Kontentə keç

Mündəricatı göstər

Yehovanı səbirlə gözləyərkən sevincinizi qoruyun

Yehovanı səbirlə gözləyərkən sevincinizi qoruyun

YEHOVANIN bütün pislikləri aradan qaldıracağı və hər şeyi yeni edəcəyi vaxtı səbirsizliklə gözləyirsiniz? (Vəhy 21:1—5). Sözsüz! Amma etiraf etmək lazımdır ki, xüsusilə də çətinliklərlə üzləşəndə çox vaxt Yehovanı səbirlə gözləmək asan olmur. Uzun intizar ürəyimizi xəstə sala bilər (Məs. 13:12).

Amma yenə də Yehova istəyir ki, Onun təyin etdiyi vaxtda hərəkətə keçməsini səbirlə gözləyək. Bəs O nəyə görə bizdən bunu istəyir? Gözləyərkən sevincimizi itirməməyə bizə nə kömək edə bilər?

YEHOVA NƏYƏ GÖRƏ GÖZLƏMƏYİMİZİ İSTƏYİR?

Müqəddəs Kitabda deyilir: «Yehova səbirlə gözləyir ki, sizə lütf göstərsin, O qalxacaq ki, sizə mərhəmət göstərsin. Çünki Yehova haqq Allahdır. Nə xoşbəxtdir ümidini Ona bağlayanlar!» (Əşy. 30:18). Əşiyanın bu sözləri tərs yəhudilərə ünvanlanmışdı (Əşy. 30:1). Amma yəhudilərin arasında bəzi sadiq insanlar da var idi və bu sözlər onlara ümid verirdi. Həmin sözlər bu gün Yehovanın sadiq xidmətçilərinə də ümid bəxş edir.

Yehova səbirlə gözlədiyi üçün biz də səbirlə gözləməliyik. O bu şər dünyaya son qoyacağı vaxtı təyin edib və həmin gün, həmin saat yetişənə qədər gözləyir (Mət. 24:36). O vaxt tamamilə aydın olacaq ki, Şeytanın Yehovaya və Ona ibadət edənlərə qarşı olan ittihamları yalandır. Yehova Şeytanı və onun bütün tərəfdarlarını məhv edəcək, bizə isə «mərhəmət [göstərəcək]».

O vaxta kimi Yehova, ola bilsin, bütün sınaqlarımızı aradan qaldırmasın. Amma O bizi əmin edir ki, gözlədiyimiz müddətdə xoşbəxt ola bilərik. Əşiyanın da dediyi kimi yaxşı bir şeyin baş verəcəyini gözlədiyimiz müddət ərzində sevincimizi qorumaq mümkündür (Əşy. 30:18, haşiyə) a. Bəs biz bu xoşbəxtliyə necə nail ola bilərik? Dörd addımı atmaqla.

GÖZLƏYƏRKƏN SEVİNCİMİZİ QORUMAĞIN YOLLARI

Həyatınızdakı müsbət hadisələrə köklənin. Davud padşah həyatı boyu çox pislik görmüşdü (Zəb. 37:35). Bununla belə, o yazmışdı: «Yehovanın hüzurunda sükut et, Onu səbirlə gözlə. Fitnə-fəsadla uğur qazanan adamdan ötrü qanını qaraltma» (Zəb. 37:7). Davud özü də bu məsləhətə əməl edib diqqətini Yehovanın xilas vədinə cəmləmişdi. Həmçinin o, Yehovadan aldığı nemətlərə görə minnətdar idi (Zəb. 40:5). Əgər biz də ətrafımızda baş verən neqativ şeylərə ilişib-qalmadan diqqətimizi vəziyyətin müsbət tərəflərinə cəmləsək, Yehovanı gözləmək daha asan olacaq.

Hər fürsətdə Yehovanı mədh edin. Davudun yazdığı ehtimal olunan 71-ci məzmurda o, Yehovaya demişdi: «Mən isə hey Səni gözlərəm, Səni mədh etdikcə, mədh edərəm» (Zəb. 71:14). Davud Yehovanı necə mədh edirdi? Başqalarına Onun haqda danışmaqla, Onun şəninə nəğmələr oxumaqla (Zəb. 71:16, 23). Davud kimi biz də Yehovanı gözləyərkən sevinc tapa bilərik. Biz təbliğdə, gündəlik söhbətlərimizdə və oxuduğumuz nəğmələrdə Yehovanı mədh edirik. Növbəti dəfə həmd nəğmələrimizdən birini oxuyanda nəğmənin sözlərinə diqqət yetirin, görün onlar sizə necə sevinc verir.

Dindaşlarınızla vaxt keçirib ruhlanın. Davud çətinliklərlə üzləşəndə Yehovaya demişdi: «Sadiq bəndələrinin önündə adına ümid bağlayacağam» (Zəb. 52:9). Biz də sadiq dindaşlarımızla həm ibadət evində, həm xidmətdə, həm də asudə vaxtlarda birgə zaman keçirməklə ruhlana bilərik (Rom. 1:11, 12).

Ümidinizi möhkəmləndirin. Zəbur 62:5 ayəsində deyilir: «Ey qəlbim, sükut et, Allahı gözlə, çünki ümidim Ona bağlıdır». Ümidimizin güclü olması vacibdir, xüsusilə də son düşündüyümüzdən gec gəlirsə. Əmin olmalıyıq ki, nə qədər gözləməli olsaq da, Yehovanın vədləri mütləq gerçəkləşəcək. Biz Allahın Kəlamını, oradakı peyğəmbərlikləri, fikirlərin bir-biri ilə necə uzlaşdığını və Yehovanın Özü ilə bağlı nələri açıqladığını araşdırmaqla ümidimizi möhkəmləndirə bilərik (Zəb. 1:2, 3). Həmçinin «müqəddəs ruhla dua [etməyə]» davam etməliyik. Bu bizə əbədi həyat vədinin gerçəkləşəcəyi günə kimi gözləyərkən Yehova ilə gözəl münasibətimizi qoruyub saxlamağa kömək edəcək (Yhd. 20, 21).

Davud padşah kimi biz də əmin ola bilərik ki, Yehovanın gözü Onu gözləyənlərin üzərindədir və O onlara məhəbbət göstərir (Zəb. 33:18, 22). Odur ki, həyatınızdakı müsbət hadisələrə köklənməklə, Yehovanı mədh etməklə, dindaşlarınızla vaxt keçirib ruhlanmaqla və dəyərli ümidinizi möhkəmləndirməklə Yehovanı səbirlə gözləməyə davam edin.

a Orijinal dildən tərcümə olunmuş «ümid bağlamaq» ifadəsi həmçinin «bir şeyin baş verməsini gözləmək, onun intizarında olmaq» mənasını da daşıyır. Bu isə onu göstərir ki, Yehovanın əzablarımıza son qoymasını arzulamaqda pis bir şey yoxdur.