Kontentə keç

Mündəricatı göstər

STRESİ DƏF ETMƏK MÜMKÜNDÜR

Stresi dəf etməyin yolları

Stresi dəf etməyin yolları

Stresi azaltmaq üçün öz sağlamlığınız, insanlarla münasibətləriniz, məqsədləriniz və həyatda sizin üçün önəmli olan şeylər barədə düşünün. Bu məqalədə stresin öhdəsindən gəlmək, onu azaltmaq üçün bəzi məsləhətləri nəzərdən keçirəcəyik.

Bir günlə yaşayın

«Heç vaxt sabahkı gün üçün narahat olmayın, çünki sabahkı gün özü ilə yeni qayğılar gətirəcək» (MƏTTA 6:34).

Mənası: Hər günün öz qayğısı olur. Sabahın dərdini çəkərək bu günün qayğılarını artırmayın. Çalışın, bir günlə yaşayasınız.

  • Stres narahatçılıq yaradır. Buna görə də, ilk növbədə, qəbul edin ki, stresdən tam qaçmaq mümkün deyil. Dəyişə bilməyəcəyiniz şeylər barədə narahat olmaq stresi artıracaq. İkincisi, nəzərə alın ki, qorxduğumuz şeylər çox vaxt baş vermir.

Tələbkar olmayın

«Qoy hamı sizi dərrakəli adam kimi tanısın» (FİLİPPİLİLƏRƏ 4:5).

Mənası: Mükəmməllik axtarmayın. Özünüz üçün və başqaları üçün qeyri-real tələblər qoymayın.

  • Təvazökar olun. Çox tələbkar olmayın. Özünüzün və başqalarının məhdudiyyətlərini başa düşün. Belə etsəniz, həm özünüz üçün, həm də başqaları üçün stresi azaldacaqsınız və daha yaxşı nəticələr əldə edəcəksiniz. Həmçinin yumor hissinizi qoruyun. Hətta nə isə qaydasında olmayanda belə, insan güləndə gərginliyi azalır, əhvali-ruhiyyəsi yüksəlir.

Sizi stresə salan səbəbləri öyrənin

«Ağıllı adam təmkinini pozmaz» (MƏSƏLLƏR 17:27).

Mənası: Mənfi emosiyalar aydın düşünməyə mane olur. Buna görə də çalışın, təmkininizi pozmayasınız.

  • Nəyin sizin üçün stres yaratdığını və buna necə reaksiya göstərdiyinizi müəyyən edin. Məsələn, stresli vaxtlarınızda fikirlərinizə, hisslərinizə, davranışınıza diqqət yetirin, hətta onları yaza da bilərsiniz. Stresə reaksiyanızdan nə qədər çox agah olsanız, bir o qədər effektiv sürətdə stresin öhdəsindən gələ biləcəksiniz. Həmçinin stres yaradan şeyləri həyatınızdan çıxarmağa çalışın. Əgər bu qeyri-mümkündürsə, onda onların təsirini azaltmağa çalışın. Ola bilsin, öhdənizə düşən işi icra etmək üçün daha yaxşı üsul tapmaq və ya vaxtınızı düzgün planlaşdırmaq lazım gələcək.

  • Məsələyə başqa cür yanaşmağa çalışın. Sizdə stres yaradan şeylər başqası üçün stres yaratmaya bilər. Buna isə səbəb məsələyə baxışımız ola bilər. Üç məsləhətə diqqət yetirin:

    1. İnsanların niyyətini pisə yozmayın. Ola bilsin, kimsə növbədə sizdən qabağa keçir. Onun hərəkətinə kobudluq kimi baxsanız, dilxor olacaqsınız. Amma onun bunu pis niyyətlə etmədiyini də düşünmək olar və bu, doğrudan da, belə ola bilər.

    2. Vəziyyətin müsbət tərəfini görün. Həkimin qəbulunda, yaxud başqa yerdə uzun-uzadı növbə gözləyərkən mütaliə etsəniz, müəyyən işinizi görsəniz, çox stres keçirməzsiniz.

    3. Geniş düşünməyə çalışın. Özünüzə sual verin: «Bu problem sabah, yaxud gələn həftə də gözümə belə böyük görünəcək?» Kiçik və ciddi məsələləri bir-birindən ayırın.

Nizam-intizamlı olun

«Qoy hər şey ədəb-ərkanla və nizamla olsun» (1 KORİNFLİLƏRƏ 14:40).

Mənası: Çalışın, nizam-intizamlı olasınız.

  • Hamı həyatında müəyyən dərəcədə nizam-intizamın olmasını xoşlayır. Qarmaqarışıqlığa və stresə səbəb olan amillərdən biri də işi təxirə salmaqdır. Bunun nəticəsində xeyli iş üst-üstə yığıla bilər. Növbəti iki məsləhətə diqqət yetirin:

    1. Cədvəl qurun və cədvələ riayət edin.

    2. Hansı xasiyyətinizə görə işlərinizi təxirə saldığınızı müəyyən edin və bu xasiyyətinizi düzəldin.

Tarazlı olun

«Bir ovuc istirahət iki ovuc zəhmətdən və külək dalınca qaçmaqdan yaxşıdır» (VAİZ 4:6).

Mənası: İnsan özünü həddən artıq işə həsr etsə, iki ovuc zəhmətin faydasını görməyəcək. Gördüyü işdən zövq almağa nə vaxtı, nə də gücü qalacaq.

