Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 10

NƏĞMƏ 13 Məsih bizə örnəkdir

Vəftizdən sonra da İsanın ardınca gedin

Vəftizdən sonra da İsanın ardınca gedin

«Kim ardımca gəlmək istəyirsə, qoy özünü inkar etsin, işgəncə dirəyini götürüb günbəgün daşısın və daima ardımca gəlsin» (LUKA 9:23).

ƏSAS FİKİR

Bu məqalə bizi həsrolunma əhdimizin həyatımızdakı rolu barədə düşünməyə təşviq edəcək. Ən əsası isə, yeni vəftiz olunanlara imanda möhkəm qalmağa kömək edəcək.

1, 2. Vəftizdən sonra insan hansı nemətləri alır?

 VƏFTİZ olunub Yehovanın ailəsinin bir üzvü olmaq insana böyük sevinc bəxş edir. Yehovayla bu cür yaxın münasibətlər qurmaq bizim üçün şərəfdir. Məzmurçu Davudun bu sözlərinə biz də şərikik: «[Yehova,] həyətində yaşamaq üçün seçdiyin, Özünə yaxınlaşdırdığın insan nə xoşbəxtdir» (Zəb. 65:4).

2 Yehova heç də hamını həyətində yaşamaq üçün seçmir. Əvvəlki məqalədə də araşdırdığımız kimi, Yehova Ona yaxınlaşmaq istəyən insanları Özünə cəlb edir (Yaq. 4:8). Özünüzü Yehovaya həsr edib vəftiz olunanda Ona xüsusi şəkildə yaxınlaşmış olursunuz. Əmin ola bilərsiniz ki, vəftizdən sonra Yehova başınızdan bol nemət tökəcək (Məl. 3:10; Ərm. 17:7, 8).

3. Özünü Yehovaya həsr edib, vəftiz olunan kəslər hansı ciddi məsuliyyəti daşıyır? (Vaiz 5:4, 5).

3 Əlbəttə, vəftiz sadəcə başlanğıcdır. Vəftizdən sonra da sizi günaha təhrik edən şeylərlə, yaxud iman sınağı ilə üzləşsəniz, əlinizdən gələni edib həsrolunma əhdinizə uyğun yaşamağa çalışacaqsınız. (Vaiz 5:4, 5 ayələrini oxuyun.) Həmçinin İsa Məsihin şagirdi kimi, onun izi ilə gedəcək və əmrlərinə bağlı qalacaqsınız (Mət. 28:19, 20; 1 But. 2:21). Məqalə bu sahədə sizə kömək edəcək.

GÜNAHA MEYİL YARANANDA VƏ SINAQLA ÜZLƏŞƏNDƏ DƏ İSANIN ARDINCA GEDİN

4. İsanın şagirdləri hansı mənada işgəncə dirəyini daşıyır? (Luka 9:23).

4 Düşünməyin ki, vəftizdən sonra həyatınız problemsiz ötüşəcək. Axı İsa aydın şəkildə demişdi ki, şagirdləri «işgəncə dirəyini» daşımalı olacaq, onlar hətta bunu «günbəgün» edəcəklər. (Luka 9:23 ayəsini oxuyun.) Bəs İsa davamçılarının həmişə əziyyət çəkəcəyini nəzərdə tuturdu? Xeyr. Onun sözünün canı o idi ki, davamçıları çoxlu nemətlər almaqla yanaşı, çətinliklərlə də üzləşəcəklər. Hətta bu çətinliklərin bəziləri daha şiddətli ola bilər (2 Tim. 3:12).

5. İsa Məsihin vədinə əsasən qurban verənlər hansı nemətləri alacaq?

5 Ola bilsin, siz artıq ailə üzvlərinizin təqibi ilə üzləşmisiniz, yaxud Yehovanın işini birinci yerə qoymaq üçün müəyyən maddi qurbanlar vermisiniz (Mət. 6:33). Əmin olun ki, imandan irəli gələrək etdikləriniz Yehovanın nəzərindən yayınmır (İbr. 6:10). Çox yəqin ki, İsanın növbəti sözlərinin doğruluğuna öz təcrübənizdə əmin olmusunuz: «Mənim yolumda və müjdə uğrunda evini, bacı-qardaşını, anasını, atasını, uşaqlarını, yaxud tarlalarını qoyub gələn mütləq bu dövrdə təqiblərlə yanaşı yüzqat artıq ev, qardaş, bacı, ana, uşaq və tarla, gələcəkdə isə əbədi həyat alacaq» (Mark 10:29, 30). Bəli, aldığınız nemətlər verdiyiniz istənilən qurbandan qat-qat dəyərlidir (Zəb. 37:4).

