Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 12

NƏĞMƏ 77 Qaranlıq dünyada ümid işığı

Zülmətdən çıxın, nurda yeriyin

Zülmətdən çıxın, nurda yeriyin

«Siz bir vaxtlar zülmət idiniz, amma indi... nursunuz» (EFES. 5:8).

ƏSAS FİKİR

Gəlin görək Efeslilərə 5-ci fəsildə bəhs edilən «zülmət» və «nur» ifadələrindən nə öyrənmək olar.

1, 2. a) Bulus efeslilərə məktub yazanda hansı vəziyyətdə idi? b) Hansı sualları araşdıracağıq?

 HƏVARİ BULUS Romada ev dustağı olarkən dindaşlarını ruhlandırmaq istəyirdi. Şəxsən ziyarət edə bilmədiyinə görə onlara məktublar yazırdı. Bu məktublarından biri eramızın 60 və ya 61-ci illərində efeslilərə yazdığı məktubdur (Efes. 1:1; 4:1).

2 Bundan təxminən on il öncə Bulus bir neçə il ərzində Efesdə xoş xəbəri təbliğ etmişdi (Həv. 19:1, 8—10; 20:20, 21). O, bacı-qardaşlarını çox sevirdi və istəyirdi ki, onlara Yehovaya sadiq qalmağa kömək etsin. Bəs nəyə görə Bulus məsh olunmuş məsihilərə zülmət və nur barədə yazmışdı? Hər bir məsihi onun yazdıqlarından nə öyrənə bilər? Gəlin baxaq.

ZÜLMƏTDƏN NURA

3. Efeslilərə məktubunda Bulus hansı metaforlardan istifadə edib?

3 Bulus Efesdəki məsihilərə yazmışdı: «Siz bir vaxtlar zülmət idiniz, amma indi... nursunuz» (Efes. 5:8). Bulus burada «zülmət» və «nur» metaforlarından istifadə edərək efeslilərin əvvəlki və indiki vəziyyətini müqayisə edib. Gəlin görək o nəyə görə «siz bir vaxtlar zülmət idiniz» demişdi.

4. Efeslilər hansı mənada dini zülmətdə idilər?

4 Dini zülmət. Həqiqəti öyrənib məsihi olmazdan əvvəl efeslilər yalan dinin təsirində idilər, mövhumatlara inanırdılar. Qədimdə dünyanın yeddi möcüzəsindən biri sayılan məşhur Artemida məbədi Efesdə yerləşirdi. İnsanlar ora gedib bütlərə sitayiş edirdi. Ustalar məbədin heykəlciklərini və bütlər düzəldib satır, çoxlu pul qazanırdı (Həv. 19:23—27). Həmçinin Efesdə xeyli insan sehrbazlıqla məşğul olurdu (Həv. 19:19).

5. Efeslilər hansı mənada əxlaqi zülmətdə idilər?

5 Əxlaqi zülmət. Efesin camaatı çox əxlaqsız idi və etdiklərindən utanmırdı. Şəhərin teatrlarında, hətta dini tədbirlərdə də ədəbsiz danışıq adi hal almışdı (Efes. 5:3). Əhalinin çoxu «abır-həyanı büsbütün [itirmişdi]». «Abır-həyanı büsbütün itirmək» ifadəsi hərfi mənada bir növ «heç bir ağrı hiss etməmək, hissiyyatsızlıq həddinə gəlib çatmaq» deməkdir (Efes. 4:17—19). Efeslilər Yehovanın gözündə nəyin doğru, nəyin yanlış olduğunu öyrənməzdən əvvəl etdikləri səhv hərəkətlərə görə vicdan əzabı çəkmirdilər. Həmçinin əməllərinin Yehovaya necə təsir etdiyi onlara maraqlı deyildi. Görünür, Bulus buna görə barələrində belə demişdi: «Onlar əqlən qaranlıqdadırlar,.. Allaha məxsus həyata qarşı yadlaşıblar».

6. Bulus nəyə görə efeslilərə «indi... nursunuz» demişdi?

6 Efeslilərin bəziləri zülmətdən çıxdılar. Bulus onlar haqda yazmışdı: «İndi Ağaya məxsus olduğunuz üçün nursunuz» (Efes. 5:8). Artıq onlar həqiqətin nurunda yeriyirdilər (Zəb. 119:105). Onlar yalan dinin və əxlaqsız əməllərin daşını atdılar. Efeslilər Allaha bənzəməyə çalışırdılar və Onu razı salmaq üçün əllərindən gələni edirdilər (Efes. 5:1).

