Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 11

NƏĞMƏ 129 Dözüm göstərəcəyik

Məyus olsanız da, taqətdən düşməyin

Məyus olsanız da, taqətdən düşməyin

«Adım uğrunda çox cəfa çəksən də, taqətdən düşməmisən» (VƏHY 2:3).

ƏSAS FİKİR

Bizi məyus edən vəziyyətlərlə üzləşsək də, Yehovaya xidmətimizi davam etdirə bilərik.

1. Yehovanın xalqının arasında olduğumuz üçün hansı nemətlərə sahibik?

 AXIRZAMANIN bu ağır dönəmində nə yaxşı ki, biz Yehovanın xalqının arasındayıq. Dünyadakı vəziyyət günbəgün pisləşir. Amma Yehova bizə bu çətin vəziyyətlərə dözə bilməyimiz üçün gözəl ruhani ailə bəxş edib (Zəb. 133:1). Həmçinin O bizə ailə tellərimizi möhkəmləndirməyə kömək edir (Efes. 5:33—6:1). Üstəlik, qəlb rahatlığımızı qorumaq üçün dərrakə və hikmət verir.

2. Biz nə etməliyik və nəyə görə?

2 Bununla belə, Yehovaya daima sədaqətlə xidmət edə bilməyimiz üçün var gücümüzlə çalışmalıyıq. Nəyə görə? Çünki zaman-zaman başqalarının qeyri-kamilliyi bizə pis təsir edə bilər. Həmçinin öz səhvlərimizə görə, ələlxüsus, eyni səhvi dəfələrlə təkrarladığımıza görə ruhdan düşə bilərik. Ona görə də 1) dindaşımız bizi incidəndə, 2) həyat yoldaşımız davranışı ilə bizi məyus edəndə və 3) səhvlərimizə görə ruhdan düşəndə Yehovaya xidməti davam etdirməliyik. Məqalədə bu vəziyyətlərin hər üçünə nəzər salacağıq. Həmçinin Müqəddəs Kitabda adı çəkilən imanlı insanlardan nə öyrənə biləcəyimizi araşdıracağıq.

DİNDAŞINIZ SİZİ İNCİDƏNDƏ TAQƏTDƏN DÜŞMƏYİN

3. Yehovanın xalqı hansı çətinliklə üzləşir?

3 Çətinlik. Ola bilsin, bəzi dindaşlarımızın xasiyyəti bizi qıcıqlandırır, yaxud bəzilərinin düşünülməmiş və ya kobud davranışı bizi incidir. Hətta məsul qardaşlar da səhv edir. Bu kimi vəziyyətlər ucbatından bəziləri təşkilatı Yehovanın idarə etdiyinə şübhə etməyə başlayır. Bacı-qardaşlarla «çiyin-çiyinə» Yehovaya xidmət etmək əvəzinə, onlar xətirlərinə dəyən dindaşlarından yan gəzir, hətta yığıncaqlara belə getməyi dayandırırlar (Səf. 3:9). Bəs bu nə dərəcədə hikmətli addımdır? Gəlin görək bu kimi vəziyyətlərlə üzləşmiş Müqəddəs Kitabdakı bir personajdan nə öyrənirik.

4. Bulus hansı çətinliklərlə üzləşmişdi?

4 Müqəddəs Kitab nümunəsi. Həvari Bulus dindaşlarının qeyri-kamil olduğunun fərqində idi. Məsələn, əvvəl-əvvəl yığıncaqda bəziləri onun Məsihin şagirdi olduğuna şübhə ilə yanaşırdı (Həv. 9:26). Sonralar isə bir başqaları onun arxasınca danışıb adına qara yaxmağa çalışırdılar (2 Kor. 10:10). Həmçinin Bulus bir ağsaqqalın bacı-qardaşların büdrəməsinə səbəb ola biləcək yanlış hərəkətini də görmüşdü (Qal. 2:11, 12). Bundan əlavə, Bulusun əməkdaşlarından biri olan Mark onu çox məyus etmişdi (Həv. 15:37, 38). Bəhs etdiyimiz bu vəziyyətlərin hər birində Bulus onu incidən kəslərdən yan gəzə bilərdi. Amma o, bacı-qardaşlarla yaxşı münasibətini pozmadı və Yehovaya fəal şəkildə xidmətini davam etdirdi. Bəs Bulusa ruhdan düşməməyə nə kömək etdi?

