Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 15

Məsihdən örnək alın və sülhünüzü qoruyun

Məsihdən örnək alın və sülhünüzü qoruyun

«Allahın hər bir ağıldan üstün olan sülhü ürəyinizi... qoruyacaq» (FİLİP. 4:7).

NƏĞMƏ 113 Allahın sülh ənamı

İCMAL *

1, 2. İsa Məsih nə üçün güclü narahatlıq keçirirdi?

İSA MƏSİH yerüzü həyatının sonuncu günündə gərginlik keçirirdi. Tezliklə o, qanun bilməyən adamların əli ilə qəddarcasına öldürüləcəkdi. Amma İsa Məsih təkcə öləcəyinə görə narahatlıq keçirmirdi. O, Atasını ürəkdən sevir və Onu razı salmaq istəyirdi. İsa bilirdi ki, bu çətin sınaqdan başıuca çıxsa, Allahın adına bəraət qazandıra biləcək. İsa həmçinin insanları da sevirdi və bilirdi ki, onların əbədi yaşamaq ümidi onun yer üzündəki həyatını uğurla başa vurmasından asılıdır.

2 Amma belə bir gərginlik keçirməsinə baxmayaraq, İsanın ürəyində sülh var idi. O, həvarilərinə demişdi: «Öz sülhümü sizə bağışlayıram» (Yəh. 14:27). Bu, Allahın sülhü, yəni Yehova ilə sıx münasibətlərdən doğan daxili sakitlik, qəlb rahatlığı idi. Allahın sülhü İsa Məsihin düşüncəsinə və ürəyinə dinclik, rahatlıq bəxş edirdi (Filip. 4:6, 7).

3. Bu məqalədə nəyi araşdıracağıq?

3 Biz heç vaxt İsa Məsihin üzləşdiyi ağır sınaqlarla üzləşməyəcəyik. Bununla belə, hər birimizin sınaqları olacaq (Mət. 16:24, 25; Yəh. 15:20). Onun kimi, biz də bəzən gərginlik keçirəcəyik. Bəs həddindən artıq narahat olmamaq və qəlb rahatlığını qorumaq üçün nə edə bilərik? Gəlin İsa Məsihin yer üzündəki xidməti boyu etdiyi üç şeyə nəzər salaq və sınaqlarla üzləşən zaman ondan örnək almağın yolunu araşdıraq.

İSA DURMADAN DUA EDİRDİ

Dua qəlb rahatlığını qorumağa kömək edir (4—7 abzaslara baxın)

4. 1 Salonikililərə 5:17 ayəsini nəzərə alaraq, İsa Məsihin yer üzündəki həyatının sonuncu günü dəfələrlə dua etdiyinə dair nümunələr çəkin.

4 1 Salonikililərə 5:17 ayəsini oxuyun. Yer üzündəki həyatının sonuncu günü İsa dəfələrlə dua etmişdi. Məsələn, ölümünü anma mərasimini təsis edəndə o, çörək və şərabı götürüb dua etmişdi (1 Kor. 11:23—25). Pasxanı qeyd etdikləri otaqdan çıxmazdan öncə də şagirdləri ilə birgə Allaha duada müraciət etmişdi (Yəh. 17:1—26). Həmin gecə şagirdləri ilə Zeytun dağında olanda bir neçə dəfə dua etmişdi (Mət. 26:36—39, 42, 44). İsa Məsihin işgəncə dirəyində can verərkən dediyi sonuncu sözlər də dua idi (Luka 23:46). O, duasında həmin gün baş verənləri Yehovaya ərz etmişdi.

5. Həvarilərin cəsarəti nə üçün zəifləmişdi?

5 İsa Məsihin sınaqlara tab gətirə bilməsinin səbəblərindən biri durmadan dua edib Allahdan dözüm istəməsi idi. Lakin həvarilər həmin gecə onun kimi oyaq qalıb dua etmək əvəzinə, yuxuya getmişdilər. Odur ki, sınaqla üzləşəndə cəsarətli ola bilmədilər (Mət. 26:40, 41, 43, 45, 56). Eynilə, biz də sınaqlarla üzləşəndə İsa Məsihin nümunəsini izləyərək daima dua etməklə sədaqətli qala bilərik. Bəs nə haqda dua etmək olar?

