Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 3

NƏĞMƏ 35 Daha vacib şeyləri ayırd edək

Yehovaya xoş gedən qərarlar verin

Yehovaya xoş gedən qərarlar verin

«Yehovadan qorxmaqdır hikmətin başı, Müqəddəs Allahın elmi dərrakə verir» (MƏS. 9:10).

ƏSAS FİKİR

Bilik, dərrakə və bəsirət bizə müdrik qərarlar verməyə kömək edir.

1. Bəzən bizə nə çətin gələ bilər?

 HƏR GÜN qərarlar verməli oluruq. Bəziləri sadə qərarlar olur; səhər yeməyinə nə yeyək, nə vaxt yataq, nə vaxt duraq. Bəzi məsələlərlə bağlı qərar vermək isə daha çətindir. Elə qərarlar var ki, bizim səhhətimizə, xoşbəxtliyimizə, yaxınlarımıza və ya ibadətimizə təsir edə bilər. İstəyirik ki, verdiyimiz qərarlar həm bizə, həm də ailəmizə fayda gətirsin. Ən əsası isə çalışmalıyıq ki, verdiyimiz qərarlar Yehovanı razı salsın (Rom. 12:1, 2).

2. Müdrik qərarlar verməyə sizə hansı addımlar kömək edə bilər?

2 Növbəti addımlar müdrik qərarlar verməyinizə kömək edə bilər: 1) təfsilatları öyrənmək, 2) Yehovanın məsələyə münasibətini öyrənmək, 3) variantları hərtərəfli ölçüb-biçmək. Məqalədə bu addımları müzakirə edəcəyik. Bu bizə daha da bəsirətli olmağa kömək edəcək (Məs. 2:11).

TƏFSİLATLARI ÖYRƏNİN

3. Nəyə görə qərar verməzdən əvvəl təfsilatları öyrənməlisiniz? Nümunə çəkin.

3 Düzgün qərar vermək üçün ilk addım təfsilatları öyrənməkdir. Bu nəyə görə vacibdir? Belə bir vəziyyəti təsəvvür edin: sağlamlığında ciddi problemi olan bir nəfər həkim qəbuluna gəlir. Sizcə, həkim ona suallar vermədən, ilkin müayinədən keçirmədən müalicə yazar? Təbii ki, yox. Eynilə siz də düzgün qərarlar vermək üçün, ilk növbədə, təfsilatları öyrənməlisiniz. Bunu necə edə bilərsiniz?

4. Məsəllər 18:13 ayəsindəki məsləhətə əməl edərək təfsilatları necə öyrənə bilərsiniz? (Həmçinin şəklə baxın.)

4 Əksər hallarda təfsilatları suallar verməklə öyrənə bilərsiniz. Təsəvvür edin ki, sizi qonaqlığa dəvət ediblər. Gedib-getməməklə bağlı qərar verməlisiniz. Əgər bu qonaqlığın nə məqsədlə və kim tərəfindən təşkil olunduğunu bilmirsinizsə, onda növbəti sualları soruşmağınız yaxşı olardı: «Qonaqlıq harada və nə vaxt keçiriləcək? Nə qədər adam olacaq? Qonaqlıqda hər şeyə cavabdeh kimdir? Kimlər iştirak edəcək? Orada nə edəcəyik? Spirtli içki olacaq?» Bu sualların cavabını bilməyiniz müdrik qərar verməyinizə kömək edəcək. (Məsəllər 18:13 ayəsini oxuyun.)