7. Hansı mənada bizim vəziyyətimiz Efesdəki bir çox məsihinin vəziyyətinə oxşayır?

7 Eynilə, biz də həqiqəti öyrənməzdən əvvəl dini və əxlaqi cəhətdən zülmət içində idik. Bəzilərimiz yalan dini ayinləri qeyd edirdik, bəzilərimiz əxlaqsız həyat tərzi sürürdük. Lakin Yehovanın doğru və yanlışa dair baxışını öyrənəndən sonra dəyişdik. Onun salehlik normalarına uyğun həyat tərzi sürməyə başladıq. Təbii ki, bunun sayəsində çoxlu nemətlər aldıq (Əşy. 48:17). Düzdür, daima çətinliyimiz olur. Ona görə də bir vaxtlar çıxdığımız zülmətdən uzaq durmaq və «nur övladları kimi» yaşamaq həmişə asan olmur. Amma bu mümkündür. Gəlin görək necə.

Image digitally reproduced with the permission of the Papyrology Collection, Graduate Library, University of Michigan, P.Mich.inv. 6238. Licensed under CC by 3.0

Bulusun məhəbbətdən irəli gələrək efeslilərə yazdığı məsləhəti bu gün biz də tətbiq edə bilərik (7-ci abzasa baxın) b


ZÜLMƏTDƏN QAÇIN

8. Efeslilərə 5:3—5 ayələrinə əsasən efeslilər nədən uzaq durmalı idi?

8 Efeslilərə 5:3—5 ayələrini oxuyun. Efesdəki məsihilər yenidən əxlaqi zülmətə qərq olmamaq üçün bundan sonra da Yehovanı narazı salan əməllərdən uzaq durmalı idilər. Bura təkcə cinsi əxlaqsızlıq yox, nalayiq danışıq da daxil idi. Bulus efeslilərə xəbərdarlıq etmişdi ki, belə şeylərdən uzaq durmayanların «Məsihin və Allahın Padşahlığında payı yoxdur».

9. Nəyə görə natəmiz əmələ aparan hər cür davranışdan uzaq durmalıyıq?

9 Biz də var gücümüzlə çalışmalıyıq ki, «zülmətin yararsız işlərində» əlimiz olmasın (Efes. 5:11). Tarix boyu təcrübə göstərib ki, insan natəmiz şeylərə nə qədər çox baxırsa, qulaq asırsa və bu barədə danışırsa, onun səhv etmə ehtimalı bir o qədər çox olur (Yar. 3:6; Yaq. 1:14, 15). Bir ölkədə xeyli bacı-qardaş çat qrupunda mesajlaşmağa başlamışdı. Əvvəl-əvvəl onların çoxu ruhani mövzulardan danışırdı. Amma yavaş-yavaş bu söhbətlər heç də yaxşı yön almadı. Söhbətləri daha çox cinsi münasibət mövzusu ətrafında dönməyə başladı. Sonralar bu bacı-qardaşlardan bəziləri etiraf etmişdi ki, bu cür natəmiz söhbətlər onların cinsi əxlaqsızlıq etməsinə yol açıb.

10. Şeytan bizi necə aldatmağa çalışır? (Efeslilərə 5:6).

10 Şeytan dünyası bizi aldatmaq istəyir. Bizi Yehovanın gözündə əxlaqsız, natəmiz olan şeylərin əslində heç də pis olmadığına inandırmağa çalışır (2 But. 2:19). Bu heç də bizi təəccübləndirmir. Bu, Şeytanın uzun illərdir istifadə etdiyi fəndlərdən biridir. O, istəyir ki, nəyin düz, nəyin səhv olduğunu ayırd edə bilməyək (Əşy. 5:20; 2 Kor. 4:4). Odur ki, əksər filmlərin, verilişlərin və veb-saytların təlqin etdiyi şeylərin Yehovanın əxlaq normalarına zidd olması başadüşüləndir. Şeytan bizi inandırmağa çalışır ki, natəmiz əməllər və həyat tərzi nəinki düzgündür, hətta əyləncəli və zərərsizdir. (Efeslilərə 5:6 ayəsini oxuyun.)

11. Anjelanın nümunəsi Efeslilərə 5:7 ayəsindəki məsləhəti tətbiq etməyin müdrik olduğunu necə göstərir? (Həmçinin şəklə baxın.)