6. İman qəlb rahatlığını qorumağa necə kömək edir?

6 Yehovaya imanımızı artırması üçün dua edə bilərik (Luka 17:5; Yəh. 14:1). Şeytan Məsihin bütün davamçılarını sınağa çəkəcək, odur ki, möhkəm imana ehtiyacımız var (Luka 22:31). Bəs ard-arda çətinliklərlə üzləşdiyimiz zaman iman qəlb rahatlığını qorumağa necə kömək edir? Çətinliyi dəf etmək üçün əlimizdən gələni edəndən sonra, iman bizi təşviq edəcək ki, məsələni Yehovanın üzərinə qoyaq. Yehova məsələni bizdən daha yaxşı həll edə bilər. Bunu bilmək bizə qəlb rahatlığı bəxş edir (1 But. 5:6, 7).

7. Robert qardaşın sözlərindən hansı nəticəyə gəlirik?

7 Dua istənilən çətinlik qarşısında qəlb rahatlığını qorumağa kömək edir. Hal-hazırda 80 yaşlarında olan Robert adlı ağsaqqal deyir: «Filippililərə 4:6, 7 ayələrindəki məsləhət həyatda üzləşdiyim bir çox çətinliklərə dözməyimə kömək edib. Maddi sıxıntılarım olub, bir müddətlik ağsaqqal kimi xidmət etmək təyinatımı itirmişəm». Robert qəlb rahatlığını nəyin sayəsində qoruya bilib? O deyir: «Ürəyimdə narahatlıq yaranan kimi dua edirəm. Bilirəm ki, nə qədər çox, nə qədər hərarətlə dua etsəm, ürəyim bir o qədər rahat olacaq».

İSA MƏSİH DURMADAN TƏBLİĞ EDİRDİ

Təbliğ işi qəlb rahatlığını qorumağa kömək edir (8—10 abzaslara baxın)

8. Yəhya 8:29 ayəsinə əsasən, daha nəyin sayəsində İsa Məsihin qəlbində rahatlıq var idi?

8 Yəhya 8:29 ayəsini oxuyun. Hətta təqiblərlə üzləşən zaman da İsa Məsihin qəlbində rahatlıq var idi. Çünki bilirdi ki, onun sədaqəti Atasının ürəyini sevindirir. Məsih ona çətin olan anlarda belə itaətkarlıq göstərirdi. O, Yehovanı sevirdi və bütün həyatını Ona xidmətə həsr etmişdi. Yer üzünə gəlməzdən öncə o, Atasının hüzurunda «usta kimi çalışırdı» (Məs. 8:30). Yer üzünə gələndən sonra isə İsa durmadan insanlara Atası haqda danışırdı (Mət. 6:9; Yəh. 5:17). Bütün bunlar ona böyük xoşbəxtlik bəxş edirdi (Yəh. 4:34—36).

9. Özümüzü təbliğ işinə həsr etmək qəlb rahatlığımızı itirməməyə necə kömək edir?

9 Biz «həmişə Rəbbin işində» çalışmaqla və Ona itaət etməklə İsa Məsihdən örnək ala bilərik (1 Kor. 15:58). Bütün vaxtımızı təbliğ işinə həsr etməyin sayəsində problemlərə düzgün yanaşmağı bacarırıq (Həv. 18:5). Misal üçün, xidmətdə rastlaşdığımız insanların problemləri çox vaxt bizimkindən daha betər olur. Amma onlar Yehovanı sevib, Onun əmrlərinə əməl etməyə başlayanda həyatları yaxşılığa doğru dəyişir və daha xoşbəxt olurlar. Hər dəfə bu kimi şeylərin şahidi olanda Yehovanın qayğımıza qalacağına bir daha əmin oluruq. Bu əminlik qəlb rahatlığımızı itirməməyə kömək edir. Həyatı boyu depressiyadan və dəyərsizlik hissindən əziyyət çəkən bir bacı bunun faydasını öz təcrübəsində görüb. O deyir: «Təbliğə çox vaxt ayıranda emosional cəhətdən daha sabit oluram və daha çox xoşbəxtlik duyuram. Məncə, ona görə ki, təbliğdə olanda özümü Yehovaya daha yaxın hiss edirəm».

