 12-ci abzaslara baxın)


MƏHƏBBƏTİNƏ GÖRƏ YEHOVAYA MİNNƏTDARIQ

13. Yehovaya məhəbbətinə görə minnətdarlığımızı necə bildirə bilərik? (2 Korinflilərə 6:1).

13 Fidyəyə görə minnətdar olduğumuzu necə göstərə bilərik? Yehovaya xidməti həyatda hər şeydən üstün tutmaqla (Mət. 6:33). Axı İsa «hamıdan ötrü öldü ki, yaşayanlar artıq özləri üçün deyil, onların uğrunda ölüb dirilmiş kəs üçün yaşasınlar» (2 Kor. 5:15). Yehovaya var gücümüzlə xidmət etməklə göstəririk ki, Onun bizdən ötrü nələr etdiyini başa düşürük və bunlara görə minnətdarıq. (2 Korinflilərə 6:1 ayəsini oxuyun.)

14. Yehovaya güvənib Onun göstərdiyi yolla getdiyimiz nədən görünür?

14 Yehovaya minnətdarlığımızı Ona güvənib göstərdiyi yolla getməklə də bildirmiş oluruq. Misal üçün, təhsillə, işlə bağlı seçim qarşısında qalanda Yehovanın bizdən nə gözlədiyini nəzərə almalıyıq (1 Kor. 10:31; 2 Kor. 5:7). Yehovaya güvənib qərar verəndə nəticə çox gözəl olur. İmanımız və Yehova ilə dostluğumuz güclənir, ümidimiz daha da parlaq olur (Rom. 5:3—5; Yaq. 2:21, 22).

15. Yehovaya minnətdar olduğumuzu daha necə göstərə bilərik?

15 Başqa nə etmək olar? Anma mərasimindən əvvəlki və sonrakı günlərdə fidyəyə görə minnətdar olduğumuzu göstərə bilərik. İşlərimizi elə qurmalıyıq ki, anma mərasimində iştirak edək. Həmçinin başqalarını da mərasimə dəvət edə bilərik (1 Tim. 2:4). Dəvət etdiyiniz insanlara mərasimin necə keçirildiyini izah edin. İstəsəniz, jw.org saytından «Allah İsa peyğəmbərin ölümünə nə üçün yol verdi?» və «İsa peyğəmbərin ölümünü yad edin» adlı videoları da onlara göstərə bilərsiniz. Ağsaqqallar isə qeyri-fəal təbliğçiləri yaddan çıxarmamalıdır. Təsəvvür edin, Yehovadan uzaq düşən kəs Onun xalqının arasına qayıdanda həm yerdə, həm göydə nə qədər sevinc yaşanır! (Luka 15:4—7). Gəlin anma mərasimində qarşımıza belə bir məqsəd qoyaq: təkcə dindaşlarımızı yox, mərasimə ilk dəfə gələnləri və xeyli vaxtdır gəlməyənləri də salamlayaq. Qoymayaq ki, onlar özlərini yad hiss etsinlər (Rom. 12:13).

16. Nəyə görə anma mərasimindən əvvəlki və sonrakı günlərdə xidmətə daha çox vaxt ayırmalıyıq?

16 Anma mərasimdən əvvəlki və sonrakı günlərdə xidmətə daha çox vaxt ayıra bilərsiniz? Bu, Allaha və İsa Məsihə bizdən ötrü etdiklərinə görə minnətdarlığımızı bildirməyin ən gözəl yollarından biridir. Xidmətə nə qədər çox vaxt ayırsaq, Yehovanın köməyini bir o qədər çox hiss edəcəyik (1 Kor. 3:9). Nəticədə, Ona olan etibarımız daha da artacaq. Həmçinin anma mərasimi ilə əlaqədar «Müqəddəs Yazıları hər gün araşdırın» broşüründə gətirilən və iş dəftərindəki çərçivədə olan ayələri oxumağı unutmayın. Hətta bu ayələri fərdi mütaliə zamanı da araşdıra bilərsiniz.

17. Yehovaya nə xoş gedir? (Həmçinin « Yehovaya minnətdarlığımızı bildirək» adlı çərçivəyə baxın.)

17 Bəlkə də bu məqalədəki məsləhətlərin hamısına əməl etməyə şəraitiniz yol vermir. Amma unutmayın ki, Yehova bir xidmətçisini digəri ilə müqayisə etmir. O sizin ürəyinizi görür. Yehova görəndə ki, fidyəyə görə ürəyimiz minnətdarlıqla doludur, bu Ona xoş gedir (1 İşm. 16:7; Mark 12:41—44).

18. Yehovaya və İsa Məsihə nəyə görə minnətdarıq?

18 Fidyə verilməsəydi, günahlarımız bağışlanmazdı, Yehova ilə dost ola bilməzdik və əbədi yaşamaq ümidimiz olmazdı. Bu nemətlər Yehovanın bizə böyük məhəbbətindən xəbər verir. Buna görə də gəlin daima Ona şükür edək (1 Yəh. 4:19). Həmçinin İsa Məsihə də minnətdar olduğumuzu göstərək. O bizi o qədər sevir ki, uğrumuzda canını fəda etdi (Yəh. 15:13).

NƏĞMƏ 154 Bitməz sevgi

a Hələ fidyə ödənilməzdən əvvəl Yehova sadiq xidmətçilərinin günahlarını bağışlayırdı. Çünki O əmin idi ki, Oğlu son nəfəsinədək Ona sadiq qalacaq. Yəni Yehova artıq fidyəni ödənilmiş hesab edirdi (Rom. 3:25).