Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 8

NƏĞMƏ 123 Allahın qoyduğu nizama tabe olaq

Yehovanın göstərdiyi yolla gedin

Yehovanın göstərdiyi yolla gedin

«Mən sənin Allahın Yehovayam... Səni getməli olduğun yolla aparıram» (ƏŞY. 48:17).

ƏSAS FİKİR

Bu məqalədən öyrənəcəyik ki, Yehova bu gün xalqına necə yol göstərir və Onun göstərdiyi yolla gedəndə hansı xeyri tapırıq.

1. Nəyə görə Yehovanın bizə bələdçilik etməsinə ehtiyacımız var? Nümunə çəkin.

 TƏSƏVVÜR edin ki, meşədə azmısınız. Bura çox təhlükəlidir. Ətrafda vəhşi heyvanlar, xəstəlik daşıyan həşəratlar, zəhərli bitkilər, daşlı-qayalı yerlər var. Amma əgər yanınızda buraları yaxşı tanıyan bələdçi olsa, ürəyiniz rahat olar. Çünki o, təhlükələrin harada olduğunu yaxşı bilir və sizə onlardan yan keçməyə kömək edə bilər. Yaşadığımız bu dünyanı da həmin meşəyə bənzətmək olar. Burada ruhani sağlamlığımıza zərər yetirəcək çoxlu təhlükələr var. Amma nə yaxşı ki, kamil bələdçimiz Yehova bizimlədir. O bizi bu təhlükələrdən yan keçirərək mənzilbaşına — əbədi həyata doğru aparır.

2. Yehova bizə necə yol göstərir?

2 Yehova bizə düzgün yolu hansı üsullarla göstərir? Ən başlıcası, Kəlamı olan Müqəddəs Kitab vasitəsilə. Bundan əlavə, O, yer üzündəki xidmətçiləri vasitəsilə də bizə bələdçilik edir. Məsələn, «sadiq və ağıllı nökər» bizə ruhani qida verir, bunun da sayəsində biz düzgün qərarlar verə bilirik (Mət. 24:45). Həmçinin Yehova digər bacarıqlı qardaşlar vasitəsilə bizə bələdçilik edir. Məsələn, rayon nəzarətçilərinin və yığıncaqdakı ağsaqqalların dəstəyi, verdikləri göstərişlər bizə çətinliklərə tab gətirməyə kömək edir. Şükürlər olsun ki, sona az qalan bu çətin dövrdə Yehova bizə gözəl bələdçilik edir. Bunun sayəsində Onunla dostluğumuzu qoruyuruq və həyata aparan yoldan sapmırıq.

3. Bu məqalədə nə haqda danışacağıq?

3 Amma bəzən Yehovanın qeyri-kamil insanlar vasitəsilə verdiyi göstərişlərə tabe olmaq çətin olur. Bəlkə də verilən göstəriş ürəyimizcə deyil, yaxud da bizə məntiqli gəlmir. Fikirləşirik ki, Yehova belə bir göstəriş verməz. Bu cür məqamlarda bir şeyə əmin olmalıyıq: xalqına Yehova rəhbərlik edir və Onun göstərdiyi yolla getmək bizim xeyrimizədir. Bəs buna əminliyimizi necə artıra bilərik? Bunun üçün gəlin üç məqamı araşdıraq: 1) Yehova keçmişdə xalqına necə yol göstərirdi? 2) O bu gün bizə necə yol göstərir? 3) Onun göstərdiyi yolla getmək bizə necə fayda gətirir?

Yehova ta qədimdən indiyədək insanlar vasitəsilə xalqına bələdçilik edir (3-cü abzasa baxın)


YEHOVA İSRAİL XALQINA NECƏ YOL GÖSTƏRİRDİ?

4, 5. Yehova İsrail xalqına Musa vasitəsilə rəhbərlik etdiyini necə göstərmişdi? (Şəklə baxın.)

