Kontentə keç

Mündəricatı göstər

Enterik sinir sistemi (ESS, mavi rəngdə göstərilib) həzm traktının daxilindədir

Enterik sinir sistemi. Sizin ikinci beyniniz

Enterik sinir sistemi. Sizin ikinci beyniniz

İNSANIN neçə beyni var? Hər halda «bir» deyə cavab verəcəksiniz. Düz deyirsiniz, bu elədir ki var. Amma bədəninizdə daha bir sinir sistemi mövcuddur. Bu sinir sistemi o qədər genişdir ki, alimlər onu «ikinci beyin» adlandırırlar. Söhbət enterik sinir sistemindən gedir (ESS) və o, başda yox, qarın nahiyəsində yerləşir.

Bədənimizin qidanı enerjiyə çevirməsi üçün böyük koordinasiya və güc tələb olunur. Buna görə də beynimiz həzm prosesinə nəzarəti ESS-ə tapşırıb.

ESS quruluşca beyindən qat-qat sadə olsa da, olduqca mürəkkəb sistemdir. İnsan bədənində bu sistem təxminən 200—600 milyon neyrondan ibarətdir. Bu mürəkkəb neyron şəbəkəsi həzm sisteminin tərkib hissəsi kimi fəaliyyət göstərir. Alimlərin fikrincə, əgər ESS beyində yerləşsəydi, sinir kəsişmələri olduqca qalın olardı. «İkinci beyin» adlı kitaba əsasən, həzm sisteminin «öz-özünü idarə etməsi daha etibarlı və daha əlverişli hesab olunur» («The Second Brain»).

«KİMYƏVİ ZAVOD»

Qidanın həzmi üçün müxtəlif dəqiq kimyəvi qarışıqlar lazımi vaxtda ifraz olunmalı və lazımi yerə çatdırılmalıdır. Elə buna görə də professor Qari Mo həzm sistemini «kimyəvi zavod»a bənzədir. Bu kimyəvi fəaliyyətin mürəkkəbliyi və çoxfunksiyalı olması insanı heyrətə gətirir. Misal üçün, bağırsağın divarı xüsusi hüceyrələrlə örtülüdür və onlar qəbul etdiyimiz qidanın tərkibindəki kimyəvi maddələri müəyyən edən reseptor rolunu oynayır. Kimyəvi maddələri müəyyən etdikdən sonra ESS müvafiq həzm fermentləri ifraz edərək qidanı parçalayır. ESS-in digər vacib rolu da var: o, qida maddələrinin turşuluğuna və digər kimyəvi xassələrinə nəzarətdə, həmçinin həzm fermentlərinin buna uyğun tənzimlənməsində mühüm rol oynayır.

Həzm traktını zavoddakı konveyerə bənzətmək olar. Bu konveyeri ESS idarə edir. O, həzm traktının divarı boyunca uzanan əzələləri hərəkətə gətirərək qidanı həzm sistemi boyu itələyir. ESS əzələlərin yığılıb-açılmasının sürətini və tezliyini dəyişməklə konveyer lenti kimi fəaliyyət göstərir.

ESS həmçinin orqanizmi müdafiə edir. Qəbul etdiyimiz qidada zərərli bakteriyalar ola bilər. Təəccüblü deyil ki, immun sistemi üçün həyati vacib rol oynayan lemfosit hüceyrələrinin 70—80 faizi məhz qarın nahiyəsində yerləşir! Əgər qəbul etdiyimiz qidada zərərli bakteriyalar həddən artıq çoxdursa, ESS orqanizmi qorumaq üçün ishal və qusma yolu ilə zərərli maddələri bədəndən çıxarır.

QARŞILIQLI ƏMƏKDAŞLIQ

ESS beyindən ayrı fəaliyyət göstərsə də, bu iki sinir sistemi daim bir-biri ilə əlaqədə olur. Misal üçün, ESS nə vaxt və nə qədər qida qəbul etməli olduğumuzu beyinə çatdıran hormonların nizamlanmasında rol oynayır. İnsan doyanda ESS sinir hüceyrələri beynə siqnal göndərir, normadan artıq yeyəndə isə ürək bulantısı verir.

Bəlkə, bu məqaləni oxumazdan öncə də həzm sistemi ilə beyin arasında qarşılıqlı əlaqənin olduğunu bilirdiniz. Yəqin fikir vermisiniz, müəyyən yeməkləri yeyəndə əhvalınız yüksəlir. Araşdırmalar göstərir ki, bu hal ESS beyninizə «xoşbəxtlik siqnalları» göndərəndə baş verir. Beləcə, orqanizmdə gedən zəncirvari reaksiyalar nəticəsində kefiniz açılır. Görünür, bu səbəbdən bəzi insanlar gərgin olanda sakitləşmək üçün durmadan nəsə yemək istəyirlər. Alimlər depressiyanın müalicəsi üçün ESS-i süni yolla qıcıqlandırmağın üsullarını axtarırlar.

Beyinlə həzm sistemi arasında əlaqənin olduğunu digər proseslər də göstərir. Beyin gərginlik və stress keçirən zaman ESS qanı başqa istiqamətə yönəldərək qarın nahiyyəsindən uzaqlaşdırır. Bu proses nəticəsində insan mədəsində sanki qarışqaların gəzdiyini hiss edir. Eyni şeyi ürək bulantısı haqda da demək olar. Stress keçirdiyimiz zaman beyin ESS-in bağırsaq əzələlərini əks istiqamətdə işlətməsinə səbəb olur. Mütəxəssislərin fikrincə, intuisiya da beyinlə bağırsaq arasında olan əlaqənin nəticəsidir.

ESS bu cür daxili hisslərin yaranmasına səbəb olsa da, siz onun vasitəsilə düşünə və ya qərarlar qəbul edə bilməzsiniz. Bir sözlə, o, həqiqi beyin deyil! O, sizə mahnı bəstələməyə, bank hesabınızı idarə etməyə, ev tapşırığınızı yerinə yetirməyə kömək edə bilməz. Bununla belə, hələ tam kəşf olunmamış bu sistem öz mürəkkəbliyi ilə alimləri heyran qoymağa davam edir. Odur ki, gələn dəfə yemək yeyəndə yediyiniz yeməyin həzm olunması üçün daxilinizdə gedəcək bütün bu proseslər üzərində düşünün!