  • İşə və pula düzgün yanaşın. Pul insana nə xoşbəxtlik gətirir, nə də stresini azaldır. Əksinə, Vaiz 5:12 ayəsində deyilir: «Varlının dövləti onu yatmağa qoymur». Ona görə də ayağınızı yorğanınıza görə uzadın.

  • Dincəlin. İnsan sevdiyi işlə məşğul olanda stresi azalır. Lakin passiv istirahət, məsələn, televizora baxmağın elə də böyük köməyi olmur.

  • Texnologiyaya həddən artıq bağlanmayın. Elektron ünvanını, mesajları, yaxud sosial media saytlarını tez-tez yoxlamayın. Nə qədər ki vəziyyət tələb etmir, işdən kənar vaxtda işə görə elektron ünvanınızı yoxlamayın.

Sağlamlığınızın qeydinə qalın

«Bədən məşqinin... faydası olur» (1 TİMUTİYƏ 4:8, Müqəddəs Kitab Şirkəti, 2009).

Mənası: Mütəmadi olaraq idmanla məşğul olmaq sağlamlıq üçün faydalıdır.

  • Yaxşı vərdişlərə yiyələnin. İdman əhvali-ruhiyyəni qaldırır, bədənin stresə reaksiyasını yaxşılaşdırır. Faydalı qidalar qəbul edin və yeməyinizi vaxtlı-vaxtında yeyin. Kifayət qədər yatın.

  • Stresdən çıxmaq üçün siqaret, narkotik və sərxoşluq kimi zərərli vərdişlərə üz tutmayın. Əslində, bunlar stresi artırır, insanın sağlamlığını, zəhmətlə qazandığı pulu əlindən alır.

  • Əgər stresin öhdəsindən gələ bilmirsinizsə, həkimə müraciət edin. Mütəxəssisdən kömək istəmək zəifliyin göstəricisi deyil.

Nəyin vacib olduğunu müəyyən edin

«Daha vacib şeyləri ayırd etməyi [bacarın]» (FİLİPPİLİLƏRƏ 1:10).

Mənası: Sizin üçün nəyin vacib olduğunu götür-qoy edin.

  • İşlərinizi vacibliyinə görə sıralayın. O zaman diqqətinizi daha vacib işlərə cəmləyə biləcəksiniz, həmçinin görəcəksiniz ki, hansı işləri sonraya saxlamaq olar, başqasına tapşırmaq olar və ya ümumiyyətlə etməmək olar.

  • Bir həftə ərzində vaxtınızı nəyə sərf etdiyinizi yazın. Sonra fikirləşin görün vaxtınızı daha yaxşı necə sərf edə bilərsiniz. Vaxtınızı nə qədər çox idarə etsəniz, stresiniz bir o qədər azalacaq.

  • İstirahət üçün də vaxt ayırın. Hətta kiçik fasilələr belə, sizə güc verəcək və stresi azaldacaq.

Kömək istəməkdən çəkinməyin

«Nigarançılıq ürəyi sıxar, xoş söz könlü şad edər» (MƏSƏLLƏR 12:25).

Mənası: Başqasının mehriban, xoş sözləri əhvali-ruhiyyənizi qaldıra bilər.

  • Sizi başa düşən adamla söhbət edin. Etibarlı dost sizə vəziyyətə başqa cür baxmağa kömək edə bilər, yaxud nəzərinizdən qaçan çıxış yolunu göstərə bilər. Təkcə ürəyinizi açıb-boşaltmaq belə, sizi xeyli yüngülləşdirəcək.

  • Kömək istəyin. İşinizin müəyyən hissəsini başqasına tapşıra bilərsiniz?

  • Əgər əməkdaşınız sizin üçün stres yaradırsa, vəziyyəti həll etmək üçün yollar axtarın. Məsələn, mülayimliklə və nəzakətlə ona hərəkətlərinin sizə necə təsir etdiyini söyləyin (Məsəllər 17:27). Əgər bu fayda verməsə, onda həmin insanla az vaxt keçirin.

Həyatınızda Allaha yer ayırın

«Allaha ehtiyacı olduğunu dərk edənlər xoşbəxtdir» (MƏTTA 5:3).

Mənası: İnsanların yemək-içmək, geyim və daldalanacaq yerdən savayı başqa tələbatı da var. Hər bir insanın Allaha ehtiyacı var. Xoşbəxt olmaq üçün bu ehtiyacı dərk etmək və ödəmək lazımdır.

  • Duanın böyük köməyi ola bilər. Allah sizi bütün qayğılarınızı Onun üzərinə qoymağa səsləyir, çünki O qayğınızı çəkir (1 Butrus 5:7). Dua etmək və müsbət şeylər barədə düşünmək insana qəlb rahatlığı verə bilər (Filippililərə 4:6, 7).

  • Allah haqqında mütaliə edin. Bu jurnalda verilən məsləhətlər Müqəddəs Kitabdandır, Allahın fikirlərini əks etdirir. Həmçinin insanı hikmətli və düşüncəli edir (Məsəllər 3:21). Müqəddəs Kitabı oxumağı qarşınıza məqsəd qoyun a. Oxumağa «Məsəllər» kitabından başlaya bilərsiniz.

[Haşiyə]

a Müqəddəs Kitabı www.pr418.com saytında oxuya bilərsiniz.