Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 14

Xidmətinizi tam yerinə yetirirsiniz?

Xidmətinizi tam yerinə yetirirsiniz?

«Müjdəni təbliğ et, xidmətini tam yerinə yetir» (2 TİM. 4:5).

NƏĞMƏ 57 Hər cür insana müjdə çatdıraq

İCMAL *

İsa Məsih diriləndən sonra şagirdləri ilə görüşür və onlara tapşırıq verir: «Gedin... şagird hazırlayın» (1-ci abzasa baxın)

1. Allahın bütün xidmətçiləri nə etmək istəyir və nə üçün? (Üz qabığındakı şəklə baxın.)

İSA MƏSİH davamçılarına buyurmuşdu: «Gedin və bütün xalqların içində şagird hazırlayın» (Mət. 28:19). Allahın bütün sadiq bəndələri onlara həvalə olunmuş xidməti tam yerinə yetirməyin yollarını bilmək istəyir (2 Tim. 4:5). Axı bu tapşırıq həyatda hər şeydən mühüm, hər şeydən dəyərli və hər şeydən təcilidir. Bununla belə, bəzən xidmətə istədiyimiz qədər vaxt ayıra bilmirik.

2. Nələr xidmətimizi yerinə yetirməyi çətinləşdirir?

2 Vaxtımızı və gücümüzü əlimizdən alan başqa vacib işlərimiz də var. Özümüzün və ailəmizin zəruri tələbatlarını təmin etmək üçün, ola bilsin, saatlarla işləyirik. Bəlkə də, başqa ailə məsuliyyətlərimiz var, yaxud xəstəlik, depressiya, qocalığın özü ilə gətirdiyi çətinliklərlə mübarizə aparırıq. Bütün bu kimi çətinliklərlə çarpışarkən xidmətimizi tam şəkildə yerinə yetirmək üçün nə edə bilərik?

3. İsa Məsihin Mətta 13:23 ayəsində yazılmış sözlərindən hansı nəticəyə gəlirik?

3 Əgər Yehovaya daha çox xidmət etməyə şəraitimiz yol vermirsə, ruhdan düşməməliyik. İsa Məsih bilirdi ki, Padşahlıq işinə hamı eyni dərəcədə töhfə verə bilməyəcək. (Mətta 13:23 ayəsini oxuyun.) Yehovaya xidmətdə cani-dildən etdiyimiz hər bir şey Onun üçün çox dəyərlidir (İbr. 6:10—12). Ola bilər ki, şəraitimizin daha çox xidmət etməyə imkan verdiyini düşünək. Bu məqalədə xidmətimizi həyatda hər şeydən üstün tutmağın, sadə həyat sürməyin, təbliğ və təlim bacarığımızı yaxşılaşdırmağın yollarını öyrənəcəyik. Gəlin əvvəlcə xidməti tam yerinə yetirməyin nə demək olduğunu araşdıraq.

4. Xidməti tam yerinə yetirmək nə deməkdir?

4 Sadə sözlə desək, xidməti tam yerinə yetirmək üçün təlim və təbliğ işində mümkün qədər çox iştirak etməliyik. Amma bura təkcə xidmətə sərf etdiyimiz vaxt aid deyil. Yehovaya önəmli olan bunu nə üçün etməyimizdir. Yehovanı və insanları sevdiyimiz üçün xidmətimizi * canla-başla icra edirik (Mark 12:30, 31; Kol. 3:23). Canla-başla xidmət etmək gücümüzü əlimizdən gələn qədər Allaha xidmətə sərf etmək deməkdir. Təbliğ işinə şərəfli bir iş kimi yanaşan məsihi müjdəni daha çox insana çatdırmağa çalışır.

5, 6. Vaxtı məhdud olanlar xidməti hər şeydən üstün tuta bilərlərmi? İzah edin.

5 Gitarada ifa etməyi sevən bir gənci təsəvvür edin. O, hər imkan yarananda gitara çalmağı sevir. Nəhayət, bu gənc bir kafedə həftəsonları gitarada ifa etmək təklifi alır. Amma onun bu işdən qazandığı pul xərclərini ödəmir. Buna görə də bazar ertəsindən cümə gününə qədər dükanda kassir işləyir. Baxmayaraq ki, vaxtının çoxu dükanda keçir, onun ürəyi musiqidədir. Bu gənc gitarada daha yaxşı çalmağı öyrənmək və musiqiçi olmaq arzusundadır. O, yaranan hər fürsətdə, hətta bir az vaxtı olanda da, gitara çalır.