Suallar verərək təfsilatları öyrənin (4-cü abzasa baxın) a


5. Təfsilatları öyrənəndən sonra nə etməlisiniz?

5 Deməli, təfsilatları öyrəndiniz. İndi isə vəziyyəti bütövlüklə görməyə çalışın. Misal üçün, bildiniz ki, qonaqlığa Müqəddəs Kitab prinsipləri ilə yaşamayan insanlar da gələcək və ya içki limitsiz olacaq, nəzarət edən olmayacaq. Necə düşünürsünüz, bu qonaqlıq kef məclisinə çevrilə bilər? (1 But. 4:3). Qonaqlıqla ibadət görüşünün vaxtı kəsişir, yaxud xidmətdən qalmayacaqsınız? Vəziyyəti bütövlüklə təhlil edəndən sonra düzgün qərara doğru bir addım da yaxınlaşacaqsınız. Amma atmalı olduğunuz başqa addım da var. Siz artıq müəyyən bir fikrə gəlmisiniz, bəs Yehova hansı fikirdədir? (Məs. 2:6).

YEHOVANIN MƏSƏLƏYƏ MÜNASİBƏTİ

6. Yaqub 1:5 ayəsinə əsasən nəyə görə Yehovadan kömək istəməliyik?

6 Yehovanın məsələyə münasibətini öyrənmək üçün Ondan kömək istəyin. Yehova söz verir ki, Onun qəlbini şad edəcək qərarları müəyyən etmək üçün bizə hikmət verəcək. O bu hikməti «səxavətlə və qınamadan» verir. (Yaqub 1:5 ayəsini oxuyun.)

7. Yehovanın məsələyə münasibətini necə öyrənə bilərsiniz? Nümunə çəkin.

7 Yehovadan sizə yol göstərməsini dilədikdən sonra Onun cavabına diqqət kəsilin. Tutaq ki, harasa səyahətə getmisiniz və yolu itirmisiniz. Bu zaman əraziyə yaxşı bələd olan birindən kömək istəyirsiniz. O sizə yolu göstərməmiş, bir şey deməmiş çıxıb gedərsiniz? Əlbəttə ki, yox. Siz ona diqqətlə qulaq asarsınız. Eynilə Yehovadan hikmət diləyəndən sonra Onun cavabını öyrənməyə çalışın. Bunu Müqəddəs Kitabdan vəziyyətinizə uyğun qanun və prinsiplər tapmaqla edə bilərsiniz. Məsələn, qayıdaq qonaqlıqla bağlı nümunəyə. Gedib-getməməklə bağlı qərar verəndə Müqəddəs Kitabdan bəzi prinsipləri nəzərdən keçirə bilərsiniz. Baxın görün Müqəddəs Kitabda kef məclisləri, pis dostlar və Padşahlıq işini şəxsi istəklərimizdən üstün tutmaqla bağlı nə deyilir (Mət. 6:33; Rom. 13:13; 1 Kor. 15:33).

8. Vəziyyətinizə uyğun məlumatı necə əldə edə bilərsiniz? (Həmçinin şəklə baxın.)

8 Bəzən vəziyyətinizə uyğun məlumat tapmaq sizə çətin gələ bilər. Yetkin bacı-qardaşlar sizə müəyyən qanun və prinsiplər tapmağa kömək edə bilər. Amma bununla yanaşı, özünüz də axtarış aparın. Məsələn, «Yehovanın Şahidlərinin nəşrləri üzrə axtarış» və «Həyat bələdçimiz olan ayələr» kimi təlim vəsaitlərimiz karınıza çata bilər. Unutmayın, məqsəd Yehovanı razı salan qərar verməkdir.

Yehovanın məsələyə münasibətini öyrənin (8-ci abzasa baxın) b


9. Verdiyimiz qərarın Yehovanı razı salıb-salmadığına necə əmin ola bilərik? (Efeslilərə 5:17).

9 Verdiyimiz qərarın Yehovanı razı salıb-salmadığına necə əmin ola bilərik? Əvvəla, biz Yehovanı yaxşı tanımalıyıq. Allahın Kəlamında deyilir ki, «Müqəddəs Allahın elmi dərrakə verir» (Məs. 9:10). Bəli, əsl dərrakə Yehovanın xüsusiyyətlərini, Onun niyyətini, nəyi sevdiyini, nəyə nifrət etdiyini bilməkdən qaynaqlanır. Özünüzdən soruşun: «Yehova haqqında bildiklərimə əsasən hansı qərarı versəm, O məndən razı qalar?» (Efeslilərə 5:17 ayəsini oxuyun.)

