Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 4

NƏĞMƏ 30 Allahım, Atam və Dostum

Yehova mehriban Allahdır

Yehova mehriban Allahdır

«Yehova çox [mehribandır]» (YAQ. 5:11).

ƏSAS FİKİR

Yehovanın məhəbbəti sayəsində Ona daha da yaxınlaşırıq, özümüzü təhlükəsizlikdə hiss edirik, heç nədən korluq çəkmirik və qüvvətlənirik.

1. Yehovanı ağlınızda necə canlandırırsınız?

 YEHOVANIN görünüşü necədir? Heç bu barədə düşünmüsünüz? Dua edəndə Onu ağlınızda necə canlandırırsınız? Yehova gözəgörünməz olsa da, Müqəddəs Kitab Onu müxtəlif cür təsvir edir. Yehova «günəş», «sipər», «yandırıb-yaxan alov» adlanır (Zəb. 84:11; İbr. 12:29). Onun hüzuru göy yaquta, şölə saçan qızılla gümüşə, parıltılı göy qurşağına bənzədilir (Hizq. 1:26—28). Yehovanın bu cür təsvir olunması insanı heyrətə gətirir, hətta lərzəyə salır.

2. Bəziləri nəyə görə Yehovaya yaxınlaşmaqda çətinlik çəkir?

2 Yehovanı görə bilmədiyimiz üçün Onun bizi sevdiyinə inanmaq çətin gələ bilər. Bəziləri düşünür ki, Yehova onları heç vaxt sevməz. Buna səbəb onların keçmişdə yaşadıqlarıdır. Ola bilsin, onlar heç vaxt ata sevgisi görməyiblər. Yehova hansı hissləri keçirdiyimizi və nəyə görə Ona yaxınlaşa bilmədiyimizi başa düşür. Ona görə Kəlamı vasitəsilə bizə necə gözəl, mehriban Allah olduğunu açıqlayır.

3. Nəyə görə Yehovanın məhəbbəti barədə daha geniş düşünməliyik?

3 Bir söz var ki, Yehovanı tam şəkildə ifadə edir: məhəbbət. Müqəddəs Kitabda deyilir: «Allah məhəbbətdir» (1 Yəh. 4:8). Yehovanın gördüyü hər bir işin arxasında məhəbbət durur. Onun məhəbbəti o qədər bol, o qədər güclüdür ki, təkcə Onu sevənlərə yox, Onu sevməyənlərə də bəs edir (Mət. 5:44, 45). Bu məqalədə Yehova və Onun məhəbbəti barədə daha geniş danışacağıq. Allahımızı daha yaxından tanıdıqca Ona sevgimiz artdıqca artacaq.

YEHOVA BİZİ ÇOX İSTƏYİR

4. Yehovanın mehriban olması sizə necə təsir edir? (Həmçinin şəklə baxın.)

4 «Yehova çox mehriban»dır (Yaq. 5:11). Müqəddəs Kitabda Yehovanın bizə məhəbbəti ana məhəbbətinə tən tutulur (Əşy. 66:12, 13). Körpə balasına qayğı göstərən ananı xəyalınızda canlandırın. O, körpəsini dizi üstündə oynadır, onunla mehriban, şirin-şirin danışır. Körpəsi ağlayanda, ya da ağrıyanda tez hayına çatır. Biz də qəlbimiz sızıldayanda Yehovanın məhəbbətinə arxalana bilərik. Məzmurçu yazmışdı: «Fikirlər məni çulğayanda mənə təsəlli verib ovutdun» (Zəb. 94:19).