6. Nəyə görə vəftizdən sonra da cismani istəklərlə mübarizə aparmalı olacaqsınız?

6 Vəftizdən sonra da cismani istəklərlə mübarizə aparmalı olacaqsınız (1 Yəh. 2:16). Çünki biz ulu valideynimiz Adəmdən günahı miras almışıq. Hərdən sizdə də həvari Bulusun keçirdiyi hisslər baş qaldıra bilər. O yazmışdı: «Daxili varlığımla Allahın qanunundan həzz alıram. Amma cismimdə ağlımın qanunu ilə döyüşən başqa bir qanun görürəm. O, məni cismimdə yaşayan günah qanununun əsiri edir» (Rom. 7:22, 23). Ola bilsin, günaha meylinizlə mübarizə aparmalı olduğunuz üçün ruhdan düşəsiniz. Lakin özünüzü Yehovaya həsr edərkən verdiyiniz vədi xatırlamaq, sizə bu mübarizəni davam etdirməyə güc verəcək. Bəli, həsrolunma əhdiniz günaha aparan vəziyyətlərlə üzləşəndə düzgün davranmağınıza kömək edəcək. Gəlin görək necə.

7. Həyatınızı Yehovaya həsr etməyiniz Ona sadiq qalmaqda sizə necə kömək edir?

7 Yehovaya həsr olunanda siz özünüzü inkar etmiş olursunuz. Bu o deməkdir ki, siz Yehovanı narazı salacaq arzu və istəklərinizə yox deyirsiniz (Mət. 16:24). Yəni hansısa bir sınaqla üzləşəndə, «nə edim?», «necə edim?» deyib, baş sındırmalı olmayacaqsınız. Çünki siz qərarınızı bəri başdan vermisiniz — Yehovaya sadiq qalmağı seçmisiniz. Buna görə də, Onu razı salmağa qətiyyətli olacaqsınız. Bununla da bir növ Əyyub peyğəmbər kimi davranacaqsınız. O, çox güclü sınaqlarla üzləşsə də, qətiyyətlə demişdi: «Mən son nəfəsimədək sadiq qalacağam!» (Əyy. 27:5).

8. Həsrolunma vədiniz barədə düşünmək cismani istəklərə qarşı durmağa necə kömək edir?

8 Həsrolunma vədiniz üzərində düşünəndə nəfsinizi sınayan vəziyyətlərə qarşı durmaq əzminiz möhkəmlənəcək. Məsələn, kiminsə həyat yoldaşı ilə flirt edərdiniz? Əlbəttə, yox! Çünki siz artıq Yehovaya söz vermisiniz ki, heç vaxt belə şeylərə yol verməyəcəksiniz. Əgər bəri başdan ürəyinizdə bu cür hisslərin kök atmasına yol verməsəniz, sonra onları çıxarıb atmaq lazım gəlməyəcək. Yolunuzu dəyişib, «şər adamların yoluna ayaq» basmayacaqsınız (Məs. 4:14, 15).

9. Həsrolunma vədiniz barədə düşünmək ruhani işləri birinci yerə qoymağa necə kömək edir?

9 Yığıncaqda müntəzəm iştirakınıza mane olacaq bir iş təklifi alsanız, nə edəcəksiniz? Verəcəyiniz qərar artıq bəllidir. Çünki siz belə bir təklif almazdan qabaq artıq qərar vermisiniz ki, yığıncağa getməyinizə mane olacaq iş təkliflərinə «yox» deyəsiniz. Beləcə, belə bir iş təklifini qəbul edib, sonra da Yehovanı hər şeydən üstün tutmaq üçün əlləşib-vuruşmayacaqsınız. İsa Məsihin nümunəsi üzərində düşünmək bizə bu sahədə kömək edə bilər. O, Atasını razı salmağa qətiyyətli idi. İsa Məsih kimi siz də həyatınızı həsr etdiyiniz Allahı narazı salacaq istənilən təklifi cəld və qəti şəkildə rədd edin (Mət. 4:10; Yəh. 8:29).

10. Yehova vəftizdən sonra da İsanın ardınca getməyinizə necə kömək edəcək?

10 Əslində, üzləşdiyimiz çətinliklər, sınaqlar daima İsanın ardınca getməyə qətiyyətli olduğumuzu sübut etmək üçün imkan yaradır. Əmin ola bilərsiniz ki, Yehova bu yolda sizə kömək edəcək. Müqəddəs Kitabda deyilir: «Allah vəfalı Allahdır, O qoymaz ki, siz gücünüz çatmayan sınaqlara məruz qalasınız. Sınaq vaxtı dözə biləsiniz deyə, sizə çıxış yolu da göstərəcək» (1 Kor. 10:13).

DAİMA İSANIN ARDINCA GETMƏK ÜÇÜN NƏ EDƏ BİLƏRİK?