5. Dindaşlarından uzaq gəzməməyə Bulusa nə kömək etmişdi? (Koloslulara 3:13, 14). (Həmçinin şəklə baxın.)

5 Bulus bacı-qardaşları sevirdi. Bu məhəbbət ona diqqətini dindaşlarının səhvlərinə yox, müsbət xüsusiyyətlərinə cəmləməyə kömək etmişdi. Həmçinin məhəbbəti sayəsində Koloslulara 3:13, 14 ayələrində yazdığı sözlərə uyğun davrana bilmişdi. (Ayələri oxuyun.) Bunu Bulusun Marka olan münasibətindən görmək olar. Bulusun birinci təbliğ səyahəti zamanı Mark onu yarı yolda qoysa da, Bulus incik qalmamışdı. Sonralar Kolosdakı yığıncağa yazdığı sevgi dolu məktubunda o, Markı ona «dayaq olan» dəyərli əməkdaşı adlandırmışdı (Kol. 4:10, 11). Bulus Romada həbsdə olarkən məhz Markın gəlib ona kömək etməsini xahiş etmişdi (2 Tim. 4:11). Aydındır ki, o, dindaşlarının üstündən xətt çəkmirdi, onları bağışlayırdı. Bulusdan nə öyrənə bilərik?

Bulus, Barnəba və Mark xasiyyətcə fərqli insanlar idi. Aralarında narazılıq yaransa da, Bulus Barnəbaya və Marka kin saxlamadı, onlarla əməkdaşlığını davam etdirdi (5-ci abzasa baxın)


6, 7. Bacı-qardaşlarımıza səhvlərinə rəğmən məhəbbət göstərməyə necə davam edə bilərik? (İbranilərə 13:1).

6 Nə öyrənirik? Yehova istəyir ki, dindaşlarımıza olan məhəbbətimiz tükənməsin. (İbranilərə 13:1 ayəsini oxuyun.) Əgər kimdəsə məsihi xüsusiyyətlərindən bəzilərinin çatışmadığını görsəniz, nəzərə alın ki, o da Müqəddəs Kitab prinsiplərinə uyğun davranmaq istəyir. Sadəcə həmin vaxt düşünülməmiş hərəkət edib (Məs. 12:18). Yehova sadiq xidmətçilərini zəifliklərinə rəğmən sevir. Səhvlər edəndə dərhal bizi silib atmır, yaxud bizə acıqlı qalmır (Zəb. 103:9). Nə yaxşı ki, Yehova bağışlayan Allahdır. Biz də Ondan örnək götürüb, başqalarını bağışlamalıyıq! (Efes. 4:32—5:1).

7 Bir məqamı da unutmayın: bu şər dünyanın sonu yaxınlaşdıqca bacı-qardaşlarımızla münasibətimizi möhkəmləndirməliyik. Biz qarşıda təqiblərin artacağına hazırlıqlı olmalıyıq. Hətta imanımıza görə həbsə də düşə bilərik. Əgər belə bir şey baş versə, bacı-qardaşlarımıza həmişəkindən daha çox ehtiyacımız olacaq (Məs. 17:17). Gəlin İspaniyada ağsaqqal kimi xidmət edən Cozef a adlı bir qardaşın nümunəsinə baxaq. O və bir neçə qardaş bitərəf qaldıqlarına görə həbs olunmuşdu. Cozef qardaş deyir: «Həbsdə hamımız bir yerdə qaldığımız üçün hərdən kimsə davranışı ilə digərini qıcıqlandırırdı. Biz bir-birimizə dözməli, bir-birimizi ürəkdən bağışlamalı idik. Bu, aramızdakı birliyi qorumağa və Yehovaya xidmət etməyən insanların arasında bir-birimizi müdafiə etməyə kömək etdi. Bir dəfə qolumu zədələmişdim, sarğıda olduğuna görə iş görə bilmirdim. Amma qardaşlardan biri paltarlarımı yumaqda və digər işlərdə mənə kömək edirdi. Ən çox ehtiyacım olan anda dindaşlarımın səmimi məhəbbətini duydum». Bəli, biz dindaşlarımızla aramızdakı problemləri indidən həll etməliyik!

YOLDAŞINIZ DAVRANIŞI İLƏ SİZİ MƏYUS EDƏNDƏ TAQƏTDƏN DÜŞMƏYİN

8. Ər-arvadlar hansı çətinliklə üzləşir?

