TƏLİM MƏQALƏSİ 1
NƏĞMƏ 38 Allah səni güclü edəcək
Yehovaya etibar et, qorxuya qalib gəl
2024-CÜ İLİN AYƏSİ: «Məni qorxu bürüyəndə Sənə güvənirəm» (ZƏB. 56:3).
ƏSAS FİKİR
Yehovaya etibarı möhkəmləndirməyin və qorxuya üstün gəlməyin yollarını öyrənin.
1. Nələr bizi qorxuya sala bilər?
QORXU hissi hər kəsdə olur. Lakin Müqəddəs Kitabı öyrəndiyimiz üçün biz artıq ölülərdən, fövqəltəbii qüvvələrdən, gələcəkdən qorxmuruq. Bununla belə, yaşadığımız bu dövrdə biz «dəhşətli mənzərələrin» — müharibələrin, xəstəliklərin və cinayətkarlığın şahidi oluruq (Luka 21:11). Həmçinin bizdə insan qorxusu da olur, məsələn, ibadətimizə qarşı çıxdıqları üçün hökumətdən və ya ailə üzvlərimizdən qorxuruq. Bəziləri isə indiki, ya da gələcəkdəki sınaqlara tab gətirə bilməyəcəyindən qorxur.
2. Davudun Catda başına gələnləri təsvir edin.
2 Qorxunun nə olduğunu Davud peyğəmbər də yaxşı bilirdi. Məsələn, Talut padşah onun izinə düşüb öldürmək istəyirdi. Buna görə də Davud canını götürüb filiştlilərin Cat şəhərinə qaçmışdı. Çox keçməmiş orada da Cat padşahı Axış öyrənmişdi ki, Davud igid döyüşçüdür, hətta on minlərlə filiştlini qırması ilə bağlı onun adına nəğmə bəstələnib. Davud bundan bərk qorxmuşdu, çünki Axışın ona nə edəcəyini bilmirdi (1 İşm. 21:10—12). Bəs Davud qorxularına necə qalib gəldi?
3. Zəbur 56:1—3, 11 ayələrinə əsasən Davud qorxularına necə qalib gəldi?
3 56-cı məzmurda Davud Catda olarkən keçirdiyi hissləri ifadə edir. O bu məzmurda qorxusunun səbəbini və buna necə üstün gəldiyini açıqlayır. Davudun ürəyində qorxu olsa da, o, Yehovaya etibar edirdi. (Zəbur 56:1—3, 11 ayələrini oxuyun.) Bu, əbəs yerə deyildi. Yehovanın köməyi ilə o, qeyri-adi, amma işə yarayan bir fənd işlətdi: özünü dəliliyə vurdu. Bayaq Davudu öldürmək istəyən Axış indi onu önündən qovur, beləcə, Davud canını qurtarır (1 İşm. 21:13—22:1).
4. Yehovaya etibarımızı necə möhkəmləndirə bilərik? Nümunə çəkin.
4 Yehovaya etibar etməyin sayəsində biz də qorxuya qalib gələ bilərik. Bəs xüsusilə də qorxduğumuz anlarda Yehovaya etibarımızı necə möhkəmləndirə bilərik? Belə bir nümunəyə baxaq: Hansısa xəstəliyə tutulduğunuzu bilsəniz, bəlkə də əvvəl-əvvəl qorxarsınız. Amma həkiminizə etibar edirsinizsə, bir az sakitləşəcəksiniz. Ola bilsin, həkiminiz sizin kimi çox pasiyenti sağaldıb. Görürsünüz ki, o sizə diqqətlə qulaq asır, hisslərinizi başa düşür və sizə sınaqdan keçmiş bir müalicə üsulu təklif edir. Eynilə biz də Yehovaya etibarımızı möhkəmləndirmək istəyiriksə, Onun keçmişdə və indi gördüyü işlər, həmçinin gələcəkdə görəcəyi işlər barədə düşünməliyik. Davud məhz belə etmişdi. Gəlin sizinlə 56-cı məzmurdan Davudun Yehovanın ilhamı ilə yazdığı bəzi fikirləri araşdıraq. Davuddan örnək alaraq Yehovaya etibarınızı artırıb qorxularınıza üstün gələ bilərsiniz. Gəlin görək necə.