«Ana oğlunu ovundurduğu kimi, Mən də sizi ovunduracağam» (4-cü abzasa baxın)


5. Yehovanın bol məhəbbətli, sədaqətli olması sizin üçün nə məna kəsb edir?

5 Yehovanın məhəbbəti boldur, O, sədaqətli Allahdır (Zəb. 103:8). Biz hansısa səhvə yol verəndə Yehova bizdən əlini üzmür. İsrail xalqı Yehovanı dəfələrlə məyus etmişdi. Amma onlar tövbə edəndə Yehova növbəti sözlərlə onlara sevgisini izhar etmişdi: «Mənə əziz oldun, səni şərəfləndirdim, səni sevdim» (Əşy. 43:4, 5). Yehova bizi də eyni dərəcədə sevir, buna həmişə əmin ola bilərik. Hətta ciddi səhvlər etsək də, O bizdən üz döndərməz. Tövbə edib Yehovaya geri dönsək, görəcəyik ki, Onun bizə sevgisi əvvəlki qədərdir. Yehova bizi «comərdliklə əfv» edəcəyinə söz verir (Əşy. 55:7). Müqəddəs Kitabda Yehovanın əfvi Ondan gələn «təravət mövsümü»nə bənzədilir (Həv. 3:19).

6. Zəkəriyyə 2:8 ayəsindən Yehova barədə nə öyrənirik?

6 Zəkəriyyə 2:8 ayəsini oxuyun. Yehova bizi Özünün göz bəbəyinə bənzədir. Göz bədənin həssas və çox dəyərli bir üzvüdür. Buna görə də Yehova sanki bizə belə deyir: «Ey xalqım, sizi incidən Mənim üçün çox dəyərli bir şeyi incitmiş olur». Yehova bizi sevdiyi üçün keçirdiyimiz hisslər Onun gözündən yayınmır, O bizi qorumaq istəyir. Biz kədərlənəndə Yehova da kədərlənir. Ona görə də əminliklə bu cür dua edə bilərik: «Məni göz bəbəyin kimi qoru» (Zəb. 17:8).

7. Yehovanın sevgisinə olan əminliyimizi nəyə görə möhkəmləndirməliyik?

7 Yehova sizi şəxsən sevir, O buna əmin olmağınızı istəyir. Amma Yehova bilir ki, keçmişdə başınıza gələnlərə görə ürəyinizdə Onun sevgisinə şübhə ola bilər. Ya da ola bilsin, indi üzləşdiyiniz hansısa vəziyyət Yehovanın sevgisinə etibarınızı sınasın. Bəs Onun məhəbbətinə etibarınızı necə artıra bilərsiniz? Bunun üçün gəlin görək Yehova İsaya, məsh olunmuş məsihilərə və bizə məhəbbətini necə ifadə edir.

YEHOVA MƏHƏBBƏTİNİ NECƏ İFADƏ EDİR?

8. İsanı Atasının onu sevdiyinə nə əmin etmişdi?

8 Yehova milyardlarla il sevimli Oğlu ilə birgə vaxt keçirib. Bu illər ərzində aralarında möhkəm məhəbbət yaranıb. Onların münasibəti Kainatdakı ən qədim münasibətdir. Mətta 17:5 ayəsindən oxuduğumuz kimi Yehova aydın şəkildə İsanı sevdiyini bildirmişdi. Yehova istəsəydi, sadəcə belə deyə bilərdi: «Mən ondan razıyam». Amma O, İsanı «Mənim sevimli Oğlum» adlandırmışdı, çünki onu nə qədər çox sevdiyini bilməyimizi istəyirdi. Yehova İsa ilə fəxr edirdi, onun tezliklə atacağı addıma görə qürur duyurdu (Efes. 1:7). İsa Atasının sevgisinə zərrə qədər də şübhə etmirdi. İsa üçün Yehovanın məhəbbəti o qədər gerçək idi ki, bunu ürəyinin dərinliyinə kimi hiss edirdi. Buna görə də Atasının onu sevdiyini dəfələrlə demişdi (Yəh. 3:35; 10:17; 17:24).