4 Yehova İsrail xalqını Misirdən çıxarmaq üçün Musa peyğəmbəri təyin etmişdi. O, xalqın buna əmin olması üçün sübut da vermişdi. Məsələn, Allah onlara gündüzlər bulud sütunu, gecələr isə alov sütunu ilə yol göstərirdi (Çıx. 13:21). Sütun hara gedirdisə, Musa da onun arxasınca gedirdi. Beləcə o və xalq gəlib Qırmızı dənizə çatdı. Amma Misir ordusu onları tutmaq üçün arxalarınca düşmüşdü. Buna görə də xalq tələdə olduğunu düşünüb bərk qorxdu. Çünki bir tərəflərində dəniz var idi, o biri tərəflərində isə Misir ordusu. İsraillilərin fikrincə, Musa onları bura gətirməklə səhv etmişdi. Amma bu, heç də belə deyildi. Yehova Musa peyğəmbər vasitəsilə xalqı bilərəkdən ora gətirmişdi (Çıx. 14:2). Allah onları möcüzəvi şəkildə xilas etdi (Çıx. 14:26—28).

Musa peyğəmbər səhrada Allahın xalqına bələdçilik etmək üçün bulud sütununun göstərdiyi yolla gedirdi (4 və 5-ci abzaslara baxın)


5 Musa peyğəmbər səhrada Allahın xalqına bələdçilik etmək üçün növbəti 40 il ərzində də bulud sütununun göstərdiyi yolla getdi a. Sütun bir müddət Musanın çadırının üzərində dayandı. Bütün israillilər onu görə bilirdi (Çıx. 33:7, 9, 10). Yehova sütundan Musa ilə danışırdı, o da Allahın buyruqlarını xalqa çatdırırdı (Zəb. 99:7). İsraillilər açıq-aşkar görə bilərdilər ki, Yehova onlara Musa vasitəsilə bələdçilik edir.

Musa peyğəmbər və xələfi Yuşə (5 və 7-ci abzaslara baxın)


6. İsraillilər Yehovanın rəhbərliyinə necə yanaşmışdılar? (Saylar 14:2, 10, 11).

6 Amma əfsuslar olsun ki, xeyli israilli bu aydın faktı dandı. (Saylar 14:2, 10, 11 ayələrini oxuyun.) Onlar Yehovanın Musaya verdiyi səlahiyyəti dəfələrlə rədd etdilər. Nəticədə, Yehova həmin nəslin Vəd edilmiş diyara daxil olmasına izin vermədi (Say. 14:30).

7. Kimlər Yehovanın göstərdiyi yolla gedirdi? (Saylar 14:24). (Həmçinin şəklə baxın.)

7 Amma israillilərin arasından Yehovanın buyruqlarına uyğun davrananlar da var idi. Məsələn, Yehova demişdi: «[Kalib] can-dildən Mənə itaət edir». (Saylar 14:24 ayəsini oxuyun.) Yehova Kalibə mükafat verdi, hətta ona Vəd edilmiş diyarda istədiyi ərazidə məskunlaşmağa izin verdi (Yuş. 14:12—14). Səhrada ölən israillilərdən törəyənlər də Yehovanın göstərdiyi yolla gedirdi. Yuşə Musanın yerinə israillilərin başçısı təyin olunanda onlar Yuşəyə «bütün ömrü boyu ehtiram bəslədilər» (Yuş. 4:14). Nəticədə, Yehova israilliləri mükafatlandırdı, onlar Vəd edilmiş diyara daxil oldular (Yuş. 21:43, 44).

8. Yehova padşahların dövründə xalqına necə istiqamət verirdi? (Həmçinin şəklə baxın.)

8 İllər sonra Yehova xalqına rəhbərlik etmək üçün hakimlər təyin etdi. Bundan sonra isə padşahların dövründə xalqa düz yolu göstərmək üçün peyğəmbərlər göndərdi. Yehovaya sadiq olan padşahlar peyğəmbərlərin məsləhətinə qulaq asırdı. Məsələn, Natan peyğəmbər Davud padşaha səhvini göstərəndə Davud bunu təvazökarlıqla qəbul etmişdi (2 İşm. 12:7, 13; 1 Saln. 17:3, 4). Yəhuşafat padşah Yahəzil peyğəmbərin dediyi kimi davranmışdı və xalqı təşviq edib demişdi: «[Allahın] peyğəmbərlərinə inanın» (2 Saln. 20:14, 15, 20). Hizqiyyə padşah çətinlikdə olanda kömək üçün Əşiya peyğəmbərə üz tutmuşdu (Əşy. 37:1—6). Padşahlar hər dəfə Yehovanın göstərdiyi yolla gedəndə xeyir tapırdılar, xalq da təhlükəsizlikdə olurdu (2 Saln. 20:29, 30; 32:22). Yehovanın Öz xalqına peyğəmbərlər vasitəsilə bələdçilik etdiyini heç kəs dana bilməzdi. Buna baxmayaraq padşahların əksəriyyəti, eləcə də xalq Yehovanın peyğəmbərlərini qəbul etmədilər (Ərm. 35:12—15).