YEHOVANIN KEÇMİŞDƏ GÖRDÜYÜ İŞLƏR
5. Qorxularına üstün gəlmək üçün Davud nə barədə düşünürdü? (Zəbur 56:12, 13).
5 Davudun həyatı təhlükə altında olsa belə, o, diqqətini Yehovanın keçmişdə gördüyü işlərə cəmləyirdi. (Zəbur 56:12, 13 ayələrini oxuyun.) Bu, Davudda artıq vərdişə çevrilmişdi. Məsələn, hərdən o, Yaradanın əl işləri barədə fikrə dalırdı. Beləcə, Onun nə qədər qüdrətli olduğuna və bəşəriyyəti sevdiyinə bir daha əmin olurdu (Zəb. 65:6—9). Həmçinin o, Allahın başqa insanlar üçün gördüyü işlər barədə də düşünürdü (Zəb. 31:19; 37:25, 26). Ən əsası isə Davud Yehovanın şəxsən onun üçün nələr etdiyi haqda fikirləşirdi. Yehova onu körpə vaxtından qorumuşdu, ona dayaq olmuşdu (Zəb. 22:9, 10). Sözsüz ki, bu cür düşüncələr Davudun Yehovaya etibarını daha da artırırdı.
6. Bizdə qorxu hissi baş qaldıranda Yehovaya etibar etməyə bizə nə kömək edəcək?
6 Sizi qorxu bürüyəndə bu sual üzərində düşünün: «Yehova keçmişdə hansı işləri görüb?» Onun yaratdıqlarına nəzər salın. Məsələn, güllərə, quşlara «fikir verin». Onlar Yehovanın bənzərində yaradılmasalar da, Ona ibadət edə bilməsələr də, Yehova onların qayğısına qalır. Məgər Yehova sizin qeydinizə daha çox qalmaz? Bu barədə düşünmək Allaha etibarınızı artıracaq (Mət. 6:25—32). Həmçinin Yehovanın Öz xidmətçiləri üçün nələr etdiyi barədə də düşünə bilərsiniz. Bunun üçün güclü iman göstərən hansısa personaj barədə, yaxud Yehovanın müasir dövrdə yaşamış xidmətçiləri barədə oxumaq olar a. Bundan başqa, Yehovanın şəxsən sizin qeydinizə necə qaldığını yadınıza salın. O sizin həqiqətə gəlməyinizə necə kömək edib? (Yəh. 6:44). Dualarınıza necə cavab verib? (1 Yəh. 5:14). Əziz Oğlunun fidyə qurbanlığı sayəsində hər gün hansı nemətləri əldə edirsiniz? (Efes. 1:7; İbr. 4:14—16).
7. Dənyal peyğəmbərin başına gələnlər Vanessaya qorxusuna üstün gəlməyə necə kömək etdi?
7 Haitidə yaşayan Vanessa b bacı üzləşdiyi bir vəziyyətdə çox qorxmuşdu. Yaşadığı ərazidə bir kişi hər gün ona zəng edirdi, mesaj yazırdı, bacını onunla cinsi münasibətdə olmağa məcbur edirdi. Vanessa ona konkret «yox» demişdi. Amma kişi ondan əl çəkmirdi, daha da aqressivləşmişdi və Vanessanı hədələyirdi. Bacı deyir: «Çox qorxurdum». Bəs Vanessa qorxularına necə üstün gəldi? O özünü qorumaq üçün müəyyən tədbirlər gördü. Bacı ağsaqqalların köməyi ilə məsələni polisin nəzərinə çatdırdı. Bundan əlavə, bacı Yehovanın keçmişdə Öz xidmətçilərini necə qoruduğunu yadına saldı. Vanessa deyir: «Ağlıma ilk gələn Dənyal peyğəmbər oldu. O, günahsız ola-ola ac şirlərin olduğu quyuya atılmışdı, amma Yehova onu qorumuşdu. Yehovaya dedim ki, “mən acizəm, Sən özün bu məsələni yoluna qoy. Qoy o adam daha mənim haqda fikirləşməsin”. Bundan sonra artıq ürəyimdə qorxu hissi olmadı» (Dən. 6:12—22).
