Kontentə keç

Mündəricatı göstər

ÇƏTİNLİK NECƏ ARADAN QALDIRILACAQ?

Allahın Padşahlığının hakimiyyəti altında hər yanda sülh olacaq

Allahın Padşahlığının hakimiyyəti altında hər yanda sülh olacaq

Tezliklə Allahın Padşahlığı, yəni Allahın təsis etdiyi ümumdünya hökumət bütün yer üzündə sülhü və əmin-amanlığı bərqərar edəcək. Zəbur 72:7 ayəsində vəd edildiyi kimi, «hər yanda sülh olacaq». Allahın Padşahlığı bütün dünyanı nə zaman idarə edəcək? Allahın Padşahlığı idarəçiliyi necə ələ alacaq? Allahın Padşahlığının vətəndaşı olmaq üçün nə etməlisiniz?

ALLAHIN PADŞAHLIĞI NƏ ZAMAN İDARƏ EDƏCƏK?

Müqəddəs Kitabda qabaqcadan deyilmişdi ki, bir sıra mühüm hadisələr Allahın Padşahlığının tezliklə idarə edəcəyinə işarə verəcək. Müqəddəs Kitabda bu hadisələrin hamısı birlikdə «əlamət» adlanır. Bu əlamətə bütün dünyada müharibələr, aclıq, xəstəlik, zəlzələ, hərc-mərcliyin baş alıb getməsi daxildir (Mətta 24:3, 7, 12; Luka 21:11; Vəhy 6:2—8).

Digər bir peyğəmbərlikdə deyilir: «Axırzamanda son dərəcə çətin bir vaxt gələcək. Çünki insanlar xudbin, pulpərəst,.. valideynlərinə itaət etməyən, nankor, vəfasız, doğmalarını sevməyən, barışmaz, böhtançı, özünə hakim olmayan, zalım, yaxşılığın düşməni,.. təkəbbürlü olacaqlar, Allahdan çox eyş-işrəti sevəcəklər» (2 Timutiyə 3:1—4). Bu cür keyfiyyətlər həmişə müəyyən dərəcədə özünü büruzə verib, ancaq indi insanların əksəriyyəti belədir.

Bu peyğəmbərliklər 1914-cü ildən yerinə yetməyə başlayıb. Həqiqətən də, tarixçilər, dövlət xadimləri və yazıçılar həmin ildən dünyanın necə dəyişdiyini tez-tez şərh edir. Məsələn, Danimarka tarixçisi Piter Münk yazmışdı: «1914-cü ildə müharibənin başlaması bəşər tarixində mühüm dönüş nöqtəsi oldu. Böyük tərəqqi epoxasından fəlakət, dəhşət, ədavət və təhlükə erasına daxil olduq».

Digər tərəfdən, bugünkü vəziyyət yaxşı bir şeyin olacağına işarə edir. Necə ki fırtınadan sonra sakitlik çökür, eləcə də bu hadisələr onu göstərir ki, Padşahlığın bütün yer üzünü idarə edəcəyi vaxta az qalıb. İsa Məsih sonun əlamətindən danışanda müsbət bir məqamı da qeyd etmişdi: «Padşahlıq haqqındakı bu müjdə xalqların hamısına şəhadət olsun deyə, bütün yer üzündə təbliğ ediləcək və son o vaxt gələcək» (Mətta 24:14).

Yehovanın Şahidlərinin təbliğ etdiyi xəbərin məğzi bu müjdədir. Elə Yehovanın Şahidlərinin əsas nəşri də «Gözətçi qülləsi Yehova Allahın Padşahlığını bəyan edir» adlanır. Jurnalda Allahın Padşahlığının bəşəriyyət və yer kürəsi üçün edəcəyi möhtəşəm işlərdən danışılır.

ALLAHIN PADŞAHLIĞI İDARƏÇİLİYİ NECƏ ƏLƏ ALACAQ?

Bu sualın cavabı dörd vacib amili özünə daxil edir.

  1. Allahın Padşahlığı nə müasir dünyadakı siyasi rəhbərlər vasitəsilə təmsil olunacaq, nə də onların vasitəsilə fəaliyyət göstərəcək.

  2. Dünyanın siyasi liderləri hakimiyyəti əldən verməmək üçün səfehcəsinə Allahın Padşahlığına meydan oxuyacaqlar (Zəbur 2:2—9).

  3. Allahın Padşahlığı bəşəriyyəti idarə etmək sevdasından əl çəkməyən dövlətləri məhv etməli olacaq (Dənyal 2:44; Vəhy 19:17—21). Bu sonuncu ümumdünya qarşıdurma Armageddon adlanır (Vəhy 16:14, 16).

  4. Könül xoşluğu ilə Allahın Padşahlığına tabe olan hər kəs Armageddonda sağ qalıb sülh içində yeni dünyaya qədəm qoyacaq. Bu insanların sayı milyonlarla olacaq və onlar Müqəddəs Kitabda böyük izdiham adlanan qrupu təşkil edəcək (Vəhy 7:9, 10, 13, 14).

ALLAHIN PADŞAHLIĞININ VƏTƏNDAŞI OLMAQ ÜÇÜN NƏ ETMƏLİSİNİZ?

Allahın Padşahlığının vətəndaşı olmaq üçün ilk addım təhsildir. İsa Məsih duada Allaha demişdi: «Əbədi həyat odur ki, Səni, tək gerçək Allahı və göndərdiyin İsa Məsihi tanısınlar» (Yəhya 17:3).

Yehova Allahı tanımaq insana çoxlu nemətlər bəxş edir. Gəlin bunlardan ikisini nəzərdən keçirək. Birincisi, insanda Allaha möhkəm iman yaranır. Sübutlara əsaslanan bu iman insanı əmin edir ki, Allahın Padşahlığı gerçəkdir və tezliklə idarə etməyə başlayacaq (İbranilərə 11:1). İkincisi, insanın Allaha və insanlara məhəbbəti artır. Allah sevgisi onu sidqi-ürəkdən Allaha itaət etməyə təşviq edir. İnsanlara olan sevgi isə İsa Məsihin növbəti əmrinə riayət etməyə təşviq edir: «İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin» (Luka 6:31).

Yaradanımız bir Ata kimi, bizim yaxşılığımızı istəyir. O istəyir ki, Müqəddəs Kitabda əsl həyat adlandırılan həyatı yaşayaq (1 Timutiyə 6:19). Bu gün bizim yaşayışımız əsl həyat deyil. Milyonlarla insan əzab-əziyyətlə əlləşib-vuruşur ki, bu gündən sabaha sağ çıxsın. Əsl həyatın necə olacağını bilmək üçün Allahın Padşahlığının öz vətəndaşları üçün edəcəyi bəzi işlərə nəzər salaq.

Allahın Padşahlığının hakimiyyəti altında sülh və təhlükəsizlik, o cümlədən qida bolluğu olacaq