8 Çətinlik. Bütün ailələrdə çətinliklər var. Müqəddəs Kitabda aydın şəkildə deyilir ki, evlənənlər «həyatda yeni çətinliklərlə üzləşəcəklər» (1 Kor. 7:28). Çünki ər də, arvad da qeyri-kamildir və xasiyyətləri, sevib-sevmədiyi şeylər bir-birindən fərqlənir. Onların aldığı tərbiyə, böyüdüyü mədəniyyət də fərqli ola bilər. Vaxt keçdikcə, ola bilsin, onlar nikahdan əvvəl bir-birilərində görmədikləri xüsusiyyətləri sezsinlər. Bu kimi şeylər ərlə arvad arasında söz-söhbətə gətirib çıxara bilər. Hər ikisində də səhv olduğu halda, onlar problemi həll etmək yerinə, ola bilsin, bir-birilərini günahlandırsınlar. Hətta vəziyyət o həddə çata bilər ki, onlar məsələnin həllini ayrı yaşamaqda və ya boşanmaqda görsünlər. Bəs bu yaxşı həll yoludur? b Gəlin ailəsindəki böyük çətinliklərə tab gətirmiş Müqəddəs Kitabdakı bir personajın nümunəsinə baxaq.

9. Abiqayil hansı çətinliklə üzləşmişdi?

9 Müqəddəs Kitab nümunəsi. Abiqayil Nabal adlı bir kişi ilə evlənmişdi. Müqəddəs Kitabda deyilir ki, Nabal «kobud və bədxasiyyət idi» (1 İşm. 25:3). Yəqin ki, belə bir kişi ilə bir damın altında yaşamaq Abiqayil üçün çətin idi. Bəs Abiqayilin bu evlilikdən canını qurtarmaq imkanı var idi? Bəli, onun belə bir imkanı var idi. Nabal İsrailin gələcək padşahı Davudu və adamlarını təhqir etdiyi üçün onlar Nabalı öldürməyə gəlirdilər (1 İşm. 25:9—13). Abiqayil Davuda mane olmayıb, başını götürüb qaça bilərdi. Amma o, belə etmədi, məsələyə müdaxilə edib Nabalın canına qıymaması üçün Davudu razı saldı (1 İşm. 25:23—27). Bəs Abiqayil nəyə görə belə etdi?

10. Ailəsindəki çətin vəziyyətə tab gətirməyə Abiqayilə, ehtimal ki, nə kömək etmişdi?

10 Abiqayil Yehovanı sevirdi və Onun nikahla bağlı qoyduğu qaydalara hörmət edirdi. Sözsüz ki, Abiqayil Yehovanın Adəm üçün Həvvanı yaradanda dediyi sözlərdən agah idi (Yar. 2:24). Abiqayil bilirdi ki, Yehovanın gözündə nikah müqəddəsdir. O, Allahı razı salmaq istəyirdi. Məhz elə buna görə də o, ev əhlini, ərini xilas etmək üçün əlindən gələni etdi. O, cəld davranıb Nabalı ölümdən xilas etdi. Hətta etmədiyi səhvə görə üzr də istədi. Sözsüz, Yehova bu cəsur, fədakar qadından razı idi. Həm ərlər, həm də arvadlar Abiqayildən nə öyrənə bilər?

11. a) Yehova ərlə arvaddan nə gözləyir? (Efeslilərə 5:33). b) Karmenin öz nikahını qorumaq üçün etdiklərindən nə öyrənirsiniz? (Həmçinin şəklə baxın.)

11 Nə öyrənirik? Yehova istəyir ki, ər də, arvad da nikaha hörmət etsin, hətta həyat yoldaşı çətin adam olsa da. Ərlə-arvadın problemləri həll etmək üçün var gücləri ilə çalışması, bir-birlərinə fədakar məhəbbət, hörmət göstərməsi Yehovanın ürəyini sevindirir. (Efeslilərə 5:33 ayəsini oxuyun.) Karmen adlı bir qadının nümunəsinə baxaq. Evliliyindən altı il sonra Karmen Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başlayır və bir müddət sonra vəftiz olunur. O deyir: «Ərim bunu yaxşı qarşılamadı. Onu evdə qoyub yığıncaqlara getdiyimə görə əsəbiləşirdi. Yoldaşım məni təhqir edirdi, tərk etməklə hədələyirdi». Bütün bunlara rəğmən, Karmen nikahını qorudu. O, 50 il ərzində yoldaşına sevgi və hörmət göstərmək üçün əlindən gələni etdi. Karmen deyir: «İllər ötdükcə mən daha anlayışlı olmağı, yoldaşımla daha nəzakətlə danışmağı öyrəndim. Bilirəm ki, nikah Yehovanın gözündə müqəddəsdir. Buna görə də ailəmi qorumaq üçün var gücümlə çalışdım. Heç vaxt yoldaşımdan ayrılmağa çalışmadım, çünki Yehovanı sevirəm» c. Nikahınızda çətinliklər baş qaldıranda əmin olun ki, Yehova sizə dayaq olacaq və tab gətirməyə kömək edəcək.