Hizqiyyə padşah və Əşiya peyğəmbər (8-ci abzasa baxın)


YEHOVA BİRİNCİ ƏSRDƏKİ MƏSİHİLƏRƏ NECƏ YOL GÖSTƏRİRDİ?

9. Yehova birinci əsrdəki məsihilərə kimlərin vasitəsilə rəhbərlik edirdi? (Həmçinin şəklə baxın.)

9 Eramızın birinci əsrində Yehova məsihi yığıncağı təsis etdi. Bəs O həmin məsihilərə necə rəhbərlik edirdi? Bunun üçün Yehova İsa Məsihi yığıncağın başı təyin etdi (Efes. 5:23). Amma İsa hər şagirdi ilə bir-bir danışıb nə etməli olduğunu demirdi. O, Yerusəlimdəki həvarilər və ağsaqqallar vasitəsilə göstərişlər verirdi (Həv. 15:1, 2). Həmçinin hər yığıncağa ağsaqqallar təyin olunmuşdu (1 Salon. 5:12; Tit. 1:5).

Yerusəlimdəki həvarilər və ağsaqqallar (9-cu abzasa baxın)


10. a) Birinci əsrdəki əksər məsihilər aldıqları göstərişə necə münasibət göstərmişdi? (Həvarilərin işləri 15:30, 31). b) Nəyə görə bəziləri Yehovanın təyin etdiyi kəslərin göstərişlərini rədd etmişdi? (« Nəyə görə bəziləri aydın faktları dandılar?» adlı çərçivəyə baxın.)

10 Bəs həmin məsihilər aldıqları göstərişlərə necə yanaşırdılar? Əksəriyyət onlara can-dildən əməl edirdi. Hətta bacı-qardaşlar məktubdakı ruhlandırıcı sözləri eşidəndə sevinmişdilər. (Həvarilərin işləri 15:30, 31 ayələrini oxuyun.) Gəlin görək Yehova xalqına bu gün necə yol göstərir.

YEHOVA BU GÜN BİZƏ NECƏ YOL GÖSTƏRİR?

11. Yehovanın bizim dövrümüzdə rəhbərlik edən kəslərə istiqamət verdiyini göstərən nümunə çəkin.

11 Yehova bu gün də xalqına rəhbərlik edir. O bunu Kəlamı və yığıncağın başı olan Məsih vasitəsilə edir. Bəs Yehovanın bu gün xalqına insanlar vasitəsilə də rəhbərlik etdiyini göstərən sübutlar var? Əlbəttə. Məsələn, gəlin 1870-ci illərdə baş verən hadisələri yadımıza salaq. Çarlz Teyz Rassel və onun məsləkdaşları başa düşdülər ki, 1914-cü il mühüm il olacaq, çünki Allahın Padşahlığının qurulması ilə bağlı peyğəmbərlik yerinə yetəcək (Dən. 4:25, 26). Onlar Müqəddəs Kitab peyğəmbərliklərini araşdıraraq bu qənaətə gəlmişdilər. Onların tədqiqatlarına Yehova istiqamət verirdi? Sözsüz! 1914-cü ildə dünyada baş verən hadisələr sübut etdi ki, Allahın Padşahlığı hakimiyyətə başlayıb. Həmin il Birinci Dünya müharibəsi, ardınca da xəstəliklər, zəlzələlər və qıtlıqlar oldu (Luka 21:10, 11). Doğrudan da Yehova bu səmimi-qəlbli insanlar vasitəsilə xalqına rəhbərlik edirdi.

12, 13. İkinci Dünya müharibəsi zamanı görülən hansı tədbirlər təbliğ və təlim işini sürətləndirdi?

