Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 9

NƏĞMƏ 75 «Mən gedərəm! Məni göndər!»

Özünüzü Yehovaya həsr etməyə hazırsınız?

Özünüzü Yehovaya həsr etməyə hazırsınız?

«Mənə etdiyi yaxşılıqların əvəzində Yehovaya nə verə bilərəm?» (ZƏB. 116:12).

ƏSAS FİKİR

Bu məqalə sayəsində Yehova ilə münasibətləriniz daha da möhkəmlənəcək və beləcə, özünüzü Ona həsr edib, vəftiz olunmaq istəyəcəksiniz.

1, 2. Vəftiz olunmazdan əvvəl nə etmək lazımdır?

 SON beş il ərzində bir milyondan çox insan Yehovanın Şahidi kimi vəftiz olunub. Onların çoxu birinci əsrdə yaşamış Timuti kimi həqiqəti «körpəlikdən» bilir (2 Tim. 3:14, 15). Bəziləri həqiqəti gənc yaşda, bəziləri isə ahıl yaşda öyrənib. Məsələn, bir neçə il bundan əvvəl Müqəddəs Kitabı öyrənən bir qadın 97 yaşında Yehovanın Şahidi kimi vəftiz olunub.

2 Əgər Müqəddəs Kitabı öyrənirsinizsə, yaxud həqiqətdə böyümüsünüzsə vəftiz olunmaq barədə düşünürsünüz? Bu, çox gözəl məqsəddir! Vəftiz olunmazdan əvvəl siz özünüzü Yehovaya həsr etməlisiniz. Bəs həsrolunma nə deməkdir? Nəyə görə özümüzü hazır hiss edəndə həsr olunmağa və vəftiz olunmağa tərəddüd etməməliyik? Məqalədə bu sualların cavabları araşdırılacaq.

HƏSROLUNMA NƏ DEMƏKDİR?

3. Müqəddəs Kitabda Yehovaya həsr olunmuş kimlərin adı çəkilir?

3 Müqəddəs Kitabda həsr etmək deyəndə nəyisə və ya kimisə müqəddəs bir iş üçün ayırmaq nəzərdə tutulur. İsrail xalqı Yehovaya həsr olunmuş xalq idi. Amma xalqın arasından bəziləri Yehovaya xüsusi şəkildə həsr olunmuşdu. Məsələn, Harunun əmmaməsinin qabaq tərəfinə müqəddəs lövhəcik, parlaq qızıl lövhəcik bərkidilmişdi. Bu qızıl lövhəcik göstərirdi ki, o, Yehovaya xidmətdə xüsusi bir iş üçün seçilib — İsrailin baş kahini təyin olunub (Lav. 8:9). Nəzirilər də Yehovaya xüsusi şəkildə həsr olunmuşdu. «Nəziri» sözü ibranicə nazir sözündən götürülüb və «ayrılmış», «həsr olunmuş» mənasını verir. Nəzirilər Musanın qanunu ilə tənzimlənən qaydalar əsasında yaşayırdılar (Say. 6:2—8).

4. a) İnsan özünü Yehovaya həsr edəndə ən ümdə məqsədi nə olur? b) Özünü inkar etmək nə deməkdir? (Həmçinin şəklə baxın.)

4 Özünüzü Yehovaya həsr edəndə siz Məsihin şagirdi olmağı və Allahın iradəsini yerinə yetirməyi həyatda hər şeydən üstün tutmağı öhdənizə götürürsünüz. Bir məsihi kimi həsr olunmaq nə deməkdir? İsa demişdi: «Kim ardımca gəlmək istəyirsə, qoy özünü inkar etsin» (Mət. 16:24). «Qoy özünü inkar etsin» ifadəsini yunancadan «qoy özünə “yox” desin» kimi də tərcümə etmək olar. Yehovanın həsr olunmuş bir xidmətçisi kimi siz Onun iradəsinə zidd gedən hər bir şeyə «yox» deməlisiniz (2 Kor. 5:14, 15). Bura «günahlı bədənin əməlləri», yəni cinsi əxlaqsızlıq da daxildir (Qal. 5:19—21; 1 Kor. 6:18). Bəs bu cür məhdudiyyətlər sizin həyatınızı çətinə salacaq? Əgər Yehovanı sevirsinizsə və Onun qanunlarının sizin xeyrinizə olduğuna əminsinizsə, onda həyatınız heç də çətin olmayacaq (Zəb. 119:97; Əşy. 48:17, 18). Nikolas adlı bir qardaş bunu belə izah edir: «Yehovanın qanunlarına iki cür yanaşa bilərsiniz: ya sizi hər şeydən məhrum edən həbsxanadakı dəmir barmaqlıqlar kimi, ya da sizi həyati təhlükədən qoruyan şirin saxlanıldığı qəfəs kimi».