11. İsanın ardınca getməyin ən yaxşı yollarından biri hansıdır? (Həmçinin şəklə baxın.)

11 İsa Yehovaya bütün qəlbi ilə xidmət edirdi və dua edərək Yehova ilə münasibətlərini qoruyurdu (Luka 6:12). Bəs vəftizdən sonra da İsanın ardınca getmək üçün nə etməliyik? Bunun bir yolu bizi Yehovaya yaxınlaşdıracaq işlər görməyə davam etməkdir. Müqəddəs Kitabda deyilir: «Hansı səviyyəyə çatmışıqsa çataq, gəlin bundan sonra da eyni cür irəliləyək» (Filip. 3:16). Zaman-zaman Yehovanın yolunda çox iş görməyə qətiyyətli olan bacı-qardaşların həyat hekayələrini eşidəcəksiniz. Ola bilsin, onlar Padşahlıq Müjdəçiləri Məktəbində oxuyublar, yaxud təbliğçilərə tələbat olan əraziyə köçüblər. Əgər belə bir məqsəd qoymağa şəraitiniz yol verirsə, tərəddüd etməyin. Yehovanın xalqı Ona daha çox xidmət edə bilmək üçün hər bir fürsəti dəyərləndirir (Həv. 16:9). Bəs əgər hal-hazırda vəziyyətiniz buna yol vermirsə, onda necə? Düşünməyin ki, siz bunu edənlərdən dəyərsizsiniz. Əsas axıra kimi dözüm göstərməkdir (Mət. 10:22). Yehova etdiyiniz xidməti çox dəyərləndirir. Odur ki, öz bacarığınız və şəraitiniz çərçivəsində Yehovanın yolunda etdiyiniz xidməti heçə saymayın. Bu, vəftizdən sonra da İsanın ardınca getməyin vacib üsuludur (Zəb. 26:1).

Vəftizdən sonra da Yehovaya yaxınlaşmağınıza kömək edəcək məqsədlər qoyun (11-ci abzasa baxın)


12, 13. Yehovaya xidmətdə şövqünüz azalıbsa, nə edə bilərsiniz? (1 Korinflilərə 9:16, 17). (Həmçinin « Yarışı tamamlayın» adlı çərçivəyə baxın.)

12 Ola bilsin, dualarınızın əvvəlki kimi ürəkdən gəlmədiyini və ya təbliğdən daha sevinc duymadığınızı düşünürsünüz. Yaxud Müqəddəs Kitabı əvvəlki həvəslə oxumursunuz. Vəftizdən sonra bu cür hisslər keçirirsinizsə, düşünməyin ki, Yehova müqəddəs ruhunu sizdən götürüb. Qeyri-kamil insanın hərdən bu cür hisslərə qapılması normaldır. Görsəniz ki, şövqünüz yavaş-yavaş azalır, həvari Bulusun nümunəsi üzərində düşünün. Düzdür, o, İsadan örnək götürməyə çalışırdı. Amma başa düşürdü ki, hərdən eyni şövqlə xidmət edə bilməyəcək. (1 Korinflilərə 9:16, 17 ayələrini oxuyun.) Bulus demişdi: «Könülsüz etsəm də, mənə həvalə edilmiş nökərbaşı vəzifəsini yerinə yetirirəm». Başqa sözlə, Bulus həmin an hansı hisslər keçirməsinə baxmayaraq, xidmətini yerinə yetirməyə qətiyyətli idi.

13 Eynilə, siz də təkcə hissləriniz əsasında qərar verməyin. Keçirdiyiniz hisslərə baxmayaraq, düzgün olanı etməyə qətiyyətli olun. Müəyyən vaxtdan sonra hərəkətləriniz hisslərinizə təsir edəcək. O vaxta qədər isə, ruhani işlərdə müntəzəmliyi qorumaq sizə İsanın ardınca getməyə kömək edəcək və bacı-qardaşlar əzminizi görüb hərəkətə təşviq olunacaqlar (1 Salon. 5:11).

«YOXLAYIN, ÖZÜNÜZÜ SINAYIN»

14. Nəyi müntəzəm olaraq yoxlamalısınız və nəyə görə? (2 Korinflilərə 13:5).

14 Yaxşı olar ki, vəftizdən sonra da özünüzü müntəzəm yoxlayasınız. (2 Korinflilərə 13:5 ayəsini oxuyun.) Ara-sıra həyatınızı və müəyyən vərdişlərinizi nəzərdən keçirin. Görün, hər gün dua edirsiniz? Müqəddəs Kitabı oxuyub araşdırırsınız? Yığıncaq görüşlərində, xidmətdə iştirak edirsiniz? İbadətinizin bu sahələrindən daha çox zövq duymaq, daha çox fayda əldə etmək üçün yollar axtarın. Məsələn, bu sualların üzərində düşünün: «Müqəddəs Kitabın əsas təlimlərini başqalarına izah edə bilirəm? Xidmətdən daha çox zövq almaq üçün nə edə bilərəm? Dualarım nə dərəcədə konkretdir? Dualarımdan Yehovaya tam etibar etdiyim görsənir? Yığıncaqlarda müntəzəm iştirak edirəm? Diqqətimi yığıncağa cəmləmək və daha yaxşı iştirak etmək üçün nə edə bilərəm?»