12 İndi isə gəlin görək İkinci Dünya müharibəsi zamanı nə baş vermişdi. Baş idarədə olan məsul qardaşlar Vəhy 17:8 ayəsini araşdırandan sonra başa düşdülər ki, bu müharibə Armageddonla nəticələnməyəcək. Əksinə, bir müddət nisbi sülh olacaq və Yehovanın Şahidlərinin daha çox insana təbliğ etmək imkanı yaranacaq. Buna görə də həmin dövr üçün nə qədər məntiqsiz görünsə də, Gözətçi Qülləsinin Müqəddəs Kitab Məktəbi Gilad təsis olundu. Bu məktəbdə xüsusi təyinatlı müjdəçilər bütün dünyada təbliğ edib şagird hazırlamaq üçün təlim alırdılar. Onları hətta müharibə dövründə də müxtəlif ərazilərə göndərirdilər. Bununla yanaşı, sadiq nökər Teokratik xidmət kursları b da təşkil etdi. Beləcə, yığıncaqda olan hər bir kəs aldığı təlim sayəsində təbliğçi və müəllim kimi püxtələşirdi. Bütün bunlar Allahın xalqını qarşıda olan işə hazırlayırdı.

13 Geriyə baxanda aydın görürük ki, həmin çətin dövrdə Yehova xidmətçilərinə yol göstərirdi. İkinci Dünya müharibəsindən bəri Yehovanın xalqı bir çox ölkədə Onun sözünü sərbəst şəkildə müjdələyir. Beləcə, təbliğ işi getdikcə şaxələnir və daha çox insanın Yehovanı tanımaq imkanı olur.

14. Yehovanın təşkilatından və təyin olunmuş ağsaqqallardan gələn göstərişlərə nəyə görə etibar edə bilərik? (Vəhy 2:1). (Həmçinin şəklə baxın.)

14 Bu gün də Rəhbərlik Şurasının üzvləri Məsihdən rəhbərlik almağa can atır. Onlar istəyirlər ki, qərarları Yehova və İsanın qərarlarını əks etdirsin. Rəhbərlik Şurası göstərişlərini rayon nəzarətçiləri və ağsaqqallar vasitəsilə yığıncaqlara çatdırır c. Məsh olunmuş ağsaqqallar, geniş mənada isə bütün ağsaqqallar Məsihin «sağ əlində»dirlər. (Vəhy 2:1 ayəsini oxuyun.) Düzdür, onlar qeyri-kamildirlər və səhvlər edirlər. Amma belə baxsaq, bəzən Musa peyğəmbər, Yuşə, hətta həvarilər də səhvlər edirdi (Say. 20:12; Yuş. 9:14, 15; Rom. 3:23). Bununla belə, İsa Məsih sadiq və ağıllı nökərə, eləcə də təyin olunmuş ağsaqqallara istiqamət verir və bunu ta «bu dövrün yekununa kimi» edəcək (Mət. 28:20). Odur ki, Məsihin rəhbərlik edən qardaşlar vasitəsilə verdiyi göstərişlərə şəkk-şübhəsiz etibar edə bilərik.

Rəhbərlik Şurası bu gün (14-cü abzasa baxın)


YEHOVANIN GÖSTƏRDİYİ YOLLA GETMƏK XEYRİMİZƏDİR

15, 16. Yehovanın göstərdiyi yolla gedənlərin nümunəsindən nə öyrənirsiniz?

15 Yehovanın göstərdiyi yola getməyin artıq indidən böyük xeyrini görürük. Məsələn, Endi və Robin sadiq və ağıllı nökərin məsləhətinə qulaq asıb sadə həyat sürürdülər (İbr. 13:5). Bunun sayəsində onlar Yehovanın təşkilatının tikinti layihələrində könüllü kimi iştirak edə bilmişdilər. Robin bacı deyir: «Bəzən yaşadığımız yer çox darısqal olurdu, hətta mətbəximiz olmurdu. Bundan əlavə, mən fotoqraflığı çox sevirdim, amma nə qədər avadanlığımı satmalı olmuşdum. Onları göz yaşları içində satmışdım. Amma İbrahim peyğəmbərin arvadı Sara kimi mən də qərar vermişdim ki, irəliyə baxım, arxaya boylanmayım» (İbr. 11:15). Bu ər-arvad verdikləri qərarın hansı xeyrini gördü? Robin bacı sözünə əlavə edir: «Qəlbimizdə böyük xoşbəxtlik var, çünki bilirik ki, hər şeyimizi Yehovaya vermişik. Yehovadan aldığımız təyinatları icra edəndə biz yeni dünyada həyatın necə olacağını təsəvvür edə bilirik». Endi qardaş da bu sözlərə şərikdir. O bölüşür: «Bütün vaxtımızı və gücümüzü Yehovanın işinə sərf etdiyimiz üçün ürəyimizdə böyük məmnunluq var».