YEHOVANIN İNDİ GÖRDÜYÜ İŞLƏR
8. Davud nəyə əmin idi? (Zəbur 56:8).
8 Catda olarkən Davudun həyatı təhlükə altında olsa da, o, təlaşa düşmədi, diqqətini Yehovanın həmin an onun üçün nələr etdiyinə cəmlədi. Davud Yehovanın ona yol göstərdiyini, onu müdafiə etdiyini, onu başa düşdüyünü hiss edirdi. (Zəbur 56:8 ayəsini oxuyun.) Həmçinin Davudun Yonatan, baş kahin Əximəlik kimi dostları var idi. Onlar ona ürək-dirək verir, lazımi köməyi göstərirdilər (1 İşm. 20:41, 42; 21:6, 8, 9). Üstəlik, Talut padşah Davudu öldürməyə nə qədər cəhd etsə də, Davud onun əlindən qurtula bilmişdi. Davud əmin idi ki, Yehova onun üzləşdiyi sınaqlardan, keçirdiyi hisslərdən agahdır.
9. Yehova hər birimizlə bağlı nələri bilir?
9 Sizi qorxuya salan sınaqla üzləşəndə yadda saxlayın ki, Yehova sizin hal-hazırda nələr yaşadığınızı, hansı hissləri keçirdiyinizi görür. Məsələn, Yehova israillilərin Misirdə təkcə hansı haqsızlıqlarla üzləşdiklərindən yox, «nə çəkdiklərindən» də agah idi (Çıx. 3:7). Davud oxuduğu məzmurda demişdi ki, Allah onun həm əzab-əziyyətini görür, həm də qəlbindəki dərdi bilir (Zəb. 31:7). Xalq hətta öz səhvlərinə görə əzab çəkəndə Yehova da onlarla birgə əzab çəkirdi (Əşy. 63:9). Siz qorxu keçirəndə Yehova sizi başa düşür, O, qorxularınıza qalib gəlməyinizə kömək etməyə hazırdır.
10. Yehovanın sizin qeydinizə qaldığına və istənilən çətinliyə tab gətirməyə kömək edəcəyinə nəyə görə əminsiniz?
10 Amma sizdə sual yarana bilər: «Görəsən, məni qorxuya salan sınaqla üzləşəndə Yehova mənə necə dayaq olur?» Yehovanın dəstəyini görmək üçün Ondan kömək istəyin (2 Pad. 6:15—17). Sonra isə düşünün: «Yığıncaqda hansısa nitq və ya şərh sizi möhkəmləndirib? Hansısa nəşr, video və ya mahnı sizi ruhlandırıb? Kimsə sizinlə ruhlandırıcı fikir və ya ayə bölüşüb?» Bacı-qardaşların sevgisini, aldığımız ruhani qidanın dəyərini bəzən unuduruq. Amma bunlar Yehovanın verdiyi bənzərsiz bəxşişlərdir (Əşy. 65:13; Mark 10:29, 30). Bunlar Yehovanın bizim qayğımıza qaldığını sübut edir (Əşy. 49:14—16). Həmçinin Onun etibara layiq olduğunu göstərir.
11. Aidə bacıya cəsur olmağa nə kömək etdi?
11 Seneqalda yaşayan Aidə bacı sınaq vaxtı Yehovanın dayağını duyub. Ailənin böyük uşağı olduğuna görə valideynləri onun pul qazanıb həm özünü, həm də onları dolandırmasını gözləyirdi. Amma Aidə öncül xidmətinə görə həyatını sadələşdirdi, ona görə də maddi cəhətdən sıxıntı çəkməyə başladı. Ailəsi ona çox əsəbi idi, ona olmazın sözlər deyirdi. Aidə deyir: «Qorxurdum ki, valideynlərimi dolandıra bilməyəcəyəm və hamı məndən üz döndərəcək. Hətta vəziyyətin bu yerə gəlib çatdığına görə Yehovanı günahlandırırdım». Sonra Aidə yığıncaqda bir nitqə qulaq asdı. O, sözünə əlavə edir: «Natiq vurğuladı ki, Yehova qəlbimizin bütün yaralarından agahdır. Ağsaqqalların və bacı-qardaşların məsləhətinin köməyi ilə get-gedə Yehovanın məhəbbətinə əminliyim möhkəmləndi. Artıq Yehovaya dua edəndə ürəyimdə güclü əminlik olurdu. Dualarıma cavab alanda isə qəlbimə rahatlıq çökürdü». Zamanla Aidə yaxşı bir iş tapdı. Beləcə, həm öncüllüyə davam edə bildi, həm də özünü və ailəsini maddi cəhətdən təmin edə bildi. O deyir: «Yehovaya tam şəkildə güvənməyi öyrəndim. İndi Ona dua edəndən sonra ürəyimdə qorxudan əsər-əlamət qalmır».
