Kontentə keç

Mündəricatı göstər

PROBLEM

Dincliyi və firavanlığı pozan amillər

Dincliyi və firavanlığı pozan amillər

«İndiki nəslin qarşısında elm, texnologiya və iqtisadiyyat sahəsində misli-görünməmiş imkanlar açılıb... Bununla belə, dünyanı [siyasi, iqtisadi və ekoloji cəhətdən] uçuruma yuvarlayan da məhz elə bu nəsildir» («Qlobal Risklər hesabatı — 2018», «Dünya İqtisadi Forumu»).

NƏYƏ GÖRƏ BİR ÇOX ZİYALI İNSANLAR BƏŞƏRİYYƏTİN VƏ YER KÜRƏSİNİN GƏLƏCƏYİNƏ GÖRƏ NARAHATDIR? GƏLİN ÜZLƏŞDİYİMİZ PROBLEMLƏRİN BİR NEÇƏSİNƏ NƏZƏR SALAQ.

  • KİBERCİNAYƏT: Bir qəzetdə internet haqqında belə deyilir: «İnternet get-gedə daha da təhlükəli bir məkana çevrilir. Ora pedofillər, xuliqanlar, trollar və hakerlərin yuvasıdır. Şəxsi məlumatların oğurlanması dünyada ən geniş yayılan cinayətlərdəndir... İnternet insan xislətinin ən mənfur cəhətlərindən birini, qəddarlığı nümayiş etdirmək üçün son dərəcə əlverişli şərait təqdim edir» («The Australian»).

  • İQTİSADİ BƏRABƏRSİZLİK: Bu yaxınlarda Oksfam Beynəlxalq hesabatında deyilirdi ki, dünyanın ən varlı səkkiz adamının sərvəti dünya əhalisinin yarısının ümumi sərvəti qədərdir. Həmin hesabatda həmçinin qeyd olunurdu: «İqtisadi sistem elə qurulub ki, cəmiyyətin ən yoxsul üzvləri (əksəriyyəti qadınlar təşkil edir) hesabına sərvət zəngin, elit təbəqənin əlində cəmlənir». Bəziləri qorxur ki, getdikcə artan bərabərsizlik ictimai iğtişaşlara təkan verə bilər.

  • MÜNAQİŞƏLƏR VƏ TƏQİBLƏR: Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Agentliyinin 2018-ci il üçün olan hesabatında deyilir: «Hal-hazırda qaçqınların sayı ən yüksək həddə çatıb». 68 milyondan çox insan, əsas etibarilə, münaqişə və təqiblər ucbatından ev-eşiyindən didərgin düşüb. Həmin hesabatda qeyd olunur: «Hər iki saniyədə təxminən bir nəfər məcburi şəkildə öz yerindən qovulur».

  • ƏTRAF MÜHİTİN KORLANMASI: 2018-ci il üçün Qlobal Risklər hesabatında deyilir: «Biomüxtəliflik kütləvi sürətdə yox olmaq üzrədir... Havanın, suyun çirklənməsi getdikcə insan sağlamlığı üçün daha böyük təhlükə yaradır». Həmçinin bəzi ölkələrdə həşəratların sayı sürətlə azalır. Bitkilərin tozlanmasında həşəratlar böyük rol oynadığından alimlər «ekoloji Armageddon»un olacağı barədə həyəcan təbili çalır. Mərcan riflərinin vəziyyəti də ürəkaçan deyil. Alimlərin hesablamalarına görə son 30 il ərzində dünyadakı mərcan riflərinin təxminən yarısı məhv olub.

Bəs insanlar təhlükəsiz bir dünya yaratmaq üçün mövcud vəziyyəti dəyişməyə qadirdir? Bəzilərinin fikrincə, bunu təhsilin köməyi ilə etmək olar. Əgər bu belədirsə, onda hansı təhsil bu məsələdə kömək edə bilər? Növbəti məqalələrdə bu suallar müzakirə olunacaq.