6 Eynilə, ola bilsin, siz də təbliğ işinə istədiyiniz qədər vaxt ayıra bilmirsiniz. Bununla belə, təbliğ etməyi çox sevirsiniz. Çalışırsınız ki, xoş xəbərin insanların ürəyinə təsir etməsi üçün daha yaxşı təbliğ etməyi öyrənəsiniz. Üzərinizdə çoxlu məsuliyyət olsa da, təbliğ işini həyatınızda hər şeydən üstün tutmağın yollarını axtarırsınız.

XİDMƏTİ HƏR ŞEYDƏN ÜSTÜN TUTMAĞIN YOLLARI

7, 8. Xidmətə İsa Məsih kimi yanaşmağı necə öyrənə bilərik?

7 İsa Məsihin xidmətə münasibəti bizim üçün gözəl nümunədir. Allahın Padşahlığı haqda danışmaq onun üçün həyatda hər şeydən önəmli idi (Yəh. 4:34, 35). O, daha çox insana təbliğ etmək üçün yüzlərlə kilometr yol qət edirdi. Hər fürsəti dəyərləndirib insanlara istər evlərində, istərsə də ictimai yerlərdə təbliğ edirdi. İsa Məsihin bütün həyatı təbliğ xidmətinə yönəlmişdi.

8 Biz də İsa Məsihdən örnək alaraq istənilən yerdə və istənilən vaxt xoş xəbəri bölüşmək üçün şərait yarada bilərik. Müjdəçilik işində iştirak etmək üçün şəxsi rahatlığımızdan keçməyə hazırıq (Mark 6:31—34; 1 But. 2:21). Yığıncağın bəzi üzvləri öncül, köməkçi öncül və ya xüsusi öncül kimi xidmət edir. Digərləri başqa dil öyrənir və ya təbliğçilərə tələbat olan əraziyə köçüb. Bununla belə, bu işin əksər hissəsini əllərindən gələn qədər təbliğ edən sıravi təbliğçilər həyata keçirir. Hər bir halda, Yehova gücümüzdən artığını tələb etmir. O, «xoşbəxt Allahın... şanlı müjdəsi»ni bəyan edən bizlərin bu müqəddəs xidmətdən sevinc duymasını istəyir (1 Tim. 1:11; Qan. 30:11).

9. a) Özünü dolandırmaq üçün işləməli olmasına baxmayaraq, həvari Bulusun təbliğ işini birinci yerə qoyduğu nədən görünür? b) Həvarilərin işləri 28:16, 30, 31 ayələrinə əsasən, həvari Bulus xidmətə necə yanaşırdı?

9 Xidməti həyatında hər şeydən üstün tutmaqda Həvari Bulus bizə örnəkdir. Bulus ikinci təbliğ səyahəti zamanı Korinfdə olanda maddi durumu zəiflədiyinə görə vaxtının bir qismini çadır tikməyə sərf edirdi. Lakin çadır tikmək onun üçün həyatda ən vacib iş deyildi. O, bu işlə korinflilərə xoş xəbəri «təmənnasız» müjdələyə bilmək üçün məşğul olurdu (2 Kor. 11:7). Bulus vaxtının müəyyən hissəsini işə sərf etməli olsa da, diqqətini əsasən xidmətə cəmləyir və hər şənbə təbliğ edirdi. Vəziyyəti bir az yaxşılaşandan sonra isə o, təbliğ işinə daha çox vaxt ayıra bildi. «Bulus bütün vaxtını Allahın sözünü yaymağa həsr etdi. O, yəhudilərə İsa haqqında şəhadət verir, onun Məsih olduğunu sübut edirdi» (Həv. 18:3—5; 2 Kor. 11:9). Sonralar Romada iki il ev dustağı olan zaman isə Bulus onu ziyarət edənlərə şahidlik verir və məktublar yazırdı. (Həvarilərin işləri 28:16, 30, 31 ayələrini oxuyun.) Bulus nəyinsə onu xidmətdən yayındırmasına imkan vermirdi. O demişdi: «Belə bir xidmətimiz var. Buna görə də biz ruhdan düşmürük» (2 Kor. 4:1). Eynilə biz də vaxtımızın müəyyən hissəsini işə sərf etsək də, həvari Bulus kimi Padşahlıq işini həyatda hər şeydən üstün tuta bilərik.

Xidmətimizi tam yerinə yetirmək üçün çoxlu yollar var (10 və 11-ci abzaslara baxın)

10, 11. Səhhətinizlə bağlı problemlərə rəğmən, xidmətinizi tam yerinə yetirmək üçün nə edə bilərsiniz?

