Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 3

NƏĞMƏ 124 Sədaqətli olaq

Çətin vaxtlarımızda dayağımız Yehovadır

Çətin vaxtlarımızda dayağımız Yehovadır

«[Yehova] sənin dövrünün səbatıdır» (ƏŞY. 33:6).

ƏSAS FİKİR

Çətin anlarımızda Yehovanın köməyini necə görə bilərik?

1, 2. Yehovanın sadiq xidmətçiləri hansı çətinliklərlə üzləşir?

 FACİƏ bir gecənin içində insanın həyatını alt-üst edə bilər. Məsələn, Yehovaya sədaqətlə xidmət edən Luis a qardaşa xərçəng diaqnozu qoyulur. Həkim ona bir neçə ay ömrü qaldığını söyləyir. Monika bacı yoldaşı ilə birgə Yehovaya fəal xidmət edirdi. Bir gün Monika öyrənir ki, ağsaqqal kimi xidmət edən yoldaşı illərdir gizlincə günah işləyirmiş. Oliviya adlı subay bir bacı yaxınlaşan güclü fırtınaya görə evindən təxliyə olunur. Geri qayıdanda görür ki, evi darmadağın olub. Luisin, Monikanın və Oliviyanın həyatı bir anın içində kökündən dəyişir. Onların yaşadıqları sizə tanışdır? Həyatınızı qəfil alt-üst edən hansısa hadisə ilə üzləşmisiniz?

2 Biz Yehovanın sadiq xidmətçiləri olsaq da, hamı kimi həyatda çətinliklərlə üzləşirik, xəstələnirik. Bundan savayı, Allahın xalqına nifrət edən insanlar bizi təqib edirlər. Düzdür, Yehova bu gün bizi bu kimi bəlalardan qorumur, amma O bizə kömək edəcəyinə söz verir (Əşy. 41:10). Onun köməyi ilə sevincimizi qoruyacağıq, düzgün qərarlar verəcəyik və hətta həyatımızın ən çətin anlarında belə sadiq qalacağıq. Bu məqalədən öyrənəcəyik ki, başımızın üstünü qara buludlar alanda Yehova hansı dörd yolla bizə kömək edir və Onun köməyindən yararlanmaq üçün nə etməliyik.

YEHOVA SİZİ QORUYACAQ

3. Faciəvi hadisə ilə üzləşəndə nə etmək bizə çətin ola bilər?

3 Bizə nə çətin ola bilər? Faciə ilə üzləşəndə aydın düşünmək, qərar vermək çətin ola bilər. Çünki elə anlarda ürəyimiz qan ağlayır, fikirdən özümüzə yer tapa bilmirik. Sanki dumanın içindəyik, yolumuzu azmışıq. Görün bayaq adları çəkilən iki bacı başlarına bəla gələn zaman hansı hissləri keçirmişdi. Oliviya deyir: «Qasırğa evimi darmadağın edəndən sonra özümü çarəsiz hiss edirdim, nə edəcəyimi bilmirdim». Monika isə ərinin xəyanəti ilə bağlı belə deyir: «Çox məyus olmuşdum. Elə bil içimdə nəsə qırıldı. Güclü ağrı hiss edirdim. Əlim-ayağım iş tutmurdu. Ağlıma gəlməyən şey başıma gəldi». Belə çarəsiz anlarımızda Yehova bizə necə kömək edəcəyinə söz verir?

4. Filippililərə 4:6, 7 ayələrinə əsasən Yehova bizə nə vəd verir?

4 Yehova necə kömək edir? O bizə Öz sülhünü verəcəyini vəd edir. (Filippililərə 4:6, 7 ayələrini oxuyun.) Allahın sülhü Onunla möhkəm dostluqdan qaynaqlanan sakitlik və hüzur hissidir. Bu sülh «hər bir ağıldan üstün»dür, ağlımıza gəlməyəcək qədər heyrətamizdir. Heç olub ki, Yehovaya durmadan dua etmisiniz, sonra da daxilinizdə qeyri-adi bir sakitlik duymusunuz? Bax bu, Allahın sülhüdür.

