Kontentə keç

Mündəricatı göstər

Qida allergiyası və qida dözülməzliyi. Bunlar arasında hansı fərq var?

Qida allergiyası və qida dözülməzliyi. Bunlar arasında hansı fərq var?

Emeli: «Yediyim yerdə birdən halım pisləşdi, çəngəlimi yerə qoydum. Ağzımın içi qaşınmağa, dilim isə şişməyə başladı. Başım fırlanırdı, nəfəs ala bilmirdim. Qollarım, boynum səpdi. Özümü ələ almağa çalışdım, ancaq başa düşdüm ki, təcili həkimə getmək lazımdır».

ÜMUMİ götürdükdə hamı yeməkdən zövq alır. Amma elə insanlar var ki, bəzi qidalar onlar üçün əsl «düşməndir». Yuxarıda adı çəkilən Emeli kimi, belə insanların qida allergiyası var. Emelidə baş verən ağır allergik reaksiya anafilaktik şok adlanır və bu, insan həyatı üçün kəskin böhranlı vəziyyətdir. Xoşbəxtlikdən əksər qida allergiyaları bu dərəcədə ciddi deyil.

Son illər ərzində qida allergiyası və qida dözülməzliyindən şikayət edənlərin sayı artıb. Ancaq bəzi araşdırmalar göstərir ki, allergiyası olduğunu düşünən insanların yalnız az bir qismində bu xəstəlik aşkarlanıb.

Qida allergiyası nədir?

Həkim Cenifer Şneydr Çafenin rəhbərliyi altında bir qrup alimin «Amerika Tibb Birliyi» jurnalında dərc etdiyi hesabatda deyilir: «Qida allergiyasının ümumi qəbul olunmuş tərifi yoxdur». Bununla belə, əksər mütəxəssislərin fikrincə, allergik reaksiyalara əsas etibarilə immun sistemi səbəb olur.

Hansısa qidanın tərkibində olan zülal (antigen) allergik reaksiyaların yaranmasına gətirib çıxarır. İmmun sistemi yanlış olaraq həmin zülalı zərərli maddə kimi qəbul edir. Zülal orqanizmə daxil olarkən immun sistemi onu zərərsizləşdirmək üçün İgE adlanan anticisim yaradır. Əgər həmin qida antigeni yenidən orqanizmə daxil olursa, immun sisteminin artıq hazırladığı anticisimlər histaminin və digər kimyəvi maddələrin ifraz olunmasına səbəb olur.

Əslində, histamin immun sistemi üçün olduqca faydalıdır. Lakin məlum olmayan səbəblərə görə İgE adlı anticisimlər və histaminin ifrazı müəyyən qidanın zülallarına qarşı çox həssas olan insanlarda allergiya yaradır.

Məhz bu səbəbdən hansısa qidanı ilk dəfə qəbul edəndə allergiya zahirən aşkar edilməsə də, eyni qidanı yenidən qəbul edəndə bu, özünü açıq-aşkar göstərə bilər.

Qida dözülməzliyi nədir?

Qida allergiyası kimi, qida dözülməzliyi də orqanizmin hansısa qida maddəsinə qarşı əks reaksiyasıdır. Lakin qida allergiyasından fərqli olaraq, qida dözülməzliyi immun sistemində yox, həzm sistemində baş verən reaksiyadır və buna görə də bu zaman anticisimlər iştirak etmir. İnsanlarda bəzən həzmlə bağlı problemlər olur. Buna səbəb, orqanizmdə fermentlərin çatışmazlığı və ya qidada çətin həzm olunan kimyəvi maddələrin olmasıdır. Misal üçün, bağırsaq süd məhsullarında olan şəkər növünü həzm etmək üçün lazım olan fermentləri istehsal etməyəndə laktoza dözümsüzlüyü yaranır.