15, 16. Yanlış istəklərə qarşı duran bir qardaşın nümunəsindən nə öyrəndiniz?

15 Özünüzü dürüstcəsinə yoxlayıb, zəifliklərinizi müəyyən edin. Bunun nə demək olduğunu Robert adlı qardaşın başına gələn bir hadisədən görmək olar. O deyir: «Təxminən 20 yaşlarında yarımgünlük işdə işləyirdim. Bir gün işdən sonra qadın iş yoldaşlarımdan biri məni öz evinə dəvət elədi. Dedi ki, evdə tək olacağıq və “yaxşı vaxt keçirəcəyik”. Əvvəl-əvvəl yüngülvari üzrxahlıq elədim, amma axırda ona “yox” dedim və səbəbini izah elədim». Robertə əhsən! O bu tələyə düşmədi. Amma sonra o bu vəziyyətin üzərində düşünəndə gördü ki, məsələni daha yaxşı həll edə bilərdi. Robert etiraf edir: «Yusif Fitfirin arvadının təklifini qətiyyətlə və dərhal rədd etmişdi. Təəssüf ki, mən belə edə bilmədim (Yar. 39:7—9). Bilməzdim ki, “yox” demək mənim üçün bu qədər çətin imiş. Bu vəziyyət mənə Yehova ilə münasibətlərimi möhkəmləndirməli olduğumu göstərdi».

16 Robert kimi özünüzü yoxlamaq sizə də kömək edə bilər. Ola bilsin, günaha meyilə rahat şəkildə qarşı dura bilirsiniz. Amma yaxşı olar ki, özünüzdən soruşasınız: «Dərhal “yox” dedim, yoxsa bir az düşündüm?» Görsəniz ki, öz üzərinizdə işləməlisiniz, ruhdan düşməyin. Əksinə, sevinin ki, indi zəifliyinizi bilirsiniz. Bu barədə müntəzəm dua edin və Yehovanın qayda-qanunlarına uyğun yaşamaq əzminizi möhkəmləndirmək üçün lazımi addımlar atın (Zəb. 139:23, 24).

17. Robertin başına gələnlər Yehovanın adının təmizə çıxması ilə necə əlaqəli idi?

17 Robertin üzləşdiyi vəziyyətdən daha bir şey öyrənə bilərik. Robert sözünə belə davam edir: «İş yoldaşımın təklifini rədd edəndən sonra o mənə demişdi: “Sən bu sınaqdan keçdin!”. Bunun nə demək olduğunu soruşdum. Sən demə, onun dostluq etdiyi, vaxtilə Yehovanın Şahidi olmuş bir nəfər ona deyib ki, Yehovanın Şahidi olan gənclər ikili həyat tərzi sürür və belə vəziyyətlər yarananda fürsəti əldən vermirlər. O da dostuna deyib ki, mənim belə olub-olmadığımı yoxlayacaq. Həmin an Yehovanın adını şərəfləndirdiyim üçün o qədər sevindim ki!»

18. Vəftizdən sonra nə etmək əzmindəsiniz? (Həmçinin « Faydalı iki məqalə» adlı çərçivəyə baxın.)

18 Özünüzü Yehovaya həsr edib vəftiz olunanda göstərirsiniz ki, nə olursa-olsun, Onun adını təmizə çıxarmaq istəyirsiniz. Əmin olun, Yehova sizin keçdiyiniz çətinliklərdən, qarşı durduğunuz sınaqlardan agahdır. O sizin sadiq qalmaq əzminizi mükafatsız qoymayacaq. Bilin ki, Yehova Öz müqəddəs ruhu vasitəsilə sizə bu sahədə kömək edəcək (Luka 11:11—13). Yehovanın köməyi ilə vəftizdən sonra da İsanın ardınca gedə biləcəksiniz.

NECƏ CAVAB VERƏRDİNİZ?

  • Hansı mənada məsihilər günbəgün «işgəncə dirəyi» daşıyır?

  • Vəftizdən sonra da İsanın ardınca getmək üçün nə etmək olar?

  • Həsr olunarkən verdiyiniz vəd barədə düşünmək imanda möhkəm qalmağınıza necə kömək edə bilər?

NƏĞMƏ 89 Allahın sözünə əməl edənlər xoşbəxtdir