5. Allahın sülhü ürəyimizi və fikirlərimizi necə qoruyur?

5 Filippililərə 4:6, 7 ayələrində həm də deyilir ki, Allahın sülhü sizin «ürəyinizi və fikirlərinizi... qoruyacaq». Orijinal mətndə «qoruyacaq» ifadəsi hərbi termindir. Bu ifadə əsgərlərin şəhəri hücumlardan qorumasına aid işlənirdi. Mühafizədə olan şəhər sakinləri rahat yatırdılar, bilirdilər ki, darvazada onların keşiyini çəkən əsgərlər var. Eynilə Allahın sülhü ürəyimizi və fikirlərimizi qoruyanda sakit, arxayın oluruq (Zəb. 4:8). Hənnə kimi bizim də vəziyyətimiz dərhal dəyişməsə də, yenə də ürəyimiz rahat olur (1 İşm. 1:16—18). İnsan sakit olanda isə ona aydın düşünmək, düzgün qərarlar vermək daha asan olur.

Allahın sülhü ürəyinizi və fikirlərinizi qoruyanadək dua edin (4—6 abzaslara baxın)


6. Allahın sülhündən yararlanmaq üçün nə edə bilərik? (Həmçinin şəklə baxın.)

6 Bizim öhdəmizə nə düşür? Narahatlıq keçirəndə siz də «keşikçiləri» çağırın. Bunu necə etmək olar? Daxilinizdə Allahın sülhünü duyana qədər dua edin (Luka 11:9; 1 Salon. 5:17). Bayaq adı çəkilən Luis ömrünə bir neçə ayın qaldığını biləndə yoldaşı Anna ilə bu dərdə necə dözdükləri barədə deyir: «Belə məqamda sağlamlıqla və digər məsələlərlə bağlı qərar vermək hədsiz çətin olur. Amma həmin anlarımızda biz yalnız duanın sayəsində sakitlik tapdıq». Luislə yoldaşı durmadan, hərarətlə Yehovaya dua edirdilər, Allaha yalvarırdılar ki, onlara qəlb rahatlığı, sakitlik və düzgün qərarlar vermək üçün hikmət versin. Onlar Yehovanın kömək əlini gördülər. Əgər siz də müsibətli anlar yaşayırsınızsa, durmadan dua edin. Onda Yehovanın sülhünün ürəyinizi və fikirlərinizi qoruduğunu duyacaqsınız (Rom. 12:12).

YEHOVA SİZİ SARSILMAĞA QOYMAYACAQ

7. Çətin sınaqla üzləşəndə hansı hissi keçirə bilərik?

7 Bizə nə çətin ola bilər? Ciddi sınaqla üzləşəndə hisslərimiz, fikirlərimiz, davranışımız həmişəki kimi tarazlı olmaya bilər. Gəmini atıb tutan dalğalar kimi biz də həmin an qarışıq hisslər keçirə bilərik, bir hissdən o biri hissə düşə bilərik. Öncəki abzasda adı çəkilən Anna bildirir ki, Luisin ölümündən sonra bir-birindən fərqli hisslər keçirmişdi. O deyir: «Elə olurdu ki, daxilimdə boşluq hiss edirdim. Özümü yazıqlamağa başlayırdım, bəzən isə onun ölümü ilə barışmayıb qəzəblənirdim». Başqa vaxtlarda isə Anna özünü tənha hiss edirdi. Əvvəllər ərinin həll etdiyi məsələləri indi o, həll etməli idi. Bu isə Annanı hirsləndirirdi. Bəzən Annaya elə gəlirdi ki, fırtınalı dənizin ortasında çapalayır. Bu kimi hisslər bizi boğanda Yehova bizə necə kömək edir?

8. Əşiya 33:6 ayəsində də deyildiyi kimi Yehova bizi nəyə əmin edir?