10. Brenda bacının sözlərindən hansı qənaətə gəlirik?

10 Gəlin həmçinin Brenda adlı bir bacının həyatına nəzər salaq. Onun özü də, qızı da səpələnmiş skleroz xəstəliyindən əziyyət çəkir. Əlil arabasına məhkum olan Brenda bacı taqətdən düşüb. O, hərdənbir ev-ev təbliğdə iştirak etsə də, əsasən məktub yazmaqla təbliğ edir. Bacı deyir: «Başa düşəndə ki, bu dünyada xəstəliyimə çarə tapılmayacaq, bütün diqqətimi xidmətə cəmlədim. Təbliğ edəndə öz dərdim barədə düşünmürəm, fikrimi təbliğ etdiyim insanlara kömək etməyə cəmləyirəm. Üstəlik, təbliğ işi hər dəfə mənə gələcəyə olan ümidimi xatırladır».

İSA MƏSİH DOSTLARININ KÖMƏYİNİ QƏBUL EDİRDİ

Yaxşı dostlarla ünsiyyət qəlb rahatlığını qorumağa kömək edir (11—15 abzaslara baxın)

11—13. a) Həvarilər və digərləri İsanın əsl dostu olduqlarını necə göstərmişdilər? b) Dostları İsaya necə təsir edirdi?

11 İsa Məsihin yer üzündəki xidməti boyu sadiq həvariləri onun əsl dostları olduqlarını göstərdilər. Onlar Məsəllər kitabında yazılmış «dost var, qardaşdan yaxındır» sözlərinin canlı nümunəsi idilər (Məs. 18:24). Dostları İsa üçün çox əziz idi. Yer üzündəki xidməti ərzində doğma qardaşlarından heç biri ona iman gətirməmişdi (Yəh. 7:3—5). Hətta elə olmuşdu ki, qohumları onun ağlını itirdiyini deyirdi (Mark 3:21). Amma sədaqətli həvariləri əsl dost idilər. Ölümündən öncəki gecə İsa onlar barədə demişdi: «Bütün sınaqlarım boyu mənim yanımda siz olmusunuz» (Luka 22:28).

12 Həvariləri bəzən İsanı məyus edirdilər, lakin o, diqqətini onların səhvlərinə yox, ona olan imanlarına cəmləyirdi (Mət. 26:40; Mark 10:13, 14; Yəh. 6:66—69). Edamından öncə, bu sadiq kişilərlə keçirdiyi sonuncu gecə onlara demişdi: «Mən sizə dost deyirəm, çünki Atamdan eşitdiyim hər şeyi sizə bildirdim» (Yəh. 15:15). Şübhəsiz, dostları İsanı çox ruhlandırırdı. Xidmətdə ona dəstək olmaları İsanın ürəyini cuşa gətirirdi (Luka 10:17, 21).

13 İsanın həvarilərdən əlavə, xidmətdə və digər sahələrdə ona dəstək olan başqa dostları da var idi. Bəziləri ona evinin qapısını açır, yeməyə dəvət edirdi (Luka 10:38—42; Yəh. 12:1, 2). Digərləri İsaya yol yoldaşı olub, nələri var idisə onunla bölüşürdü (Luka 8:3). İsa yaxşı dost olduğuna görə yaxşı da dostları var idi. O, dostları üçün çox şey edirdi və onlardan bacardıqlarından artığını gözləmirdi. İsa kamil idi, lakin qeyri-kamil dostlarının dəstəyini çox qiymətləndirirdi. Və sözsüz ki, dostları ona qəlb rahatlığını qorumağa kömək edirdi.

14, 15. Yaxşı dostlar qazanmaq üçün nə edə bilərik və onlar bizə necə kömək edir?

14 Yaxşı dostlar bizə Yehovaya sadiq qalmağa kömək edir. Yaxşı dost qazanmaq üçün isə ilk növbədə özümüz yaxşı dost olmalıyıq (Mət. 7:12). Misal üçün, Müqəddəs Kitab təşviq edir ki, vaxtımızı və gücümüzü əsirgəmədən hər kəsə, xüsusilə də «korluq çəkən» insanlara kömək edək (Efes. 4:28). Düşünün görün, yığıncağınızda kimə kömək edə bilərsiniz. Evdən çıxa bilməyən dindaşınız üçün bazarlıq edə bilərsiniz? Maddi vəziyyəti yaxşı olmayan ailəni yeməyə dəvət edə bilərsiniz? Əgər jw.org® saytından və «JW Library®» tətbiqetməsindən istifadə etməyi bacarırsınızsa, yığıncaq üzvlərinizə onlardan tam yararlanmağı öyrədə bilərsiniz? Gücümüzü başqalarına kömək etməyə sərf etmək bizə xoşbəxtlik gətirəcək (Həv. 20:35).