Qeyd olunduğu kimi, qida dözülməzliyi zamanı anticisimlər yaranmır. Bu səbəbdən qida dözülməzliyi insanda ilk dəfədən özünü göstərə bilər. Qida dözülməzliyi olan insanlar üçün qidanın miqdarı vacib rol oynayır: insan müəyyən qidanı az miqdarda qəbul edərsə, bədən buna tab gətirə bilir, problem həmin qida çox qəbul olunanda yaranır. Bundan fərqli olaraq, ağır qida allergiyası zamanı qidadan hətta kiçik miqdarda belə qəbul etmək həyati təhlükə yarada bilər.

Əlamətlər

Qida allergiyasının əlamətləri bunlardır: qaşınma, övrə, boğazın, gözlərin və dilin şişməsi, ürəkbulanma, qusma, ishal. Ən ağır növlərində isə qan təzyiqinin düşməsi, baş gicəllənməsi, ürəkgetmə və hətta ürək döyüntülərinin dayanması müşahidə olunur. Anafilaktik şok sürətlə inkişaf edə və insan həyatına son qoya bilər.

Allergiya demək olar ki, istənilən qida növünə qarşı yarana bilər. Ancaq ən çox yayılmış qida alergenlərinə süd, yumurta, balıq, xərçəngkimilər, yerfındığı, soya, çərəz və buğda daxildir. Allergiya insanda istənilən yaşda yarana bilər. Araşdırmalar göstərir ki, burada irsiyyət vacib rol oynayır. Əgər valideynlərinin birində və ya hər ikisində allergiya varsa, çox ehtimal ki, bu, onların övladlarında da müşahidə olunacaq. Amma əksər hallarda uşaqlar böyüdükdən sonra allergiyadan azad olur.

Ağır allergik reaksiyalardan fərqli olaraq, qida dözülməzliyinin əlamətləri o qədər də ciddi olmur. Qida dözülməzliyi insanda mədə ağrısı, köp, qaz, qıcolma, baş ağrısı, dəri səpgiləri, halsızlıq və insanın ümumilikdə özünü pis hiss etməsi ilə müşahidə olunur. İnsanda fərqli qida məhsullarına — buğdaya, qlütenə, spirtli içkiyə, mayaya, süd məhsullarına qarşı dözülməzlik yarana bilər.

Diaqnoz və müalicə

Əgər özünüzdə qida allergiyasının və ya qida dözülməzliyin olduğunu düşünürsünüzsə, yaxşı olardı ki, həkim müayinəsindən keçəsiniz. Özbaşına diaqnoz qoyub bəzi qidaları rasionunuzdan çıxartsanız, bu, orqanizminiz üçün zərərli ola bilər. Çünki belə olan halda orqanizminizi lazım olan qidalı maddələrdən məhrum etmiş olarsınız.

Əgər sizdə allergiyanın ağır növüdürsə, bunun əsas müalicə üsulu allergiyaya səbəb olan qidalardan tamamilə imtina etməkdir *. Yox əgər sizdə allergiya və ya qida dözülməzliyinin yüngül formasıdırsa, həmin qidaların miqdarını azaltmağın və gec-gec yeməyin sizə köməyi dəyə bilər. Lakin bəzən belə problemləri olan insanlar vəziyyətlərindən asılı olaraq, bu cür qidalardan müəyyən müddətlik və ya ümumiyyətlə imtina etmək məcburiyyətində qalır.

Əgər allergiyanız və ya qida dözülməzliyiniz varsa, əmin olun ki, belə vəziyyətdə olan bir çox insanlar bunun öhdəsindən gəlməyi bacarıblar və indi müxtəlif qidalı maddələr və dadlı yeməklər yeyə bilirlər.

^ abz. 19 Allergiyanın ağır növü olan insanlara adətən məsləhət görülür ki, özləri ilə içərisində adrenalin (epinefrin) olan qələm-iynə gəzdirsinlər və gözlənilmədən vəziyyətləri ağırlaşarsa, özlərinə vursunlar. Bəzi tibb mütəxəssisləri məsləhət görür ki, allergiyası olan uşaqların üzərində allergiyaları olduqlarını göstərən nəsə olsun ki, müəllimlər və tərbiyəçilər onların vəziyyətindən xəbərdar olsunlar.