Siz Yehovanın qanunlarına necə yanaşırsınız: sizi hər şeydən məhrum edən həbsxanadakı dəmir barmaqlıqlar kimi, yoxsa sizi həyati təhlükədən qoruyan şirin saxlanıldığı qəfəs kimi? (4-cü abzasa baxın)


5. a) Özünüzü Yehovaya necə həsr edə bilərsiniz? b) Həsrolunma ilə vəftiz arasında hansı fərqlər var? (Həmçinin şəklə baxın.)

5 Bəs həsrolunma necə olur? Siz Yehovaya dua edib söz verirsiniz ki, yalnız Ona ibadət edəcəksiniz və Onun iradəsini həyatınızda hər şeydən üstün tutacaqsınız. Həmçinin bundan sonra da Yehovanı bütün qəlbinizlə, bütün varlığınızla, bütün ağlınızla və var gücünüzlə sevəcəyinizə söz verirsiniz (Mark 12:30). Həsrolunma təklikdə, Yehova ilə sizin aranızda olur. Amma vəftiz hamının gözü önündə olur. İnsanlar görür ki, siz özünüzü Yehovaya həsr etmisiniz. Sizin həsrolunma əhdiniz müqəddəs bir əhddir və Yehova verdiyiniz əhdə uyğun yaşamağınızı istəyir (Vaiz 5:4, 5).

Özünü Yehovaya həsr etmək, yalnız Ona ibadət edəcəyimizə və Onun iradəsini həyatda hər şeydən üstün tutacağımıza vəd vermək deməkdir (5-ci abzasa baxın)


ÖZÜMÜZÜ YEHOVAYA NƏYƏ GÖRƏ HƏSR EDİRİK?

6. İnsan nəyə görə özünü Yehovaya həsr etmək qərarına gəlir?

6 Özünüzü Yehovaya həsr etməyinizin əsas səbəbi Ona bəslədiyiniz məhəbbətdir. Amma bu məhəbbət təkcə hisslərə əsaslanmır. Bu məhəbbət Yehova haqda «dəqiq bilik»dən və «ruhun verdiyi dərrakə»dən qaynaqlanır (Kol. 1:9). Yehova haqda öyrəndiyiniz şeylər Ona olan məhəbbətinizi daha da artırır. Müqəddəs Kitabı araşdırdıqca əmin olursunuz ki, 1) Yehova real varlıqdır, 2) Müqəddəs Kitab Onun Kəlamıdır və 3) O, niyyətini həyata keçirmək üçün Öz təşkilatından istifadə edir.

7. Özünüzü Allaha həsr etməzdən əvvəl nə etməlisiniz?

7 Həyatlarını Yehovaya həsr edən kəslər Müqəddəs Kitabın əsas təlimlərini bilməli və ona uyğun həyat tərzi sürməlidirlər. Onlar şəraitləri yol verdiyi qədər imanları haqda başqalarına da danışırlar (Mət. 28:19, 20). Beləcə, onların Yehovaya məhəbbətləri get-gedə artır və özlərini Ona həsr etməyi ürəkdən istəyirlər. Sizdə də belədir? Yehovaya bu cür məhəbbət bəsləsəniz, onda həsr olunub, vəftiz olunmağı sadəcə valideynlərinizi, Müqəddəs Kitab müəlliminizi razı salmaq, yaxud həmyaşıdlarınızla ayaqlaşmaq xatirinə istəməyəcəksiniz.

8. Yehovaya minnətdarlıq hissi özünüzü Ona həsr etmək qərarınıza necə təsir edir? (Zəbur 116:12—14).

8 Yehovanın sizin üçün etdiyi hər bir şey barədə düşünsəniz, Ona minnətdarlığınız artacaq və beləcə, həyatınızı Ona həsr etmək istəyəcəksiniz. (Zəbur 116:12—14 ayələrini oxuyun.) Müqəddəs Kitabda «hər bir gözəl pay və hər bir kamil nemət»in Yehovadan nazil olduğu deyilir (Yaq. 1:17). Yehovanın ən böyük hədiyyəsi isə Öz Oğlunu — İsa Məsihi bizim üçün qurban verməsidir. Bir düşünün, fidyə sayəsində bizim Yehova ilə yaxın dostluq münasibətləri qurmaq imkanımız yaranıb. Həmçinin önümüzdə əbədi həyata qapı açılıb (1 Yəh. 4:9, 10, 19). Tarix boyu göstərilmiş məhəbbətin ən böyük təcəssümünə fidyəyə görə, həmçinin Yehovanın bizə bəxş etdiyi digər nemətlərə görə minnətdarlığımızı bildirməyin ən yaxşı yolu özümüzü Ona həsr etməkdir (Qan. 16:17; 2 Kor. 5:15). Bu mövzu «Əbədi xoşbəxt həyat!» dərsliyinin 46-cı dərsinin 4-cü bəndində yerləşən «Yehovaya verdiyimiz bəxşişlər» adlı 3 dəqiqəlik videoda vurğulanır.