11 Şeytan bizim Yehovanın əxlaq qaydalarına bağlı qalmağımıza mane olacaq insanlarla dostluq etməyimizi istəyir. Elə buna görə də, Bulus efeslilərə demişdi: Allahın gözündə pis iş görənlərlə «alıb-verəcəyiniz olmasın» (Efes. 5:7). Yadda saxlamalıyıq ki, kiminləsə münasibət qurmaq yalnız üzbəüz görüşüb vaxt keçirmək demək deyil. Biz qədim Efesdəki məsihilərlə müqayisədə qat-qat ehtiyatlı olmalıyıq. Çünki insanlarla təkcə üzbəüz yox, həmçinin sosial media vasitəsilə də ünsiyyət qururuq. Asiyada yaşayan Anjela a sosial medianın necə təhlükəli olduğu barədə belə deyir: «Bu elə bir tələdir ki, adamın hissiyyatını yavaş-yavaş keyidir. Elə bir həddə çatmışdım ki, dostlarımın Müqəddəs Kitab prinsiplərinə hörmət etməməsi məni narahat etmirdi. Artıq düşünürdüm ki, həyat tərzim Yehovanı razı salmasa da olar». Nə yaxşı ki, qayğıkeş ağsaqqallar Anjelaya dəyişiklik etməyə kömək etdilər. Anjela deyir: «İndi düşüncələrimi sosial media ilə yox, Yehovanın düşüncə tərzi ilə doldururam».

Dost seçimimiz Yehovanın normalarına bağlı qalmağımıza təsir edir (11-ci abzasa baxın)


12. Nəyin sayəsində Yehovanın doğru və yanlışa dair normalarına bağlı qala bilərik?

12 Biz dünyanın təsirinə, natəmiz əməllərin məqbul olduğu fikrinə qarşı mübarizə aparmalıyıq. Bunun səhv olduğunu yaxşı bilirik (Efes. 4:19, 20). Amma yenə də özümüzü yoxlamalıyıq: «Yehovanın normalarına hörmət etməyən iş yoldaşlarım, sinif yoldaşlarım və başqaları ilə lazımsız ünsiyyətdən qaçmağa qətiyyətliyəm? Bəziləri məni “zəif” adlandırsa da, cəsarətlə Yehovanın əxlaq normalarını üstün tuturam?» 2 Timutiyə 2:20—22 ayələrində yazılıb ki, biz hətta məsihi yığıncağında dost seçərkən belə çox ehtiyatlı olmalıyıq. Yadda saxlamalıyıq ki, bəziləri Yehovaya sadiq qalmağımıza mane ola bilər.

«NUR ÖVLADLARI KİMİ... YAŞAYIN»

13. «Nur övladları kimi» yaşamaq nə deməkdir? (Efeslilərə 5:7—9).

13 Bulus Efesdəki məsihilərə zülmətdən uzaq durmaqla yanaşı, «nur övladları kimi» yaşamağı məsləhət görmüşdü. (Efeslilərə 5:7—9 ayələrini oxuyun.) Bu nə deməkdir? Bu, hər zaman əsl məsihi kimi həyat tərzi sürmək deməkdir. Bu cür yaşamağın bir yolu Müqəddəs Kitabı və ona əsaslanan nəşrləri müntəzəm araşdırmaq və üzərində düşünməkdir. Yaxşı olar ki, əsas diqqəti «dünyanın nuru» olan İsa Məsihin qoyduğu nümunəyə və təlimlərinə yönəldək (Yəh. 8:12; Məs. 6:23).

14. Müqəddəs ruh bizə necə kömək edir?

14 «Nur övladları kimi» yaşamaq üçün həmçinin Allahın verdiyi müqəddəs ruha ehtiyacımız var. Çünki bu korlanmış dünyada təmiz qalmaq heç də asan deyil (1 Salon. 4:3—5, 7, 8). Müqəddəs ruh bizə bu dünyanın təsirinə, Allahın düşüncəsinə zidd olan fəlsəfi fikirlərə və baxışlara qarşı durmağa kömək edir. Həmçinin müqəddəs ruh sayəsində «yaxşılıq, salehlik» kimi nurun bəhrələrini yetişdirə bilərik (Efes. 5:9).

15. Müqəddəs ruhu hansı yollarla ala bilərik? (Efeslilərə 5:19, 20).

15 Müqəddəs ruhu almağın bir yolu bu barədə dua etməkdir. İsa demişdi ki, Yehova «Ondan istəyənlərə müqəddəs ruh» verəcək (Luka 11:13). Üstəlik, yığıncaqda dindaşlarımızla birgə Yehovanı mədh edəndə də müqəddəs ruh alırıq. (Efeslilərə 5:19, 20 ayələrini oxuyun.) Bizdə fəaliyyət göstərən müqəddəs ruhun sayəsində Yehovanı razı salan tərzdə yaşaya biləcəyik.