10. Nəyə görə Müqəddəs Kitab prinsipləri ailənin və yerli ərazinin adət-ənənələrindən daha vacibdir?

10 Yehovanı razı salan qərarlar verəndə hərdən elə olur ki, yaxınlarımız narazı qalır. Bəzi valideynlər yaxşı niyyətdən irəli gələrək qızlarının çox imkanlı, varlı-hallı oğlana ərə getməsini istəyirlər. Hətta oğlanın ruhani cəhətdən zəif olmasına önəm vermirlər. Eləcə də bəzi ölkələrdə oğlan tərəf qız tərəfdən çoxlu cehiz tələb edir. Qızın ruhani vəziyyətinə fikir vermirlər. Belə vəziyyətdə oğlan və qız özlərindən soruşmalıdır: «Mən bu insanla ailə qursam, Yehova ilə münasibətlərim möhkəmlənəcək, ya zəifləyəcək?» Yehova bu məsələ ilə bağlı nə deyir? Cavabı Mətta 6:33 ayəsindən tapa bilərik. Bu ayədə məsihilərin Padşahlıq işini hər şeydən üstün tutmalı olduqları deyilir. Düzdür, biz valideynlərimizə və ətrafımızdakı insanlara hörmət edirik, amma bizim əsas məqsədimiz Yehovanı razı salmaqdır.

HƏRTƏRƏFLİ ÖLÇÜB-BİÇİN

11. Məsəllər 2:11 ayəsindəki hansı xüsusiyyət sizə variantları götür-qoy etməyə kömək edəcək?

11 Deməli, qərar verərkən Müqəddəs Kitab prinsiplərini nəzərdən keçirdiniz, indi isə əlinizdəki variantları ölçüb-biçin. (Məsəllər 2:11 ayəsini oxuyun.) Bəsirət sizə hər variantın nəticəsini qabaqcadan təxmin etməyə kömək edəcək. Bəzi qərarları vermək asandır, amma elə qərarlar var ki, onların düzgün olub-olmadığını ilk dəfədən müəyyən etmək olmur. Bəsirət hətta qəliz məsələlərdə də müdrik qərar verməyinizə kömək edəcək.

12, 13. Bəsirətli olmaq bizə iş seçimində düzgün qərar qəbul etməyə necə kömək edir?

12 Belə bir vəziyyəti təsəvvür edin: ailənizin qayğısına qalmaq üçün iş axtarırsınız. Sizə iki iş təklif olunur. Bütün təfsilatları, məsələn, işin növünü, iş saatlarını, yola sərf edəcəyiniz vaxtı və başqa nüansları götür-qoy edirsiniz. Hər iki iş də Müqəddəs Kitaba zidd getmir. Ola bilsin, bu işlərdən biri daha çox ürəyinizə yatır, yaxud maaşı daha yüksəkdir. Ona görə də siz ona üstünlük verirsiniz, amma qərar verməzdən əvvəl nəzərə almalı olduğunuz başqa amillər də var.

13 Məsələn, bu işlərdən hansısa yığıncaqları buraxmağınıza səbəb olmayacaq? Ailənizin emosional və ruhani ehtiyaclarını ödəmək üçün vaxt ayırmağınıza əngəl olmayacaq? Bu kimi suallar vermək sizə daha vacib şeyləri ayırd etməyə, yəni ibadətinizi və ailənizin ehtiyaclarını maddi şeylərdən üstün tutmağa kömək edəcək (Filip. 1:10a). Onda Yehovanı razı salan qərar verəcəksiniz.