16 Yehovanın göstərdiyi yolla getməyin başqa hansı faydası var? Marsiya orta məktəbi qurtarandan sonra aldığı məsləhətə uyğun davranıb öncül kimi xidmət etmək qərarına gəlmişdi (Mət. 6:33; Rom. 12:11). O deyir: «Mən universitetdə 4 il pulsuz təhsil ala bilərdim. Amma Yehovanın yolunda daha çox iş görmək istəyirdim. Buna görə də qərar verdim ki, bir peşəyə yiyələnim və həm özümü dolandıra bilim, həm də öncüllük edim. Bu, verdiyim ən düzgün qərar idi. İndi mən öncüləm, üstəlik, iş cədvəlim yol verdiyi üçün Beyteldə kömək edirəm və başqa şərəfli işlərdə iştirak edirəm».

17. Yehovanın göstərdiyi yolla getməyin daha hansı xeyri var? (Əşiya 48:17, 18).

17 Bəzən təşkilat bizi maddiyyatdan və Allahın qanununu pozmağa sövq edən işlərdən qorumaq üçün müəyyən nəsihətlər verir. Bu sahələrlə bağlı verilən göstərişlərə əməl etmək bizə xeyir gətirir. Məsələn, vicdanımız təmiz olur, özümüzü lazımsız stresdən qoruyuruq (1 Tim. 6:9, 10). Nəticədə, Yehovaya ürəkdən ibadət edə bilirik. Heç nə bizə bunun qədər sevinc və qəlb rahatlığı verə bilməz. (Əşiya 48:17, 18 ayələrini oxuyun.)

18. Nəyə görə siz Yehovanın göstərdiyi yolla getməyə qətiyyətlisiniz?

18 Şübhəsiz ki, Yehova böyük müsibət zamanı və Məsihin minillik hakimiyyəti dövründə də bizə insanlar vasitəsilə göstərişlər verməyə davam edəcək (Zəb. 45:16). Bəs biz lazım gəlsə, öz fikrimizi qırağa qoyub bizə deyildiyi kimi davranacağıq? Əgər indidən aldığımız rəhbərliyə uyğun davranırıqsa, gələcəkdə də Yehovanın göstərdiyi yolla getmək daha asan olacaq. Ona görə də gəlin həmişə Yehovanın verdiyi göstərişlərə əməl edək. Bura bizə rəhbərlik etmək üçün təyin edilən qardaşların verdiyi məsləhətlər də daxildir (Əşy. 32:1, 2; İbr. 13:17). Biz Bələdçimiz Yehovaya tam etibar edə bilərik. O bizi təhlükələrdən yan keçirərək mənzilbaşına — əbədi həyata doğru aparır.

NECƏ CAVAB VERƏRDİNİZ?

  • Yehova İsrail xalqına necə yol göstərirdi?

  • Yehova birinci əsrdəki məsihilərə necə yol göstərirdi?

  • Yehovanın göstərdiyi yolla getmək bizə hansı xeyri gətirir?

NƏĞMƏ 48 Hər gün Allahın yolu ilə yeriyək

a Yehova həmçinin «israillilərin önündə gedən» mələk təyin etmişdi. O, xalqı Vəd edilmiş diyara doğru aparırdı. Görünür, bu, Mikayıl mələk idi. Mikayıl İsa Məsihin göydə mələklərin üzərində başçılıq edərkən daşıdığı addır (Çıx. 14:19; 32:34).

b Bu kurs sonralar «Teokratik Xidmət Məktəbi» adlandı. İndi bu təlim həftəiçi görüşün bir hissəsidir.

c «Gözətçi qülləsi»nin 2021-ci il fevral sayının 18-ci səhifəsində yerləşən «Rəhbərlik Şurasının məsuliyyətinə nələr daxildir?» adlı çərçivəyə baxın.