8 Yehova necə kömək edir? Allah bizə səbatlı, yəni möhkəm qalmağa kömək edəcəyinə söz verir. (Əşiya 33:6 ayəsini oxuyun.) Gəmi fırtınaya düşəndə o yana bu yana bərk yırğalanmağa başlayır. Gəmini stabil saxlamaq üçün onun hər iki tərəfinə adətən sabitləyici qurğu quraşdırılır. Onlar gəminin bərk yırğalanmasının qarşısını xeyli alır. Bunun sayəsində gəmidəkilər daha təhlükəsizlikdə olur və səyahət rahat keçir. Adətən bu sabitləyici qurğuların gəmi hərəkətdə olanda daha çox köməyi dəyir. Eynilə biz də çətin anlarımızda xidmətimizi davam etdirsək, Yehova bizə sabit qalmağa kömək edəcək.

Axtarış vəsaitləri sizə sarsılmaz qalmağa kömək edəcək (8 və 9-cu abzaslara baxın)


9. Axtarış vəsaitlərimiz bizə tarazlığı qorumağa necə kömək edir? (Həmçinin şəklə baxın.)

9 Bizim öhdəmizə nə düşür? Güclü hisslər sizi çulğayanda çalışın ruhani işlərdən qalmayasınız. Düzdür, ola bilsin, bu işləri əvvəlki kimi görə bilməyəsiniz. Amma unutmayın, Yehova anlayışlı Allahdır. (Luka 21:1—4 ayələri ilə əlaqələndirin.) Həmçinin mütaliəyə və oxuduqlarınız üzərində dərin düşünməyə vaxt ayırın. Bu nə üçün lazımdır? Çünki Yehovanın təşkilatı vasitəsilə bizə verdiyi gözəl məqalələr, videolar çətin anlarımızda hisslərimizi cilovlamağa kömək edir. Sizə lazım olan məlumatı tapmaq üçün dilinizdə mövcud olan axtarış vəsaitlərindən istifadə edə bilərsiniz. Məsələn, «JW Library®» tətbiqindən, «Gözətçi qülləsi nəşrlərinin indeksi»ndən (türk.) və «Yehovanın Şahidlərinin nəşrləri üzrə axtarış» vəsaitindən istifadə edə bilərsiniz. Bayaq adı çəkilən Monika deyir ki, mənfi hisslər onu bürüyəndə məsləhət üçün bu axtarış vəsaitlərinə üz tuturdu. Məsələn, o, «qəzəb» sözünü yazıb axtarırdı. Başqa günlər isə «xəyanət», «sədaqət» sözlərini yazıb axtarırdı. Sonra isə tapdığı məlumatları özünü yaxşı hiss edənə qədər oxuyurdu. Bacı deyir: «Axtarış aparmağa başlayanda ürəyimdə kədər, narahatlıq olurdu. Amma tapdığım məqalələri oxuduqca Yehovanın məni bağrına basdığını hiss edirdim. Oxuya-oxuya dərk edirdim ki, Yehova mənim keçirdiyim bütün bu qarışıq hissləri başa düşür və mənə kömək edir». Yehova sizə də dalğalar sakitləşənə qədər sabit qalmağa kömək edəcək (Zəb. 119:143, 144).

YEHOVA SİZƏ ARXA OLACAQ

10. Sarsıdıcı hadisə nəticəsində hansı hissləri keçirə bilərik?

10 Bizə nə çətin ola bilər? Həyatdan zərbə alanda, ola bilsin, bəzi günlər özümüzü fiziki və mənəvi cəhətdən zəif hiss edək. Zədə almış idmançının keçirdiyi hissləri keçirə bilərik. O, əvvəllər sürətlə qaçardı, amma indi axsaya-axsaya gəzir. Ola bilər, əvvəllər asanlıqla etdiyimiz işlər indi bizə çətin gəlsin, ya da bir zamanlar həvəslə gördüyümüz işlərə indi həvəsimiz olmasın. Yaxud İlyas kimi yuxudan oyanmaq çətin ola bilər, elə hey yatmaq istəyərik (1 Pad. 19:5—7). Bəs Yehova bizə özümüzü gücsüz hiss edəndə necə kömək edir?