HƏSR OLUNMAĞA VƏ VƏFTİZƏ HAZIRSINIZ?

9. Nəyə görə insan məcburiyyətdən irəli gələrək özünü Yehovaya həsr etməməlidir?

9 Ola bilsin, həsr olunub vəftiz olunmaq üçün özünüzü hazır bilmirsiniz. Bəlkə də Yehovanın qayda-qanunlarına uyğun yaşamaq üçün həyatınızda hələ də dəyişikliklər etməlisiniz. Yaxud, ola bilsin, imanınızı möhkəmləndirmək üçün sizə daha çox vaxt lazımdır (Kol. 2:6, 7). Amma nəzərə alın ki, bütün şagirdlərin inkişafı eyni deyil. Nə də ki, bütün gənclər eyni yaşda vəftiz olunmağa hazır olmurlar. Odur ki, ruhani inkişafınızı özünüzü başqaları ilə müqayisə etmədən, öz gücünüz daxilində ölçüb-biçin (Qal. 6:4, 5).

10. Hələ vəftizə hazır olmadığınız qənaətinə gəlsəniz, nə etməlisiniz? (Həmçinin « Həqiqətdə böyüyənlər üçün» adlı çərçivəyə baxın.)

10 Hətta görsəniz ki, özünüzü Yehovaya həsr etməyə hələ hazır deyilsiniz, bu məqsədə doğru irəliləməyi dayandırmayın. Lazımi dəyişikliklər edə bilmək üçün dua edib Yehovadan kömək istəyin (Filip. 2:13; 3:16). Əmin olun ki, O sizin duanızı eşidəcək və cavab verəcək (1 Yəh. 5:14).

BƏZİLƏRİ NƏYƏ GÖRƏ TƏRƏDDÜD EDİR?

11. Yehova xalqına imanda möhkəm qalmağa necə kömək edəcək?

11 Bəziləri vəftiz olunmağa hazır olsalar da, müəyyən tərəddüdləri var. Kimsə düşünə bilər: «Birdən vəftizdən sonra ciddi günah edib yığıncaqdan kənar edilərəm». Əgər sizdə də bu qorxu varsa, əmin olun ki, Yehova Onun adına layiq yaşayıb Onu tam razı salmağınız üçün sizə kömək edəcək (Kol. 1:10). Həmçinin O, düzgün davranmağınız üçün sizə güc verəcək. Yehova artıq çoxlarına kömək etməklə bunu sübut edib (1 Kor. 10:13). Elə yığıncaqdan, demək olar ki, çox az adamın kənar edilməsinin bir səbəbi də budur. Bəli, Yehova xalqına imanda möhkəm qalmağa kömək edir.

12. Ciddi günaha yol verməmək üçün nə edə bilərik?

12 Biz günahlı insanlar pisliyə meyilliyik (Yaq. 1:14). Amma bu meyilə uyub-uymamaq seçim məsələsidir və bu seçimi siz edirsiniz. Reallıq odur ki, necə yaşayacağınız, hər bir halda, sizin əlinizdədir. Amma bu gün bəzi insanlar iddia edib deyir: «İnsanlar öz hisslərini, hərəkətlərini idarə etməyə qadir deyil». Bu yanlış fikirdir! İnsan yanlış istəklərini cilovlaya bilər. Hətta yanlış istəklər baş qaldırsa da, siz onları ram edə bilərsiniz. Bunun üçün hər gün dua edin. Müqəddəs Kitabı müntəzəm mütaliə edin. Yığıncaqlardan qalmayın. Təbliğ edin. Bu addımları müntəzəm atmaq sizə həsrolunma əhdinizə uyğun yaşamağa güc verəcək. Və unutmayın ki, Yehova sizə bu sahədə kömək edəcək (Qal. 5:16).

13. Yusif bizim üçün hansı gözəl nümunəni qoyub?

13 Şirnikdirici vəziyyətlə üzləşəndə nə edəcəyinizi qabaqcadan qərarlaşdırsanız, onda həsrolunma əhdinizə uyğun yaşamaq asan olacaq. Müqəddəs Kitabda qeyri-kamil olmalarına rəğmən nəfsinə qalib gəlmiş çox sayda insanın nümunəsi var. Məsələn, Fitfirin arvadı Yusifi dəfələrlə yoldan çıxarmağa çalışmışdı. Amma Yusif bu məsələdə qabaqcadan qəti bir mövqe tutmuşdu. O, qadının bu təklifini rədd edib ona qətiyyətlə belə demişdi: «Mən necə belə bir yamanlıq edib Allaha qarşı günah işləyə bilərəm?» (Yar. 39:8—10). Aydındır ki, Yusif qadın onu günaha təhrik etməzdən əvvəl necə davranacağını bilirdi. Tutduğu bu mövqe ona üzləşdiyi vəziyyətdə düzgün davranmağa kömək etmişdi.