10 Qocalıq və ya xəstəlik ucbatından ev-ev təbliğdə çox iştirak edə bilmirsinizsə, xidmətin digər növlərində iştirak edə bilərsiniz. Birinci əsrdə yaşamış məsihilər getdikləri hər yerdə təbliğ edirdilər. Onlar yaranan hər fürsətdə, məsələn, qeyri-formal şəkildə, həmçinin ictimai yerlərdə və ev-ev təbliğdə qarşılarına çıxan insanlara həqiqət barədə şahidlik verirdilər (Həv. 17:17; 20:20). Əgər çox gəzə bilmirsinizsə, gediş-gəlişin sıx olduğu yerlərdə əyləşib yoldan keçənlərə təbliğ edə bilərsiniz. Həmçinin qeyri-formal şahidlik vermək, məktub yazmaq, telefon vasitəsilə təbliğ etmək olar. Ciddi məhdudiyyətlər ucbatından ev-ev təbliğdə çox iştirak edə bilməyən bacı-qardaşlar təbliğin bu kimi növlərində iştirak etməklə böyük sevinc və məmnunluq duyurlar.

11 Səhhətinizdəki məhdudiyyətlərə baxmayaraq, xidmətinizi tam yerinə yetirə bilərsiniz. Həvari Bulusun nümunəsinə yenidən qayıdaq. O demişdi: «Mənə qüvvət verənin sayəsində hər şeyə gücüm çatır» (Filip. 4:13). Birinci təbliğ səyahəti zamanı xəstələnəndə onun bu cür qüvvətə ehtiyacı var idi. Bulus qalatiyalılara demişdi: «İlk dəfə müjdəni sizə çatdırmaq imkanını xəstə olanda tapmışdım» (Qal. 4:13). Eynilə, səhhətinizdəki çətinliklər xoş xəbəri həkimlərə, tibb bacılarına və digər tibb işçilərinə çatdırmağa imkan yarada bilər. Onların bir çoxu təbliğçilər ev-ev təbliğ edən zaman işdə olur.

SADƏ HƏYAT SÜRMƏYİN YOLLARI

12. İsa Məsih gözümüzü tox saxlamağı məsləhət görərkən nəyi nəzərdə tuturdu?

12 İsa Məsih demişdi: «Bədənin çırağı gözdür. Əgər gözün toxdursa [yaxud «gözün bir şeyə cəmlənibsə», haş.], bütün bədənin nur içində olacaq» (Mət. 6:22). Bu sözlərin mənası nədir? İsa Məsih onu nəzərdə tuturdu ki, biz sadə həyat sürməliyik, başqa sözlə, gözümüzü bir məqsədə cəmləməli və ondan yayındırmamalıyıq. Məsih bu sahədə gözəl nümunə qoymuşdu: o, bütün həyatını xidmətə həsr etmişdi və şagirdlərini də diqqətlərini Yehovaya və Onun Padşahlığına cəmləməyə səsləyirdi. Eynilə, biz də diqqətimizi təbliğ xidmətinə cəmləməklə və «Padşahlığı və Allahın tələb etdiyi salehliyi hər şeydən üstün» tutmaqla İsa Məsihin nümunəsini izləyirik (Mət. 6:33).

13. Diqqətimizi xidmətə cəmləmək üçün nə edə bilərik?

13 Diqqətimizi xidmətə cəmləməyin bir yolu həyatımızı sadələşdirməkdir. Beləcə, insanlara Yehovanı tanımağa, Ona yaxınlaşmağa kömək emək üçün daha çox vaxtımız olacaq *. Məsələn, həftə ərzində təbliğdə daha çox iştirak etmək üçün iş saatımızda dəyişiklik etmək mümkündür? Yaxud çox vaxt alan istirahət və əyləncə növlərində daha az iştirak edə bilərik?

14. Xidmətə daha çox vaxt ayırmaq üçün bir ər-arvad hansı dəyişikliyi edib?

14 Elias adlı ağsaqqalla həyat yoldaşı belə bir dəyişiklik edib. O deyir: «Birdən-birə öncül ola bilməsək də, haradansa başlamalıydıq. Odur ki, təbliğə daha çox vaxt ayırmaq üçün kiçik dəyişikliklər etməyə başladıq. Misal üçün, xərclərimizi azaltdıq, çox vaxt ayırdığımız istirahət və əyləncələrə daha az vaxt ayırmağa başladıq, eləcə də daha sərbəst qrafiklə işləyə bilmək üçün müdirlərimizlə danışdıq. Bunun sayəsində axşamlar təbliğ etmək, daha çox Müqəddəs Kitab dərsi keçmək, hətta ayda iki dəfə həftəarası təbliğə getmək imkanımız yarandı. Bundan böyük sevinc olar?!»