14. Bəsirətli və məhəbbət dolu olmağımız başqalarını büdrətməməyə necə kömək edir?

14 Həmçinin bəsirətli olmaq qərarımızın başqalarına təsiri barədə düşünməyə təşviq edir. Biz heç kəsi büdrətmək istəmərik (Filip. 1:10b). Buna, xüsusilə də şəxsi məsələlərlə bağlı qərar verərkən diqqət yetirməliyik. Məsələn, geyim və xarici görkəm məsələsində. Ola bilsin, müəyyən tərzdə geyinib-keçinmək xoşunuza gəlir. Bəs əgər bu, yığıncaqdakılar tərəfindən, yaxud başqa insanlar tərəfindən xoş qarşılanmırsa, onda necə? Onların hisslərinə hörmətlə yanaşmaqla bəsirətli olduğumuzu göstərəcəyik. Məhəbbət bizi təşviq edəcək ki, başqalarının xeyrini düşünək və ləyaqətlə geyinək (1 Kor. 10:23, 24, 32; 1 Tim. 2:9, 10). Onda məhəbbətimiz və hörmətimiz verdiyimiz qərarda əks olunacaq.

15. Vacib qərarları həyata keçirməzdən əvvəl nə etməlisiniz?

15 Əgər böyük qərar qarşısında qalmısınızsa, mütləq onun nəticələri barədə düşünün. İsa demişdi ki, biz əvvəlcədən oturub məsrəfləri hesablamalıyıq (Luka 14:28). Qərarınızı həyata keçirmək üçün vaxtınızı, vəsaitlərinizi və gücünüzü nəzərə almalısınız. Bəzi qərarları həyata keçirməzdən əvvəl onu ailənizlə müzakirə edə bilərsiniz. Beləcə, ailənin hər bir üzvü qərarın uğurlu olması üçün üzərinə düşən məsuliyyəti biləcək. Bu cür davranmağınız nəyə görə vacibdir? Ola bilsin, qərarınızda dəyişməli olduğunuz məqamlar üzə çıxacaq, yaxud da tamamilə fərqli və daha yaxşı variant təklif olunacaq. Qərar verərkən ailə üzvlərinizlə məsləhətləşsəniz, onların təklifinə qulaq assanız, qərarlarınızın uğurlu olması üçün onlar sizə kömək etməyə beşəlli hazır olacaqlar (Məs. 15:22).

DOĞRU QƏRARLARA DOĞRU

16. Hansı addımlar sizə doğru qərarlara doğru addımlamağa kömək edəcək? (Həmçinin « Müdrik qərarlar verin» adlı çərçivəyə baxın.)

16 Yuxarıda müzakirə etdiyimiz bütün bu addımlar sizi doğru qərarlara doğru aparacaq. Bütün təfsilatları öyrənin və Yehovaya xoş gedən qərarlar vermək üçün Müqəddəs Kitab prinsiplərini araşdırın. Bundan sonra Yehovadan qərarınıza bərəkət verməsini diləyə bilərsiniz.

17. Doğru qərarlar verməyin sirri nədir?

17 Ola bilsin, vaxtilə çoxlu düzgün qərarlar vermisiniz. Amma unutmayın, doğru qərarlar verməyin sirri öz ağlınıza, təcrübənizə güvənmək yox, Yehovadan gələn hikmətə arxalanmaqdır. Sizə hikmətin vacib yönləri olan biliyi, dərrakəni, bəsirəti verən yalnız Odur (Məs. 2:1—5). Yehova sizə Onun qəlbini şad edən qərarlar verməyə kömək edəcək (Zəb. 23:2, 3).

NƏĞMƏ 28 Yehovanın dostu olaq

a ŞƏKLİN İZAHI. Gənc bacı və qardaşların telefonuna bir qonaqlığa dəvət gəlib. Onlar bu barədə danışırlar.

b ŞƏKLİN İZAHI. Həmin gənclərdən biri qonaq gedib-getməyəcəyinə qərar verməzdən əvvəl axtarış aparır.