Bilirsiniz?
Müqəddəs Kitabda nəyə görə təkrarçılıq var?
MÜQƏDDƏS KİTABIN yazarları bəzi ifadələri sözbəsöz təkrarlayıblar. Onların bunu etməsinin üç səbəbi ola bilər:
Yazıldığı dövr. Qədim İsraildə Qanunun surəti hər adamda olmurdu. Bəs israillilər qanunları necə öyrənirdilər? Qanun xalq Müqəddəs çadırda və məbəddə bir yerə toplaşanda oxunurdu (Qan. 31:10—12). Amma onlar izdihamın arasında saatlarla ayaq üstə dayanıb qulaq asdıqları üçün, yəqin, diqqətlərini yayındıran şeylər olurdu (Nəh. 8:2, 3, 7). Bu zaman əsas fikirlərin təkrarlanması sayəsində xalqa ayələri yadda saxlamaq və onları tətbiq etmək daha asan olurdu. Əsasən də Allahın verdiyi qanunların təfərrüatlarını yadda saxlamaq üçün müəyyən sözlər təkrarlanırdı (Lav. 18:4—22; Qan. 5:1).
Yazılış tərzi. Müqəddəs Kitabın təxminən 10 faizi nəğmələrdən ibarətdir, məsələn, «Zəbur», «Nəğmələr nəğməsi» və «Mərsiyələr» bölməsi. Nəğmələrdə bəzi ifadələr təkrarlanırdı. Bu da nəğmənin mövzusunu vurğulayır və dinləyicilərə sözləri əzbərləməyə kömək edirdi. Misal üçün, Zəbur 115:9—11 ayələrində yazılan sözlərə baxaq: «Ey İsrail, Yehovaya güvən, Odur sənin köməyin, Odur qalxanın. Ey Harun evi, Yehovaya bel bağla, Odur köməyiniz, Odur qalxanınız. Ey Yehovadan qorxanlar, Yehovaya güvənin, Odur köməyiniz, Odur qalxanınız». Bu sözlərin təkrarlanması oxuculara nəğmədəki dəyərli fikirləri zehinlərinə və ürəklərinə həkk etməyə kömək edirdi.
Vacib məsələləri vurğulamaq. Müqəddəs Kitab yazarları bəzən vacib fikirləri təkrarlayırdılar. Məsələn, Yehova israillilərə qan yeməməyi buyuranda Musa vasitəsilə bunun səbəbini dönə-dönə təkrarlamışdı. Yehova vurğulamaq istəyirdi ki, can qandadır, yəni qan həyatı təmsil edir (Lav. 17:11, 14). Sonralar Yerusəlimdəki həvarilər və ağsaqqallar Allahın bəyənmədiyi əməlləri sadalayanda qandan uzaq durmağın vacibliyini yenidən vurğulamışdılar (Həv. 15:20, 29).
Düzdür, Müqəddəs Kitabda təkrarçılıq var, amma bu o demək deyil ki, Yehova ifadələri təkrarlamağın ayinə çevrilməsini istəyir. Məsələn, İsa demişdi: «Dua edəndə... eyni sözləri təkrar-təkrar deməyin» (Mət. 6:7). O bu sözləri deyəndən sonra Allahın iradəsinə uyğun olan mövzuları sadalamışdı (Mət. 6:9—13). Ona görə də biz eyni sözləri təkrar-təkrar deyərək dua etmirik, bununla belə, eyni mövzu barədə ürəyimiz istəyən qədər dua edə bilərik (Mət. 7:7—11).
Bəli, gördük ki, Allahın Kəlamında müəyyən ifadələrin və sözlərin təkrarlanması əbəs yerə deyil. Bu bizim xeyrimizə bizi öyrədən Böyük Nəsihətçimizin təlim üsullarından biridir (Əşy. 48:17, 18).