15 Qazandığımız dostlar sınaqlarla üzləşəndə bizə dayaq olacaq və qəlb rahatlığını itirməməyə kömək edəcək. Əyyub peyğəmbər sınaqlarından danışan zaman Əlihu onu dinlədiyi kimi, bizim də dostlarımız dərdimizi bölüşəndə səbirlə dinləyir (Əyy. 32:4). Dostlarımızın bizim əvəzimizə qərar verəcəyini gözləməməliyik, amma onların Müqəddəs Kitaba əsaslanan məsləhətinə qulaq assaq, hikmətli davranmış olarıq (Məs. 15:22). Həmçinin Davud padşah kimi, ehtiyac duyan zaman dostlarımızın köməyini təvazökarlıqla qəbul etməliyik, yol verməməliyik ki, qürur köməyi qəbul etməyimizə mane olsun (2 İşm. 17:27—29). Həqiqətən də, bu cür yaxşı dostlar Yehovadan hədiyyədir (Yaq. 1:17).

QƏLB RAHATLIĞINI İTİRMƏYƏK

16. Filippililərə 4:6, 7 ayələrinə əsasən, ürəyimizdə sülhün olmasının yeganə yolu hansıdır? İzah edin.

16 Filippililərə 4:6, 7 ayələrini oxuyun. Nəyə görə Yehova sülhü «Məsih İsa vasitəsilə» ala biləcəyimizi deyir? Çünki fikirlərimizdə və ürəyimizdə daimi sülhü yalnız İsa Məsihə iman edəndə və onun Yehovanın niyyətindəki rolunu anlayanda qazana bilərik. Məsələn, Məsihin fidyə qurbanlığı sayəsində bütün günahlarımız bağışlanır (1 Yəh. 2:12). Bunu bilmək bizə əsl qəlb rahatlığı bəxş edir! Allahın Padşahlığının Padşahı olaraq İsa Şeytanın və onun dünyasının bizə vurduğu bütün zərəri aradan qaldıracaq (Əşy. 65:17; 1 Yəh. 3:8; Vəhy 21:3, 4). Bu, bizə möhtəşəm ümid bəxş edir! İsanın bizə tapşırdığı iş çətin olsa da, o, bu dövrün yekununa kimi bizimlə olacağına, bizə dayaq olacağına söz verib (Mət. 28:19, 20). Bu bizdə əsl cəsarət hasil edir! Ürəyimizdəki sülh qəlb rahatlığı, ümid və cəsarət kimi təməl daşları üzərində qurulur.

17. a) Məsihilər qəlb rahatlığını necə qoruya bilər? b) Yəhya 16:33 ayəsinə əsasən, biz nəyə müvəffəq olacağıq?

17 Ciddi sınaqlara məruz qalan zaman qəlb rahatlığını necə qorumaq olar? İsa Məsihdən örnək almaqla. Birincisi, durmadan dua edin. İkincisi, hətta çətin olsa belə, Yehovaya itaət edin və canla-başla təbliğ edin. Və üçüncüsü, sizə dayaq olacaq dostlarınıza bel bağlayın. Bunları etsəniz, Allahın sülhü ürəyinizi və fikirlərinizi qoruyacaq. Onda İsa Məsih kimi, siz də istənilən sınaq üzərində zəfər çalacaqsınız! (Yəhya 16:33 ayəsini oxuyun.)

NƏĞMƏ 41 Ey Allahım, eşit duamı

^ abz. 5 Hər birimiz ürəyimizdəki sülhü qorumağa mane olan müxtəlif çətinliklərlə üzləşirik. Məqalədə İsa Məsihə qəlb rahatlığını qorumağa kömək edən üç amildən və bu amillərin ciddi sınaqlar qarşısında belə, sülhümüzü qorumağa necə kömək etdiyindən bəhs olunur.