9. Yehovanın məsh olunmuşları sevdiyini hansı ifadə göstərir? İzah edin (Romalılara 5:5).

9 Yehova məsh olunmuş məsihiləri də sevdiyini bildirib. (Romalılara 5:5 ayəsini oxuyun.) Müqəddəs Kitabın bir izahlı lüğətində «dolmuşdur» sözü «çaytək üstümüzə axmışdır» kimi verilib. Bu ifadə Yehovanın məsh olunmuş məsihilərə sevgisinin bolluğunu necə də gözəl təsvir edir! Məsh olunmuşlar Allah tərəfindən sevildiklərini bilirlər (Yhd. 1). Həvari Yəhya növbəti sözləri yazarkən onların hisslərini ifadə etmişdi: «Görün Atamız bizə necə də böyük məhəbbət bəxş edib ki, biz Onun övladları adlanırıq!» (1 Yəh. 3:1). Bəs Yehova təkcə məsh olunmuşları sevir? Xeyr. O hamımıza sevgisini sübut edib.

10. Yehovanın bizə olan məhəbbətinin ən böyük isbatı nədir?

10 Yehovanın məhəbbətinin ən böyük isbatı nədir? Fidyə. Bu, Kainatdakı ən böyük məhəbbətin təcəssümüdür (Yəh. 3:16; Rom. 5:8). Yehova bütün insanların günahlarının bağışlanması və Onunla dost olması üçün Ona əziz olan Oğlunun ölməsinə razı oldu (1 Yəh. 4:10). Yehovanın və İsanın necə böyük bir dəyər ödədiyi barədə düşündükcə onların hər birimizi nə qədər çox sevdiyini daha aydın başa düşürük (Qal. 2:20). Yehova fidyəni sırf ədalətinin bunu tələb etdiyi üçün təmin etməmişdi. Bu, məhəbbətdən irəli gələrək verilmiş hədiyyə idi. Yehova Onun üçün ən əziz olan varlığı, İsa Məsihi qurban verməklə bizi nə qədər çox sevdiyini sübut etdi. O bizdən ötrü Oğlunun əzab çəkməsinə və ölməsinə izin verdi.

11. Ərəmya 31:3 ayəsindən nə öyrənirik?

11 Gördüyümüz kimi Yehova hisslərini gizlətmir. O, açıq-aşkar bizə olan məhəbbətini bildirir. (Ərəmya 31:3 ayəsini oxuyun.) Sevgidən irəli gələrək Yehova bizi Özünə tərəf çəkir. (Qanunun təkrarı 7:7, 8 ayələri ilə əlaqələndirin.) Heç kim və heç nə bizi Onun məhəbbətindən ayıra bilməz (Rom. 8:38, 39). Bəs Yehovanın sevgisi sizdə hansı hissləri yaradır? Zəbur 23-cü məzmuru oxuyun. Görün Yehovanın sevgisi və nəvazişi Davudda hansı hisslər yaratmışdı və bizim hər birimizdə hansı hissləri yarada bilər.

YEHOVANIN MƏHƏBBƏTİ BİZƏ NECƏ TƏSİR EDİR?

12. Zəbur 23-cü məzmurda nədən danışılır?

12 Zəbur 23:1—6 ayələrini oxuyun. 23-cü məzmurda Davud Yehovanın onu sevdiyinə, onun qayğısına qaldığına olan əminliyini ifadə edir. O bu məzmurda Yehovanı «Çobanım» adlandırır. Onunla arasındakı möhkəm dostluq tellərindən danışır. Davud Yehovanın onu yönləndirməsinə izin verməklə özünü təhlükəsizlikdə hiss edirdi. O, tamamilə Yehovaya bel bağlayırdı. Davud hər gün Yehovanın məhəbbətini duyacağına əmin idi. Bu əminlik onda haradan idi?

13. Davud Yehovanın qayğısına nəyə görə əmin idi?

13 «Möhtac olmaram». Davud heç nədən korluq çəkmirdi. Çünki Yehova onun zəruri ehtiyaclarını həmişə ödəyirdi. Davud bilirdi ki, Yehova kimi dostu var və Yehova ondan razıdır. Buna görə də gələcəkdə nə baş verir versin, Davud Yehovanın bundan sonra da onun qeydinə qalacağına əmin idi. Davudun Yehovanın məhəbbətinə olan etibarı keçirdiyi narahatlıqlardan daha güclü idi. Bu da ona xoşbəxtlik və qəlb rahatlığı verirdi (Zəb. 16:11).