YEHOVANIN GƏLƏCƏKDƏ GÖRƏCƏYİ İŞLƏR
12. Zəbur 56:9 ayəsinə əsasən Davud nəyə əmin idi?
12 Zəbur 56:9 ayəsini oxuyun. Bu ayədə Davuda qorxularına üstün gəlməyə kömək edən başqa amil vurğulanır. Həyatı təhlükədə olan vaxt o, Yehovanın gələcəkdə onun üçün görəcəyi işlər barədə düşünürdü. Davud bilirdi ki, Yehova düz vaxtında onu xilas edəcək. Hər şeydən əvvəl Yehova onun İsrailin növbəti padşahı olacağını bəyan etmişdi (1 İşm. 16:1, 13). Davud əmin idi ki, Yehovanın bütün vədləri mütləq gerçəkləşəcək.
13. Yehovanın nə edəcəyindən arxayınıq?
13 Bəs Yehova bizə nə vəd edib? Bilirik ki yaşadığımız bu dünyada Yehova üzləşdiyimiz bütün problemləri aradan qaldırmır c. Bu şər dünyada hansı sınaqla üzləşiriksə üzləşək, Yehova gələcəkdə yeni dünyada onların hamısını yox edəcək (Əşy. 25:7—9). Yaradanımız ölüləri diriltməyə, xəstəliklərimizi, emosional yaralarımızı sağaltmağa və bizə qarşı çıxanları məhv etməyə qadirdir (1 Yəh. 4:4).
14. Nələr barədə düşünə bilərik?
14 Sizi qorxu bürüyəndə Yehovanın gələcəkdə sizin üçün edəcəyi işlər barədə düşünün. Artıq Şeytan olmayacaq, pis insanların əvəzinə saleh insanlar yaşayacaq, günü-gündən kamilliyə yaxınlaşacağıq. Həmin vaxt keçirəcəyiniz hissləri təsəvvür edin. 2014-cü ilin regional toplantısında ümidimiz barədə düşünməyin yolunu göstərən bir səhnəcik göstərilmişdi. Həmin səhnəcikdə ata 2 Timutiyə 3:1—5 ayələrini ailəsi ilə müzakirə etmişdi. O bu ayələrin Cənnətə aid işlənsə, necə fərqli səslənəcəyi ilə bağlı demişdi: «Yeni dünya ən xoşbəxt bir dövr olacaq. Çünki insanlar bir-birini sevən, ruhani şeyləri dəyərləndirən, sadə, həlim, Allaha alqış oxuyan, valideynlərinə itaət edən, minnətdar, vəfalı, doğmalarını sevən, üzüyola, başqaları haqda yaxşı şeylər danışan, özünə hakim olan, mülayim, yaxşılığı sevən, etibarlı, güzəştə gedən, təvazökar, eyş-işrətdən çox Allahı sevən, həqiqətən mömin olacaq. Belələrindən bərk yapış». Bəs siz ailənizlə və ya dindaşlarınızla yeni dünyada həyatın necə olacağını müzakirə edirsiniz?
15. Tanya qorxsa da, nəyin sayəsində sədaqətini qorudu?
15 Gələcəkdə alacağımız nemətlər barədə düşünmək Şimali Makedoniyada yaşayan Tanya bacıya qorxularına qalib gəlməyə kömək edib. Valideynləri onun Müqəddəs Kitabı öyrənməsinin qəti əleyhinə idilər. Tanya deyir: «Qorxduğum şeylər başıma gəldi. Hər yığıncaq görüşündən sonra anam məni döyürdü. Valideynlərim məni təhdid edirdilər ki, Yehovanın Şahidi olsam, məni öldürəcəklər». Axırda onlar Tanyanı evdən qovdular. Bəs Tanya nə etdi? O deyir: «Bilirdim ki, sadiq qalsam, əbədiyyən xoşbəxt olacağam. Yehova indi itirdiyim hər şeyin əvəzini yeni dünyada artıqlaması ilə verəcək və bütün pis xatirələrimi unudacağam. Çalışırdım, əsas bu barədə düşünüm». Tanya sədaqətini qorudu. Yehovanın köməyi ilə özünə qalmağa yer tapdı. O, ruhən yetkin bir qardaşla ailə qurdu və indi ikisi də tamvaxtlı xidmətdə Yehovaya sevinclə qulluq edirlər.