TƏBLİĞ VƏ TƏLİM BACARIĞIMIZI YAXŞILAŞDIRMAĞIN YOLLARI

Həftəarası görüşdə öyrəndiklərimizi tətbiq etməklə get-gedə xidmətdə püxtələşəcəyik (15 və 16-cı abzaslara baxın) *

15, 16. 1 Timutiyə 4:13, 15 ayələrinə əsasən, bir təbliğçi kimi necə püxtələşə bilərik? (Həmçinin « Xidmətimi tam yerinə yetirməyə kömək edən məqsədlər» adlı çərçivəyə baxın.)

15 Xidmətimizi tam yerinə yetirməyin digər yolu təbliğ bacarığımızı yaxşılaşdırmaqdır. Elə peşə işçiləri var ki, onlar bilik və bacarıqlarını artırmaq üçün daima təlim almalıdırlar. Allahın Padşahlığının təbliğçiləri haqda da eyni şeyi demək olar. Biz də daima xidmətdə daha səriştəli olmağın yollarını öyrənməliyik (Məs. 1:5; 1 Timutiyə 4:13, 15 ayələrini oxuyun).

16 Bəs xidmətdə püxtələşmək üçün daha nələr edə bilərik? «Məsihi həyatı və ibadəti» görüşü zamanı aldığımız təlimə ciddi yanaşmalıyıq. Bu görüşdən aldığımız dəyərli təlim təbliğ xidmətində daima püxtələşməyə kömək edir. Misal üçün, görüşün sədri tapşırıqla çıxış edən şagirdlərə məsləhət verəndə biz də xidmətimizi yaxşılaşdırmaq üçün bu məsləhətlərdən yararlana bilərik. Növbəti dəfə təbliğ edərkən bu məsləhətləri tətbiq edə bilərik. Təbliğ qrupumuzun nəzarətçisindən kömək istəmək, həmçinin onunla və ya başqa bir təcrübəli təbliğçi ilə, öncüllə, rayon nəzarətçisi ilə əməkdaşlıq etmək olar. Təlim vəsaitlərimizin hər birindən daha məharətlə istifadə etməyi öyrəndikcə təbliğ və təlim işindən daha çox sevinc əldə edəcəyik.

17. Xidməti tam yerinə yetirmək hansı bəhrələri gətirir?

17 Yehova bizə Onun əməkdaşı olmaq imkanı verib. Bu, necə də böyük şərəfdir! (1 Kor. 3:9). «Daha vacib şeyləri» ayırd etməklə və diqqəti xidmətə cəmləməklə «Yehovaya sevinclə» ibadət edə bilərsiniz (Filip. 1:10; Zəb. 100:2). Allahın xidmətçisi olaraq əmin ola bilərsiniz ki, O, üzləşdiyiniz çətinliklərə və məhdudiyyətlərinizə baxmayaraq, xidmətinizi tam yerinə yetirməyiniz üçün sizə lazımi gücü verəcək (2 Kor. 4:1, 7; 6:4). Şəraitinizin az və ya çox xidmət etməyə imkan verməsindən asılı olmayaraq siz canla-başla xidmət etdiyiniz üçün sevinə bilərsiniz (Qal. 6:4). Xidmətinizi tam yerinə yetirəndə Yehovaya və insanlara sevginizi göstərirsiniz. Bu yolla siz həm özünüzü, həm də sizə qulaq asanları xilas etmiş olacaqsınız (1 Tim. 4:16).

NƏĞMƏ 58 Sülhsevər insanları axtarırıq

^ abz. 5 Bizlərə Padşahlıq haqda müjdəni təbliğ etmək və şagird hazırlamaq işi buyrulub. Üzləşdiyimiz çətinliklərə rəğmən, bizə tapşırılan bu işi tam icra etmək üçün nə edə bilərik? Məqalədə bu sualın cavabı, həmçinin xidmətimizi daha effektiv etməyin və daha çox sevinc əldə etməyin yolları araşdırılır.

^ abz. 4 BƏZİ İFADƏLƏRİN İZAHI. Məsihi xidmətinə təbliğ və təlim işinin müxtəlif yönləri, teokratik binaların təmir və tikintisi, təbii fəlakətdən zərərçəkənlərə yardım işi daxildir (2 Kor. 5:18, 19; 8:4).

^ abz. 13 «Gözətçi qülləsi» jurnalının 2016-cı il iyul sayının 10-cu səhifəsində yerləşən «Həyatı necə sadələşdirmək olar?» adlı çərçivədəki yeddi addıma nəzər salın.

^ abz. 62 ŞƏKLİN İZAHI: Bacı həftəarası keçirilən görüşdə təkrar söhbəti səhnələşdirir. Daha sonra görüşün sədri məsləhət verəndə bacı «Təlim» broşüründə qeydlər edir. Həftəsonu isə öyrəndiyini təbliğdə tətbiq edir.