14. Yehova qayğımıza necə qalır?

14 Yehova bizim də qayğımıza qalır, xüsusilə də başımıza pis şeylər gələndə. 20 ildən çoxdur ki, Beyteldə xidmət edən Kler a bacının hadisəsinə baxaq. Onun ailəsi ard-arda problemlərlə üzləşmişdi. Atası iflic olmuşdu, bacılarından biri yığıncaqdan kənar edilmişdi. Bu, azmış kimi, ailəsi kiçik biznesini itirmişdi, üstəlik, bank onların evini müsadirə etmişdi. Kler bacı nə edəcəyini bilmirdi, özünü çarəsiz hiss edirdi. Bəs Yehova onların qayğısına qaldığını necə göstərdi? Kler bacı deyir: «Yehova hər gün ailəmin zəruri ehtiyaclarını təmin edirdi. Dəfələrlə olub ki, O bizim ehtiyaclarımızı artıqlaması ilə ödəyib. Tez-tez Yehovanın bizə kömək etdiyi vaxtlar barədə düşünürəm. Onun məhəbbətlə bizim qayğımıza necə qaldığını heç vaxt unutmaram. Bu hadisələr mənə üzləşdiyim digər çətinliklərdən də keçməyə kömək etdi».

15. Davud nəyin sayəsində qüvvətlənmişdi? (Həmçinin şəklə baxın.)

15 «Canıma qüvvət verir». Davud yaşadığı problemlər, üzləşdiyi sınaqlar ucbatından hərdən məyus olurdu (Zəb. 18:4—6). Amma Yehovanın məhəbbəti, qayğısı ona qüvvət verirdi. Yehova problemlərdən təngə gəlmiş dostunu «yaşıl otlaqlarda dincəldir», «yaxşı suvarılan sakit yerlərə aparır»dı. Bunun sayəsində Davud yenidən güc toplayıb Yehovaya xidmətini davam etdirə bilirdi (Zəb. 18:28—32).

Davud çox məyus olsa da, Yehovanın məhəbbəti və qayğısı onun canına qüvvət verdi (15-ci abzasa baxın)


16. Yehovanın məhəbbəti sizi necə qüvvətləndirir?

16 Biz də sınaqlarla, çətinliklərə üzləşəndə «Yehovanın məhəbbəti» sayəsində dözə bilirik (Mərs. 3:22; Kol. 1:11). Reyçel bacının hadisəsinə baxaq. COVID-19 pandemiyası vaxtı əri bacını atıb getmişdi və Yehovadan üz döndərmişdi. Bu hadisə bacını çox sarsıtmışdı. Bəs Yehova bacının qayğısına necə qaldı? Reyçel deyir: «Yehova sevildiyimi hiss etdirdi. O, bacı-qardaşlar vasitəsilə mənə kömək etdi: onlar mənimlə vaxt keçirirdilər, mənə yemək gətirirdilər, ruhlandırıcı mesajlar, ayələr göndərirdilər, məni görəndə gülümsəyirdilər və Yehovanın qayğıma qaldığını daima xatırladırdılar. Bu cür qayğıkeş, mehriban ailəyə görə Yehovaya həmişə minnətdarlığımı bildirirəm».

17. Nəyə görə Davudu heç nə qorxutmurdu?

17 «Heç nə məni qorxutmur, çünki Sən mənimləsən». Davudun həyatı tez-tez təhlükədə olurdu. Onun çoxlu güclü düşmənləri var idi. Amma Yehovanın məhəbbəti sayəsində o özünü təhlükəsizlikdə hiss edirdi. Davud Yehovanın hər vəziyyətdə onunla olduğunu hiss edirdi, buna görə də ürəyi rahat idi. Elə bu səbəbdən o demişdi: «[Yehova] məni bütün qorxulardan azad etdi» (Zəb. 34:4). Davudun qorxuları əbəs yerə deyildi. Amma Yehovanın məhəbbəti sayəsində o bu qorxularına qalib gəldi.