11. Yehova bizə başqa hansı yolla kömək edir? (Zəbur 94:18).

11 Yehova necə kömək edir? Yehova bizə arxa-dayaq olacağına söz verir. (Zəbur 94:18 ayəsini oxuyun.) Zədələnən idmançının hərəkət etməsi üçün köməyə ehtiyacı olur. Eynilə bizim də Yehovaya xidmətdə fəal olmaq üçün köməyə ehtiyacımız ola bilər. Belə anlarımızda Yehova bizə söz verib deyir: «Mən, Allahın Yehova sənin sağ əlindən tutmuşam, sənə deyirəm: “Qorxma! Sənə kömək edəcəyəm”» (Əşy. 41:13). Davud padşah bu köməyi öz həyatında duymuşdu. Sınaqlarla, düşmənlərin hədəsi ilə üzləşəndə o, Yehovaya demişdi: «Sağ əlin mənə dayaq olur» (Zəb. 18:35). Bəs Yehova bizə necə dayaq olur?

Ailənizin, dostlarınızın və ağsaqqalların köməyini qəbul edin (11—13 abzaslara baxın)


12. Özümüzü gücsüz hiss edəndə Yehova kimlərin vasitəsilə bizə kömək edə bilər?

12 Yehova çox vaxt başqalarının ürəyində bizə kömək etməyə həvəs oyadır. Bir dəfə Davud özünü gücsüz hiss edəndə dostu Yonatan onun yanına gəlib mənəvi cəhətdən ona dayaq olmuşdu, sözləri ilə ruhlandırmışdı (1 İşm. 23:16, 17). İlyasın yanına isə Yehova Əlyəsəni göndərmişdi. Əlyəsə ona müəyyən işlərdə kömək edirdi (1 Pad. 19:16, 21; 2 Pad. 2:2). Bu gün Yehova ailəmiz, dostlarımız və ya ağsaqqallar vasitəsilə bizə dayaq ola bilər. Amma bəzən güclü kədər hissi keçirəndə heç kəsi görmək istəmirik, istəyirik, tək qalaq. Bu, normal hisslərdir. Bəs Yehovanın dəstəyini duymaq üçün nə etməliyik?

13. Yehovanın köməyindən yararlanmaq üçün biz nə etməliyik? (Həmçinin şəklə baxın.)

13 Bizim öhdəmizə nə düşür? Təkliyə çəkilməmək üçün özünüzlə mübarizə aparın, çünki insan təkliyə çəkiləndə geniş düşünə bilmir. Fikri-zikri yalnız özündə və problemlərində olur. Bu, insanın verdiyi qərarlara da təsir edə bilər (Məs. 18:1). Əlbəttə, hamımızın tək qalmağa ehtiyac duyduğu anlar olur. Buna ən çox faciəvi hadisələrlə üzləşəndə ehtiyac duyuruq. Amma uzun müddət özümüzü təcrid etsək, onda Yehovanın bizə dayaq olmaq üçün göndərdiyi insanların əlini geri çevirmiş olarıq. Ona görə də nə qədər çətin olsa da, ailənizin, dostlarınızın, ağsaqqalların köməyini qəbul edin. Onlara Yehovanın sizə göndərdiyi kömək kimi baxın (Məs. 17:17; Əşy. 32:1, 2).

YEHOVA SİZƏ TƏSƏLLİ VERƏCƏK

14. Nə kimi vəziyyətlər bizi qorxuya sala bilər?

14 Bizə nə çətin ola bilər? Bəzən üzləşdiyimiz vəziyyətlərə görə ürəyimizdə qorxu ola bilər. Müqəddəs Kitabda Allahın sadiq xidmətçilərinin bəzən düşmənlərin təqibindən və ya başqa çətinliklərdən dolayı qorxduğu, təlaş keçirdiyi deyilir (Zəb. 18:4; 55:1, 5). Biz də məktəbdə, işdə, ailədə çətinliklərlə üzləşə bilərik, hökumət bizi təqib edə bilər, səhhətimiz ucbatından hətta ölümlə üz-üzə ola bilərik. Bu cür anlarda, ola bilsin, özümüzü balaca uşaq kimi köməksiz hiss edək. Bəs belə anlarda Yehova bizə necə kömək edir?

