ÜZ QABIĞINDAKI MÖVZU
Dil səddini aşırıq. Səhnəarxası məqamlar
«Bəzilərinin fikrincə, tərcümə kimi çətin iş yoxdur» (The Cambridge Encyclopedia of Language).
YEHOVANIN ŞAHİDLƏRİNİN dərc etdiyi nəşrlərin məzmunu qabaqcadan planlaşdırılır, məlumat toplanır və mətn yazılır. Nyu-Yorkda baş idarədə yerləşən Yazı şöbəsi bu məlumatların dəqiqliyini, mətnin düzgün və anlaşılan dildə yazıldığını yoxlayır *. Yalnız bundan sonra tərcümə işi başlanır.
Yazı şöbəsi mətni bütün dünyada olan yüzlərlə tərcümə qrupuna göndərir. Tərcüməçilərin əksəriyyəti tərcümə etdikləri dildə danışan insanların məskunlaşdığı ərazidə yaşayır. Onların çoxu mətni öz ana dilinə tərcümə edir. Tərcüməçilər məxəz (mətnin tərtib olunduğu dil) və hədəf (tərcümə etdikləri dil) dili yaxşı bilməlidir.
Tərcümə işi necə həyata keçirilir?
Britaniyada tərcüməçi kimi işləyən Gerant deyir: «Tərcümə qrup şəklində həyata keçirilir, buna görə də əməkdaşlıq çox vacibdir. Biz tərcümə zamanı yarana biləcək çətin məqamları müzakirə edir, ayrı-ayrılıqda sözlərə yox, söz birləşmələrinə diqqət yetiririk. İfadələrin mənaları və məqsədi üzərində yaxşıca düşünürük. Hər məqalədə tərcümə etdiyimiz dilin oxucularını nəzərə alırıq».
Bir tərcüməçi kimi məqsədiniz nədir?
«Biz çalışırıq elə tərcümə edək ki, oxucu mətnin sanki
onun öz ana dilində yazıldığını hiss etsin. Oxucu mətnin tərcümə olduğunu duymamalıdır. Buna nail olmaq üçün biz mətni təbii tərcümə etməyə çalışırıq. Bunun sayəsində oxucunun fikri yayınmayacaq və o, sanki dadlı yemək yeyirmiş kimi mətni böyük həvəslə oxuyacaq».Tərcümə etdiyiniz dildə danışan insanların arasında yaşamağın hansı üstün cəhəti var?
«Yerli camaatın arasında yaşamağın işimizə böyük köməyi dəyir, çünki ana dilimizi hər gün eşidirik. Üstəlik, bizim imkanımız olur ki, tərcümə etdiyimiz termin və ya ifadələrin yerli əhali üçün təbii, başa düşülən və münasib olub-olmadığını yoxlayaq. Bu bizə mətndəki fikirləri olduğu kimi çatdırmağa kömək edir».
Tərcümə işiniz necə təşkil olunub?
«Hər layihə üçün bir qrup təyin olunur. Tərcüməyə başlamazdan öncə qrupun hər bir üzvü ayrı-ayrılıqda mövzunu tam başa düşməyə çalışır, həmçinin məqalənin hansı üslubda və kimlər üçün yazıldığını müəyyən edir. Bu zaman tərcüməçi növbəti suallar üzərində düşünür: “Məqalənin məqsədi nədir? Oxucuya nəyi çatdırmaq istəyir?” Bunun sayəsində məqalə haqda aydın təsəvvürümüz formalaşır.
Sonra hər birimiz məqalə ilə bağlı fikir mübadiləsi apararaq bir-birimizin fikirlərindən yararlanırıq. Mətni tam başa düşmüşük? Mətndəki üslubu tərcümə etdiyimiz dildə necə verəcəyik? Məqsədimiz odur ki, məxəz dilin oxucusunun keçirdiyi hissləri hədəf dilin oxucusu da keçirsin».
Qrupun üzvləri bir-biri ilə necə əməkdaşlıq edir?
«Məqsədimiz odur ki, oxucu mətni ilk dəfədən başa düşsün. Buna nail olmaq üçün tərcümə etdiyimiz hər abzası bir neçə dəfə ucadan oxuyuruq.
Tərcüməçi abzasları tərcümə edib kompüterdə yazır. Biz onun yazdıqlarını öz kompüterinin ekranında görə bilirik. Diqqət yetiririk ki, tərcümə zamanı hansısa fikir buraxılmasın və ya əlavə olunmasın. Bundan əlavə, mətnin təbiiliyini, qrammatik qaydalara uyğun olub-olmadığını və sözlərin yazılışını yoxlayırıq. Sonra isə bir nəfər həmin abzası
ucadan oxuyur. Əgər o, oxuyan zaman duruxub qalırsa, bunun səbəbini tapmağa çalışırıq. Bütün məqalə tərcümə olunub qurtardıqdan sonra isə bir nəfər onu ucadan oxuyur, digərləri isə düzəlişə ehtiyac yaranan məqamları qeyd edir».Görünür işiniz çox çətindir!
«Hə, elədir. Günün sonunda yoruluruq. Buna görə də, səhərisi gün mətnə təmiz beyinlə yenidən baxırıq. Bir neçə həftə sonra Yazı Şöbəsi orijinal mətnin son versiyasını göndərir. Biz mətnin düzgün tərcümə olunduğuna əmin olmaq üçün yenidən oxuyuruq».
Hansı kompüter proqramlarından istifadə edirsiniz?
«Tərcümə işində kompüter insanı əvəz edə bilməz. Ancaq Yehovanın Şahidləri tərcümə işini sürətləndirməyə kömək edən proqramlar yaratmışlar. Onlardan biri tez-tez istifadə olunan termin və ifadələrin daxil olunduğu lüğətdir. Digər bir proqramın sayəsində isə artıq tərcümə olunmuş mətnləri tapa bilirik və bununla da tərcümə zamanı yaranan problemləri əvvəllər necə həll etdiyimizi görürük».
İşiniz haqda nə deyə bilərsiniz?
«Biz işimizi hədiyyəyə bənzədirik. Amalımız odur ki, hazırladığımız hədiyyə gözəl olsun. Düşünəndə ki, jurnalımızdakı və ya saytımızdakı hansısa bir məqalə oxucunun ürəyinə yol tapıb
onun həyatını yaxşılığa doğru dəyişə bilər, çox sevinirik».Ömür boyu xeyir gətirən tərcümə işi
Bütün dünyada yüz milyonlarla insan Yehovanın Şahidlərinin ədəbiyyatlarını öz doğma dillərində oxuyur. Həmin nəşrlərdə və videolarda, eləcə də jw.org saytında olan hikmətli kəlmələr Müqəddəs Kitaba əsaslanır. Bu kitabda deyilir ki, Yehova Allah xoş xəbərin «hər xalqa, tayfaya, dilə» yayılmasını istəyir (Vəhy 14:6) *.
^ abz. 4 Mətn ingilis dilində tərtib olunur.
^ abz. 25 Siz jw.org saytına daxil olub həm öz dilinizdə, həm də yüzlərlə dildə ədəbiyyatlara, həmçinin audio və video nəşrlərə nəzər sala bilərsiniz.