14. Yehovanın nifrət etdiyi şeylərə yox deməyi necə öyrənə bilərik?

14 Yusif kimi siz də necə qətiyyət göstərə bilərsiniz? Günaha sürükləyən vəziyyətlə üzləşəndə nə edəcəyinizi indidən qərarlaşdırmaqla. Yehovanın nifrət etdiyi şeylərə «yox» deməyi öyrənin, bu şeyləri hətta ağlınızın ucundan belə keçirməyin (Zəb. 97:10; 119:165). Onda tələyə düşüb günah etməyəcəksiniz. Çünki əvvəlcədən konkret bir mövqe tutduğunuz üçün nə edəcəyinizi biləcəksiniz.

15. İnsan Yehovanı cidd-cəhdlə axtardığını necə göstərə bilər? (İbranilərə 11:6).

15 Həqiqəti tapdığınıza əmin olsanız da, Yehovaya bütün qəlbinizlə ibadət etmək istəsəniz də, ola bilsin, hələ də nələrsə sizi vəftiz olunmaqdan saxlayır. Siz də Davud padşah kimi Yehovaya yalvarıb belə deyə bilərsiniz: «Xudaya, məni yoxla, qəlbimi öyrən, məni imtahan et, narahat düşüncələrimi bil, gör məndə pis meyil varmı. Əbədiyyət yolunda mənə bələdçi ol!» (Zəb. 139:23, 24). Yehova «Onu cidd-cəhdlə axtaranlara» mükafat verir. Siz də vəftizə doğru addımlamaqla məhz Onu axtardığınızı göstərmiş olursunuz. (İbranilərə 11:6 ayəsini oxuyun.)

ALLAHA DAİMA YAXINLAŞIN

16, 17. Həqiqətdə böyüyən kəsləri Yehova valideynlərinə görə özünə cəlb edir? (Yəhya 6:44).

16 İsa demişdi ki, Yehova cəlb etməsə, heç kim onun ardınca gedə bilməz. (Yəhya 6:44 ayəsini oxuyun.) Bu, çox maraqlı fikirdir. Bəs bu fikir sizə necə aiddir? Yehova Özünə cəlb etdiyi hər kəsdə yaxşı bir şey görür. O, hər bir bəndəsini Öz «xüsusi mülkü» hesab edir (Qan. 7:6). Yehova sizə də məhz bu cür yanaşır.

17 Əziz gənclər, ola bilsin, siz həqiqətdə böyümüsünüz. Bəlkə də, düşünürsünüz ki, Yehova sizi Özünə cəlb etməyib, sadəcə valideynləriniz ibadət etdiyi üçün siz də Ona ibadət edirsiniz. Amma Yehova bizə sadəcə bir kütlə kimi yanaşmır. O hər bir insanı, hətta həqiqətdə böyüyən hər bir kəsi şəxsən Özünə cəlb edir. Üstəlik, Müqəddəs Kitabda deyilir: «Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq» (Yaq. 4:8; 1 Saln. 28:9). Odur ki, Yehovaya yaxınlaşmaq üçün ilk addımı siz atsanız, Yaqub 4:8 ayəsində deyildiyi kimi, Yehova da sizə qarşılıq verəcək. (2 Salonikililərə 2:13 ayəsi ilə əlaqələndirin.)

18. Növbəti məqalədə nə araşdırılacaq? (Zəbur 40:8).

18 Özünüzü Yehovaya həsr edib vəftiz olunanda İsa Məsihin əhval-ruhiyyəsini əks etdirmiş olursunuz. O, Yehovanın istəyini könül xoşluğu ilə yerinə yetirirdi və bundan həzz alırdı (Zəbur 40:8 ayəsini oxuyun; İbr. 10:7). Növbəti məqalədə araşdıracağıq ki, vəftizdən sonra da Yehovaya sədaqətlə xidmət etməyə bizə nələr kömək edə bilər.

NECƏ CAVAB VERƏRDİNİZ?

  • Özünü Yehovaya həsr etmək nə deməkdir?

  • Minnətdarlıq hissi özümüzü Yehovaya həsr etməyə necə kömək edir?

  • Ciddi günaha yol verməməyə nələr kömək edə bilər?

NƏĞMƏ 38 Allah səni güclü edəcək