Abiqayilin ev əhlini qorumaq üçün etdiklərindən nə öyrənirsiniz? (11-ci abzasa baxın)


CİDDİ GÜNAH İŞLƏDƏNDƏ TAQƏTDƏN DÜŞMƏYİN

12. Ciddi günaha yol vermək bizə necə təsir edə bilər?

12 Çətinlik. Ciddi günah işlədəndə tamamilə ruhdan düşə bilərik. Müqəddəs Kitabda deyilir ki, insan günah işlədəndən sonra ürəyi bir növ «çilik-çilik» olur, peşmançılıq hissi keçirir (Zəb. 51:17). Robert adlı qardaş illərlə var gücü ilə çalışıb yığıncaq xidmətçisi olmuşdu. Amma o, ciddi günah işlətdi və Yehovaya xəyanət etdiyini başa düşdü. Robert deyir: «Vicdan əzabı məni yeyib-bitirirdi. Özümü dəhşətli dərəcədə pis hiss etməyə başladım. Hönkür-hönkür ağlayıb Yehovaya dua elədim. Həmin vaxt düşünürdüm ki, Yehova daha mənim dualarıma qulaq asmayacaq. Niyə də qulaq assın?! Axı mən onu məyus elədim». Ciddi günah işlədəndə məyusluğa qapıla bilərik. Pərişan qəlbimiz bizi inandıra bilər ki, artıq Yehova bizi tərk edib, bundan sonra nə etsək də faydası yoxdur (Zəb. 38:4). Ola bilsin, siz də bu cür hisslər keçirirsiniz. Müqəddəs Kitabdan ciddi günah işlətsə də, Yehovaya xidmətini davam etdirən bir şəxsin nümunəsi sizə kömək edə bilər.

13. Butrus hansı səhvlərə yol vermişdi və bu, hansı ciddi günah işlətməsinə gətirib çıxartmışdı?

13 Müqəddəs Kitab nümunəsi. İsanın edamından əvvəlki gecə həvari Butrus bir neçə səhvə yol verdi. Və bunlar onu həyatının ən böyük səhvini etməyə gətirib çıxartdı. Birincisi, Butrus özünə arxalandı, öyünərək dedi ki, digər həvarilər İsanı tərk etsə də, o, sadiq qalacaq (Mark 14:27—29). Sonra, Getsemani bağında olanda Butrus oyaq qalmayıb, dəfələrlə yuxuya getdi (Mark 14:32, 37—41). Daha sonra, Butrus İsanı izdihamın arasında qoyub qaçdı (Mark 14:50). Axırda isə, o, İsanı üç dəfə dandı. Hətta bu yalanını and içərək təsdiqlədi (Mark 14:66—71). Bəs Butrus ciddi günah işlətdiyini başa düşəndə hansı hissləri keçirdi? Özünü saxlaya bilməyib hönkür-hönkür ağladı (Mark 14:72). Görünür, o, necə böyük bir günaha yol verdiyinin fərqinə varmışdı. Bir neçə saat sonra dostu İsa edam olunanda Butrusun necə iztirab çəkdiyini bir təsəvvür edin! Butrus bu hərəkətinə görə, yəqin ki, özünü çox dəyərsiz hiss etmişdi.

14. Butrus nəyin sayəsində Yehovaya xidmətini davam etdirə bildi? (Şəklə baxın.)

14 Butrus bir neçə səbəbə görə Yehovaya xidmətini davam etdirə bilmişdi. O özünü bacı-qardaşlardan təcrid etmədi. Onların yanına getdi və şübhəsiz, dindaşları da Butrusa təsəlli verdi (Luka 24:33). Üstəlik, İsa diriləndən sonra Butrusa göründü. Ehtimal ki, onu ruhlandırmaq istəyirdi (Luka 24:34; 1 Kor. 15:5). Sonra isə Butrusu etdiyi səhvlərə görə danlamadı. Əksinə, dostuna dedi ki, gələcəkdə ona ciddi məsuliyyətlər həvalə olunacaq (Yəh. 21:15—17). Butrus səhvinin böyüklüyünü anlayırdı. Bununla belə, düzgün olanı etməkdən vaz keçmədi. Çünki o əmin idi ki, Ağası İsa ondan əlini üzməyib. Butrusun dindaşları da ona dəstək olmağa davam etdi. Butrusdan nə öyrənirik?