İNDİ YEHOVAYA ETİBARI MÖHKƏMLƏNDİRMƏYİN VAXTIDIR
16. Luka 21:26—28 ayələrində yazılan hadisələrin baş verdiyini görəndə bizə cəsur olmağa nə kömək edəcək?
16 Böyük müsibət zamanı insanlar «qorxudan... huşunu itirəcək». Amma Allahın xalqı mətin, cəsur dayanacaq. (Luka 21:26—28 ayələrini oxuyun.) Nəyə görə onlar qorxuya qapılmayacaq? Çünki artıq Yehovaya etibar etməyi öyrənmiş olacaqlar. Bayaq adı çəkilən Tanya bacıya keçmişdə yaşadıqlarının bu gün üzləşdiyi çətinliklər zamanı böyük köməyi dəyir. Tanya deyir: «Elə bir vəziyyət yoxdur ki, Yehova onu bizim xeyrimizə çevirə bilməsin. Bəzən bizə elə gələ bilər ki, vəziyyət başqalarının ixtiyarındadır. Amma əslində onlar Yehovanın yol verdiyi qədər ixtiyar sahibidirlər. Üzləşdiyimiz sınaq nə qədər çətin olsa da, bir gün sona çatacaq».
17. 2024-cü ilin ayəsi bizə hansı sahədə kömək edəcək? (Üz qabığındakı şəklə baxın.)
17 Bu gün bizi qorxuya salan çox şey var. Amma Davud kimi biz də qorxu hissinə üstün gələ bilərik. 2024-cü ilin ayəsi Davudun Yehovaya etdiyi duadır: «Məni qorxu bürüyəndə Sənə güvənirəm» (Zəb. 56:3). Bir Müqəddəs Kitab alimi bu ayə ilə bağlı belə sözlər demişdi: «Davud onu qorxudan vəziyyətlər, üzləşdiyi problemlər barədə çox düşünmürdü. O, Xilaskarı Allaha bel bağlayırdı». Qarşıdakı aylar ərzində, xüsusilə də sizi qorxuya salan vəziyyətlərlə üzləşəndə ilin ayəsi barədə düşünün. Vaxt ayırıb Yehovanın keçmişdə və indi gördüyü, həmçinin gələcəkdə görəcəyi işlər barədə fikirləşin. Onda Davud peyğəmbər kimi siz də deyəcəksiniz: «Allaha bel bağlamışam, qorxmuram» (Zəb. 56:4).
NÖVBƏTİ SAHƏLƏR BARƏDƏ DÜŞÜNMƏK QORXUYA ÜSTÜN GƏLMƏYİNİZƏ NECƏ KÖMƏK EDƏ BİLƏR?
-
Yehovanın keçmişdə gördüyü işlər
-
Yehovanın indi gördüyü işlər
-
Yehovanın gələcəkdə görəcəyi işlər
NƏĞMƏ 33 Qayğı yükünü Yehovaya ver
a jw.org saytının axtarış xanasına «iman örnəkləri», «əhvalatlar» və ya «həyat hekayələri» yazaraq imanı möhkəmləndirən məlumatlar əldə edə bilərsiniz. «JW Library®» tətbiqində isə «İman örnəkləri», yaxud «Yehovanın Şahidlərinin bioqrafiyaları» adlı silsilə məqalələrə daxil ola bilərsiniz.
b Bəzi adlar şərtidir.
d ŞƏKLİN İZAHI. Davud Yehovanın ona ayını öldürməyə güc verdiyini yadına salır. Hal-hazırda ona Əximəlik vasitəsilə dayaq olduğu, gələcəkdə isə onu padşah edəcəyi barədə düşünür.
e ŞƏKLİN İZAHI. İmanına görə həbsdə olan qardaş Yehovanın keçmişdə ona siqareti atmağa necə kömək etdiyini yadına salır, hal-hazırda yaxınlarının ruhlandırıcı məktubları vasitəsilə ona dayaq olduğu, gələcəkdə isə ona cənnətdə əbədi həyat bəxş edəcəyi barədə düşünür.