16. Bizə müdrik qərar verməyə nə kömək edə bilər? (Efeslilərə 5:10, 17).

16 Vacib qərar verməli olanda Yehovanın iradəsini müəyyən etməli və ona uyğun davranmalıyıq. (Efeslilərə 5:10, 17 ayələrini oxuyun.) Vəziyyətimizə dair Müqəddəs Kitab prinsipi axtarmaqla göstəririk ki, Yehovanın həmin məsələyə baxış tərzi bizim üçün önəmlidir. Tapdığımız prinsipləri tətbiq etsək, daha yaxşı qərarlar verəcəyik.

17. Nəyin sayəsində vaxtımızın qədrini bilə bilərik? (Efeslilərə 5:15, 16). (Həmçinin şəklə baxın.)

17 Bulus həmçinin efeslilərə məsləhət görmüşdü ki, vaxtlarının qədrini bilsinlər. (Efeslilərə 5:15, 16 ayələrini oxuyun.) Düşmənimiz Şeytan istəyir ki, biz dünyəvi işlərdən başımızı qaldıra bilməyək, Allaha ayıracaq vaxtımız qalmasın (1 Yəh. 5:19). Məsihi ehtiyatlı olmasa, diqqətini Allaha xidmət etmək üçün fürsətlər axtarmaq yerinə pula, təhsilə, işə cəmləyə bilər. Belə bir şey baş veribsə deməli, o, dünyanın təsiri altına düşüb. Təbii ki, bu şeylər öz-özlüyündə pis deyil, amma yol verməməliyik ki, bunlar həyatımızda ön plana keçsin. «Nur övladları kimi» yaşamaq üçün biz vaxtımızın qədrini bilməliyik, yəni diqqətimizi daha vacib şeylərə cəmləməliyik.

Efesdəki məsihilər vaxtlarından düzgün istifadə etməyə təşviq olunurdular (17-ci abzasa baxın)


18. Donald vaxtından düzgün istifadə etmək üçün hansı addımları atmışdı?

18 Yehovaya daha çox xidmət etmək üçün fürsətlər axtarın. Cənubi Afrikada yaşayan Donald belə də etmişdi. O deyir: «Öz vəziyyətimi nəzərdən keçirdim və daha çox xidmət edə bilmək üçün Yehovaya yalvarıb kömək istədim. Ondan xahiş elədim ki, daha çox xidmət etməyimə mane olmayacaq münasib bir iş tapım. Yehovanın köməyi ilə belə bir iş tapdım. Beləcə, həyat yoldaşımla birgə tamvaxtlı xidmətə başladıq».

19. «Nur övladları kimi» yaşamağa davam etmək üçün nə edə bilərik?

19 Bulusun efeslilərə yazdığı məktub sözsüz ki, onlara Yehovaya sadiq qalmağa kömək etmişdi. Allahdan ilham almış bu məktub bizə də kömək edə bilər. Öyrəndiyimiz kimi bunun sayəsində əyləncə və dost seçimində müdrik davrana bilərik. Həmçinin bu məktub bizi müntəzəm olaraq Müqəddəs Kitabı araşdırmağa və beləcə, nurun işığında yaşamağa təşviq edir. Həm də bizə özümüzdə yaxşı keyfiyyətləri yetişdirməyə kömək edən müqəddəs ruhun vacibliyini xatırladır. Həvari Bulusun yazdıqlarını tətbiq etməklə Yehovanın düşüncəsinə uyğun qərarlar verə biləcəyik. Beləcə, bu dünyanın zülmətindən uzaq durub, nurun işığında qala biləcəyik.

NECƏ CAVAB VERƏRDİNİZ?

  • Efeslilərə 5:8 ayəsindəki «zülmət» və «nur» ifadələri hansı mənanı daşıyır?

  • «Zülmət»dən necə çıxa bilərik?

  • Nəyin sayəsində «nur övladları kimi» yaşamağa davam edə bilərik?

NƏĞMƏ 95 Həqiqət nuru parlayır

a Bəzi adlar şərtidir.

b ŞƏKLİN İZAHI. Şəkildə həvari Bulusun efeslilərə yazdığı məktubun qədim nüsxəsi təsvir olunub.