Yəhya 21:15⁠—17 ayələrindən görürük ki, İsanın Butrusdan əlini üzməməsi Butrusa taqətdən düşməməyə kömək etdi (14-cü abzasa baxın)


15. Yehova nəyə əmin olmağımızı istəyir? (Zəbur 86:5; Romalılara 8:38, 39). (Həmçinin şəklə baxın.)

15 Nə öyrənirik? Yehova istəyir ki, biz bir şeyə əmin olaq: O bizi sevir və bağışlamağa hazırdır. (Zəbur 86:5; Romalılara 8:38, 39 ayələrini oxuyun.) Günah işlədəndə özümüzü məyus hiss etməyimiz normaldır. Əslində belə də olmalıdır. Lakin sevilməyə, bağışlanmağa layiq olmadığımızı düşünməməliyik. Yaxşı olar ki, dərhal kömək istəyək. Əvvəldə haqqında danışdığımız Robert qardaş deyir: «Düşünürdüm ki, günaha meylimə öz gücümlə qalib gələ bilərəm. Elə özümə arxalandığım üçün günah işlətdim». Robert ağsaqqallarla danışmalı olduğunu başa düşdü. O deyir: «Qardaşlarla danışanda onlar mənə Yehovanın məhəbbətini duymağa kömək elədilər. Həmçinin qardaşların da məhəbbətini duydum. Onlar məni əmin etdilər ki, Yehova məni atmayıb». Günah işlədəndə tövbə etsək, kömək axtarsaq və həmin səhvi təkrarlamamağa qətiyyətli olsaq, əmin ola bilərik ki, Yehova bizi hələ də sevir və bağışlamağa hazırdır (1 Yəh. 1:8, 9). Bu əminlik bizə büdrəyəndə və ya yıxılanda taqətdən düşməməyə kömək edir.

Ağsaqqalların sizə kömək etmək üçün əllərindən gələni etdiyini görəndə hansı hissləri keçirirsiniz? (15-ci abzasa baxın)


16. Nəyə görə Yehovaya xidmətinizi davam etdirməyə əzmlisiniz?

16 Yehova axırzamanın bu çətin günlərində Ona etdiyimiz xidməti çox qiymətləndirir. Yehovanın köməyi ilə biz Ona sədaqətlə xidmət etməyə davam edə bilərik. Bacı-qardaşlar xətrimizə dəysə də, onları sevmək üçün çoxlu səbəblərimiz var. Nikahımızda yaranan problemləri həll etməyə çalışanda Yehovaya dərin məhəbbətimizi və nikah quruluşuna hörmət etdiyimizi göstəririk. Həmçinin günah işlədəndə Yehovadan kömək istəməli, Onun məhəbbətinə, bizi bağışladığına inanmalı və xidmətimizi davam etdirməliyik. Əmin ola bilərik ki, «düzgün iş görməkdən» yorulmasaq, bol nemətlər biçəcəyik (2 Salon. 3:13).

AŞAĞIDAKI VƏZİYYƏTLƏRDƏ YEHOVAYA XİDMƏTİ DAYANDIRMAMAQ ÜÇÜN NƏ EDƏ BİLƏRİK?

  • Dindaşımız xətrimizə dəyəndə

  • Həyat yoldaşımız hərəkəti ilə bizi məyus edəndə

  • Səhvlərimizə görə ruhdan düşəndə

NƏĞMƏ 139 Özünü yeni dünyada təsəvvür et

a Bəzi adlar şərtidir.

b Müqəddəs Kitab ərlə arvadı ayrılmamağa təşviq edir. Amma işdir onlar ayrılmaq qərarına gəlsələr, başqası ilə evlənmək hüquqları yoxdur. Bununla belə, ciddi vəziyyətlərdən dolayı bəzi məsihilər ayrı yaşamaq qərarına gəlir. «Əbədi xoşbəxt həyat!» kitabında yerləşən «Ayrılmaq» adlı 4-cü əlavəyə baxın.

c Başqa bir nümunə üçün jw.org saytında yerləşən «Saxta sülh vədlərinə aldanmayın! Darl və Debora Frayzinqer» adlı videoya baxa bilərsiniz.