18. Qorxu keçirəndə Yehovanın məhəbbətinə əminliyiniz sizi necə möhkəmləndirə bilər?

18 Bəs bizi qorxuya salan vəziyyətlərlə üzləşəndə Yehovanın sevgisinə olan əminliyimiz bizə necə güc verir? Suzi adlı öncül bacının hadisəsinə baxaq. Bacının oğlu intihar etmişdi. Bu faciəvi hadisə ona və ərinə hansı hissləri yaşatmışdı? Bacı deyir: «Həyatında qəfil faciə baş verəndə insan çox sarsılır, əli-qolu yanına düşür, özünü çarəsiz hiss edir. Amma Yehovanın məhəbbəti sayəsində özümüzü sanki Onun qanadları altında hiss etdik». Yuxarıda adı çəkilən Reyçel bölüşür: «Bir gecə ürəyim dəhşətli dərəcədə ağrımağa başladı. Çox narahat idim, qorxurdum. Hayqıraraq Yehovaya dua etdim. Ana uşağını sakitləşdirdiyi kimi Yehova da o dəqiqə məni ovutdu, ürəyimə sakitlik verdi. Beləcə, yata bildim. Həmin an heç vaxt yadımdan çıxmaz». Tasos adlı ağsaqqal isə hərbi xidmətdən imtina etdiyi üçün dörd il idi ki, həbsdə idi. Bəs qardaş Yehovanın məhəbbətini, qayğısını necə hiss etdi? Tasos deyir: «Yehova bütün ehtiyaclarımı artıqlaması ilə ödədi. Bu mənim Yehovaya tam etibar etmək qətiyyətimi möhkəmləndirdi. Həmçinin Yehova müqəddəs ruhu ilə mənə həbsxana kimi bir mühitdə sevincimi qorumağa kömək etdi. Bu məni əmin etdi ki, Yehova ilə nə qədər çox əməkdaşlıq etsəm, Onun kəramətini bir o qədər çox dadacağam. Beləcə, həbsdə ola-ola öncül xidmətinə başladım».

MEHRİBAN ALLAH YEHOVAYA YAXINLAŞIN

19. a) Yehovanın bizi sevdiyini bilmək dualarımıza necə təsir edəcək? b) Yehovanın məhəbbəti ilə bağlı hansı təsvir sizə xüsusilə təsir etdi? (« Yehovanın məhəbbətinin istiliyini duymağa kömək edən ayələr» adlı çərçivəyə baxın.)

19 Bütün bu hadisələr sübut edir ki, «məhəbbət... Allahı» Yehova bizimlədir! (2 Kor. 13:11). O bizimlə şəxsən maraqlanır. Əminik ki, Onun məhəbbəti bizi əhatə edir (Zəb. 32:10). Yehovanın sevgisini hansı yollarla göstərdiyi barədə daha çox düşünsək, qayğımıza qaldığına daha da əmin olacağıq, özümüzü Ona yaxın hiss edəcəyik. Biz Yehovaya çəkinmədən dua edə bilərik, sevgisinə nə qədər ehtiyac duyduğumuzu deyə bilərik. Bütün narahatlıqlarımızı Onunla bölüşə bilərik, çünki əminik ki, O bizi başa düşür və bizə kömək etmək istəyir (Zəb. 145:18, 19).

20. Yehovanın məhəbbəti bizi Ona necə yaxınlaşdırır?

20 Soyuq havada ocaq bizi isitdiyi kimi çətinliklərlə, sınaqlarla üzləşəndə də Yehovanın məhəbbəti qəlbimizi isindirir. O bizi ovudur, bizə qəlb rahatlığı verir, odur ki, sevinin! Onun məhəbbətinin qarşılığında siz də belə deyin: «Yehovanı sevirəm»! (Zəb. 116:1).

NECƏ CAVAB VERƏRDİNİZ?

  • Yehovanın məhəbbəti nəyə bənzəyir?

  • Yehovanın sizi çox istədiyinə nəyə görə əmin ola bilərsiniz?

  • Yehovanın məhəbbəti sizə necə təsir edir?

NƏĞMƏ 108 Allahın sevgisi

a Bəzi adlar şərtidir.