15. Zəbur 94:19 ayəsi bizi nəyə əmin edir?

15 Yehova necə kömək edir? Yehova bizə təsəlli verir, ovudur. (Zəbur 94:19 ayəsini oxuyun.) Bu məzmuru oxuyanda gözümüzdə sanki belə bir səhnə canlanır: balaca qızcığaz güclü fırtınadan qorxub yata bilmir. Sonra atası gəlib onu qucağına alır və qızcığaz yuxuya gedənə qədər onu qucağında saxlayır. Fırtına hələ davam etsə də, qız atasının qucağında özünü təhlükəsizlikdə hiss edir. Bizi təlaşa, qorxuya salan sınaqlarla üzləşəndə biz də səmavi Atamızın, məcazi dillə desək, bizi qucağına alıb sakitləşdirməsinə ehtiyac duyuruq. Bəs Yehovadan bu cür təsəllini necə ala bilərik?

Müqəddəs Kitabı oxuyaraq səmavi Atanızın verdiyi təsəllini duyun (15 və 16-cı abzaslara baxın)


16. Yehovanın təsəllisini duymaq üçün nə edə bilərik? (Həmçinin şəklə baxın.)

16 Bizim öhdəmizə nə düşür? Yehovaya dua edərək və Kəlamını oxuyaraq Onunla müntəzəm vaxt keçirin (Zəb. 77:1, 12—14). Əgər bunu özünüzdə vərdişə çevirsəniz, onda çətinliklərlə üzləşəndə ilk növbədə Yehovaya üz tutacaqsınız. Qorxularınızı, narahatlıqlarınızı Yehova ilə bölüşün. Yehovanın sizinlə danışması, sizə təsəlli verməsi üçün isə Onun Kəlamını oxuyun (Zəb. 119:28). Müqəddəs Kitabda elə ayələr var ki, qorxu hissi keçirəndə sizə qəlb rahatlığı verə bilər. Məsələn, siz «Əyyub», «Zəbur» və «Məsəllər» kitabını, eləcə də İsanın Mətta 6-cı fəsildə yazılmış sözlərini oxuyub ruhlana bilərsiniz. Yehovaya dua etdikcə, Kəlamını oxuduqca Onun təsəllisini duyacaqsınız.

17. Biz nəyə əminik?

17 Yehova həyatımızın qaranlıq günlərində həmişə yanımızda olacaq. Buna əmin ola bilərik. O bizi heç vaxt tək qoymayacaq (Zəb. 23:4; 94:14). Yehova söz verir ki, bizi qoruyacaq, sarsılmağa qoymayacaq, bizə arxa olacaq, təsəlli verəcək. Əşiya 26:3 ayəsində Yehova ilə bağlı deyilir: «Sənə tam bel bağlayanları hifz edərsən, onlara tükənməz sülh bəxş edərsən, çünki Sənə güvənirlər». Odur ki, Yehovaya güvənin, Onun köməyindən yararlanmaq üçün əlinizdən gələni edin. Belə etsəniz, çətin anlarınızda da yenidən güc əldə edəcəksiniz.

NECƏ CAVAB VERƏRDİNİZ?

  • Yehovanın köməyinə xüsusilə nə vaxt ehtiyac duyuruq?

  • Çətinliklər zamanı Yehova hansı dörd yolla bizə kömək edir?

  • Yehovanın köməyindən yararlanmaq üçün nə edə bilərik?

NƏĞMƏ 12 Uca Allah Yehova

a Bəzi adlar şərtidir.