MÜQƏDDƏS KİTABIN BAXIŞI
İman
Bəzi insanlar dindar olduqlarını desə də, imanın nə demək olduğunu tam başa düşmürlər. Bəs iman nədir və nəyə görə iman sahibi olmalıyıq?
İman nədir?
İNSANLAR NƏ DEYİR?
Bəzi insanlar düşünür ki, imanlı olmaq sadəcə dini etiqadları qəbul etmək deməkdir. Bu etiqadların doğruluğuna əsaslı sübutlar olmasa da olar. Misal üçün, «Allaha inanıram» deyən dindar insana «Allaha nəyə görə inanırsan?» sualını versəniz, o, ehtimal ki, «çünki uşaqlıqdan məni belə böyüdüblər» və ya «özümü tanıyandan Allaha inanıram» deyəcək. Onda elə çıxır ki, imanlı olmaq hər deyilənə inanmaq deməkdir?
MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?
«İman ümid edilən şeylərin mütləq yerinə yetəcəyinə əminlikdir, gözlə görünməyən gerçəkliklərin sübutunu açıq-aşkar görməkdir» (İbranilərə 11:1). Nəyinsə yerinə yetəcəyinə əminliyin olması üçün əsaslı səbəblər olmalıdır. Orijinal dildə «əminlik» kimi tərcümə olunan söz sadəcə hisslərə və arzulara əsaslanmır. İman sübutlara əsaslanan əminliyi bildirir.
«Onun [Allahın] gözəgörünməz keyfiyyətləri: əbədi qüdrəti və ilahiliyi dünya yaranandan bəri aydın görünür, yaradılmış şeylər vasitəsilə dərk edilir» (Romalılara 1:20).
Nəyə görə iman sahibi olmalıyıq?
MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?
«İman etmədənsə Allahın razılığını qazanmaq mümkün deyil, çünki Allaha yaxınlaşan adam Onun varlığına və Onu cidd-cəhdlə axtaranlara mükafat verdiyinə inanmalıdır» (İbranilərə 11:6).
Yuxarıda qeyd olunduğu kimi, bir çox insanların Allaha inamı sadəcə olaraq aldıqları tərbiyə ilə bağlıdır. Amma Allah istəyir ki, Ona ibadət edən şəxs Onun varlığına və sevgisinə tam əmin olsun. Buna görə də Müqəddəs Kitab Allahı həqiqətən tanımaq üçün Onu cidd cəhdlə axtarmağın vacibliyini vurğulayır.
«Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq» (Yaqub 4:8).
İman sahibi olmaq üçün nə edə bilərik?
MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?
«İman insanda sözü eşidəndən sonra yaranır» (Romalılara 10:17). Allaha imanımızı artırmaq üçün ilk növbədə Müqəddəs Kitabın Onun haqqında dediklərini «eşitməliyik» (2 Timutiyə 3:16). Kəlamı araşdırmağımız sayəsində Allahla, Onun varlığına dair sübutlarla, Allahın bizi sınayıb-sınamadığı ilə və gələcəyə dair niyyəti ilə bağlı suallara əsaslı cavab tapacağıq.
Yehovanın Şahidləri sizinlə Allahın Kəlamını öyrənməyə hazırdırlar. Rəsmi saytımız olan jw.org saytında belə yazılıb: «Yehovanın Şahidləri Müqəddəs Yazıları başqalarına izah etməyi xoşlayırlar, lakin heç vaxt heç kimi dinlərini qəbul etməyə məcbur etmirlər. Bizim işimiz Müqəddəs Yazılarda deyilənləri insanlara çatdırmaqdan ibarətdir. Nəyi qəbul edib-etməmək qərarını insan özü verməlidir. Bu, onun şəxsi işidir».
Beləliklə, iman insanın əldə etdiyi sübutlara əsaslanmalıdır. Bunun üçün isə siz özünüz Müqəddəs Kitabdan oxuduqlarınızın doğru olub-olmadığını ölçüb biçməlisiniz. Belə etməklə siz birinci əsrdə yaşamış bəzi mömin insanlar kimi davranmış olacaqsınız. «Onlar Allahın sözünü böyük həvəslə qəbul etdilər. Eşitdiklərinin doğru olub-olmadığını yoxlamaq üçün Müqəddəs Yazıları hər gün diqqətlə araşdırırdılar» (Həvarilərin işləri 17:11).
«Əbədi həyat odur ki, Səni, tək gerçək Allahı və göndərdiyin İsa Məsihi tanısınlar» (Yəhya 17:3).